Məhkəmə qərarları › İş №2-1(103)-558/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-558/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-558/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2021 saylı, 05.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 25.08.1982-07.07.1984 və 04.09.1986-07.07.1989-cu il tarixlərində ali məktəbdə əyani təhsil aldığı illəri və 18.12.1984-15.01. 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət illərini əmək stajı hesab edilməsi şərtilə 52 yaşının tamam olduğu 09 iyun 2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 8 oktyabr 2020-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, mənə 52 yaşım tamam olduğu 9 iyun 2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçən dövr üçün pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsini xahiş etmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiya təyin edilməsi üçün təqdim etdiyi ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq ona yazmış olduğu 29.12.2020-ci il tarixli **********8 saylı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunda bildirimişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-111QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda X4 üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nın Kimya istehsalatı bölməsində (8) və Radioaktiv Maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) fəhlələr, mütəxəssislər və rəhbərlər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 4 sentyabr 1989-cu il tarixli H 1-1 1293698-ci il tarixli əmək kitabçanızda və Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika İnstitu”nun sizə dair 09.09.2020-ci il tarixli 029-08/229 nömrəli arayışında 16.03.1990-ci il tarixindən bugünədək adıçəkilən İnstitutda böyük mühəndis, mühəndis-proqramçı, aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Fizika İnstitundakı iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda göstərilən dövr ərzində laboratoriya şəraitində mütəxəssis vəzifəsində işlədiyiniz müəyyən edilmiş, istehsalatda işlədiyinizi təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar AMEA-nın Fizika İnstitutu tərəfindən 13 noyabr 2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bununla da, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsaslı səbəb olmadan qanunvericiliyə uyğun güzəştli iş stajının olmadığını mübahisələndirməklə ona 52 yaşı tamam olduğu 9 iyun 2017-cı il tarixdən güzəştli şənlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Azərbaycan Respublikası DSMF tərəfindən 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq olunaraq normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində 23 noyabr 2011-ci ildə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndində qeyd olunmuşdur ki, Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şənlərlə pensiya təyin edilməsi üşün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tatixədək qazanmış olsunlar. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydalardan da göründüyü kimi Qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. O, 25.08.1982-07.07.1984-cü il tarixlərində və 04.09.198607.07.1989-cu il tarixlərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) əyani şöbəsinin “Soyuducu və kompressor maşınları və qurğuları” ixtisası üzrə tam kursu bitirmiş və ona 06.07.1989 cu ildə ПВ № ******* saylı diplom mühəndis-mexanik ixtisasıyla verilmişdir. 18 dekabr 1984-cü il tarixdən 15 yanvar 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. O, İnstitutun göndərişi ilə 1 avqust 1989-cu il tarixdən (əmr 62/k, 01.08.89) 13 dekabr 1989cu il tarixədək (əmr 100, 12.12.89) Bakı marqarin zavodunun soyuducu-kompressor sahəsində böyük usta və çilingər-təmirçi vəzifəsində işləmiş, 18 dekabr 1989-cu il tarixdən (əmr 680/k, 18.12.89) 15 yanvar 1990-cı il tarixədək(əmr 17/k, 15.01.90) Nizami rayon ərzaq ticarəti idarəsində soyuducu avadanlıqları mühəndisi vəzifəsində işləmiş, 20 fevral 1990-cı il tarixdən (əmr 19/k, 20.2.90) 26 fevral 1990-cı il tarixədək (əmr 24/k, 28.2.90) “Azərbaycanfilm” kinostudiyasında işıqçı vəzifəsində işləmiş, 16 mart 1990-cı ildən 1 yanvar 2007-ci ilə kimi AMEA Fizika İnstitutunda böyük mühəndis, 2-ci kateqoriyalı mühəndis, 10-cu kateqoriyalı mühəndis, 1 yanvar 2007-ci ildən 3 fevral 2020-ci ilə kimi mühəndis- proqramçı, aparıcı mühəndis vəzifəsində işləmiş və 3 fevral 2020-ci ildən isə hal-hazıra kimi baş mühəndis vəzifəsində işləyir. 16 mart 1990-cı ildən hal-hazıra kimi yüksək ixtisaslı mütəxəssis kimi Fizika İnstitutunda işlədiyim müddətdə tam iş günü ərzində laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olmuş, o cümlədən: rentgen şüaları və kobaltın radiaktiv izotopu Co57- nin qamma şüalarının bilavasitə tətbiqi ilə zərərli dəmir-57 izotopu, selen, kükürd, tellur, tallium, indium, qalay, kükürd-karbon, onların əsasında alınmış mürəkkəb birləşmələrin istilik və maqnit xassələrinin tədqiqi ilə və eyni zamanda qammaqurğularında tədqiqat, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. Həmçinin, maye azotun alınması, azot qurğusunun elementlərinin, sialit çənlərinin, tutumların natrium sulfat və natrium sulfid kimi kimyəvi xüsusi maddələrlə təmizlənməsi ilə məşğul olmuşdur. Tam iş günü ərzində xüsusilə zərərli şəraitdə işlədiyinə görə qısaldılmış iş rejimi ona şamil edilmiş, gündəlik süd məhsulları ilə təmin olunmuş, zərərli işlərə görə əlavə əmək haqqı almışdır. İş şəraitinin zərərlilik dərəcəsi normativ sənədlərə uyğun olmuşdur. Onun daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (********), 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Ona görə də “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq, ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası düşür. Bütün bunlar Fizika İnstitutunun “zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya” -nın 04.09.2020-ci il tarixli Aktı və 9.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış”ı ilə də təsdiq olunmuşdur. Onun 25.08.1982-07.07.1984-cü il və 04.09.198607.07.1989-cu il tarixlərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) əyani şöbəsində təhsil aldığı illəri (Azərbaycan Texniki Universitetinin 10.06.2020-ci il tarixli,022-052 saylı Arxiv arayışı və ПВ № ******* saylı Diplomu) və 18 dekabr 1984-cü il tarixdən 15 yanvar 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi illəri (Hərbi bilet ZE № 0013791) və 1.08.1989-ci il tarixdən 1 yanvar 2006-cı ilə kimi (Əmək kitabçası ИT № 1293698) müxtəlif dövlət müəssisələrində işlədiyi illəri hesablasaq ümumi iş stajı 23 il 4 ay olmuş və 16 mail 1990-cı ildən 1 yanvar 2006-cı ilə kimi (09.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış” və 4.09.2020-ci il tarixli “AKT”) xüsusilə zərərli işlərdə iş stajı 15 il 9 ay 14 gün olmuşdur. Buradan da görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tələb olunan 20 ildən artıq (25.08.1982-ci ildən 1.1.2006-cı ilə kimi) ümumi iş stajını, o cümlədən 10 ildən artıq (16.03.1990-cı ildən 01.01.2006-cı ilə kimi) güzəştli şərtlərlə olan iş stajı qazanmış, başqa sözlə pensiya hüququnun yaranması üçün 3 hüquqi faktdan ikisini - ümumi və güzəştli şərtlərlə olan əmək stajını toplamışdır. 3-cü hüquqi fakt - 52 yaşı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra 09.06.2017-ci ildə tamam olmuşdur. Qaydaların 2.1.8-ci bəndini və orda göstərilmiş 4-cü misalı müfəssəl analiz etdikdə də pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu vaxta qədər yaranması, 3-cü hüquqi faktın - yaşın isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Beləliklə, onun 01.01.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajının olması ona məxsus əmək kitabçası, diplom və hərbi bilet ilə, 10 ildən artıq güzəştli iş stajının olması AMEA Fizika İnstitutu tərəfindən verilmiş 09.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış”-ı və 04.09.2020-ci il tarixli “AKT”-ı ilə, 09 iyun 2017-ci il tarixdə 52 yaşının tamam olması şəxsiyyət vəsiqəsi ilə təsdiq olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, rentgen qurğusu yüksək radiasiya mənbəyidir. Yetişdirilmiş monokristalın toza bənzər nümunələrinin bircinsliyini Rentgen qurğusu vasitəsilə yoxlanılması, qammaqurğularında tədqiqat, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində eksperiment işləri aparmaq deməkdir. Göründüyü kimi bu işlərdə də 1 saylı Siyahının XXİİ bölməsinin 1-ci bəndinində (müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında və tibb idarələrində işlər, şifrə ********) və 2-ci bəndinində (radiasiya zərərliliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər: şifrə 12202000 və şifrə 12202000-17541) öz əksini tapmışdır. İddiaçının daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Fizika İnstitutunun “zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya” -nın 04.09.2020-ci il tarixli Aktı və 9.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış”ı ilə də təsdiq olunmuşdur. Fizika İnstitutunda işləyən yüzlərlə mütəxəssislərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (şifrə 1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (şifrə ********), 2-ci bəndinin (şifrə 12202000, şifrə 12202000- 17541) göstəricilərinə uyğun işlərdə işlədiklərinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq, qadınlara 45 və’ 47, kişilərə 50 və 52 yaşlarında əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bu barədə məhkəmə praktikasında da Ali Məhkəmənin çox saylı qərarları vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2021 saylı, 05.10.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasında izahat verən iddiaçı həmçinin göstərmişdir ki, onun fəaliyyəti radioaktiv və ionlpşdırıcı maddələr sayılan selen, torium, tellur və talium adlı torpaq elementlərindən müvafiq ölçüdə kristallar hazırlamaq, bu prosesi aparan apparatlara texniki xidmət göstərmək və sair işlərdən ibarət olmuşdur. Həmin kristallar Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq elmi-tədqiqat əməkdaşlıq proqramına uyğun olaraq elektron prosessor və çiplərin hazılanması ilə məşğul olan avropa və asiya ölkələrinə göndərilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - 1293698 nömrəli Əmək Kitabçasının surətindən görünür ki, iddiaçı 01.08.1989-cu il tarixdən müxtəlif müəssisə və peşələrdə işləmişdir və hal-hazırda işləyir. - notarial qaydada təsdiq edilmiş ПB № 010169 nömrəli Diplomuna əsasən İddiaçı 1982-ci ildən 1989-cu ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda soyuducu və kompressor maşınları və qurğuları ixtisası üzrə təhsil almışdır. - Azərbaycan Milli Elmlər X2 tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş 18.05.2021-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin 19.04.2021-ci il tarixli 2-1(112)-3995/2021 saylı məktubunuza cavab olaraq bildiririk ki, həqiqətən də İddiaçı 16.03.199001.01.2007-ci illər ərzində AMEA Fizika İnsitutunda mühəndis vəzifəsində işləmişdir. Çalışdığı Kriogen texnologiyası şöbəsinin fərdi iş planına uyğun olaraq əmək funskiyasına daxil olan mürəkkəb kimyəvi birləşmələrin sintezi və onların monokristallarının yetişdirilməsi üçün yüksək təmizlikli (99,999%) selen, tellur, tallium kimi 1-ci sinif təhlükəli toksiki və zəhərli kimyəvi maddələrdən və kükürd, indium, qalay kimi zərəli maddələrdən istifadə etmişdir. Selenli, tellurlu, kükürdlü kimyəvi birləşmələrin sintezi üçün yuxarıda göstərilən madddələri xırdalayaraq analitik tərəzidə lazımi nisbətdə dəqiqliklə çəkmiş, çəkilmiş maddələri əvvəlcədən azot turşusu ilə təmizlənmiş və daxili səthi qrafit təbəqəsi ilə örtülmüş kvars ampulalara dolduraraq xüsusi qurğuda havası 10 3 Pa-a dək sorulmuş və ağzını əritmə üsulu ilə bağlamışdır. Sintez prosesi üçün hazırlanmış ampula 1200° C temperatura qədər qızdırıla bilən sintez sobasında yerləşdirərək sintez prosesini aparmışdır. Sonra sintez olunmuş kütlədən istifadə edərək xüsusi elektrik sobasında istiqamətlənmiş kristallaşdırma metodu ilə yarımkeçirici materialın monokristalını yetişdirmişdir. Yetişdirilmiş monokristalın toza bənzər kristal nümunələrinin bircinsliyini Rentgen qurğusu vasitəsilə yoxlamışdır. Həmin yarımkeçirici kristalların istilik və maqnit xassələrinin tədqiqatlarında iştirak etmişdir. Həmçinin, maye azotun alınması, azot qurğusunun elementlərinin, sialit çənlərinin, tutumların natrium sulfat və natrium sulfid kimi kimyəvi xüsusi maddələrlə təmizlənməsi ilə də məşğul olmuşdur.” - 4 sentyabr 1989-cu il tarixli 1293698-ci il tarixli əmək kitabçasında və Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika İnstitutu”nun ona dair 09.09.2020-ci il tarixli 029- 08/229 nömrəli arayışında iddiaçının 16.03.1990-ci il tarixindən bugünədək adıçəkilən İnstitutda böyük mühəndis, mühəndis-proqramçı, aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Milli Elmlər X2 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubdan, həmçinin iş materiallarında olan Azərbaycan Milli Elmlər X1 izahlı arayışından da iddiaçının mütəxəssi peşəsində işləməsi müəyyən edilsə də, onun kimya stehsalatında, həmçinin radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işləməsi təsdiq edilmir. Məhkəmənin sorğusuna verilmiş cavab məktubundan da aydın olur ki, iddiaçının qeyd edilən xüsusi maddələrlə işi daimi xarakter daşımamış, yalnız fərdi iş planına uyğun olaraq həyata keçirilmişdi. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr “Kimya istehsalatı və radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə iş bölməsi”nə uyğun deyil. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajına malik olsa da, 01.01.2006-cı il tarixədək 10 ildən çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7- 9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Kimya istehsalatı bölməsində (8) və Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) fəhlələr, mütəxəssislər və rəhbərlər vəzifələri nəzərdə tutulmuşdur. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İddiaçının 20 ildən çox ümumi iş stajının olması işin mübahisə olunmayan halıdır. İş materiallarında olan cavabdehin 29.12.2020-ci il tarixli, **********8 nömrəli məktubunaa, eləcə də, cavabdehin iddia ərizəsinə etirazına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsinin səbəbi kimi, iddiaçının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməməsi olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan 09.09.2020ci il tarixli, 029-08/229 nömrəli izahlı arayışa əsasən müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı 16.03.1990 - 01.01.2007-ci illər ərzində AMEA Fizika İnsitutunda mühəndis vəzifəsində işləmişdir. Çalışdığı Kriogen texnologiyası şöbəsinin fərdi iş planına uyğun olaraq əmək funskiyasına daxil olan mürəkkəb kimyəvi birləşmələrin sintezi və onların monokristallarının yetişdirilməsi üçün yüksək təmizlikli (99,999%) selen, tellur, tallium kimi 1-ci sinif təhlükəli toksiki və zəhərli kimyəvi maddələrdən və kükürd, indium, qalay kimi zərəli maddələrdən istifadə etmişdir. Selenli, tellurlu, kükürdlü kimyəvi birləşmələrin sintezi üçün yuxarıda göstərilən madddələri xırdalayaraq analitik tərəzidə lazımi nisbətdə dəqiqliklə çəkmiş, çəkilmiş maddələri əvvəlcədən azot turşusu ilə təmizlənmiş və daxili səthi qrafit təbəqəsi ilə örtülmüş kvars ampulalara dolduraraq xüsusi qurğuda havası 10 3 Pa-a dək sorulmuş və ağzını əritmə üsulu ilə bağlamışdır. Sintez prosesi üçün hazırlanmış ampula 1200° C temperatura qədər qızdırıla bilən sintez sobasında yerləşdirərək sintez prosesini aparmışdır. Sonra sintez olunmuş kütlədən istifadə edərək xüsusi elektrik sobasında istiqamətlənmiş kristallaşdırma metodu ilə yarımkeçirici materialın monokristalını yetişdirmişdir. Yetişdirilmiş monokristalın toza bənzər kristal nümunələrinin bircinsliyini Rentgen qurğusu vasitəsilə yoxlamışdır. Həmin yarımkeçirici kristalların istilik və maqnit xassələrinin tədqiqatlarında iştirak etmişdir. Həmçinin, maye azotun alınması, azot qurğusunun elementlərinin, sialit çənlərinin, tutumların natrium sulfat və natrium sulfid kimi kimyəvi xüsusi maddələrlə təmizlənməsi ilə də məşğul olmuşdur. İddiaçı tam iş günü ərzində xüsusilə zərərli şəraitdə işlədiyinə görə qısaldılmış iş rejimi ona şamil edilmiş, gündəlik süd məhsulları ilə təmin olunmuşdur. Zərəli işlərə görə əlavə haqq almışdır. İş şəraitinin zərərlilik dərəcəsi normativ sənədlərə uyğun olmuşdur. Bütün bunlar “Zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya”-nın 04.09.2020-ci il tarixli Aktı ilə təsdiq olunmuşdur. İddiaçı daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (********), 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Ona görə də, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası düşür. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir Göründüyü kimi, iddiaçının 10 ildən çox müddətdə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi də iş materiallarına əsasən təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddianın iddiaçının 52 yaşının tamam olduğu 09 iyun 2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququ 09.06.2017-ci ildən yaransa da, iddiaçı cavabdehə pensiyanın təyin olunması üçün 12.10.2020-ci ildə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq iddianın iddiaçının 52 yaşının tamam olduğu 09.06.2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində qismən təmin edilməli, İddiaçı 09.06.2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, 12.10.2017-ci ildən hesablanmalı, hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək iddianın qismən təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, B Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı 09.06.2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilsin. Təyin edilmiş pensiya 12.10.2017-ci ildən hesablansın. Hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar