Məhkəmə qərarları › İş №2-1(103)-558/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-558/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-558/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8691/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən, bir otaqlı, yaşayış sahəsi 16.7 kv.m. olan mənzilin şəxsi hesab vərəqəsinin iddiaçının adına dəyişdirilməsinə və icarə müqaviləsinin onunla bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən bir otaqdan ibarət, yaşayış sahəsi 16.7 kv.m olan 77 saylı mənzildə 30 oktyabr 1993-cü il tarixdən hal-hazıra qədər ailə üzvlərilə yaşayır, kommunal xidmətlər haqqını, mənzil icarə haqqını vaxtlı-vaxtında ödəyir və onunla bağlı heç bir problemi yoxdur. Artıq 30 ilə yaxın bir müddətdir ki, mənzildə yaşayır, amma mənzili adına sənədləşdirə bilməmiş və hesab edir ki, mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilməli və icarə müqaviləsi onunla bağlanmalıdır. Mənzilin sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin 21 aprel 2022-ci il tarixli, 4/M-86-068 saylı məktubla yaşadığı mənzilin şəxsi hesab vərəqəsinin adına dəyişdirilməsindən və mənzilə icarə müqaviləsinin onunla bağlanmasından imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8691/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxışa təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş müddəlarına istinad etmiş, lakin nəzərə almamışdır ki, o mənzildə 1993-cü ildən yaşayır, həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəları tətbiq olunmalıdır. Hazırkı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8691/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzilə dair order başqa şəxsin adına olduğu halda, həmin hüquqmüəyyənedici sənədin etibarsızlığı tanınmadan və 1993-cü ildən mənzildən qeydiyyatdan çıxmış şəxsin mənzilə dair istifadə hüququnun olubolmaması ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi olmadan, həmçinin də mənzil növbəsinə uçota alınmadan iddiaçı heç bir hüququmüəyyənedici sənədi olmadan mənzilə dair bu iddia tələbini irəli sürmüşdür. Halbuki Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarına görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Belə olduğu halda isə daşınmaz əmlak üzərində iddiaçının hüququ olmadığı üçün o, cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli olduğu halda, bunu etməmişdir. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, bir otaqlı, yaşayış sahəsi 16.7 kv.m. olan mənzilin şəxsi hesab vərəqəsinin adına dəyişdirilməsinə və icarə müqaviləsinin onunla bağlanmasına dair sərəncam verilməsini tələb edir. Bakı şəhər İcraiyyə Komitəsi Xalq Deputatları Sovetinin Mənzil uçotu və bölüşdürülməsi İdarəsinin verdiyi 18 mart 1983-cü il tarixli 201523 saylı orderə əsasən Bakı şəhəri, Cəbiyev küçəsi, 18 (a) saylı evin 77 nömrəli mənzili X1 ayrılmışdır. Mənzilin şəxsihesab vərəqəsi də həmin şəxsin adınadır. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 nömrəli arayışa əsasən X2 Bakı şəhəri, H. Seyidzadə (Cəbiyev) küçəsi, 18 (a) saylı evin 77 nömrəli mənzilin icarədarı olmuş və 1993cü ildə qeydiyyatdan çıxmışdır. 65 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 178 nömrəli arayışa əsasən o, Bakı şəhəri, H. Seyidzadə (Cəbiyev) küçəsi, 18 (a) saylı evin 77 nömrəli mənzilində qonşuların aktına əsasən qeydiyyatsız yaşayır. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanlanmış 4/M-86-068 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubda bildirilmişdir ki, mənzilə dair hüquq müəyyənedici sənəd təqdim etdikdən sonra onunla Bakı şəhəri Cavabdeh arasında mənzil icarə müqaviləsi bağlanması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Kollegiya qeyd edir ki, iddiaçı onun uzun müddətdir ki, faktiki olaraq yaşadığı mənzilin ona kirayəyə verilməsinə dair sərəncamın qəbul edilməsini xahiş edir. Odur ki, hazırkı iş üzrə iddiaçının qeyd olunan daşınmaz əmlaka dair subyektiv hüququnun olmaması əsası ilə birinci instansiya məhkəməsinin iddianı mümkün saymaması düzgün olmamışdır. Birinci instansiya məhkəməsinin qeyd etdiyi “mənzilə dair order başqa şəxsin adına olduğu halda, həmin hüquqmüəyyənedici sənədin etibarsızlığı tanınıb-tanınmaması və 1993-cü ildən mənzildən qeydiyyatdan çıxmış şəxsin mənzilə dair istifadə hüququnun olubolmaması ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin olub-olmamamsı, həmçinin də mənzil növbəsinə uçota alınıb-alınmaması” məsələləri mahiyyəti üzrə işə baxılaraq qiymət verilməli hallardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8691/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar