Məhkəmə qərarları › İş №2-1(103)-558/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-558/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-558/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı yeni təhsil müəssisəsinə köçürülməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5742/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, təhsilinin davam etdirilməsi, iddiaçının ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2005-2006 tədris ilində imtahanın nəticələrinə əsasən Bakı Dövlət Universitetinin “Tətbiqi Kimya” fakültəsinə daxil olmuş, 2006-cı ildə müqavilə əsasında Azərbaycan Beynəlxalq Universitetində («ABU») müalicə işi ixtisası üztə təhsil almağa başlamış, 6 il təhsil müddəti olmasına baxmayaraq, Universitetin rəhbərliyi barəsində cinayət işinin başlanması və Universitetin fəaliyyətinin dayandırılması səbəbindən 2011-ci ilə qədər cəmi, 5 il təhsil ala bilmişdir. Bu müddət ərzində Universitetin göndərişi əsasında Tibb Müəssisələrində ixtisası üzrə təcrübə keçmiş, 5 il tədris müddəti ərzində hər il illik təhsil pulunu mütəmadi olaraq Universitetə rəsmi formada ödəmiş, hər bir ixtisas üzrə keçirilən imtahanlarda fəal iştirak etmiş, imtahanın nəticələrinə dair qiymət almış və bu barədə qiymət cədvəlində müvafiq qeydlər aparılmışdır. Təhsilini davam etdirmək məqsədilə ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsi üçün Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla müraciətinə siyahıda adının olmadığı qeyd edilməklə, imtina məktubu verilmiş, bu səbəbdən də, məhkəməyə müraciət etmişdir...” Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, 2006-cı ildə Təhsil Nazirliyinin razılığı olmadan, Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş, eyni zamanda, onun ixtisasının dəyişdirilməsi də nazirliyin razılığı olmadan aparılmışdır. 2005/2006-cı tədris ilində Bakı Dövlət Universitetinin “Tətbiq Kimya” fakültəsinə daxil olması ilə əlaqədar məhkəmənin diqqətinə çatdırılır ki, onun adı X2 “Tələbə-Məzun” bazasında mövcud deyildir. Araşdırma nəticəsində məlum olmuşdur ki, 2006-cı ildə ABUnun “Müalicə işi” fakültəsinin 2-ci kursuna Dağıstan Dövlət Universitetindən köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan, ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdadır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr, 2002-ci ildə Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri xx.xx.2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin lll-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı alındıqdan sonra aparılması öz əksini tapmış və bu əmrin V bəndinə görə, dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli xx-xx- 4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadan rəsmiləşdirilmişdir. Qeyd edilən normativ hüquqi aktlar və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 73.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5742/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçının apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, 2006-cı ildə təhsil müəssisəsi (Azərbaycan Beynəlxalq Universiteti) onu təhsilalan kimi müqavilə əsasında qəbul etmişdir. Əgər o, 2006-cı ildə qanuni əsaslarla fəaliyyət göstərən təhsil müəssisəsinə qəbul olunmaq üçün müraciət etəyibsə, təhsil müəssisəsi qanunvericiliyin tələblərinə əməl etmədən onu təhsilalan kimi qəbul etmişdirsə, onun qəbul və ya köçürülməsi ilə bağlı qanuni tələblərə əməl etməmişdirsə, nəticədə onun təhsilini başa vurmağı mümkünsüz məsələyə çevrilmişdirsə, bu halda onun bir vətəndaş kimi hüquqlarının təminatçısı olan inzibati orqan öz öhdəliklərinə əməl etməli və onun təhsil müəssisəsinin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarını bərpa etməlidir. Qanuni əsaslarla fəaliyyət göstərən təhsil müəssisəsi tərəfindən təhsilalan kimi qəbul edilmişdir. Təhsil müəssisəsinin səhvinə görə təhsilalan öz təhsil hüququndan məhrum edilməməlidir. Özəl təhsil müəssisələrinə dövlət tərəfindən nəzarət olunmalı, qanunazidd əməllərə yol verilməməlidir. Belə olan halda dövlət qurumu və təhsil müəssisəsi öhdəliklərini yerinə yetirməmiş, nəticədə o, qanuni əsaslarla təhsil aldığını zənn edərək bütün öhdəliklərini yerinə yetirmiş, ödənişləri etmiş, imtahanları vermiş, tibb müəssisələrində təcrübə keçmişdir. Nəzərə almaq lazımdır ki, təhsil müəssisəsi daha bir il fəaliyyətini davam etdirsəydi, təhsilini başa vuraraq ali təhsil barədə diplomunu alacaqdı. Ona görə də pozulmuş hüququ bərpa edilməli, təhsilini başa vurmasına şərait yaradılmalıdır. Onun bütün öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməsinə baxmayaraq, 5 illik əziyyəti, 5 il ərzində təhsil müəssisəsinə ödədiyi vəsait heçə sayılaraq təhsilini davam etdirməyinə şərait yaradılmaması onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Təhsil müəssisəsi qarşısında öhdəliklərinə əməl etmiş, təhsil müəssisəsi qarşılıqlı öhdəliklərinə əməl etməyərək onun hüquqlarımın pozulmasına səbəb olmuşdur. Azərbaycan Beynalxalq Universitetinin Elektron Məlumat sistemində onun ABU-ya qəbulu ilə bağlı məlumatların aşkar edilməsi iddiaçının biləcəyi və etməli olduğu iş deyil. Bu məlumatları Azərbaycan Beynalxalq Universiteti məlumat bazasına əlavə etməli və təhsil nazirliyindən razılığın alınmalı olduğunu bildirməliydi. Bunu dərk edə bilməzdi və ABU-nun daxili qaydalarını bilə bilməzdi. 5 il ABU-da təhsil almış, son bir ili qaldığı halda təhsili özündən aslı olmayan səbəblərə görə unversitetin səhlənkarlığına görə dayandırılmışdır. Təhsil müəssisəsi qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmiş olması işin mübahisəsiz tərəfidir. Təhsil müəssisəsinin tək iddiaçı qarşısında yox, bir çox hallarla bağlı qanunazidd əməllərə yol verməsi, öhdəliklərini icra etməməsi də həmçinin, doğruluğu mübahisəsiz olaraq qəbul olunan haldır. Belə olan halda dövlət qurumunun mövqeyi vətəndaşa – ona dəymiş ziyanın aradan qaldırılması, pozulmuş hüquqların bərpa edilməsi istiqamətində olmalıdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun (bundan sonra – “Qanun”) 5.1ci, 29-cu və 32-ci maddələrinə istinadən hesab edir ki, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmaıdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndələri isə iddiaçının 2006-cı ildə test imtihanlarında iştirak etmədəyi və nazirliyin razılığı olmadan ABU-ya qəbul edilməsinin qanunsuz olduğu halda, təhsil müəssisəsinə köçürülmək hüququ olan tələbə kimi nəzərə alınması və hazırkı halda başqa təhsil müəssisəsinə köçürülməsinin mümkünsüz olduğunu bildirərək birinci instasiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəimədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

1. Öncə məhkəmə kollegiyası qeyd edir ki, ABU Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almış və Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini verilməklə qeydiyyatdan keçmişdir. İlk dəfə,1998-ci ildə Təhsil Nazirliyinnin xx.xx.1997 il tarixli xx-xx-4058/16 nömrəli qərarı ilə 1999-cu ildə 6 il müddətinə lisenziya verilmiş, 2005-ci ildə isə 5 il müddətinə lisenziya (xx.xx.2005-ci il tarixli 003283 №-li xüsusi razılığı ilə yenilənmiş, 8 iyul 2010-cu il tarixdə həmin lisenziyanın müddəti bitəndə isə bu dəfə məsələyə Təhsil Nazirlyi tərəfindən yenidən baxılaraq Universitetin fəaliyyətində yol verilən nöqsanlar nəzərə alınaraq onun fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadımasından imtina olunması barədə qərar qəbul edilmiş və Təhsil nazirinin 1 sentyabr 2010-cu il tarixli əmri ilə ABU-nun fəaliyyətinin dayandırılmışdır.

2. İş materiallarından görünür ki, iddiaçı “2005-2006-cı tədris ilində test imtahanlarının nəticələrinə əsasən 321,946 bal toplayaraq, Bakı Dövlət Universitetinin (“BDU”)“Tətbiq Kimya” fakültəsinə qəbul olsa da, qeydiyyatdan keçməmiş, bu səbəbdən X4 Komissiysı tərəfindən onun qəbul əmri təhsil müəsisəsinə göndərilməmişdir. xx.xx.2006-cı il tarixdə o, Azərbaycan ABU ilə aralarında bağlanmış müqaviləyə əsasən «Müalicə işi» ixtisası üzrə ABU-ya qəbul olunmuş, lakin xx.xx.2010-cu il tarixdə Universitet bağlandığından, həmin unversitetdə təhsilini tam başa çatdıra bilməmişdir. Bundan sonra onun iş materiallarına əsasən 2023-cü ilə qədər Təhsil Nazirliyinə hər hansı müraciətinin mövcudluğu müəyyən edilmir.

3. İş materiallarına əsasən müəyyən olunur ki, yalnız 2023-cü ilin oktyabr ayında ərizə ilə cavabdeh nazirliyə müraciət edərək ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsini xahiş etmiş, lakin sonuncu tərəfindən onun xx.xx.2023-cü il tarixdə nazirliyə daxil olmuş ərizəsini xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavablandıraraq, digər ali təhsil müəssisəsinə köçürülmək hüququ olan tələbələrin siyahısında onun adının aşkar edilmədiyi üçün ərizəsinin təmin edilməsindən imtina olunmuşdur.

4. Həmin imtinadan narazı qalan iddiaçı konret halda, cavabdehə qarşı iddia ərizəsində sonuncunun hərəkətlərinin qanunsuz sayılması, təhsilinin davam etdirilməsi, iddiaçının ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.

5. Məhkəmə kollegiyası, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə iddianı rədd edərkən, iddiaçının digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısına daxil edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsindən imtina etməkdə cavabdeh haqlı olmuşdur.

6. Hazırkı apellyasiya mərhələsində cavabdeh orqan məhkəmənin müvafiq sorğusunu cavablandırarkən qeyd etmişdir ki,“Tələbə-Məzun” dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış ABU-nun tələbə kontingentinə aid məlumat bazasında İddiaçı Fərhad qızının ABU-ya qəbulu ilə bağlı məlumat aşkar edilməmiş, Universitetin fəaliyyəti dayandırıldıqdan sonra, həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş və Təhsil naziri tərəfindən təsdiq edilmiş, siyahıda İddiaçı adı aşkar edilməmişdir.

7. Təhsil qanunvericiliyinin tələbləri araşdırıldıqda iddiaçının digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin Siyahısna daxil edilməməsi və hazırkı halda da onun “Müalicə işi” ixtisası üzrə məhz, başqa təhsil müəssisəinə köçürülməsindən imtina olunmasının əsaslı olduğu müəyyən olunur. Belə ki, iddiaçı 2005-ci ildə qanuni əsaslarla «Test» imtahanı verməklə “BDU”-nun «Tətbiqi Kimya» fakultəsinə qəbul edildiyi halda, həmin imkanından istifadə etməmiş, qeydiyyatdan keçmədən, müqavilə əsasında, həm də Təhsil Nazirliyinin razılığı olmadan, “Müalicə işi” ixtisası üzrə ABU-ya götürülmüşdür.

8. Halbuki, həmin vaxt qüvvədə olmuş (keçmiş) Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun 31-ci maddəsinin müddəalarında nəzərdə tutulurdu ki, Təhsil Nazirliyi təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə və mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir. 1 iyun 2004-cü il tarixli 677-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin Qanunun 21-ci maddənin altıncı hissəsinin 2005-ci ildə qüvvədə olmuş yeni redaksiyası isə aşağığdakı imperativ müddəaları nəzərdə tuturdu: “Ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.(Əvvəlki redaksiyada deyilirdi:“Qeyridövlət ali məktəblərinə tələbə qəbulu onların nizamnamələri əsasında aparılır”(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 415)

8. Göründüyü kimi, birinci növbədə iddiaçının 2006-cı ildə müqavilə əsasında “ABU”-nun “Müalicə işi” fakultəsinə qəbulu tamamilə qanunsuz olmuşdur.

9. Digər tərəfdən, iddiaçının BDU-ya qəbul olduğu halda, Təhsil Nazirliyinin razılığı olmadan, müqavilə əsasları ilə müalicə işi ixtsası üzrə ABU-ya köçürülməsinin qaununiliyi də istisna olunur. Çünki, Azərbaycan Respublikası Təhsil Nazirinin “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli, 96 nömrəli Əmrində deyilir: «…Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər … 1.Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrində tələblərin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.

2. Ali təhsil müəssisələri rəhbərləri əmrin icrasını təmin etsinlər…»

10. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirinin “Əmrdə qismən dəyişiklik haqqında” xx.xx.2002-ci il tarixli, 80 nömrəli Əmrində deyilir: “…İ. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrinin 1 ci bəndi aşağıdakı redaksiyada verilsin: “1. Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın”. İİ. Köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. İİİ. Qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılsın...»

11. Eyni zamanda, həmin vaxt qüvvədə olmuş, Təhsil Naziliyinin 142 nömrəli xx.xx.1996cı il tarixli əmri ilə təsdiq edilmiş və xx.xx.1996-cı il tarixdə qeydə alınmış – “Ali və orta ixtisas təhsili məktəblərinə tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.1.1-ci bəndi nəzərdə tuturdu ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir.

12. Qeyd olunanlar birmənalı olaraq, iddiaçının 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələriən köçürülmək hüququ olan tələbə kimi qiymətlənidirilməsini və müvafiq Siyahıya daxil edilməsini istisna etdiyini aydın göstərir. Ümumiyyətlə, hazırkı halda məzunun başqa təhsil müəssisəsinə köçürülməsi barədə razılığın verilməsi imperativ ola bilməz, bu məsələ cavabdeh nazirliyin diskression bir səlahiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsi isə nəzərədə tutur ki, ahallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə.

13. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5742/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5742/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar