Məhkəmə qərarları › İş №2-1(103)-559/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-559/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-559/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil Yusif oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (30.03.1976-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2990/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 26.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası (mətnə əsasən) X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı bağ sahəsi 02.02.1971-ci il tarixli, 15469 saylı müqavilə ilə mərhum X2 istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddət mərhumun icarəsində olmuş və mübahisəsiz olaraq tərəfindən istifadə edilmişdir. Əliyeva Tahirə vəfat etdikdən sonra bağ sahəsi vərəsəlik hüququ əsasında iddiaçının istifadəsinə keçmişdir. Hal-hazırda iddiaçının istifadəsindədir. Daha sonra mülkiyyət hüquqlarının mərhumun adına qeydiyyata alınması və buna dair çıxarışın və plan-ölçünün verilməsi üçün cavabdeh idarəyə tərəfindən müraciət edilmişdir. Lakin cavabdeh orqan formal və əsassız mülahizələrə istinad edərək tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 15-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası İPM-in 14.2-ci, 35.1-ci və 68.2-ci maddələrinə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası (mətnə uyğun) X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 2990/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2990/2019 saylı, 24.09.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq bağ sahəsi üzərində hüquqların mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə 26.07.2019cu il və 01.11 2016-cı il tarixlərdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, bölgü-sxeminə əsasən 157 saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 157 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. 13.12.2019-cu il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil Yusif oğlu tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuş, ərizədə iddiaçının anası X2 24.10.1991-ci ildə vəfat etdiyi, bu səbəbdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-144/2020 saylı, 17.01.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-409/2019 saylı (mətnə uyğun), 25.01.2019-cu il tarixli qərarı dəyişdirilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-409/2019 saylı, (mətnə uyğun) 25.01.2019-cu il tarixli (mətnə uyğun) qərarının nəticə hissəsindəki “çıxarış” ifadəsi “arayış” ifadəsi ilə əvəz edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1155/2020 saylı, 25.08.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, Z.Quliyev,İ.Şəfiyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2020-ci il tarixli 21(103)-144/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə Kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüquqa malik olduğunun yoxlanılması üçün, ilk növbədə miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olub-olmadığı müəyyən edilməli idi. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırkı iş üzrə iddia tələbini Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi təşkil edir. İş materiallarında olan 18.11.1965-ci il tarixli X10 tərəfindən verilmiş arayışa əsasən İddiaçı Nuri oğlu 9 Yanvar küçəsi ev № 56-da yaşayır, özü pensiyaçıdır, 195 kv.m həyətyanı sahəsi vardır. Anası – Səhərnaz Yusifəli qızı – 1885-ci il; Yoldaşı – Torə Hümmət qızı- 1910-cu il; Qızı –Xanımnaz Xanəli qızı – 1933-cü il; Qızı – X5 – 1940-cı il; Oğlu - X4 – 1947-ci il;Oğlu – X3 – 1952-ci il. İş materiallarında olan 29 dekabr 1967-ci il tarixli, 15469 №-li bağ və binaların uzunmüddətli icarəyə verilməsinə dair müqaviləyə əsasən Ləhiş bağ yerinin 157 №-li, 0,25 ha bağ sahəsi İddiaçı Nuri oğluna (1908-ci il doğumlu) 29 dekabr 1973-cü ilədək icarəyə verilmişdir. İş materiallarında olan 08.12.1969-cu il tarixli, 329461 №-li ölüm haqqında şəhadətnaməyə əsasən İddiaçı Nuru oğlu 13.10.1969-cu il tarixdə 61 yaşında vəfat etmişdir, bu barədə ölüm haqqında vətəndaş hallarının qeyd kitabında 08.12.1969-cu il tarixdə 15 №ilə qeyd yazılmışdır (X10). İş materiallarına əlavə edilmiş 02.02.1971-ci il tarixli, 15469 saylı müqavilənin surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X2 istifadəsinə verilmişdir. İşdə olan İV-JQ268750 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 24.10.1991-ci ildə vəfat etmişdir (Kürdəxanı Qəsəbə İcra Nümayəndəliyi). İş materiallarında olan 4-cü sahənin böyük mühəndisi E.İ.Tağıyev tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinin rəisi İ.İ.Vəkilova ünvanlanmış 04.03.1983-cü il tarixli məlumata əsasən qeyd olunmuşdur ki, Ləhiş sahəsində yerləşən 157 nömrəli bağın icarədarı X2 idarəyə verdiyi ərizəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, o, bağ verilən ildən hal-hazıra qədər bağdan istifadə etməmişdir, ona görə də 15469 №li müqavilənin vaxtı uzadılmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, qeyd edilən müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X2 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsindən göründüyü kimi o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin icarəçinin ərizəsinin yerində yoxlanması zamanı məlum olmuşdur ki, bağ sahəsi verilən ildən bağdan istifadə etmədiyinə görə müqavilənin müddəti uzadılmamışdır (iş mat. 69). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən (iş mat. 4, 60). bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona təkrar məktublar göndərilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən işin məhkəmə icraatları zamanı müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə hər hansı sənəd sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X2 istifadəsinə verilməsinə dair müqavilənin müddəti 02.02.1981-ci il tarixdə bitdiyindən, həmin müqavilənin müddətinin uzadılmasına dair iş materiallarında hər hansı sənəd-sübut olmadığından, yəni miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İddiaçı Nuru oğlu ilə Torə Hümmət qızının nikah haqqında şəhadətnaməsinin surəti, İddiaçı doğum haqqında şəhadətnaməsinin surəti əlavə edilməmiş, iddiaçı iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində X2 onun anası olduğunu göstərsə də, iddiaçının X2 oğlu olması iş materialları ilə təsdiq edilmir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019cu il tarixli, 2-1(82)-2990/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2990/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar