Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-559/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar X4 nümayəndəsi X7 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi X1rşı “qarajların sökülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9413/2021 saylı 13.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart – 01 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qarajların onun vəsaiti hesabına sökülərək cavabdehlərin qeyd edəcəyi ərazidə yenə də onun vəsaiti hesabına tikilməsinə icazə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. İddia ərizəsinə əlavə etdiyi foto şəkillərdən göründüyü kimi həmin qeyri-yaşayış sahəsinə bitişik formada, şəhərsalma və tikinti norma və qaydalarına uyğun olmayaraq cavabdehlərə məxsus qarajlar sıra ilə mövcuddur. Həmin qarajların mövcudluğu onun qanunla qorunan hüquq və maraqlarını pozur. Belə ki, həmin qarajların orada yerləşməsi səbəbindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hava kütləsinin daxil olması, onun havalandırılması, günəş şüaları ilə təmini qeyri-mümkündür. Bu səbəbdən də cavabdehə məxsus olan qarajların onun vəsaiti hesabına sökülərək cavabdehlərin göstərəcəyi ərazidə yenə də həmin vəsaiti hesabına tikilməsi məqsədəmüvafiq olardı. Bununla bağlı tərəfindən cavabdehlərə ərizə ilə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdehlərə məxsus qarajlar həm onun qanunla qorunan mülkiyyət hüquqlarını, həm də tikinti və şəhərsalma norma və qaydalarını pozur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9413/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia mümkün sayılmaqla işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun irəli sürdüyü iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. İddia tələbindən də göründüyü kimi cavabdehə məxsus qarajlar onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı qüvvədə olan Şəhərsalma və Tikinti normalarına uyğun deyildir. Belə ki, qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Qarajlar isə dövlət orqanının yəni inzibati orqanın balansındadır. Həmin qarajların qanunvericiliyə uyğun şəkildə Şəhərsalma və Tikinti normalarına və qaydalarına uyğun şəkildə yerləşməməsinə görə onun hüquqları pozulub. Bununla bağlı tərəfindən inzibati orqana müraciət ünvanlanaraq öz vəsaiti hesabına qarajların sökülüb yerinin dəyişdirilməsini xahiş etsə də cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Tərəfindən irəli sürülmüş iddianın növü İPM-nin 2.2.7-ci maddədə öz əksini tapmışdır. Hesab edir ki, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində onun mülkiyyətindən normal şəkildə istifadə məhdudlaşdılmışdır. Bakı şəhərinin hazırlanmış baş planına əsasən dövlət orqanına məxsus qarajın bu şəkildə yerləşməklə onun hüquqlarını pozması publik xarakterli məsələlərə aiddir və hesab edir ki, bu mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar X4 nümayəndəsi X7 və Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə cavabdehlərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qarajların onun vəsaiti hesabına sökülərək cavabdehlərin qeyd edəcəyi ərazidə yenə də onun vəsaiti hesabına tikilməsinə icazə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (mülkiyyət hüququnun müdafiəsi) yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda da göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Hazırkı iş üzrə isə iddiaçının iddiasına əsasən mübahisə qonşuluğunda yerləşən cavabdehlərə məxsus qarajların onun mülkiyyət hüququndan istifadəsinə maneə törətməsi ilə bağlı yaranmışdır ki, qeyd edilən halda mübahisə inzibati orqanla iddiaçı arasında yaranmış inzibati mübahisə kimi deyil, iki mülkiyyətçi arasında mülkiyyətdən istifadə ilə əlaqədar mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iki mülkiyyətçi arasında mülkiyyətdən istifadə ilə əlaqədar mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mülki mühakimə icraatı qaydasında digər mülkiyyətçiyə qarşı ümumi məhkəmədə iddia qaldırmaqla mübahisənin həllinə nail ola bilərdi. Hazırkı iddiası ilə isə iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Buna görə də iddia tələbi mümkün iddia kimi qəbul edilə bilməz. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9413/2021 saylı 13.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-559/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-559/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver