Məhkəmə qərarları › İş №2-1(103)-559/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-559/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-559/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2389/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi (İPM m.33.1), daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Onun güzəştli iş stajı, ümumilikdə, 25 il 11 ay təşkil edir. Bu faktı təsdiq edən "xxxx" QSC tərəfindən arayış verilmiş və ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin müharibə veteranıdır. Bu veteranlıq vəsiqəsi ilə təsdiq edilir. 10 ay müddətində (hərbi biletində qeyd edilib-xx.xx.1993-xx.xx.1993-cü illər) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən 10 ay ikiyə vurulmaqla 1 il 8 ay onun ümumi sosial sığorta stajı olan 25 il 11 ayın üzərinə gəlməlidir. Nəticədə 27 il 7 ay alınır. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İşləməzdən öncə xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Teplovozun maşinist köməkçisi” ixtisası üzrə əyani təhsil almışdır. Bu fakt Təhsil Nazirliyi tərəfindən verilmiş D419096 saylı diplomda əks olunmuşdur. Bundan əlavə, 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Bu faktı H3 ******* saylı hərbi biletin surəti təsdiq edir. Təhsil aldığı illəri və əmək faəliyyətini nəzərə alaraq xx.xx.2006-cı il tarixinədək olan stajı 25 il 01 ay 29 gün təşkil edir ki, həmin müddətin də 20 il 03 ay 26 gününü əmək şəraiti xüsusilə ağır və zərərli olan işlərdə çalışmışdır. Cavabdeh əmək stajının hesablanması zamanı xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı Mincivan stansiyasında teplovoz maşinisti işlədiyi dövrü nəzərə almamış və buna səbəb kimi isə həmin dövr ərzində işləməyini təsdiq edən hər hansı məlumatın arxiv sənədində öz əksini tapmadığını bildirmişdir. Halbuki Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü ilə əlaqədar olaraq Mincivan ərazisindəki iş yerindən İmişli rayonuna köçürülmüşlər. Bu zaman arxiv sənədlərinin itirilməsi və yaxud məhv olması onun məsuliyyətində deyil. Bundan əlavə, xx.xx.1993-xx.xx.2003-cü il tarixlərində teplovoz maşinisti vəzifəsində çalışma faktını həm əmək kitabçası, həm də "xxxx" QSC tərəfindən verilən arayış təsdiq edir...” Cavabdeh iddia ərizəsinə etirazında, imtina məktubunda qeyd etdiyi kimi, iddiaçının xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı Mincivan stansiyasında teplovoz maşinisti kimi təsdiq edən hər hansı məlumatın arxiv sənədində öz əksini tapmadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2389/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajı olduqda. 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. İkinci sərt: İddiaçı tərəfindən təqdim edilmiş 419096 nömrəli diplomun, ******* nömrəli hərbi biletin, ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən İddiaçı 01 yanvar 2006-cı il tarixədək mübahisəsiz ümumi iş stajı 25 ildən azdır (15 il 5 ay 27 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-22.11,1983-cü il, xx.xx.1983-xx.xx.1985- ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2003- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). Üçüncü sərt: İddiaçının 01 yanvar 2006-cı il tarixədək mübahisəsiz güzəştli is stajı isə 12 il 6 avdan az (7 il 4 av 19 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1989cu il və xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 185787 nömrəli arayışında xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Mincivan stansiyasında teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisə X2 — Azərbaycanın Zəngilan rayonu ərazisindəki dəmiryol stansiyasıdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır. Nəticədə qeyd olunan dövr tərəfimizdən mübahisələndirilmiş və sosial sığorta stajlna daxil edilməmişdir. İnzibati icraat zamanı cavabdeh tərəfindən "xxxx" QSC-nin 9 nömrəli Mincivan yol sahəsində yoxlama keçirilmiş, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı xx.xx.1993-xx.xx.2003-cü illərdə Mincivan stansiyasında işləməsi təsdiq olunmamışdır. İş üzrə: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə; "xxxx" QSC-yə; İmişli Rayon Dövlət Arxivinə; “X6” MMC-yə;Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə sorğular göndərilmiş, lakin daxil olan bütün cavab məktublarında İddiaçı Mincivan stansiyasında işləməsinə dair heç bir məlumat mövcud olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2389/2023 nömrəli qərarı mübahisələndirilən dövrün iddiaçıya məxsus əmək kitabçasında qeyd olunması ilə əsaslandırılmışdır. Buna baxmayaraq, məhkəmə 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Mincivan stansiyasının fəaliyyətinin olub-olmamasını, stansiyanın fəaliyyətinin harada davam etdirildiyini araşdırmamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 2.2.1-ci yarımbəndinə və 4.1 -ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: - şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış; pensiya təyin edilməsi ilə bağlı ərizə. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə "xxxx" QSC tərəfindən verilmiş arayışa əsaslanmışdır. Arayışı təqdim edən quruma tərəfimizdən xx.xx.2022-ci il tarixli **********1 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-9994/2023 nömrəli sorğular ünvanlanmışdır. Lakin daxil olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublarında İddiaçı fəaliyyətinə dair cəmiyyətin arxiv bölməsində hər hansı məlumatın mövcud olmadığı qeyd olunmuşdur. Nəticədə "xxxx" QSC tərəfindən verilmiş arayışın iddiaçının əmək kitabçasına əsasən yazıldığı, arayışı təqdim edən quruma mübahisələndirilən dövrlərdə İddiaçı konkret olaraq iş fəaliyyətin məlum olmadığı görünür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən, Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Ağyeva apellyasiya şikayətinə uyğun izahat verərək təmin ounmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmayraraq vəkil sorğusuna əsasən Azərbaycan Dəmir Yolları QSC-dən əldə etdiyi cavab məktubunu və ona əlavə edilmiş arxiv sənədini məhkəməyə təqdim edərək, 1993-cü ildə Mincivan staİnsiyasında çalşan 212 nəfər əməkdaşının, o cümlədən, iddiaçının əmr əsasında İmişli lokimativ deposuna işə daxil edildiyini və orada çalışdıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (İddiaçı da qeyd olunanları təsdiq edərək nümayəndəsinin izahatı ilə razı olduğunu bildirmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Eyni zamanda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan normaları baxımından xx.xx.1965-ci il təvəllüdlü (şəxs. vəs. No********; ASAN 1; xx.xx.2015) iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvar ayının 1-nə qədər azı 25 il ümumi və və bu stajın 12 il 6 ayı güzəştli pensiya hüququ verən stajı tələb olunur. İş materiallarına, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən onun müvafiq sığorta stajına malik olması öz təsdiqini tapır. Belə ki, işdə olan Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 288 saylı arayışına, iddiaçıya məxsus Д seriyalı 419096 nömrəli, xx.xx.1983-cü il tarixli diplomun, НЗ seriyalı ******* nömrəli hərbi biletinin və ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1980-xx.xx.1983:teplovoz maşinisti köməkçisi üzrə peşə təhsili -2 il 10 ay 24gün; xx.xx.1983-xx.xx.1983: Culfa Lokomotiv deposunda teplovoz maşinisti köməkçisi –3 ay 10 gün; xx.xx.1983- xx.xx.1985: müddətli həqiqi hərbi xidmət – 1 il 11 ay 9 gün; xx.xx.1985-xx.xx.1989: Culfa Lokomotiv deposu, teplovoz maşinisti köməkçisi-3il 6 ay 26 gün; xx.xx.1989-xx.xx.1989: Bakı texniki məktəbində teplovoz maşinisti kursunda təhsil- 5 ay 29 gün; xx.xx.1990-xx.xx.1993: Culfa Lokomotiv deposu, teplovoz maşinisti köməkçisi dublyoru, teplovoz maşinisti köməkçisi, teplovoz maşinisti –3 il 8 ay 29 gün; xx.xx.1993-xx.xx.2003:İmişli lokomotiv deposu Mincivan stansiyasının dəyişdirmə məntəqəsinin teplovoz maşinisti – 9 il 6 ay10 gün; xx.xx.2003-xx.xx.2006: “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında quraşdırıcı – xx.xx.2006-cı ilə qədər - 2 il 8 ay 26 gün . Beləliklə də iddiaçının qeyd olunan iş stajı toplandıqda onun xx.xx.2006-cı ilə qədər 25 ildən çox, yəni, 26 il 26 gün ümumi stajı mövcud olur. Lakin cavabdehin apellyasiya şikayətinin imtina məktbu və iddia ərizəsinə etirazı ilə üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Mincivan stansiyasında teplovoz maşinisti vəzifəsində işlədiyi dövrün arxiv məlumatları olmadığı üçün hesab edir ki, onun həm ümumi, həm də güzəştli stajı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan "xxxx" QSC-nin 198992 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında o cümlədən təsbit olunur ki, əsasən İddiaçı: - "xxxx"nın Culfa lokomotiv deposunda xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor); -xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst); -xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst); xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor); xx.xx.1990-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst); xx.xx.1990-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək teplovoz maşinisti (sərbəst); xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək teplovoz maşinisti – kimi çalışdığı peşələrdən –sərbəst olaraq teplovoz maşnisti köməkçisi və teplovoz maşinisti və təlimatçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinə müvafiq olaraq 6,12,13,16 və 26- cı abzaslarında, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28-ci bölmənin müvafiq olaraq 7,13 və 23-cü abzaslarında (kod: 23001000 - 14241, 23001000 - 16878, 23001000 - 22734) nəzərdə tutulmuşdur. Həmçinin, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 256376 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının ADY-nin Culfa, İmişli, Biləcəri lokomotiv və Biləcəri manevr lokomotivlərinin istismarı depolarında çalışdığı maşinist təlimatçısı, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşələri qeyd edilən Siyahısı”da 21.4-cü bəndin müvafiq olaraq 7, 13, 17 və 26-cı abzaslarında, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda isə 28ci bölmənin müvafiq olaraq 8, 14 və 24-cü absazlarında (kod: 23001000-14241, 23001000-16878, **********734) nəzərdə tutulmuşdur. Teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1”nda təsbit edilmişdir. Həmçinin, maşinist təlimatçısı vəzifəsi üzrə İşlərin xüsusiyyətləri lokomotivlərə texniki xidmətin təmin edilməsi və onların saz vəziyyətdə saxlanılması məsələləri üzrə lokomotiv briqadalarının təlimatlandırılması, lokomotiv briqadaları ilə nəzarət-təlimat səfərləri keçirərək qatarların qabaqcıl üsullarla idarə edilməsi, manevr işlərinin yerinə yetirilməsi və hərəkətin təhlükəsizliyinin təmin edilməsinin öyrədilməsi, lokomotiv briqadaları arasında əmək, istehsalat və texnoloji intizamın möhkəmlənməsi üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən 23001000 - 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: - 23001000—14241- teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; - 23001000—16878 - teplovozlarda maşinist köməkçiləri; - 23001000a—22734 - lokomotiv briqadaların təlimatçıları (maşinistlər) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Ən azından, iddiaçının sərbəst olaraq teplovoz maşnisti köməkçisi və teplovoz maşinisti kimi çalışdığı dövrlər (xx.xx.1983-xx.xx.1983; xx.xx.1985-xx.xx.1989; xx.xx.1990xx.xx.1993; xx.xx.1993-xx.xx.2003) üzrə 16 il 10 ay 18 gün, yəni tələb olunan 12 il 6 aydan da çox güzəştli iş stajı toplanır. Cavabdeh tərəfindən iddiaçının 1993-2003-cü illlər üzrə əmk fəaliyyətini şübhə altına alan dəlillərinə gəldikdə, həmin dəlillərin əsassız olduğu iddiaçının nümayəndəsi tərəfindən hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-2586/2024 nömrəli məktubu və ona əlavə edilmiş İmişli lokimotiv deposunun arxiv çıxarışı ilə təsdiq olunur. Belə ki, həmin sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Dövlət Dəmir Yolunun İmişli lokomativ deposunun rəsi R.M.Əliyevin 12 noyabr 1993-cü il tarixli 79 nömrəli əmrinə əsasən millətlərarası vəziyyətin gərginləşməsi ilə əlaqədar Mindivan stansiyaının 212 nəfərdən ibarət əməkdaşı müvəqqəti olaraq “İmişli lokomotiv deposuna işə daxil edilmişlər. Həmin işçilərin Siyahısnda iddiaçı X4 adı 74-cü sırada qeyd olunmuşdur. Beləliklə də, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının 2006-cı ilə qədər 25 ildən də çox ümumi stajı, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən xüsusi stajının mövcudluğu sübuta yetirilir. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinn “b” bəndinə əsasən 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, qeyd olunanlar baxımından məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədyini və işin faktiki hallarını dərindən araşdırmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2389/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2389/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar