Məhkəmə qərarları › İş №2-1(103)-56/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-56/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-56/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsı (həyat yoldaşı) X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1899/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Bağın icarəyə verilməsi haqqında” 2239 saylı 12 aprel 1999-cu il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsini icarəyə götürmüşdür. İddiaçı ona icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən, sahəsi 0.095 hektardan ibarət 213A saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********26 saylı 03.09.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsi qonşu bağ sahəsi ilə eyni hasar daxilindədir və bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 273 A saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasl Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Səbail rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha olan 213A saylı bağa mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyinin o zamanki direktoru T.Allahverdiyevlə bağladıqları “Bağın icarəyə verilməsi haqqında” 12 aprel 1999-cu il tarixli 2239 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsini götürmüşdür. O, müqavilənin şərtlərinə tam əməl etmiş, torpaq sahəsində abadlıq işləri aparmış, ağaclar əkmiş və s. işlər görmüşdür. Ona məxsus bağ sahəsi ilə eyni ərazidə və yerdə X6 məxsus 273 saylı bağ evi və sahəsi yerləşir. Həmin bağ evinə 29.08.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına xüsusi mülkiyyət hüququna dair ******* nömrəli çıxarış verilmişdir. O da ona və ailə üzvlərinə məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən 213 A saylı bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 03.09.2019-cu il tarixli **********26 saylı məktubu ilə onun qanuni və əsaslı xahişinin yerinə yetirilməsindən imtina etmişdir. Qeyd etdiyi qurum tərəfindən onun təqdim etdiyi sənədlər 30.10.2019-cu il tarixdə geri qaytarılmışdır. Onun qanuni tələbinin icra edilməməsini cavabdeh əsassız olaraq onunla əsaslandırmışdır ki, “sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 273 a saylı bağın ərazisinə uyğun gəlir. O, hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Bağın icarəyə verilməsi haqqında” 22390 saylı 12 aprel 1999-cu il tarixli müqavilədə ona məxsus 213 A saylı bağ sahəsi göstərilmişdir. Onun günahı deyildir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi kimi, həmin sahə 273 A göstərilməyib. Həmçinin bağ sahəsinin 273 A və ya 213 A göstərilməsini o xahiş etməmiş və bu fakt məsələnin qanun çərçivəsində həllinə heç bir təsir göstərmir. Ona görə də, o, tam əmindir ki, təqdim etdiyi sənədlərə əsasən onun adına 213 A saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina edilməsi heç bir hüquqi fakta əsaslanmır. Cavabdehin etirazları: Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi qonşu bağ sahəsi ilə eyni hasar daxilindədir və bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 273 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1899/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyinin 22390 saylı, 12 aprel 1999-cu il tarixli müqaviləsinə əsasən ayrılmış Nardaran qəsəbəsi bağlar sahəsində ölçüsü 0,095 ha torpaq sahəsi olan, 213 A saylı bağ sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, qeyd edilmiş hallar nəzərə alınmamış və qanunsuz olaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, X1 Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" ASC və "xxxx" ASC iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekpsertiza keçirilməli idi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş və ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsı (həyat yoldaşı) X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edərək, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 03.09.2019-cu il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 18.11.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi, “Bakı şəhəri, Səbail rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha olan 213A saylı bağa mülkiyyət hüququna dair çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququnun yaranmasına, cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmasına istinad edərək, iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın tam əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan “Bağın icarəyə verilməsi haqqında” 2239 saylı 12 aprel 1999-cu il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsini icarəyə götürmüşdür. İddiaçı həmin bağ sahəsinə dair çıxarışın verilməsini tələb etsə də, onun tələbinin təmin olunmasından imtina edən inzibati orqan ona əsaslanmışdır ki, sözügedən bağ sahəsi qonşu bağ sahəsi ilə eyni hasar daxilindədir və bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 273 saylı bağın ərazisinə uyğun gəlir. Apellyasiya baxışı zamanı iddiaçıya məxsus torpaq sahəsinin 6.0 kv-luq gərginlikli elektrik xətti altında yerləşib-yerləşməməsi, yerləşdiyi təqdirdə həmin bağ sahəsinin qeyd olunan elektrik xəttinin mühafizə zonasına düşüb-düşməməsi, həmçinin mübahisəli torpaq sahəsinin dəqiq hansı hissəsinin (düşən hissə kv.metrlə göstərilməklə) 6.0 kv-luq elektrik hava xəttinin mühafizə zonasına düşməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" ASCyə məhkəmə sorğuları göndərilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdi ki, iddia olunan torpaq sahəsinin 6 kv-luq elektrik hava xəttinin altında yerləşmədiyi, lakin müəyyən hissəsinin qeyd olunan elektrik hava xəttinin mühafizə zonasına düşməsi müəyyən edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş müayinə aktına baxış keçirilərkən məlum olmuşdu ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən 213 A saylı bağın sahəsi faktiki olaraq 820 kv.m-dir, bağ sahəsi qonşu bağ sahəsi ilə ümumi bir hasar daxilindədir, ara sərhəd 3 və 5 cərgə mişar daşla hasarlanaraq ayrılmış, yol tərəfdən hasardan 1.0 və 1.9 metr aralı məsafədən 6 kvluq elektrik xətti keçir. Koordinatlarla göstərilən ərazinin yol boyu 120 kv.m-lik hissəsi elektrik xətti mühafizə zolağında yerləşir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində hazırki iş üzrə ekspertizanın keçirilməsini xahiş etmiş, həmçinin təqdim edilmiş sözügedən müayinə aktında qeyd olunan məlumatlarla bağlı torpaq sahəsinin faktiki ölçüsünün nə qədər olmasını da tərəflər mübahisələndirmişlər. Bununla bağlı məhkəmənin 28.04.2021-ci il tarixli qərardadı ilə “Bağın icarəyə verilməsi haqqında” 2239 saylı 12 aprel 1999-cu il tarixli müqavilə əsasında İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsinin 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsinin faktiki ölçüsünün nə qədər olmasının, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsinin dəqiq hansı hissəsinin (düşən hissə kv.metrlə göstərilməklə) 6.0 kv-luq elektrik hava xəttinin mühafizə zonasına düşdüyünün müəyyən edilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətindən müətəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə 04.11.2021-ci il tarixdə daxil olmuş mütəxəssis rəyindən və 11.04.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizsı Mərkəzinin 10/6462 saylı 18.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Bağın icarəyə verilməsi haqqında” 2239 saylı 12 aprel 1999-cu il tarixli müqavilə əsasında İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsinin 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsininin faktiki istifadədə olan ölçülmüş sahəsi 867 kv.m. təşkil edir ki, bundan 63 kv.m. hissəsi reyestr nömrəsi ********** olan çıxarış verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsinin mübahisələndirilən torpaq sahəsinin küçə tərəfindən hasarın çölü ilə elektrik xətti keçir (mühafizə zolağı barədə məlumat aşkar edilmədi). Beləliklə, aparılmış araşdırmalar nəticəsində (mütəxəssis və ekspert rəylərindən) müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi torpaq sahəsinin faktiki ölçüsü əslində 0.095 ha deyil, 867 kv.metrdir və həmin torpaq sahəsinin 63 kv.m. hissəsi müvafiq çıxarışla başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi ona məxsus bağ sahəsində faktiki mövcud olan və başqalarının hüquqlarından azad olan 804 kv.m. torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi hissəsində təmin edilməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.... və s. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdeh inzibati orqanın imtinasında sözügüdən bağ sahəsinin qonşu bağ sahəsi ilə eyni hasar daxilində olduğu, həmin sahənin sxematik xəritəyə əsasən 273A saylı bağın ərazisinə uyğun gəldiyi, eyni zamanda bağ sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası bu barədə bir daha qeyd edir ki, iddiaçının 22390 saylı 12 aprel 1999-cu il tarixli icarə müqaviləsinə əsasən çıxarış verilməsini tələb etdiyi icarəsində olan 213A saylı bağ sahəsinin qonşu bağ sahəsi ilə eyni hasar daxilində yerləşməsi halı onun faktiki yerində mövcud olan və başqalarının hüquqlarından azad olan 804 kv.m. torpaq sahəsi ilə bağlı tələbinin təmin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, belə əsas (bir hasar daxilində yerləşmə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüququn qeydə alınmasından imtina üçün müəyyən edilmiş əsaslar sırasında nəzərdə tutulmamışdır. Həmçinin iddiaçıya məxsus bağ sahəsinin bir hissəsinin yaxınlıqdan keçən yüksək gərginlikli elektik xəttinin mühafizə zonasında yerləşməsi faktı da iş üzrə sonuncu dəfə verilmiş mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmamışdır. Bununla yanaşı, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 6-01/06-08/A-308/3376 saylı 30 oktyabr 2019-cu il tarixli məktubdan aydın olur ki, iddiaçıya ayrılmış bağ sahəsinin çölündən, yolun digər tərəfindən keçən 6 kV-luq xəttin istismarında çətinlik yaranmadığı üçün ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. O ki qaldı cavabdehin “bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” barədə dəlilinə, sxematik xəritənin tərtibi ilə bağlı məsələlər cavabdeh inzibati orqana aid olub, onun tərəfindən həmin xəritənin səhv tərtib olunması və yaxud da həmin sxematik xəritədə iddiaçının bağ sahəsinin başqa nömrəli bağ sahəsinə (273 saylı bağa) uyğun gəlməsi yenə də iddiaçının iddia etdiyi bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçının adına rəsmiləşdirmək istədiyi torpaq sahəsinin 804 kv.m. hissəsi onun tərəfindən hasara alınaraq yalnız onun sahibliyi və istifadəsindədir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış 0.095 ha bağ torpaq sahəsinin 804 kv.m. olan hissəsi üzrə tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər (icarə müqaviləsi və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən 804 kv.m. bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Beləliklə, hazırki işdə iddiaçının adına rəsmiləşdirmək istədiyi bağ sahəsinin ölçüsünün faktiki olaraq 0.095 ha deyil, 867 kv.metr təşkil etməsi və həmin torpaq sahəsinin 63 kv.m. hissəsinin müvafiq çıxarışla başqa şəxsə verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adına rəsmiləşdirmək istədiyi 804 kv.m. bağ sahəsi ilə bağlı İPM-nin 14.3-cü maddəsində müəyyən edilmiş faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan 804 kv.m. bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının adına rəsmiləşdirmək istədiyi torpaq sahəsinin faktiki olaraq 0.095 ha deyil, 867 kv.metr təşkil edib, onun 63 kv.m. hissəsinin isə müvafiq çıxarışla başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin 63 kv.m. torpaq sahəsi ilə bağlı tələbin təmin olunması mümkünsüz olduğundan həmin hissədə iddiaçının tələbinin rədd edilməsi qənaətinə gələn Kollegiya 63 kv.m. torpaq sahəsinin çıxarışla üst-üstə düşdüyü torpaq sahəsinin mülkiyyətçisinin hazırki işə cəlb olunmasına zərurət görməmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, X1 Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" ASC və "xxxx" ASC-nin iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri” barədə dəlilinə, bu barədə qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi adı çəkilən qurumların işə cəlb olunmasının zəruriliyini əsaslandıra bilməyib, bu barədə hər hansı sübutu da məhkəməyə təqdim edə bilmədiyi üçün həmin dəlil əsassızdır və qəbul edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1899/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçıya ayrılmış 0,095 ha torpaq sahəsinin 146 kv.m. hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan, iddiaçıya ayrılmış 0.095 ha torpaq sahəsinin 804. kv.m. hissəsinin iddiaçının adına qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1899/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarı qismən, İddiaçı ayrılmış 0,095 ha torpaq sahəsinin 146 kv.m. hissəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan, İddiaçı ayrılmış 0.095 ha torpaq sahəsinin 804. kv.m. hissəsinin onun adına qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar