Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-56/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X5 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın alıb. Həmin qeyriyaşayış sahəsini xüsusi mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Əmlakının Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirdikdən sonra öz adına xx.xx.2015-ci tarixli, RX seryalı, ******* nömrəli qeydiyyat nömrəsi **********1 olan çıxarış alıb. Nəsimi rayon Məhkəməsinin 2(006)-2842/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə əvvəllər qeydiyyatda olduğu ünvan 2 ünvanından istifadə hüququnu itirdikdən sonra sonra o və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yaranmışdır. O və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yarandığı səbəbindən o, mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi üçün tələb olunan sənədləri əlavə etməklə ərizə ilə, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin müraciətindən uzun müddət keçməsinə baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti hələ də ərizəsinə münasibət bildirməmişdir. Beləliklə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyət hüquqi ilə mənə məxsus və faktiki olaraq uzun illərdi ki mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim etdiyim ərizəyə münasibət bildirilmədiyi səbəbindən məsələnin məhkəmə müstəvisində həll edilməsinə zərurət yaranmışdır. Artıq 6 ilə yaxındır ki yaşadığı qeyriyaşayış sahəsi tam olaraq mənzil şəraitlidir, heç bir qonşularaa maneəçilik yaratmır və sanitar qovşağı ilə də təmin edilmişdir. Hesab edir ki, faktiki olaraq yaşadığı mənzilin sənəd üzərində qeyriyaşayış sahəsi olaraq qalması onun və ailə üzvlərinin mənafeinə ziddir və hüquqularını məhdudlaşdırır. Belə ki, cavabdehin hərəkəti (və yaxud hərəkətsizliyi) nəticəsində faktiki olaraq mənzil kimi istifadə etdiyim və yaşadığım sahəyə yaşayış yeri üzrə daimi qeydiyyata düşmək imkanım və digər hüquqlarım məhdudlaşdırır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, çoxmənzilli binada ümümi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Buna baxmayaraq, Dövlət Reyestr Xidməti tərəfindən iddia olunan texniki mərtəbəyə xx.xx.2015-ci il tarixdə çıxarış verməklə digər sakinlərin hüquqlarını pozmuşdur. Bundan əlavə, iddiaçı Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan sənədləri tam əlavə etməmişdir, bununla əlaqədar iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında mansarda mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,1 kv.m. olan mansard mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış və qeyriyaşayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1316/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yaşayış sahsəinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi tələb olunan sənədlərdən biri də keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır. Lakin işdən məlum olur ki, iddiaçı bu planı cavabdehə təqdim etməmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planının cavabdehə təqdim olunmamasını iddiaçı da təsdiq edir və bunu "xxxx" MTK-nın həmin olanı ona verməməsi ilə əsaslandırır. - İddiaçının müraciətinə cavab olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4-cü, 21.2.3cü bəndlərində nəzərdə tutulan sənədlər, sahənin texniki təsviri göstərilməklə planı və sahənin yerləşdiyi binanın mərtəbəli planının notarial qaydada təsdiq olunmuş surəti Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciəyə yenidən baxıla bilər. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 16 iyul 2021-ci il tarixli 10/1695 №-li ekspert rəyinə əsasən aşağıdakılar qeyd edilir: Ünvana baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mansard mərtəbəsində daxili konstruktiv işlər görülərək dəyişikliklər aparılmış, arakəsmələrin yeri dəyişdirilmiş, əlavə otaqlar yaradılmışdır. Yaradılmış otaqlardan biri təbii işıq ilə təmin olunmur, həmin otağa plastik materialdan nəfəslik quraşdırılmışdır Bu da Tikinti Norma və Qaydaları 2.08.01.89 - un 1.3-cü bəndinin tələblərinə ziddir. Mansard mərtəbəsinin daxili hündürlüyü 3.0 metr təşkil edir. Verilmiş vəsatətdə qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilməsi xahiş olunsa da hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (mansard) təyinatı, mərtəbəsi, daşınmaz əmlakın adı, ünvanı, mülkiyyət növü, qeyri-yaşayış sahəsi üzərində hüququn növü iş materiallarında olan **********23-05301-083009 reyestr nömrəli, seriya RX № 0640961, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuşdur. Mansard mərtəbəsinin yüksək hissəsində hündürlüyün 3.0 metr olduğu nəzərə alınarsa təbii işıq ilə təmin olunmayan yaşayış otağı təbii işıqla və havalandırma ilə təmin olunduqdan sonra yaşayış kimi istifadə edilməsi mümkündür. Qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilmədiyi üçün 4-cü sual üzrə tədqiqat aparılmadı. Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsi xüsusi bilik tələb etmədiyindən 5-ci sual üzrə tədqiqat aparılmadı. Beləki, sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsini müəyyən etmək üçün qonşuların məhkəməyə dəvət edilərək özlərindən soruşulması tövsiyyə olunur. Tədqiqatın nəticəsi: Qərardadın 1-ci və 5-ci sualları üzrə: Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təyinatı, mərtəbəsi, daşınmaz əmlakın adı, ünvanı, mülkiyyət növü, qeyri-yaşayış sahəsi üzərində hüququn növü iş materiallarında olan **********23-05301-083009 reyestr nömrəli, seriya RX № 0640961, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Mansard mərtəbəsinin yüksək hissəsində hündürlüyün 3.0 metr olduğu nəzərə alınarsa təbii işıq ilə təmin olunmayan yaşayış otağı təbii işıqla və havalandırma ilə təmin olunduqdan sonra yaşayış kimi istifadə edilməsi mümkündür. Qərardadın 3-cü sualı üzrə: Qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilmədiyi üçün bu sual üzrə tədqiqat aparılmadı. Qərardadın 4-cü sualı üzrə: Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsi xüsusi bilik tələb etmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsini müəyyən etmək üçün qonşuların məhkəməyə dəvət edilməsi tövsiyə olunmuşdur. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 21 sentyabr 2022-ci il tarixli 10/3731 №-li ekspert rəyində qeyd edilir ki: Baxış zamanı müəyyən olundu ki, təqdim olunan tikilinin konfiqurasiyası, ümumi ölçüləri həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Texniki Pasporta uyğundur. Texniki pasportda qeyd olunan 1 saylı dəhliz, 2 saylı və 3 saylı otaqlar arasındakı arakəsmə divarlar sökülmüş, yeni arakəsmə divarlar hörülərək yeni otaqlar və mətbəx inşa edilmişdir. Faktiki vəziyyətdə tikili mənzil kimi istifadə olunmaqla iki yaşayış otağından, bir bətbəx, bir yardımçı otaq və bir sanitar qovşağından ibarətdir. Faktiki olaraq yaşayış otağı kimi istifadə olunan iki otaq təbii işıqla təmin olunur, sanitar qovşağı, dəhliz və yardımçı otağın isə təbii işıqlandırma ilə təchiz olunması üçün pəncərə boşluğu mövcud deyil. Ekspert tərəfindən qeyd olunur ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərində göstərilir: 1.1. bəndi - Yaşayış otaqlarının hündürlüyü, döşəmədən tavana qədər məsafə 2,5 metrdən, yardımçı otaqların hündürlüyü 2,1 metrdən az olmamalıdır. 2.2.bəndi - Mənzillərdə aşağıdakı otaqlar nəzərdə tutulur: Yaşayış- Yataq və ümumi otaqlar. Yardımçı mətbəx, hamam, tualet, dəhliz, şüşəbənd, təsərrüfan ambarı və s.. 2.4.bəndi - Yaşayış otaqlarının sahəsi 8,0 kv. metrdən az olmamalıdır. 2.9.bəndi- Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Qərardadın birinci və ikinci sualları üzrə qeyd olunur ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatının yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqların yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir. Tədqiqatin nəticəsi: Qərardadın birinci və ikinci sualları üzrə: Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatı üzrə yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqlardan yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.15. mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 2015-ci ildə "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın almış, həmin qeyri-yaşayış sahəsini xüsusi mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Əmlakının Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirdikdən sonra öz adına xx.xx.2015ci tarixli, RX seryalı, ******* nömrəli qeydiyyat nömrəsi **********1 olan çıxarış almışdır. Daha sonra o və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yarandığı səbəbindən o, mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən qeyri-yaşayış sahəsində yerində baxış keçirilmişdir. Baxış zamanı iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə (qapı 83) qonşu olan sahələrin (qapı 81,82,84,85) mənzil kimi istifadə edildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv həlli məqsədilə, iddiaçının yaşayış sahəsinə keçirilməsini xahiş etdiyi Bakı şəhəri, ünvan 1 (mansard) ünvanı ilə eyni mərtəbədə (mansardda) yerləşən qonşu sahələrin (qapı 81,82,84,85) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının təsdiq edilmiş surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən binanın mansard mərtəbəsində qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş: - RX seriyalı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 137a ünvanında yerləşən 68.88 kv.m. qeyri-yaşayış sahəsi X2 adına qeydiyyata alınmışdır. - daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 137a ünvanında yerləşən 65.2 kv.m. qeyri-yaşayış sahəsi X1 adına qeydiyyata alınmışdır. - daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən 65.32 kv.m. qeyri-yaşayış sahəsi X3 adına qeydiyyata alınmışdır. Həmçinin həmin qeyri-yaşayış sahələrinin ümumi göstəriciləri və planları təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə bitişik olan digər sahələrlə əlaqədar olaraq təqdim edilmiş müvafiq sənədlərə əsasən göstərilən mərtəbədəki sahələrin qeyri-yaşayış sahəsi olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus Bakı şəhəri, ünvan 1 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi inzibati icraatın ümumi prinsiplərindən olan bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən təqdim edilmiş ekspert rəylərini əsas götürmüşdür. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 16 iyul 2021-ci il tarixli 10/1695 №-li ekspert rəyində qeyd edilmişdir ki, “Qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilmədiyi üçün 4-cü sual üzrə tədqiqat aparılmadı.” Göründüyü kimi iş üzrə birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı hır hansı araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi əsassız olmuş və cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-56/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-56/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver