Məhkəmə qərarları › İş №2-1(103)-560/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-560/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-560/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X15) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 06.09.2019-cu il tarixli **********93 nömrəli imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12.0 kv.m., köməkçi sahəsi 11.7 kv.m., ümumi sahəsi 23.7 kv.m. olan 70-ci mənzili üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu dövlət qeydiyyatının aparılması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3657/2019 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-887/2020 saylı 18.06.2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3657/2020 nömrəli iş üzrə 12 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-887/2020 saylı 18.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ərizədə qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X15) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin Y.Mirzəyevanın adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qərarı təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qərarına asasən müvafiq mənzil üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 06.09.2019-cu il tarixli, **********93 saylı imtina məktubunda qeyd olunmuşdur ki, qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxin adına hüqqi qeydiyyata alınmışdır. Mənzil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qərarı daxil olduğu müəyyən edilmişdir. İşdə olan Nərimanov rayon İH-nin 19.03.1996-cı il tarixli, 028090 saylı orderinə əsasən Xətai prospekti, ev 5, mənzil 70-69a, 4 otaqlı 78.5 kv.m. yaşayış sahəsi X4 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19.03.1996-cı il tarixli, 173/3 saylı «boşalmış mənzilin X4 mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılması barədə» sərəncamı ilə Xətai prospekti. 5 nömrəli evin sahəsi 36 kv.m. olan 2 otaqlı boşalmış 70 nömrəli mənzili həmin həyətdə yaşayanX5 yaşadıı sahəsi 42.5 kv.m. olan 2 otaqlı 69a nömrəli mənzilinə birləşdirilməsi və mənzilin ümumi sahəsi 78.5 kv.m. sayılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMKnin 09.08.2002-ci il tarixli, 1MK-2725 saylı qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin 03 noyabr 2000-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, Bakı şəhəri, Xətai prospekti, ev 5, mənzil 70-də yerləşən 18.5 kv.m., 24.0 kv.m. və 24.0 kv.m.-lik üç yaşayış otağının cavabdeh X5 adına, 12.0 kv.m.lik bir otağının iddiaçı X6 adına ayrılıqda icarə bağlanması barədə iddianın təmin olunması və göstərilən qaydada tərəflərin adına icarə müqaviləsini bağlamaq vəzifəsi Nərimanov rayon İH-nin MKTB-ə tapşırılması və apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İşdə olan AN-İ seriyalı, ******* saylı, 25.03.2004-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X12 ünvan 1 ünvanında yerləşn 1 otaqlı yaşayış sahəsi 12.0 kv.m., ümumi shaəsi 21.0 kv.m. olan evi X2. İşə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.10.2004-cü il tarixli, 2- 1423/2004 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 32 saylı Dövlət notariat kontoru tərəfindən 07 noyabr 2003-cü il tarixdə təsdi edilmiş X8 adına verilmiş etibarnamənin etibarsız hesab edilməsi, X6 adına olan Bakı şəhəri, Xətai prospekti, 5 saylı evin 70 saylı mənzilinin özəlləşdirilməsi və onun adına 09.10.2003- cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X12 ilə X15 arasında 25.03.2004-cü il tarixdə bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən tədiq edilmiş Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 70 saylı mənzili boşaldığına görə həmin mənzil Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 69 “a” saylı mənzili ilə birləşdirilməsi və X5 istifadəsinə verilməsi, Nərimanov Rayon İCra Hakimiyyətinə X10 ilə Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 69 “a”/70 saylı mənzilinə icarə müqaviləsi bağlanmasının tapşırılması və iddianın qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01.06.2005-ci il tarixli, 1mk-2381/2005 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin 12 oktaybr 2004-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, Bakı şəhəri, Xətai prospketi 05 saylı evin 70 saylı mənzilinin 69 “a” saylı mənzillə birləşdirilərək Z.Şərifovun istifadəsinə verilməsi və onunla həmin mənzilə dair ayrıca kirayə müqaviləsi bağlanması haqda qətnamənin hissəsi ləğv olunması və bu hissədə işin icraatına xitam verilməsi nəzərə alınması, X9 54.4 milyon manat alınıb X13 verilməsi və qətnamənn qalan hissədə dəyişdirilmədə saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.10.2005-ci il tarixli, 6k- 1973 saylı qərarı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nin 01 iyun 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2012-ci il tarixli, 2(005)-1939/2012 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh X15 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospktindəki 5 nömrəli evin sıxlaşdırılmış 1 otaqlı, 70-ci mənzilindən çıxarılması və iddia tələbinin qalan hissədə təmin olunmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 08.02.3013-cü il tarixli, 2(103)- 558/2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X7 apelyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması və apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya çikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20.02.2013-cü il tarixli, 86 saylı «vətəndaş İddiaçı müvəqqəti yaşayış sahəsinin verilməsi haqqında» sərəncamı ilə Nərimnaov RİH-nin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının Xətai prospektindəki 5 nömrəli evin sıxlaşdırılmış 70-ci mənzilinə dair 18.02.2013-cü il tarixli aktının təsdiq edilməsi və Xətai prospektindəki 5 nömrəli yaşayış evinin 1 otaqlı, yaşaış sahəsi 12.0 kv.m. olan sıxlaşdırılmış 70-ci mənzili müvəqqəti yaşayış sahəsi kimi Nərimnaov RMKTB-nin nəzdindəki 37 nömrəli MKİS-də dalandar vəzifəsində çalışan İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.08.2013-cü il tarixli, 2(102)-2959/2013 saylı qərarı ilə kassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 24.10.2013- cü il tarixli. 494 saylı «Xətai prospektindəki, 5 nömrəli evin 70-ci mənzilinin vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi barədə» sərəncamı ilə Xətai prospektindəki, 5 nömrəli evin, yaşayış shaəsi 12.0 kv.m., ümumi sahəsi 23.7 kv.m. olan, sıxlaşdırılmış 1 otaqlı 70-ci mənzili daimi olaraq vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İş materiallarında göründüyü kimi iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər cavabdeh orqana təqdim edilmiş, lakin cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır və həmin maddədə təqdim edilməli sənədlərin siyahısı göstərilmişdir. Göründüyü kimi iddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsindəhüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları təsbit olunmuşdur: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi imtinanın istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq hesab edir ki, birinici instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Belə ki, iddiaçı Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12 kv.m, köməkçi sahəsi 11,7 kv.m, ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzili üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh imtinasında hesab etmişdir ki, mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X15) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin Y.Mirzəyevanın adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qərarı təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qərarına əsasən müvafiq mənzil üzərinə həbs qoyulmuşdur. Cavabdehin bu dəlili birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, cavabdehin istinad etdiyi X11 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 5 nömrəli evin sıxlaşdırılmış 1 otaqlı, 70 nömrəli mənzilindən çıxarılmış, həmçinin həmin mənzilin X21 qızına satılması barədə 25.03.2004-cü il tarixli alqı-satqı müqaviləsi və 20.05.2004cü il tarixli qeydiyyat vəsiqəsi etibarsız sayılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə olunan mənzillə bağlı iddiaçıya münasibətdə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən ilk dəfə 19.03.1996-cı ildə sərəncam qəbul edilmişdir. 19.03.1996-cı il tarixli 173/3 nömrəli sərəncamın adı Boşalmış mənzilin X4 (iddiaçının mərhum ərinin) mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılması adlanır. Sərəncamda qeyd edilmişdir ki, Xətai prospekti 5 nömrəli evin sahəsi 36 kv.m. olan 2 otaqlı boşalmış 70 nömrəli mənzili həmin həyətdə yaşayan X5 yaşadığı sahəsi 42,5 kv.m olan 2 otaqlı 69 a nömrəli mənzilinə birləşdirilsin və mənzilin ümumi sahəsi 78,5 kv.m sayılsın. Z.M.Şərifov mənzil növbəsindən çıxarılsın. Sərəncamda həmçinin qeyd edilmişdir ki, orderdə 6 nəfərin (adlar göstərilib) adı yazılsın. Göründüyü kimi, 19.03.1996-cı il tarixli sərəncamla mübahisə olunan mənzil iddiaçının ərinə verilmiş, mənzil 69 a saylı mənzillə birləşdirilmiş və iddiaçının əri mənzil növbəsindən çıxarılmışdır. Rayon icra hakimiyyəti tərəfindən sonradan mənzillə bağlı iddiaçının xeyrinə müxtəlif sərəncamlar verilsə də, artıq 1996-cı il tarixli sərəncamla mübahisə olunan mənzil onlara verilmiş, mənzilin ümumi sahəsi 78,5 kv.m sayılmış, ailə üzvlərinin adlarının orderdə yazılması qərara alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına əsasən iddiaçının mənzili özəlləşdirmək hüququ olmuşdur. Qanunvericiliyin tələbinə görə mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi əlavə etməlidir. Birinci instansiya məhkəməsi adları 19.03.1996-cı il tarixli sərəncamda qeyd edilmiş şəxslərin razılığının olub-olmamasını müəyyən etməmişdir. Sərəncamda qeyd edilmiş şəxslərin razılığın olub-olmamasını araşdırarkən birinci instansiya məhkəməsi nəzərə almalıdır ki, ailə üzvlərindən biri olan X12 16.04.2003-cü ildə vəfat emiş və onun ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surəti tələb olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər; 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3657/2019 saylı qərarı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəi verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar