Məhkəmə qərarları › İş №2-1(103)-560/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-560/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-560/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı Salam oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (üçüncü şəxs X3 PHŞ) “test tapşırığının cavabının iddiaçının xeyrinə nəzərə alınması və yaş məhdudiyyyəti nəzərə alınmadan iddiaçının müsahibə mərhələsinə keçirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7744/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında (İPM m.2.2.3) iddia ərizəsi, daha sonra dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında iddiaçının qeyd etdiyi cavabın onun xeyrinə nəzərə alınması və iddiaçının yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılmağı vəzifəsinin Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışlır: “...İddiaçı xx.xx.2022-ci il tarixdə gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş və mümkün 100 baldan 69 bal toplamışdır. Müsabiqənin müsahibə mərhələsinə keçmək üçün tələb olunan keçid balı 80 baldan 70 bala endirilmişdir. Hesab edir ki, test imtahanında tərtib olunmuş bir neçə sualın tərtibatında, mətnində, cavablarında və variant saylarında yanlışlıq olmuşdur və bu da onun nəticəsinə təsir göstərmişdir. Əgər yanlış tərtib olunmuş sulların hamısı iddiaçının xeyrinə düzgün cavab olaraq qəbul edilsəydi, iddiaçı test imtahanı mərhələsində tələb olunan 70 keçid balını keçmiş olacaqdı. xx.xx.2022-ci il tarixdə test imtahanının cavabları açıqlanmışdır. Bundan əlavə heç bir cavab gəlmədiyini görərək, Dövlət Gömrük Komitəsinin Sədrinə xx.xx.2023-cü il tarixdə customs.gov.az saytındakı elektron müraciətlər bölməsindən elektron, xx.xx.2023-cü il tarixdə isə eyni məzmunlu məktubla yazılı müraciət edərək imtahan suallarında olan yanlışlıqları nəzərə alaraq müsahibə mərhələsinə keçirilməyini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi, xx.xx.2023-cü il tarixdə ona çatdırılmış xx.xx.2023-cü il tarixli, 3-33/2-002186/2023 nömrəli məktubu ilə müsahibə mərhələsinə keçirilməsindən imtina etmişdir. İmtina cavabında müraciətinin araşdırıldığı və araşdırma zamanı X2 (“DİM”) rəyinin öyrənildiyi qeyd edilmiş, lakin həmin “Rəy” məktuba əlavə edilməmişdir. Bundan əlavə imtina məktubunda Apellyasiya Komissiyası tərəfindən test tapşırıqlarının yenidən ekspertizasının keçirildiyi bildirilmiş, amma həmin ekpertiza rəyi də məktuba əlavə edilməmişdir. İmtina məktubunda yekun olaraq yazılmışdır ki, Apellyasiya Komissiyası X2 və aparılmış təkrar ekpertizanın rəyinə uyğun olaraq test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən imtina cavabını qanunsuz hesab edir. “Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən xüsusiyyətinə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın a) Baba b) Dost c) Düşmən d) Müştəri” Sualına iddiaçı “D) müştəri” cavabını doğru cavab olaraq qeyd etmişdir. Deməli iddiaçı müştəri cavabını digər cavablardan fərqli olduğunu sübut edə bilsə, suala düz cavab vermiş olacaq və ona həmin suala görə 1 bal verilməlidir. “Aşağıdakılardan fərqli olanı seç” sualının məntiqi həlli bütün cavabları hər hansı bir cəhətdən qiymətləndirilməli olduğu və həmin qiymətləndirilmə üsuluna görə 4 cavabdan 3ü uyğunluq, yerdə qalan cavab isə fərqlilik təşkil etməlidir. Sualda qiymətləndirmə metodu müəyyən olunmadığından iddiaçı istənilən qiymətləndirmə metodunu seçə bilər. Həmin metoda əsasən 4 cavabdan 3-ü uyğunluq, biri isə fərqlilik təşkil etməlidir. Cavablara nəzər yetirsək: baba, dost, düşmən, müştəri bu sözlər şəxslə müəyyən əlaqədə (münasibətdə) olan adamları (insanları) əks etdirir. Bu cəhət həmin cavabları birləşdirir. Elə bu cəhət üzrə də qiymətləndirməni apardıqda: Baba onunla babalıq münasibətində olan adamdır. Dost onunla şəxsi münasibətdə olan adamdır; Düşmən, onunla düşmənçilik münasibətində olan adamdır. Bu 3 növ şəxsi münasibətdən fərqli olaraq məsələn, maşın ustası - onun maşınımın olması ilə şərtlənir, şəxsi münasibət deyil. Qonşu – müəyyən yerdə yaşamaqla şərtlənir və s. 4-cü cavab - müştəri şəxsi deyil, onunla biznes münasibətində olan adamdır, onun biznesimin, dükanının, satmaq üçün malının, göstərdiyi xidmətin olması ilə şərtlənir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...Vətəndaşın inzibati qaydada müraciətinə ünvanlanmış cavab məktubunda qeyd edildiyi kimi Komitə xidmətə qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində istifadə edilən məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması üzrə test tapşırıqlarının yanlış olması barədə müvafiq araşdırma aparmışdır. Aparılmış araşdırma zamanı test tapşırıqlarının hazırlanması və ekspertizası üzrə ixtisaslaşmış qurum olan X2 də rəyi öyrənilmiş, həmin rəydə imtahan suallarının tərtibində səhv olmadığı bildirilmişdir. Bununla yanaşı obyektivliyin təmin edilməsi məqsədilə Komitənin Apellyasiya Komissiyası tərəfindən istər gömrük qanunvericiliyinə aid suallar üzrə, istərsə də qeyd olunan test tapşırıqlarının yenidən ekspertizasının keçirilməsi təşkil edilmiş, təkrar ekspertizanın rəyinə uyğun olaraq Apellyasiya Komissiyası müraciətdə qeyd olunan test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qərar qəbul etmişdir (25 yanvar 2023-cü il tarixli 01 nömrəli Protokol)...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7744/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında İddiaçı qeyd etdiyi cavabın onun xeyrinə nəzərə alınması və yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Qərar qəbul edilərkən məhkəmə təqdim edilmiş sübutları, eləcə qanunverciliyin maddi hüquqi tələblərini görməzdən gəlmiş və nəticədə tərəflərin hüquq bərabərliyinə uyğun olmayan, faktlara dayanmayan, qanunsuz qərar qəbul etmişdir. Belə ki, işin hallarını səciyələndirən hüquqi mülahizələrin tərəfimizdən diqqətinizə çatdırmazdan əvvəl hesab edirik ki, hazırkı iş üzrə münahisələndirilən qərarın qəbul edilməsi Komitənin təşkil etdiyi gömrük orqanlarına xidmətə qəbul imtahanının hüquqiliyini və qanuniliyini şübhə altına alır. Bu da məhkəmə tərəfindən inzibati orqanın fəaliyyətində qanunçuluğa riayət olunmasına müvafiq nəzarət prinsipinin həyata keçirilməsini özündə ehtiva etmir, əksinə inzibati orqanın qanunla müəyyən edilmiş təşkilati-idarəetmə, icraedici-sərəncamverici xarakterli funksiyalarına müdaxilənin olduğu qənaətinə gəlinməsinə əsas verir. İşin halları ilə bağlı tətbiq edilən hüquqi münasibətlərin hərtərəfli araşdırılması məqsədilə məhkəmənin nəzrinə çatdırırıq ki, gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar aparılan imtahanın istər təşkil edilməsi, istərsə də imtahandan sonra nəticlərin emal edilməsi və açıqlanması prosesində qanunçuluq, obyektivlik, qərəzsizlik, müstəqillik, bərabərlik, şəffaflıq və aşkarlıq, eləcə də peşəkarlıq prinsiplərinə riayət edilməsi Komitənin gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar keçirilən müsabiqənin nə qədər şəffaf olmasının təzahürü və bariz nümunəsidir. Komitə hesab edir ki, məntiqi test tapşırlqları üzrə istənilən sualların fərqli yanaşmalarla doğruluğunu müdafiə etmək olar. Bu yanaşmanın özü də nisbidir, çünki konkret qanunvericilik normalarından fərqli olaraq məntiq üzrə biliklərin yoxlanılması üzrə təqdim ediləm sualların düzgün cavabları özlüyündə tam dəqiqlik ifadə edə bilməz ki, bu da cavabların fərdi yanaşmalarla müəyyən edilməsini istisna etmir. Bu səbəbədən də test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsinin Mərkəz tərədinfən təşkil edilməsi səhəvi Qaydalarda öz əskini tapmışdır. Buna baxmayaraq məhkəmə haqsız olaraq səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilən yanaşmanı qəbul etməmiş, qeyd etdiyimiz kimi məsələyə yalnızca özünün və iddiaçının baxdığı istiqamətindən qiymət vermişdir. Test tapşırığının iddiaçının xeyrinə qəbul edilməsi həmin test tapşırığının etibarsız hesab edilməsi qənaətinə gəlməyimizə səbəb olur ki, bu da yalnız iddiaçıya münasibətdə deyil, digər bütün namizədlərə münasibətdə həmin test tapşırığının düzgün cavab kimi hesab edilməsinə əsas verir. Belə olduğu təqdirdə məhkəmənin yalnız aidiyyəti qanunvericliyi deyil, test tapşırığı üzrə də təftiş apardığı bir daha sübut olunur. Əsasnamənin 15-ci maddəsinin ikinci abzasında qeyd edilir ki, bir qayda olaraq yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul edilmirlər. Məlum olduğu kimi Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir, eləcə də gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Belə olan halda, məhkəmənin gəldiyi nəticə üzrə çıxarılmış qərara münasibətdə bir daha bildirir ki, bu qərarın qəbul edilməsi məhkəmə tərəfindən inzibati orqanın fəaliyyətində qanunçuluğa riayət olunmasına müvafiq nəzarət prinsipinin həyata keçirilməsini özündə ehtiva etmir, əksinə inzibati orqanın qanunla müəyyən edilmiş təşkilati-idarəetmə, icraedici- sərəncamverici xarakterli funksiyalarına birbaşa müdaxilənin olduğu qənaətinə gəlinməsinə əsas verir...” Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi T.M.Həsənli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişir. İddiaçı isə onunla razılaşmamış, “müştəri” sözünü düz cavab kimi seçdiyini bildirərək, bunu onunla izah etmişdir ki, müştəri maddi marağa əsaslanır, müştərinin olması üçün biznes fəaliyyəti ilə məşğul olmalıdılıdır. Burada ən fərqli sözün tapılmasından söhbət getmir. Test tapşırığına görə fərqli söz tapılmalıdır. Ümumiyyətlə, istənilən söz xüsusiyyətinə görə digər üç variantdan fərqlənirsə, deməli, o cavab doğrudur. Cavabdeh tərəf onun seçdiyi cavabın düzgün olduğnu demir, sadəcə “baba” özünün daha düzgün olduğu bildirilir ( Qeyd olunanlar baxımından iddiaçı hesab etmişdir ki, həmin test tapşırığı aydın olmayan sual kimi, 1 balla onun xeyrinə qiymətləndirilməlidir). Hazırkı məhkəmə iclası barədə məlumat verilmiş iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında onun iştirakı olmadan işə baxıılıb apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirmədən saxlanılmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakı əsaslara görə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İş materiallarından görünür ki, mübahisə obyektini gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilən imtahanda təqdim olunmuş suallar arasında “C” variantı üzrə məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması aid 96 saylı test tapşırığı təşkil edir. Sözügedən test tapşırığınnın isə məzmunu ondan ibarətdir ki, “Hərf sırası pozulmuş beş sözdən dördü müəyyən xüsusiyyətinə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. A) abba B) sodt C) mənşüd D) təmüşri. İş materialllarının 67-ci vərəqində olan imtahan suallarına cavab kartından görünür ki, iddiaçı adıçıkilən sözləri hərf sırası (baba, dost, düşmən, müştəri) ilə düzdükdən sonra, düz cavab olaraq fərqli söz kimi “müştəri” sözünü seçmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubna, iddia ərizəsinə etirazına və hazırkı apellyasiya şikayə`tinin dəlillərindən, X2 rəyindən isə görünür ki, düz cavab “baba” sözü olduğunda iddiaçının cavabı keçəmiş, ona bal verilməmişdir. İddiaçının məhkəmə iclaslarındakı şifahi izahatlarına, o cümlədən, “məhkəmə çıxışı” başlıqlı yazılı mülahizəsində iddia edir ki, onun seçdiyi ”müştəri” sözü də düz cavabdır. Çünki, müştərinin olması üçün o, biznes fəaliyyəti ilə məşğul olmalıdılıdır. Burada “ən fərqli” söz yox, “fərqli” söz tapılmalıdır. Fərqli söz kimi istənilən sözün digərindən fərqləndirilə bilər. Sualın bütövlükdə səhv olduğunu qeyd edərək iddiaçı hesab edir ki, test tapşırığı onun xeyrinə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi, iddiaçı özü də belə, ən fərqli sözün burada “baba” olduğunu qəbul etdiyi və ən azından, “baba”nın qan qohumu olmasına münasibətdə, digər şəxslərin bircə kəlmə ilə “özgələr olduğu” ifadə olunduğuı halda, düzgün cavab kimi “müştəri” sözünü seçməsi, həm də bu zaman hər bir sözün digərlərindən fərqli olduğunu bildirməklə, “müştəri” kimi seçdiyi həmin cavabının doğruluğunu da şübbə altına almış olur ki, bu da heç də məntiqli görünmür. İkincisi, qəbul imtahana çıxarılacaq test suallarının hazırlanması və düzgün cavabların seçilməsi, heç də cavabdehin öz subyektiv mülahizəsinə əsasən həyata keçirilmir, bütün bu prosedur qanunvericiliyə uyğun olaraq təşkil olunur. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən “vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi, müsabiqə və şəffaflıq əsasında həyata keçirilir. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir...” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.19-cu yarımbəndinə əsasən Komitə sədri gömrük orqanlarına işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 dekabr 2022-ci il tarixli 1000/284 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında” Təlimata əsasən: 5.1.Test imtahanında istifadə olunan test tapşırıqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun olaraq hazırlanır. 5.2. Gömrük orqanlarında xidmətə qəbul məqsədilə keçirilən test imtahanını test tapşırıqları ilə təmin etmək üçün konfidensiallıq qorunmaqla test bankı (bundan sonra-Test Bankı) formalaşdırılır. ...; 5.4. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 5.4.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 5.4.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 5.4.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 5.4.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 5.4.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən “bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin ikinci abzasına və 28-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının X3 (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, 1-5-ci kateqoriya dövlət orqanlarında üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir.” 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X1 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3-cü bəndinə əsasən test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.5-ci bəndinə əsasən test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh Komitə tərəfindən gömrük orqanlarına xidmətə qəbulla bağlı xx.xx.2022-ci il tarixdə keçirilən test imtahanı qanunvriciliyin qeyd olunan tələblərinə müvafiq qaydada həyata keçirilmişdir. Belə ki, işə əlavə olunmuş birinci instansiya məhkəməsinin 27 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X2 mütəxəssisi “Yoxlama-ölçmə materiallarının işlənilməsi departamentinin magistrağtura və ali təhsil üzrə digər imtahanlar sektorunun baş məsələhətçisi Rövşən Əsədovun “test imtahanında istifadə olunan mübahisəli 96-cı test tapşırığına dair məhkəməyə təqdim etdiyi, 24 iyul 2023-cü il tarixli rəyindən görünür ki, test tapşırığı üzrə mübahisəli sözlərin hərfi düzülüşündən sonrakı həlli aşağıdakı kimi göstərilmişdir (i.v.68): “ 1. Ba sözündən fərqli olaraq dost, düşmən və müştərinin həmin sözlərini səsləndirən insanla genetik bağlılığı yoxdur. Dost, düşmən və müştəri istənilən anda dəyişə bilərlər. Baba isə statsunu dəyişə bilmir. 2.Dost, düşmən və müştəri sözlərininyazılışında qapalı hesalardan istifadə olunur.Baba sözünün yazılışında isə qapalı hesadan istifadə olunmur. 3.Dost, düşmən və müştəri sözlərinin yazılışında həm cingildtili, həm də kar samitlərdən istifadə olunub. Baba sözünün ypazılışında isə yalnız cingiltili samitdən istfadə olunub.” (i.v.68) Rəydən göründüyü kimi, “baba” sözünün digər sözlərdən fərqli olması - həm ümumi, həm fərdi, həm də fonetik-morfoloji baxımdan, hərtəərəfli təhlilli verilmişdir. İddiaçının isə bu təhlili təkzib edə bilən hər hansı əsaslandırması, sair sübutetmə vasitəsi mövcud deyildir. Başqa sözlə, həmin test tapşırığının səhv olduğunu deməyə əsas verən hər hansı bir aydın olmayan məqam və elementlərin mövcudluğu müəyyən olunmur. Belə olan halda, iddiaçının həmin test tapşırığının səhv olduğunu, onun fərqli söz kimi seçdiyi “müştəri” sözünün də düzgün cavab qiymətləndirilməsinin mümkün olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə, mütəxəssis rəyinə səthi yanaşmış, hüquqi qiymət verilməmiş, əsaslandırma iddiaçının ziddiyyətli mülahizəsi əsasında qurulmaqla, istinad etdiyi qanunvericiliyin tələblərindən kənarlaşmış, beləliklə də, iddianın rədd edilməsi barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, qeyd olunanları nəzərə aalan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticəsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7744/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7744/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar