Məhkəmə qərarları › İş №2-1(103)-560/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-560/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-560/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin icarədarı hesab olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8750/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə müraciət edərək hazırda qeydiyyatda olduğu və yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 29 saylı evin, 1 saylı mənzilinin 1991-ci ildən icarədarı hesab olunmağına dair Qərar (inzibati akt) qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 övladı ilə birlikdə Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 29 saylı evin 1 saylı mənzilinə 1991-ci ildə həmin mənzilin ilkin icarədarı X3 razılığı əsasında köçərək həmin tarixdən hal-hazıradək ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. Mənzilin icarədarı Z.Filipova iddiaçı həmin mənzilə köçdükdən sonra bir müddət ailə üzvü kimi onlarla birlikdə yaşamış, daha sonra isə iddiaçıdan aldığı müəyyən məbləğ pulun müqabilində onu həmin mənzilə pasport qeydiyyatına salaraq, mənzili tərk etməklə başqa bir ünvana getmiş və evin icarə müqaviləsinin iddiaçının adına dəyişdirəcəyini öhdəsinə götürmüşdü. Lakin o, bir daha iddiaçı ilə əlaqə saxlamamış və evin icarə müqaviləsi iddiaçının adına dəyişdirilmədən qalmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Zoya Filipova öz qızı ilə birlikdə Azərbaycan Respublikasını tərk edərək, yaşadığı mənzildən pasport qeydiyyatından çıxmaqla, daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. Ötən müddət ərzində iddiaçı həmin mənzilin faktiki icarədarı kimi mənzil-kirayə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələri həyata keçirmiş, həmin mənzilə dair bütün kommunal xərcləri ödəmişdir. Həmin müddətdən halhazıradək iddiaçının ailə üzvləri ilə bu mənzildə yaşamağına və həmin mənzildən istifadə etməyinə mənzilin balans saxlayıcısı Suraxanı Rayon İcra Hakimiyyətinin hər hansı tələb və etirazı olmamışdır. İddiaçı 1991-ci ildən hal-hazıradək oğlu X2, qızı X4 və X7 ilə birlikdə həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçı mənzilin icarə müqaviləsinin adına dəyişdirilməsi ilə bağlı 2018-ci ildə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərkən müraciətin məzmun və mahiyyətinə uyğun olmayan mənzilin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməyi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə sözügedən mənzilə dair order və ya mənzil kirayə müqaviləsi tələb olunmuşdur. Bundan sonra iddiaçı müxtəlif vaxtlarda şifahi qaydada Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu mənzilə dair onunla mənzil-kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. İddiaçı yenidən əsaslandırılmış ərizə ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 29 saylı evin 1 saylı mənzilinin 1991-ci ildən icarədarı hesab olunmağına dair Qərar (inzibati akt) qəbul edilməsini xahiş etmişdir. Lakin inzibati orqan Suraxanı Rayon İcra Hakimiyyəti yenidən müraciətin mahiyyətinə uyğun olmayan bir sıra sənədləri, o cümlədən, sosial-kirayə müqaviləsini bağlanmasına ailə üzvlərinin razılığln təqdim edilməsinə dair xx.xx.2024-cü il tarixli, 5-20/2-Ə-88-068/2024 nömrəli cavab məktubu təqdim etmişdir. İnzibati orqanın qeyd olunan məktubundan görünür ki, sözügedən mənzilin sərəncamçısı olan Suraxanı Rayon İcra Hakimiyyəti iddiaçı ilə mənzil kirayə müqaviləsi deyil, sosial-kirayə müqaviləsi bağlamaq niyyətindədir. Halbuki, sosial-kirayə müqaviləsinin bağlanması yeni Mənzil Məcəlləsinin qəbulundan sonra, yəni 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır, əks halda iddiaçı həmin mənzili gələcəkdə adına özəlləşdirmək hüququnu reallaşdırmaq imkanından məhrum olardı. Odur ki, iddiaçı hesab edir ki, hazırki iddia tələbi təmin olunmalı və məhkəmə tərəfindən iddiaçının Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 29 saylı evin, 1 saylı mənzilinin 1991-ci ildən icarədarı hesab olunmağına dair Qərar (inzibati akt) qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair Qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8750/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il təvəllüdlü məktubda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq vətəndaşların daşınmaz əmlaka mülkiyyət hüququ, bu hüququn əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Döviət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirildiyindən ərizədə qaldırdığı məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, ərizəçi tərəfindən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən müraciətlə bağlı müvafiq sənədlərin RİH-ə təqdim edilməsi xahiş olunmuşdur: orderin notarial qaydada təsdiq olunmuş surəti; ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surəti; nikahın bağlanması və ya ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; mənzilə dair kirayəçi olacaq şəxslə sosial kirayə müqaviləsi bağlanılmasına yetkinlik yaşına çatmış digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri; vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti. - Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü), X5 (xx.xx.1990-cı il təvəllüdlü), X7 (xx.xx.1997-ci il təvəllüdlü), X4 (xx.xx.1991-ci il təvəllüdlü) ünvan 2 ünvanında qeydiyyatdadır. - Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Mirzəmehdi qızı, X5, X6 və X7 1991-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadırlar və yaşayırlar. Mənzil Kommunal Təsərrüfatı Birliyində adları qeyd olunan şəxslərin sözügedən ünvana qeydiyyata düşmələri üçün əsas olan hər hansı sənəd mövcud deyil. - 104 saylı MKİS tərəfindən verilmiş Arayışda qeyd olunmuşdur ki, İddiaçı Mirzəmehdi qızı, X5, X6 və X7 1991-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin sözügedən ünvana qeydiyyata alınması üçün əsas olan sənəd 104 saylı MKİS-də mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, .Qüvvədən düşmüş Mənzil Məcəlləsindən: Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddiası ilə keçmiş icarədarın ailə üzvü kimi mənzilə köçürüldüyünü bildirməklə, həmin mənzilin yeganə icarədarı hesab edilməsini və buna dair qərar qəbul edilməsini tələb edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X1 adına tərtib olunmuş qüvvədə olan order mövcud olduğundan (iddiaçı həmin orderin qüvvədə olduğunu bildirir) Suraxanı rayon İcra Hakimiyyətinin həmin mənzilə dair sərəncam vermək səlahiyyəti yoxdur. Belə ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 48-cü maddəsinin 2-ci hissəsinə əsasən, order yalnız boş olan (məhkəmənin qeydi - hüquqi və faktiki olaraq) ayrıca yaşayış sahəsinə verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8750/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar