Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-561/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və xx xxxx 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” AR Qanununun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, xx.xx.2014-cü ildə pensiya hüququnun yaranması ilə əlaqədar iddiaçı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və ona 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. Qanunun tələbinə görə iddiaçıya 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən hesablanmaqla əmək pensiyası təyin edilməli idi. Bununla bağlı cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını və qanunauyğun olaraq indeksləşdirilməsini tələb etsə də, müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtləörlə Təyinat İdarəsinə həvalə edilmişdir. Qərarla razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı iddia təmin olunmayan hissədə ləğv edilib, iddianın həmin hissədə də təmin olunmasını, cavabdeh ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, “Dövlət qulluğu haqqında” AR Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 6.1.3-cü maddəsinə görə, dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun yuxarıda istinad olunan birmənalı tələblərindən görünür ki, ona əmək haqqının və təminat xərcliyinin 59 fazindən pensiya təyin edilməsi ilə 20 ildən artıq stajı olan dövlət qulluqçusu kimi hüquqları pozulmuş, Bakı İnzibati Məhkəməsinin şikayət olunan qərarı ilə həmin qanun pozuntusu aradan qaldırılmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçıya hərbi qulluqçu kimi 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla, yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçının müvafıq məzmunda hər hansı xahişi olmamışdır. İddiaçının xahişi dövlət qulluğu vəzifəsində 20 ildən artıq qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması ilə bağlı olmuşdur. Yəni iddiaçının tələb eldiyi 3 faizlə (dövlət qulluqçusu kimi) məhkəmənin təmin etdiyi 3 faiz (hərbi qulluqçu kimi) tamam ayrı-ayrı məsələlərdir, ayrı-ayrı maddələrlə tənzimlənir. Məhkəmə açıq-aydın şəkildə iddia tələbindən kənara çıxmışdır. Lakin hətta iddiaçı müvafiq tələblə Məhkəməyə müraciət etsəydi belə, iddiası təmin edilə bilməzdi. Belə ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına uyğun olaraq pensiya təyin edilmişdir. Həmin redaksiyaya əsasən hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla pensiya ödənilirdi. Buna müvafiq olaraq, iddiaçının 23 il 10 ay 10 gün xidmət ilinə görə ona təminat xərcliyinin 59 (50+3+3+3) faizi məbləğində pensiya təyin edilmişdir. Qeyd olunan maddəyə “il tam olmadıqda isə natamam ildəki iş stajı avlarının sayına mütənasib olaraq hesablanmaqla" sözləri sonradan (dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklilərin tətbiq edilməsi iddiaçının vəziyyətini ağırlaşdıra biləcəyindən, ona münasibətdə tətbiq edilməmişdir. Məhkəmə isə bunu nəzərə almamış, həmin dəyişiklikdəki il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla ifadəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1166/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan narazı qalan cavabdeh ondan kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsi İK-nın 2-1(102)-2016/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılmaq üçün iş həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdehin vəkili və nümayəndəsi öz apellyasiya şikayətlərinə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələbinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətlərin mahiyyətinə gəldikdə isə, ilk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsaslanaraq təminat xərcliyi nəzərə alınmaqla hərbi qulluqçu kimi iddiaçının pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə etmişdir. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, iddiaçı dövlət qulluğu vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etmiş, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apelyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, iddia tələbi ilə bağlı İPM-in 13-cü maddəsinin müddəalarına uyğun qiymətləndirmə aparmamışdır. Apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında əks olunan göstərişlərin icrası ilə bağlı bildirir ki, həqiqətən də birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq, iddianı qismən təmin etmişdir. Belə ki, iddia ərizəsi və apellyasiya şikayətindən məlum olduğu kimi, iddia faktiki cəhətdən əmək pensiyasının dövlət qulluqçularının pensiya güzəştləri nəzərə alınmaqla yenidən hesablanması ilə əsaslandırılmış, məhkəmə isə tələbə hərbi qulluqla bağlı pensiya qanunvericiliyinin normalarını tətbiq edərək, hüquqi qiymət vermişdir. Eyni əsaslarla məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız saymaqla, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 2014-cü ildə qüvvədə olan redaksiyada 20.14.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla. 1956-cı il təvəllüdlü iddiaçının cavabdehin xx.xx.2014-cü il tarixli 14/1317 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixdən 58 yaşında “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasına çıxması təsdiq edir ki, o, pensiyaya dövlət qulluqçusu kimi yox, statusu hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli gömrük orqanı əməkdaşı kimi çıxmışdır. Odur ki, onun ümumi pensiya yaşına çatmadığı halda xüsusi rütbəli şəxs kimi xidmət illərinə görə daha erkən yaşda əmək pensiyasına çıxma imkanından istifadə edərək, üstəlik dövlət qulluqçularına aid edilən üstünlüklərdən yararlanmaq istəyindən ibarət olan hazırkı iddiası əsassızdır. İddia, iddiaçının əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.14cü maddəsinin tələbləri baxımından yenidən hesablanması hissədə də əsaslı deyil. Çünki, ona 20 il xidmət illərinə görə müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla (hazırda bu faiz nisbəti 2-dir), yəni 23 il 10 ay 10 gün xidmət illərinə görə təminat xərcliyinin 59 (50+3+3+3) faizi məbləğində pensiya təyin edilmişdir. İddianın pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi tələbi də əsassızdır. Belə ki, birincisi, qanunvericiliyə görə, bu səlahiyyət Azərbaycan Respublikasının Prezidentinə aiddir və bu indeksləşdirmə hər il aparılır. İkincisi isə, iddiaçı, qeyd olunduğu kimi, təminat xərcliyinə görə əmək pensiyasına çıxmışdır ki, bu da həmin pensiyanın təyin edilməsi və hesablanmasının xüsusi qaydada aparılmasını nəzərdə tutur. Sözügedən qayda aşağıdakılardan ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə görə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanun və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın təhlilindən göründüyü kimi, bu qanunvericilik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanmasını imperativ qaydada tələb edir. İddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuş, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində və Qaydaların 2-ci bəndində nəzərdə tutulduğu kimi, xx.xx.2014-cü il tarixli məlumat vərəqi tərtib edilərkən iddiaçının aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzində kompensasiya və vəzifə maaşından hesablanan digər növ əlavələr nəzərə alınmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının pensiyasının təminat xərcliyinin 59 faizi məbləğdə müəyyən edilməsi ilə əsaslandırılan cavabdehin xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, cavabdehin şikayəti təmin edilməli, iddiaçının şikayəti rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edisin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və xx xxxx 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” AR Qanununun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-561/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-561/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver