Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-561/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli 2-1(112)-10580/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, icra məmuru icraatına qəbul etdiyi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, 09.06.2020 il tarixli icra sənədinin tam aydın olmadığı, orada hansı tələblərin hansı qaydada icra olunacağının qeyd edilmədiyini, icrasına çətinlik yarandığı göstərərək, zərurət yarandığı üçün «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsini rəhbər tutaraq onun izah verilməsinə dair 21.07.2021-ci il tarixli ərizə ilə apelyasiya məhkəməsinə müraciət etmişdir. Lakin, apelyasiya məhkəməsində icra vərəqini tərtib edən hakim nədənsə icra məmurunun tələbini rədd etmişdir. Bundan sonra icra məmuru ümumi sözlərlə qətnamələrdə göstərilən məlumatları əks etdirməklə öz qərarını tərtib etmiş, lakin tələblərin konkret icra qaydasını həm özü tərəfindən, həm də onun tərəfindən həlli yolunu göstərməmişdir. İcra vərəqində öz əksini tapan tərəflərin birgə nikah dövründə əldə edilmiş məhkəmə tərəfindən bazar dəyəri müəyyən edilmiş daşınar əmlaklar üzərinə 1/2 hissədə payın tanınması barədə məlumat qərarda ümumiyyətlə səhv yazılmış və onun icra mexanizmi göstərilməmişdir. Nərimanov Rayon icra Şöbəsinin 16.08.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarında göstərmişdir ki: b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlakın üzərinə həbs qoyulsun. Əgər icra məmuru işlə tanış olsa bilərdi ki, tələbkar keçmiş həyat yoldaşı X2 tələbi ilə artıq onun bütün əmlakları siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur, həm də 2015-ci ildən. Qeyd olunanlar əsaslanaraq icra məmuru Elqiz Qənbərovun 16.08.2021ci il tarixli «İcraata başlamaq haqqında» Qərarı qanunun tələblərinə cavab vermədiyi üçün o ləğv olunmalı və İcra Haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə cavab verən, icra sənədində göstərilən bütün tələblərin icrasının həllini özündə əks etdirən qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2-1(112)-10580/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, ərizəsində icra məmurunun qəbul etdiyi 16.08.2021-ci il tarixli qərarın düzgün tərtib olunmadığı üçün ləğv olunmasını və yeni qərar qəbul edilməsini tələb etmiş və hesab edir ki, bu inzibati xətadır və inzibati məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10580/2021 saylı 06.102021-ci il tarixli qərardadı mübahisələndirir və ondan qanuna müvafiq olaraq apelyasiya şikayəti vermişdir. Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Odur ki, hesab edir ki, əgər hakim icraatına qəbul etdiyi işi (iddia tələbini) aidiyyəti üzrə düzgün verilmədiyini hesab edirdisə, onu mümkün saymamaq əvəzinə aidiyyəti üzrə məhkəməyə göndərə bilərdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Nərimanov rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 16.08.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımından, icra orqanına qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Bu səbəbdən məhkəmə bildirmişdir ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxarılmaqla yol verilən, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulduğu hallarda, həmin şəxslərin icra orqanının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Qeyd edilənlərin hazırki işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən hərəkəti icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Ona görə də, həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İddia ərizəsinin mahiyyətindən də görünür ki, iddiaçı mülki mübahisə zamanı qəbul edilmiş qətnamənin icra edilməsini tələb edir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir” Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, müvafiq icra icraatına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi əsasında başlanılmışdır. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçının icra məmurunun hərəkətlərindən şikayətinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İddiaçının apelyasiya şikayətində qeyd etmişdir ki, “əgər hakim icraatına qəbul etdiyi işi (iddia tələbini) aidiyyəti üzrə düzgün verilmədiyini hesab edirdisə, onu mümkün saymamaq əvəzinə aidiyyəti üzrə məhkəməyə göndərə bilərdi”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli 2-1(112)-10580/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-561/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-561/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver