Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-561/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X1, X8 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X5, X14) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7183/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X5, X14 və Bakı şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tikilinin ona məxsus olan hissəsinə (tikilinin 2-ci mərtəbəsinə) görə ödənilməli olan kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 171 saylı qərarına əsasən Səbail rayonu ərazisində olan H.Seyidbəyli küçəsində yerləşən 180 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin qərara əsasən onun adına sənədləşdirilməsi nəzərdə tutulmuş 180 kv.m torpaq sahəsinin planı tərtib edilmişdir. Bundan sonra "xxxx" Layihə-İstehsalat Firması tərəfindən həmin torpaq sahəsində inşa ediləcək ona məxsus fərdi yaşayış evinin eskiz layihəsi tərtib edlmişdir. Bundan sonra həmin torpaq sahəsinə bitişik sahədə yerləşən üçüncü şəxs X2 məxsus, onun yaşadığı, yəni yaşayış sahəsi kimi istifadə etdiyi qarajın ikinci mərtəbəsini tikmək üçün sonuncu tərəfindən xx.xx.2008-ci il tarixdə ona icazə verilmişdir. Bundan sonra o, üçüncü şəxs X3 məxsus qarajın ikinci mərtəbəsində öz pul vəsaiti hesabına tikili inşa etdirmiş, tikilidən təyinatı üzrə istifadə etmişdir. Səbail rayon MKTB 58 saylı MKİS-in xx.xx.2018-ci il tarixli 107 saylı arayışına əsasən 1-ci H.Seyidbəyli döngəsi, 9 saylı evin həyətindəki tikili 2006-cı ildən ona məxsusdur. Belə ki, Səbail rayon MKTB-nin xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixli Qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzinin surətindən göründüyü kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin sahənin istismar haqqı onun tərəfindən ödənilmişdir. Həmin ünvanda tikilinin onun tərəfindən tikilməsi qonşuların ərizələri ilə də öz təsdiqin tapır. Sözügedən tikili üçüncü şəxs X14 tərəfindən 2013-cü ildə zəbt edilmişdir. O, üçüncü şəxs X8 həmin tikilidən çıxarılması barədə aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, həm o, həm də qarajın sahibi - digər üçüncü şəxs Zenfira Həmidova sonuncu tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Belə ki, üçüncü şəxs Dadaş Məmmədov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə üçüncü şəxs Zenfira Həmidovaya onun yaşayış yeri olan həmin qarajda bədən xəsarətləri yetirməsi faktı ilə bağlı təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Dadaş Məmmədov Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə bu dəfə ona bədən xəsarətləri yetirməsi faktı ilə bağlı təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə ora gedərək üçüncü şəxs X6 həmin tikilidən çıxmasını tələb etmiş, lakin sonuncu onu döymək istəmişdir. Onun və üçüncü şəxs X1 Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrindən göründüyü kimi sözügedən tikilinin onlara məxsus olan hissəsinin, yəni birinci və ikinci mərtəbəsinin sökülməsinə razılıq vermişlər. Bu fakt da mübahisə predmeti olan tikilinin ikinci mərtəbəsinin ona məxsus olmasını bir daha təsdiq edir. Lakin üçüncü şəxs Dadaş Məmmədov həmin tikiliyə dair kompensasiyanı özü qanunsuz olaraq əldə etməyə cəhd edir. Həmin mənzilin yerləşdiyi ərazi hazırda sökülmüş və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 354 saylı Sərəncamına əsasən ayrılmış vəsait hesabına cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi təmin edilir. Belə ki, sözügedən ünvanda yerləşən tikilinin köçürülməsi ilə əlaqədar hesablanmış kompensasiyanın ödənilməsi barədə cavabdeh ilə üçüncü şəxs Zenfira Həmidova arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin tikiliyə görə sonuncuya 120.500 manat ödənilməsinin təmin edilməsi barədə öhdəlik götürülmüşdür. Ona məxsus tikilinin olduğu hissə isə Zenfira Həmidovaya məxsus tikilinin ikinci mərtəbəsində yerləşir. O, həmin tikiliyə görə ödənilməli olan kompensasiyanın dayandırılması, bu kompensasiyanın üçüncü şəxs Dadaş Məmmədova ödənilməməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunmuş, müraciətdə göstərilən əmlaka görə müvafiq hüquqmüəyyənedici sənəd, o cümlədən yekun məhkəmə qərarı təqdim edildikdən sonra müəyyən edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görüləcəyi bildirilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7183/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisli tikilinin ona məxsus olmasını və orada yaşamısını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı kompensasiya hüququ yaranmamışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-nin 107 saylı, xx.xx.2018-ci il tarixli arayışından, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon MKTB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 saylı arayışdan, həmçinin məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 izahatından görünür ki, X1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil qəzalı vəziyyətdə olduğundan köçürülməsi ilə əlaqədar ona kompensasiya ödənilmiş, həmin ünvanın ikinci mərtəbəsində X1 razılığı ilə İddiaçı tərəfindən mübahisə predmeti olan tikili inşa edilmiş, həmin tikili uzun müddət İddiaçı istifadəsində olmuş, orada yaşamış, sonradan Dadaş Məmmədov tərəfindən zəbt olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin “Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin mənzilin köçürülməsi işləri aparılarkən üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olması, həmin mənzildən Dadaş Məmmədovun köçürülməsi və qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya Dadaş Məmmədovun adının daxil edilməsi”ni əsas kimi qəbul edərək, iddianı təmin etməməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən nəzərə almamışdır ki, İddiaçı fərqli olaraq, həmin mənzilin üçüncü şəxs Dadaş Məmmədov tərəfindən inşa edilməsi və ona məxsus olmasını təsdiq edən heç bir sübut yoxdur və Dadaş Məmmədov həmin tikilinin ona məxsus olmasını təsdiq edən heç bir sübutu (sübutların əslini və ya təsdiq olunmuş surətini) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 17 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq, iddiaçının vəkili-nümayəndəsi öz izahatında bildirdi ki, həm X5, həm də İddiaçı tərəfindən ayrı-ayrılıqda Dadaş Məmmədovun evdən çıxarılması ilə bağlı iddia tələbləri verilib, lakin mülkiyyət haqqında sənəd olmadığı üçün hər iki iddia baxılmamış saxlanılmışdır. İnzibati orqana İddiaçı 2006-cı ildən həmin mənzildə yaşaması ilə bağlı Mənzil-İstismar İdarəsinin arayışları təqdim edilmişdir. Həmçinin, Həmidova Zenfiranın 2006-cı il tarixli ərizəsi vardır ki, həmin ərizədə İddiaçı onun ünvanının ikinci mərtəbəsində mənzil tikməyə icazə verilməsi göstərilmişdir. Eyni zamanda, Məmmədov Dadaş tərəfindən verilən qonşuların imza etdiyi akt heç bir orqan tərəfindən imza edilməmişdir, Mənzil-İstismar İdarəsi tərəfindən də təsdiq edilməmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, o həmin tikilini Həmidova Zemfiranın razıığı ilə tikmiş , bir müddət orada yaşamış, lakin sonradan məhkum olması səbəbindən həmin ünvanda uzun müddət yaşaya bilməmiş, qardaşı Dadaş Məmmədov oranı zəbt etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, Dadaş Məmmədovun vəkili-nümayəndəsi öz izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim edilən aktlarda 9 saylı binanın həyətində tikili inşa edildiyi və İddiaçı yaşadığı qeyd edilir. Lakin iddiaçı tərəfindən iddia qaldırılan və kompensasiya istənilən yer isə 9 saylı bina, mənzil 51-dir, yəni fərqli ünvanlardır. Onu da bildirir ki, Həmidova Zenfira 2012-2013-cü illərdən Dadaş Məmmədova qarşı qanunsuz tikilinin aparılmasının dayandırılması barədə, Məmmədov Dadaşın vergidən yayınması və.s. iddiaları olmuşdur. Həmin iddialarla da X12 Dadaş tərəfindən həmin tikilinin tikildiyini və istifadə edildiyini təsdiq etmiş olur. Həmçinin bütün kommunal xidmətlər Məmmədov Dadaşın adınadır, həmçinin həmin mənzilin altında yerləşən qaraja dair də texniki pasport vardır, həmin mənzildə Məmmədov Dadaşın yaşadığını heç kim təkzib etmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətlə razı olduğunu, onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq, ünvan 1 ünvanında yerləşən qarajın üzərində maşın ehtiyat hissələri satılan tikilinin inşa edilməsi üçün 2006-cı ildə İddiaçı icazə verdiyini qeyd etdi. Eyni zamanda, sözügedən tikilinin 2011-ci ilədək İddiaçı istifadəsində olduğunu, lakin sonuncu məhkum olunduğu üçün X8 həmin tarixdən tikilidən istifadə etdiyini, otaqlar düzətdiyi, bu səbəbdən aralarında tez-tez mübahisələrin olduğunu aidiyyəti qurumlara dadaş Məmmədovun hərəkətlərindən şikayətlər etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsi işləri aparılarkən üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olmuş, həmin mənzildən Dadaş Məmmədov köçürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7183-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olmaması qənaətinə gəlməyə əsas yoxdur. Belə ki, sözügedən tikili özbaşına tikili olmuş, tərəflərin izahatlarından da aydın olur ki, bir müddət həmin ünvanda yaşamışdır. Bu hal mübahisəsizdir. Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan inzibati orqandır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021ci il tarixli 254 nömrəli sərəncamına əsasən müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 5 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin (qarajların) istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə sökülməsini və ərazinin abadlaşdırılmasının təmin edilməsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə həvalə edilmişdir. İddiaçı inzibati orqana müraciət etmiş, müraciəti təmin edilmədiyindən məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. - 3.2-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. - 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. - 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 saylı “Torpaq sürüşməsi təhlükəsi olan ünvan 6 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” Sərəncamının surətindən görünür ki, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, xx.xx.2019-cu il tarixli əmrilə ayrılmış vəsaitdən 5801638,0 manatının Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi bank hesabına köçürülməsinin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 7 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin qarajların istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsi və ərazinin abadlaşdırılmasının təmin edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən tikilinin (daşınmaz əmlakın) iddiaçıya məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin əmlaka görə İddiaçı birdəfəlik maddi yardım (kompensasiya) ödənilməmişdir. Aparılan abadlıq işləri çərçivəsində göstərilən ünvanda sökülməsi ilə əlaqədar kompensasiyanın ödənildiyi və X1 qeydiyyatda olduğu mənzil hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən sahə ilə eyni olmadığından, əmlak sahibi ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən kompensasiya ödənişi həyata keçirilmişdir. Qanunvericilik normalarından da aydın olduğu kimi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun ilə nəzərdə tutulmuş alınmanın təsiri altına düşən subyekt olması üçün mübahisəli tikilinin mülkiyyətçisi və ya istifadəçisi (icarəçisi) olması sübut olunmalıdır. İddiaçı apellyasiya şikayətində X5 ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli razılığa, Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-in 107 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 43 saylı arayışlarına, Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 21 aprel 2022-ci il tarixli dax2-46 saylı arayışına istinad edərək, sözügedən qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin onun istifadəsində olmasını bildirsə də, iş materiallarında olan həmin arayışların birgə təhlili onu deməyə əsas verir ki, Z.Həmidova ilə bağlanmış razılıq qanunvericiliklə müəyən olunmuş qaydada təsdiqlənməmiş, həmçinin, 58 saylı MKİS-in arayışları qonşuların aktları və ya Z.Həmidovanın ərizəsinə istinadən yazılmış, Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin arayışında da 58 saylı MKİS-in arayışına istinad edilmişdir. Sübut qismində təqdim edilmiş ərizə və arayışlar iddiaçının məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun ilə nəzərdə tutulmuş alınmanın təsiri altına düşən subyekt olması qənaətinə gəlməyə əsas vermir. Göründüyü kimi, iddiaçının daşınmaz əmlakla bağlı hərhansı hüquqmüəyyənedici sənədi yoxdur, hər hansı bir qaydada təsdiqlənməmiş sadə razılıq ərizəsi ilə X5 ünvan 1 ünvanında yerləşən tikilinin 2-ci mərtəbəsində iddiaçıya tikmək üçün razılıq verdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən razılıq ərizəsi mötəbər sübut kimi qəbul edilsə belə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də məlum olduğu kimi, “... torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır”. İddiaçı isə məhkəməyə mübahisəli tikilinin mülkiyyətçisi, istifadəçisi olmasını, həmin tikilinin ona məxsus olmasını və orada yaşamısını təsdiq edən sübut təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı X1 cavabdeh İddiaçı qarşı “tikililərin sərhədlərinin müəyyən edilməsi və tikilinin boşaldılaraq təhvil verilməsi”, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər X5 və İddiaçı qarşı “tikiliyə hüququn tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 459/2018 nömrəli 06 fevral 2018-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddia tələbləri sözügedən tikilinin hüquqmüəyyənedici sənədlərinin olmaması əsası ilə rədd edilmişdir. Eyni zamanda, birinci instansiya məhəkəməsində işə baxılan zaman məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatından görünür ki, o, Bakı şəhər İcra Hakimiyyətində işləyir. Qeyd olunan ərazidə torpaq sürüşməsi təhlükəsi olduğundan müvafiq Sərəncama əsasən orada yaşayan sakinlərin köçürülməsi və söküntü işləri aparılmışdır. Sakinlərin köçürülməsi və kompensasiyanın ödənilməsi ilə bağlı sakinlərlə danışıqları o, aparmışdır. O, qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsi işlərini apararkən üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olmuşdur. Qiymətləndirici təşkilat tərəfindən ölçmə işləri aparılarkən də Dadaş Məmmədov evdə olmuşdur. Həmin mənzildən Dadaş Məmmədov köçürülmüşdür və mənzildən ona məxsus olan əşyalar çıxarılaraq başqa ünvana daşınmışdır. Dadaş Məmmədovun köçürülməsi və əşyalarının daşınmasını o, həyata keçirmişdir. Qeyd olunanlara əsasən qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya Dadaş Məmmədovun adı daxil edilmişdir. Lakin sonradan X16 Məmmədov arasında mübahisə yarandığı üçün kompensasiyanın ödənilməsi dayandırılmışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı və Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-in mühəndisinin iştirakı ilə tərtib edilmiş 28 avqust 2020-ci il tarixli akta əsasən, ünvan 1 ünvanında yaşayan X9 həmin ünvanda qanunsuz qarajın abadlaşdırılması işinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında araşdırma zamanı 3-cü şəxs Z.Həmidovanın verdiyi izahatdan da aydın olur ki, Dadaş Məmmədov ona məxsus qarajın üzərindəki tikilidən istifadə etmiş, onunla məhz arasında qarajın üzərindəki tikiliyə dair uzun müddət mübahisələr olmuş, söküntü zamanı da İddiaçı deyil, Dadaş Məmmədov həmin tikilidən köçürüüşdür. Hazırki işin həm birinci instansiya, həm apellyasiya baxışı zamanı araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsi işləri aparılarkən iddiaçı həmin mənzildə olmamış, həmin mənzildən o köçürülməmişdir. Əksinə üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olmuş, həmin mənzildən Dadaş Məmmədov köçürülmüşdür və qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya da Dadaş Məmmədovun adı daxil edilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7183/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-561/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-561/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver