Məhkəmə qərarları › İş №2-1(103)-561/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-561/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-561/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 hərəkətin qanunsuz hesab edilməsi, iddiaçıya 40225,5 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 hərəkətin qanunsuz hesab edilməsi, iddiaçıya 40225,5 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bakı şəhərində “Sovetski” adlanan ərazinin sökülməsi zamanı adıçəkilən əmlakında plan üzrə sökülməli oldu. Bununla əlaqədar olaraq, iddiaçı Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi imzalayaraq, ona məxsus əmlakı 134.085 manat qiymətə satmışdır. Ona məxsus əmlak rəsmi çıxarış üzrə ümumi sahəsi 45,5 kv.m göstərilsə də, əlavə tikililərlə birgə 89,39 kv.m təşkil edirdi. Ərazinin söküntüsü zamanı ödəniş əlavə tikililərlə birgə hesablanırdı. Aldığı məbləği hər kv.m görə 1500 ödənildiyi nəzərə alaraq, ümumi sahənin 89,39 kv.m olduğunu müəyyən etmək olar. 1500 manatın 10 faizi 150 manat, 20 faizi isə 300 manat təşkil edir. Beləliklə hər kv.m üçün iddia tələbi toplam 450 manatdır. 89,39 kv.m 450 manat hesablayanda 40225,5 manat təşkil edir. Öncədən sökülmüş ev sahiblərinin bəzilərinə əlavə 500 manat ödənilsədə ona heç bir əlavə vəsait verilməmişdir. İddiaçı rəsmi olaraq Cavabdeh1nə və Maliyyə Nazirliyinə müraciət etsə də, icra hakimiyyəti imtina məktubu göndərmiş, Maliyyə Nazirliyi isə cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus mülkiyyətin ölçüsü 89,39 kv.m olmuşdur. Hər kv.m üçün ona ödənilən məbləğ 1500 manat təşkil edir. 1500 manatın 10%-i 150 manat; 20%-i isə 300 manat təşkil edir. Beləliklə hər kv.m üçün iddia tələbi toplam 450 manatdır. 89,39kv.m*450= 40225,5 manatdır. Öncədən sökülmüş ev sahiblərinin bəzilərinə əlavə 500 manat ödənilsə də ona heç bir əlavə vəsait verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Bakı şəhərində “Sovetski” adlanan ərazinin sökülməsi zamanı adıçəkilən əmlak “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq plan üzrə sökülmüş və bununla əlaqədar olaraq, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı ona məxsus əmlakı 134.085 manat qiymətə satmışdır. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus daşınmaz əmlaka görə (15,5 kv.m. görə 134085 manat) ödənilmiş pul məbləğini mübahisələndirməmiş, əmlakın alınması ilə bağlı ona təklif edilmiş məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Belə olan halda sözügedən mənzil üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən əmlakın alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. İddiaçı həmin müqavilənin şərtlərinə əsasən ona ödənilmiş məbləği ilə razı olmadığından, hazırki mübahisə sözügedən əmlakın alınması barədə razılıq əqdinin şərtlərinin pozulması barədə olduğundan, sözügedən müqavilə hazırda qüvvədə olduğundan, hazırki mübahisəyə inzibati qaydada baxıla bilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə razılaşmır. Belə ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. 66.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. 66.4-cü maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Kollegiya qeyd edir ki, hazırda iddiaçının tələbi əmlakın sökülməsi zamanı ona ödənilmiş birdəfəlik kompensasiya məbləğinin yenidən ödənilməsi ilə bağlı olmayıb, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 66.4.6-cı maddəsinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-ci bəndinə əsasən, ona alınmanın təsirinə məruz qalmış şəxs kimi çətinliklə bağlı ona ödənilmiş kompensasiyanın ümumi məbləğinin 10 %-i və həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsindən ibarətdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin tərkibinə torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı əlavə 10 %, 20 % ödənişlərin daxil olunub-olunmaması ilə bağlı məlumatın, həmçinin ümumiyyətlə iddiaçıya ödənilən kompensasiya məbləği hesablanması ilə bağlı qiymətləndirmə cədvəlinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab olaraq ünvan 4 ünvanı üzrə İddiaçı hesablanmış kompensasiya məbləğinə dair Qiymətləndirmə Cədvəli və Sxemin surətləri məhkəməyə təqdim edilmişdir. Sorğuya cavab məktubunda, eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında ünvan 4 ünvanında yerləşən əmlakların sökülməsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqısatqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin tərkibinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr, habelə köçmə ilə əlaqədar digər xərclərin daxil olmasına istinad etsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda sorğuya cavab məktubuna əlavə edilmiş kompensasiya məbləğinə dair Qiymətləndirmə Cədvəli və Sxemin surətlərindən də iddiaçıya qeyd edilən əlavələrin ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının hazırki tələbini ona birdəfəlik ödənilmiş kompensasiya məbləğinin təkrar ödənilməsi kimi qiymətləndirmiş, iddia tələbinə mahiyyəti üzrə baxmaq əvəzinə, əsassız olaraq mümkün sayılmaması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar