Məhkəmə qərarları › İş №2-1(103)-561/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-561/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-561/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı “İddiaçı.” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanının qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı “İddiaçı.” Şirkəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının 03 avqust 2023-cü il tarixli (31 avqust 2023-cü il tarixdə təsdiqlənmişdir), A63/23 nömrəli qərarının ləğv edilməsi və Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” Şirkətinin adına bütün 30, 35, 42-ci sinif əmtəələri barəsində 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanının qeydiyyata alınması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı ona, yəni ’’İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınması haqqında cavabdeh orqana müraciət etmiş və Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarı ilə sözügedən əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi tərəfindən etiraz verilmiş və bu etiraza Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası baxaraq etirazın əsassız hesab olunması və təmin edilməməsi barədə 03 avqust 2023-cü il tarixli, A63/23 nömrəli qərar qəbul etmişdir. Ekspertiza xx.xx.2023-cü il tarixdə Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı İddiaçı. adına verilmiş 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT –in: 30 - Bread, pastry products, sandwiches - Çörək, xəmir məhsulları, sendviçlər. 35 - Sales assistance for the commercialization of goods, administrative management of stores - Malların kommersiyalaşdırılması üçün satış yardımı, mağazaların inzibati idarə edilməsi. 42 - Services for providing food and beverages - Qida və içkilərin təmin edilməsi xidmətləri. sinifləri üzrə əmtəə nişanına baxarkən bu əmtəə nişanının bildirilmiş əmtəələrlə qeydiyyatından imtina qərarı çıxarmışdır. 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanın qeydiyyatından imtina qərarı Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanununun” 5-ci maddəsinin (“Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları”) b və c bəndləri ilə (b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; (c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarım, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar) əsaslandırılmışdır, yəni əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları qeydiyyata alınmırlar”. 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” iddia sənədinin xx.xx.2023-cü il tarixli imtina qərarında ekspertiza tərəfindən Qanunun məhz bu maddəsinə istinad edilmişdir. 62Ç849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN" əmtəə nişanının iddiaçısı olan İddiaçı. Belçika şirkəti həmin əmtəə nişanının qeydiyyatından imtina haqqında ekspertizanın qərarı ilə razı olmayaraq aşağıdakıları bildirir: Ekspertiza formal olaraq aparılmışdır, çünki əmtəə nişanını təşkil edən sözlər (LE PAİN QUOTİDİEN) azərbaycan dilinə sadəcə tərcümə olunmuşdur (Gündəlik Çörək “Gündəlik Ruzi”) və ekspertiza, bildirilmiş əmtəə nişanının mənasını öyrənmədən Qanunun 5-ci maddəsinə əsasən qeydiyyatından imtina qərarı çıxarmışdır. Əmtəə nişanını qeydiyyata alarkən onun mənasını da nəzərə almaq lazımdır. “Əmtəə nişanlarının qeydiyyatı qaydaları, iddia sənədi materiallarının qəbulu” qaydalarının 29.6.4-cü maddəsində deyilir ki, məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. “Gündəlik çörək” (“gündəlik ruzi”) / “LE PAİN QUOTİDİEN” ifadəsi təkcə çörək demək deyil, əsas da müasir adam üçün onun maddi vəziyyətindən və mənəvi dəyərlərindən asılı olaraq bu ifadə teztez müxtəlif yeməklər anlamına gəlir. Əminliklə demək olar ki, bu termin “fast-fud” üçün qəbul edilməzdir, çünki “fast-fud”, adətən, süni, təbii olmayan (təbiətdən gəlməyən) inqrediyentlərdən hazırlanır, iddiaçı isə orqanik, ev yeməyini tədarük edir ki, elə məhz buna “gündəlik çörək” (“gündəlik ruzi”) demək olar. Yaşamaq üçün mühüm olan təkcə çörək deyil, gündəlik yemək də vacibdir. Digər məsələ isə ondadır ki. Bu ideyanın mənası çox dəyişilib və gündəlik menu çox genişlənib ki, müasir adam öz yeməyini onsuz təsəvvür edə bilmir. Hətta Azərbaycanda kimdənsə “yemək istəyirsənmi” soruşanda “çörək istəyirsən/çörək yeyirsən” deyə müraciət edirlər, lakin bu ifadənin mənası hər kəsə aydındır. Bu ifadə insanın yaşaması üçün vasitələrə aiddir və tərkibində yalnız çörək deyil, müxtəlif məhsullardan ibarət olan qida qəbulunu nəzərdə tutur. İddiaçı həmin əmtəə nişanı altında 30 ildən çox, dünyada 260-dan artıq restoranlarda, Avropa İttifaqının ölkələri daxil olmaqla 20-dən artıq ölkələrdə fəaliyyət göstərir. İnternetdə kifayət qədər məlumat mövcuddur (https://en.wikipedia.org/wiki/LePain Quotidien). “LE PAİN QUOTİDİEN” əmtəə nişanının konsepsiyasını 1980-ci illərin sonunda Alan Kumon yaratmışdır. İlk öncə Alan böyük biznes haqqında heç bir plan qurmamışdır. O, Brüsseldə çörək bişirdiyi kiçik bir müəssisə açmışdır. Daha sonra çox məşhurlaşmış tartinləri (yağlı çörək) və xəmirdən digər məmulatları bişirməyə başlamışdır. İnsanlar onun yanına hər bir yerdən gəlirdilər. Çörəkxanada bircə dənə böyük ölçülü masa yerləşirdi, digər mebel üçün yer yox idi. Çörəkxana tədricən şəbəkəyə çevrilmiş, Kumon yeni partnyorlarla işləməyə başlamış, bir az sonra isə o, Nyu-Yorka köçmüşdür. Nyu-Yorkda şəbəkənin bütün dünya üzrə fəal inkişafı başlanılmışdır. Son səkkiz il ərzində konsepsiya çox məşhurlaşmışdır. Hazırda şəbəkəyə aid restoranlar London, Paris, Los-Anjeles, İstanbul, Beyrutda fəaliyyət göstərir ümumillikdə 80 nöqtədə mövcuddur. “LE PAİN QUOTİDİEN” konsepsiyası, təbii ki, təzə çörək və şəxsi çörəkxanaya, yüksək keyfiyyətli məhsullardan hazırlanmış çox çeşidli olmayan hər kəsin tanıdığı yeməklər daxil edən menuya aiddir. Bu, fransız əyalətində bir nənə evinin obrazıdır. Bütün mebel böcəklərin yediyi köhnə ağacdan hazırlanıb, divarlardan rəngli kartof torbaları, traktorlar üçün oturacaqlar asılıb. Dizayn çox sadədir, heç bir israfçılıq və artıqlıq yoxdur. Demək olar ki, bütün “LE PAİN QUOTİDİEN” (daha sonra LPQ) müəssisələrinin vahid üslubda tərtib olunduğuna (şirkətdə standartlar işlənib hazırlanmışdır) baxmayaraq, hər bir müəssisə xüsusidir, digərinə oxşamır. Evin yaxınlığında məhz bu cür restoranlar olur. Konsepsiyanın Belçika köklərinin olmasına baxmayaraq LPQ-in atmosferini “fransız” adlandırırlar, çünki hər bir şey Avropaya çox yaxındır. Fransanın atmosferi də, interyeri də az da olsa müxtəlif ölkələrin sakinlərinə məlumdur. Həm də LPQ əsasən fransız mətbəx ilə məşhurdur: kiş piroqları, tartinlər (yağlı çörək), pendirlər. İsti yemək kimi isə Fransanın hər kəndində bişirilən raqu verilir. Qeyd etmək lazımdır ki, “LE PAİN QUOTİDİEN” zəngin, illərlə işlənmiş və eyni zamanda keyfiyyətli, daim genişlənən menuya malikdir. Hal-hazırda restoranlar Avstraliya, Bahreyn, Belçika, Braziliya, Böyük Britaniya, İspaniya, Kanada, Qatar, Küveyt, Meksika, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsveçrədə mövcuddur. Buradan aydın olur ki, həmin nişanın mühafizəyə ehtiyacı yoxdur və o, 30 il ərzində fasiləsiz istifadə edilməsi nəticəsində fərqləndirici xüsusiyyətə malikdir. “LE PAİN QUOTİDİEN” əmtəə nişanı həmçinin fransız dilli olan Benilüks, Aİ, Monako, İsveçrə, Mərakeş və Kanada kimi ölkələrdə də qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli əmtəə nişanının qeydiyyatından imtina barədə qərarın, həmçinin də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının 03 avqust 2023-cü il tarixli (31 avqust 2023-cü il tarixdə təsdiqlənmişdir), A63/23 nömrəli qərarının ləğv edilməsi və Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” şirkətinin adına bütün 30, 35, 42-ci sinif əmtəələri barəsində 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanının qeydiyyata alınması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi və Rue de la Victoire 1 B1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 Beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35, 42-ci sinif əmtəələri üzrə üzrə qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023cü il tarixli “Əmtəə nişanına hüquqi mühafizə verilməsindən imtina haqqında” Qərarının ləğv edilməsi, Rue de la Victoire 1 B-1060 SaintGilles (BE) ünvanlı “İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 Beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35, 42-ci sinif əmtəələri üzrə üzrə qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd edilmişdir ki, “məhkəmə ilk növbədə nəzərə alır ki, sözügedən əmtəə nişanı mənşə ölkəsi olan Belçikada və eləcə də Rusiya, İsrail, Birləmiş Krallıq, Gürcüstan, Çin, Norveç, Monako, Sinqapur, Lixtenşteyn, Misir, Kanada, Avstraliya və d. ölkələrdə qeydiyyata alınmışdır”. Bununla bağlı qeyd edilməlidir ki, bu mütləq olaraq Azərbaycan Respublikası ərazisində nişanın qeydə alınması əsası kimi qiymətləndirilə bilməz. Çünki, X2 ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları ilə tənzimlənir. Buna görə də həmin ölkələrin qərarlarından biri digəri üçün nişanın qeydiyyata alınması üzrə məcburi hüquqi qüvvəyə malik deyildir. Belə ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı “Sənaye Mülkiyyətinin Mühafizəsi X5 (bundan sonra - Konvensiya) 6-cı maddəsinə əsasən, “ərizələrin verilmə şərtləri və əmtəə nişanlarının qeydiyyatı hər bir İttifaq ölkəsində bu ölkənin qanunvericiliyi ilə müəyyən olunur... İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur.” Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “belə ki, “LE PAİN QUOTİDİEN” söz birləşməsi fransız dilində yazılmış sözlərdən ibarətdir və fransız dilli olan Belçika, Lüksemburq kimi ölkələrdə qedyiyyatdan keçmişdir. Məhkəmənin qənaətinə görə, sözügedən əmtəə nişanı istehlakçılar arasında göstərilən xidmətin xüsusiyyətləri ilə bağlı çaşqınlıq yaradan və ya əmtəələrin, xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi göstərən deyil, daha çox istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanı hesab edilə bilər. Başqa sözlə, çoxsaylı ölkələrdə qeydiyyatdan keçmiş, eyni zamanda fransız sözlərindən ibarət olan əmtəə nişanının ölkəmizdə fərqlənmə qabiliyyətinə malik olmaması və ya göstərilən xidmətin xüsusiyyətləri ilə bağlı çaşqınlıq yaratması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir”. Məhkəmə nəzərə almamışdır ki, istehlakçılar arasında əmtəə nişanının fərqlənmə qabiliyyətinin əldə edilməsi bir ölkədə qeydiyyata alınma ilə təsdiq edilən faktor deyil. Yəni, xarici ölkə bazarında fərqlənmə qabiliyyəti əldə etmiş nişan Azərbaycan Respublikasının ərazisində istehlakçılar arasında fərqlənmə qabiliyyəti əldə etməmiş ola bilər. Məhkəmə isə başqa ölkənin istehlak bazarında fərqlənmə qabiliyyəti əldə etmək xüsusiyyətini heç bir dəlil və sübut olmadan Azərbaycan Respublikasının istehlak bazarına da aid etmişdir. Bu isə məhkəmənin də nişanın fərqlənmə qabiliyyətinə malik olmayan sözlərdən ibarət olması qənaətinə gəldiyini göstərir. Məhkəmə fərqlənmə qabiliyyəti əldə etməsi qənaətinə gələrkən əmtəə nişanı haqqında olan normativ hüquqi aktın da tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 3-cü bəndinin 2-ci hissəsinə əsasən Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər. Göründüyü kimi müvafiq normativ aktın tələbləri də mövcud istehlak bazarındakı vəziyyətin nəzərə alınması zəruri edir. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamış və ümumilikdə heç qiymətləndirilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 4-cü maddəsinə görə əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları,yəni əsas amillərlə fərqlənməyən nişanlar; ç) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi X5 6-cı maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Həmin Qanunun 6-cı maddəsinə görə aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları; ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyat müddətinin uzadılmaması. Azərbaycan Respublikasının qoşulduğu «Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsinə görə: - A. (1) Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfındən verilən şahadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şahadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. - B. Baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatının rədd edilməsi, yaxud etibarsız hesab edilməsi ancaq aşağıdakı hallarda ola bilər:

1. İşarələr mühafizə xahiş olunan ölkədə üçüncü şəxsin əldə etdiyi hüquqlara toxuna bilərsə; 2. İşarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən ya adi dildə qəbul edilmiş və mühafızə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə;

3. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa. Nəzərdə tutulmalıdır ki, ümumi qaydalara zidd olan nişan belə bir yeganə səbəbə görə nəzərdən keçirilə bilməz ki, o ümumi qaydalara dəxli olduğu maddəyə uyğun gəldiyi hal istisna olmaqla, nişanlar haqqında qanunların heç bir maddəsinə uyğun deyil. Lakin 10-bis maddəsinin tətbiqi öz qüvvəsində qalır. - C. (1) İşarənin mühafızə predmeti olduğunu təyin etmək üçün bütün faktik əlamətləri, xüsusən onun tətbiq olunma müddətini nəzərə almaq lazımdır. Mənşə ölkəsində mühafızə olunan işarələrdən ancaq işarələrin fərqləndirici xarakterini dəyişməyən və xatırladan mənşə ölkəsində qeydiyyatdan keçən formaya toxunmayan şəkildə olmadığına tək bu əsasa görə əmtəə nişanları İttifaqın başqa ölkələrində rədd oluna bilməzlər. - D. Mühafizəsi xahiş olunan işarə mənşə ölkəsində qeydiyyatdan keçməyibsə bu maddənin müddəalarından heç kim istifadə edə bilməz. - E. Lakin mənşə ölkəsində nişanın qeydiyyatının bərpası heç bir halda İttifaqın qeyd olunduğu başqa ölkəsində qeydiyyatın bərpası üçün öhdəlik yaratmır. - Ğ. Birincilikdən alınan üstünlüklər qeydiyyat üçün 4-cü maddədəki müddətə verilmiş ərizələr üçün qeydiyyat, hətta, mənşə ölkəsində bu müddət keçdikdən sonra da həyata keçirilmiş olsa da belə yenə də saxlanır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair qərarını onunla əsaslandırmışdır ki, sözügedən əmtəə nişanı mənşə ölkəsi olan Belçikada və eləcə də Rusiya, İsrail, Birləmiş Krallıq, Gürcüstan, Çin, Norveç, Monako, Sinqapur, Lixtenşteyn, Misir, Kanada, Avstraliya və d. ölkələrdə qeydiyyata alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh qurum “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin b (fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar) və c (əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar) bəndlərində nəzərdə tutulan əsaslarla əmtəə nişanının qeydiyyatından imtina etməkdə haqlı olmamışdır. Belə ki, “LE PAİN QUOTİDİEN” söz birləşməsi fransız dilində yazılmış sözlərdən ibarətdir və fransız dilli olan Belçika, Lüksemburq kimi ölkələrdə qedyiyyatdan keçmişdir. Məhkəmənin qənaətinə görə, sözügedən əmtəə nişanı istehlakçılar arasında göstərilən xidmətin xüsusiyyətləri ilə bağlı çaşqınlıq yaradan və ya əmtəələrin, xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi göstərən deyil, daha çox istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanı hesab edilə bilər. Başqa sözlə, çoxsaylı ölkələrdə qeydiyyatdan keçmiş, eyni zamanda fransız sözlərindən ibarət olan əmtəə nişanının ölkəmizdə fərqlənmə qabiliyyətinə malik olmaması və ya göstərilən xidmətin xüsusiyyətləri ilə bağlı çaşqınlıq yaratması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2021 tarixdə beynəlxalq qeydiyyata alınan “LE PAİN QUOTİDİEN logo" əmtəə nişanının 29,30,35,39,40 və 43 sinif həmcins əmtəə və xidmətlər üzrə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasında mühafizə olunmasını, eyni zamanda iddiaçıya məxsus sözügedən əmtəə nişanının qüvvədə olmasını, bir çöx dövlətdə uzun müddət istifadə olunmasını nəzərə almamışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, iddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Göründüyü kimi, cavabdeh “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”Qanunun yuxarda qeyd edilən müvafiq maddələrini iddiaçıya münasibətdə tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar