Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-562/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2- 1(82)-3608/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” 28 iyun 2018-ci il tarixli, **********217300 saylı qərarının, “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli, **********698100 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin (bundan sonra mətndə cavabdeh) “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli, **********698100 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 79 ünvanında yerləşən 120 saylı mənzildə daimi qeydiyyatda olmaqla yaşayır, həmin binada 97 saylı mənzil də onun mülkiyyətində olmuşdur. Daimi qeydiyyatda 120 saylı mənzildə olsa da, faktiki olaraq orada oğlu ailəsi ilə yaşamış, o isə daha kiçik mənzil olan 97 saylı mənzili aldığı zamandan orada yaşamışdır. 2013-cü ildə müəyyən səbəblərlə bağlı yaşadığı 97 saylı mənzili satmalı olmuş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqını həyata keçirmiş, yəni notarial qaydada rəsmiləşdirmiş, bundan sonra həmin evdən köçmüşdür. İddiaçı fərdi sahibkar kimi Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, ona ********** saylı VÖEN verilmişdir. Alqı-satqıdan təxminən il yarım sonra ona məlum olmuşdur ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin **********96200 saylı, 29 aprel 2015-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub elektron ünvanına daxil olmuşdur. Həmin məktubda, 2013-cü ilin may ayında həyata keçirmiş olduğu mənzilin alqı-satqı əməliyyatı nəticəsində, əldə edilmiş gəlirlərin müvafiq vergi bəyannaməsində göstərilməməsinin hesablanacaq vergi məbləğində kənarlaşmanın yaranmasına səbəb olduğu, beş gün ərzində sənədlərin təqdim edilməsi tələb edilmişdir. Halbuki, fərdi sahibkar kimi qeydiyyatda olsa da, faktiki olaraq fəaliyyət göstərmədiyindən, habelə kifayət qədər yaşlı nəslin nümayəndəsi olduğu üçün elektron poçtdan, o cümlədən sosial şəbəkələrdən istifadə etmədiyinə görə elektron ünvanına daxil olan məktubları yoxlamamışdır. Elektron ünvan isə fərdi sahibkar kimi qeydiyyata alınarkən tələb olunduğundan açılmışdır. Vergilər Nazirliyindən onunla əlaqə saxlayaraq, bu barədə məlumat verilmiş və müvafiq sənədlərin hələ də çatdırılmadığına dair irad bildirilmişdir. Bundan sonra elektron poçta baxaraq, məktubla tanış olmuş, artıq kifayət qədər vaxt keçmiş olduğundan, təcili aidiyyatı üzrə Vergilər Nazirliyinin ona telefonla məlumat verərək irad bildirmiş qurumuna getmişdir. İlk olaraq, şifahi qaydada izah etmişdir ki, bəhs edilən mənzil üç ildən artıq onun mülkiyyətində olmuş, bu səbəbdən qüvvədə olan qanunvericiliyə əsasən vergiyə cəlb olunmamalıdır. Ona bildirilmişdir ki, həmin mənzildə qeydiyyatı olmaması səbəbindən mənzildə yaşadığı təsdiqini tapmır. Belə olan halda, binada yaşayan qonşulardan üç nəfərindən notarial təsdiq edilmiş ərizələr toplamışdır. Qonşuların ərizələrində onun 2009cu ildən 97 saylı mənzildə yaşadığı təsdiqini tapır. Bundan əlavə, 97 saylı MKİS-dən almış olduğu 1715 saylı, 22 oktyabr 2015-ci il tarixli arayışda da, mənzilin 2009-cu ildən mülkiyyətində olduğu 24 aprel 2013-cü il tarixdə mənzilin satılmış olduğu, satıldığı günədək həmin mənzildə yaşadığı təsdiqlənir. Topladığı sənədlərin surətlərini çıxararaq, aidiyyəti üzrə yenidən müraciət etmiş, Vergilər Nazirliyinin bu işlə məşğul olan əməkdaşı ilə görüşərək, sənədlərin surətlərini təqdim etmiş, bildirmişdir ki, bu sənədlər onun faktiki yaşamış olduğunu təsdiq edir. Əsassız tələb olunan vergi borcunun silinməsi üçün hansı formada və kimə bu sənədlərlə müraciət edəcəyini soruşmuşdur. İddiaçı qeyd edir ki, satdığı mənzildə mülkiyyət sahibi kimi üç ildən artıq yaşadığını təsdiq edən sənədləri vergi orqanı nəzərə almamış, alqı-satqıdan uzun müddət keçməsinə baxmayaraq, Vergilər Nazirliyi tərəfindən ona ünvanlanmış məktubda 13.06.2018-ci il tarixinə 6740 manat vergi borcunun olduğu, həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq ediləcəyi bildirilmişdir. Halbuki, 2015-ci ildə təqdim etmiş olduğu sənədlər əsasında vergi borcu silinməmiş və bu müddət ərzində vergi orqanları tərəfindən borcun tələb olunması ilə bağlı hər hansı bir hərəkət də edilməmişdir. Belə olduqda ərizə ilə müraciət edərək, vergi borcunun əsassız hesablanmış olması səbəbindən borcun silinməsini xahiş etmiş, lakin ərizəsi əsasında **********217300 saylı, 28 iyun 2018-ci il tarixli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında qərar” qəbul edildi. Qərar Vergi Məcəlləsinin 62.3-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 75.1.3-cü maddəsi ilə əsaslandırılaraq, şikayət müddəti buraxıldığı səbəb göstərilməklə ərizəsi baxılmamış saxlanılmışdır. Hesab edir ki, tərəfindən müddət buraxılması üzürlü səbəbdən baş vermişdir və bunu sübut edən dəlillər də mövcuddur. Belə ki, işin faktiki halları barədə iddia ərizəsinin əvvəlində bildirdiklərindən də müəyyən edildiyi kimi, bəhs edilən mənzildə daimi yaşadığını təsdiq edən sənədlər 2015-ci ildə toplanmışdır ki, həmin sənədlərin əsli də hal hazırda onda saxlanılmışdır. Digər tərəfdən, vergi orqanı tərəfindən ona vergilərin hesablanması haqda qərar 10.07.2015-ci il tarixlidir. Hal-hazırda olan sənədlərin tarix ardıcıllığına diqqət yetirdikdə, dedikləri təsdiqini tapır. Qərar ona məlum olduqdan sonra vergi orqanlarında olmuş, bundan sonra onu vergi orqanlarında təmsil etmək üçün etibarnamə vermiş və MKİS-dən arayış almış, qonşulardan notarial təsdiq ərizələr almışdır. Həmin sənədlər 22 və 23 oktyabr 2015-ci il tarixlidir. Bundan sonra vergi orqanları tərəfindən hər hansı bir hərəkət edilməmişdir. Adıçəkilən qərardan təxminən üç ilə yaxın müddət keçdikdən sonra vergi orqanları tərəfindən yeni xəbərdarlıq məktubu göndərilmişdir. İşin mahiyyəti üzrə də araşdırılma aparılsa, vergi borcunun olmadığı sübut olunar. Belə ki, vergiyə cəlb olunmalı olan gəlirdir, bu məbləğ vergi hesablanması üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faiz dərəcəsinə uyğun gəlmir. Digər tərəfdən, mənzil hətta yaşamamış olsaydı belə ona gəlir gətirməmişdir. Həmin mənzili aldığı qiymətdən daha ucuz satmışdır ki, bunu da alqısatqı müqavilələrinin rəsmiləşmiş olduğu notariat işlərindən dəqiqləşdirmək mümkündür. Lakin, vergi orqanları bunu etməmiş, birbaşa ona hələ də aydın olmayam üsulla vegi borcu hesablamışlar. Hesablanan vergi borcu mənzilin alqı-satqısından əldə edilən pulun 16,75 % hissəsini təşkil edir ki, bunun da izahını tapa bilmir. Cаvаbdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli qərar həmin tarixdə vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən 26 oktyabr 2015-ci il tarixdə oxunmuşdur. İddiaçı mübahisələndirdiyi qərardan 26 oktyabr 2016-cı il tarixdən məlumatlı olmasına baxmayaraq ondan 3 il sonra şikayət verməklə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin 10 iyul 2015-ci il tarixli qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3608/2018 saylı, 27 dekabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1473/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3608/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-62/2020 saylı, 11 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1307/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1967/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1307/2020 saylı 27 iyul 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.09.2018-ci il tarixli 2-1(82)-3608/2018 nömrəli qərardadı ilə Vergilər Nazirliyi əsl cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti ilə əvəz edilmişdir. Qeyd edilən qərardadda iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin dəyişdirildiyi bildirilmiş, lakin həmin dəyişdirilmiş iddia ərizəsi cavabdeh Departamentə təqdim edilməmişdir. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3608/2018 nömrəli məhkəmə bildirişi ilə Departament 31.10.2018- ci il tarixdə keçiriləcək məhkəmə iclasına çağırılmış, qeyd edilən tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsinin işirakı təmin edilmiş, həmçinin keçirilmiş məhkəmə iclası zamanı növbəti məhkəmə iclasının qeyrı-müəyyən müddətə təxirə salındığı, bu barədə məlumat veriləcəyi bildirilmişdir. Keçirilmiş məhkəmə iclası zamanı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdeh Departamentə təqdim edilmədiyi, bu səbəbdən də prosessual qanunvericiliyə uyğun olaraq iddia ərizəsinə etirazın hazırlanmadığı məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin 31.10.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasından sonra cavabdehə nə iddia ərizəsi, nə də növbəti məhkəmə iclasının tarixi barədə məlumat daxil olmamışdır. Bu barədə dəfələrlə məhkəmə ilə əlaqə saxlanılsa da iddia ərizəsi cavabdehə təqdim edilməmiş, bu səbəbdən də 07.03.2019-cu il tarixli **********895400 nömrəli məktubla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək İddiaçı iddia ərizəsinin və keçiriləcək növbəti məhkəmə iclasının tarixi haqqında cavabdeh Departamentə məlumatın təqdim edilməsi bildirilmişdir. Lakin yenə də iddia ərizəsi cavabdehə təqdim edilməmiş, daha sonra 08.04.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli 2-1(82)-3608/2018 nömrəli qərarı daxil olmuşdur. Nümayəndə qeyd etdi ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli 2-1(82)- 3608/2018 nömrəli qərarında cavabdehin nümayəndəsinin X2 olması qeyd edilmişdir. Halbuki Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentində X2 adlı əməkdaş işləmir və heç vaxt həmin şəxsə cavabdehin nümayəndəsi olması barədə etibarnamə verilməmişdir. Bu hal da cavabdehin məhkəmə iclasında iştirakının təmin edilmədiyini bir daha sübut edir. İşin sadalanan hallarından da göründüyü kimi nə iddia ərizəsi cavabdehə təqdim edilmiş, nə də 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə prosesinə (prosseslərinə) cavabdeh vergi orqanı çağırılmamış, məhkəmə prosseslərində Departamentin iştirakının təmin edilməsi məqsədilə cavabdehə bildiriş göndərilmədən və onun iştirakı olmadan iş üzrə qərar qəbul edilmişdir. Bununla da birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Ali Məhkəmənin 04.11.2020-ci il tarixli 2-1(102)- 1967/20 saylı qərarının 43-46-cı bəndlərində qeyd edilmişdir ki, “iddianın predmeti olan cavabdehin qərarının iddiaçıya təqdim edilməsi işdə olan sübutlarla öz təsdiqini tapmamış, cavabdeh elektron qaydada qərarın iddiaçıya göndərildiyini bildirmiş, iddiaçı isə elektron qaydada ona qərar təqdim edildiyini təsdiq etməmişdir. Elektron qaydada göndərilmiş qərarın iddiaçıya çatdırıldığını cavabdeh sübuta yetirməlidir. Cavabdeh belə sübutetməni yerinə yetirə bilməmişdir”. Mübahisələndirilən 14.09.2017-ci il tarixli **********530800 nömrəli “Vergilərin hesablanması haqqında” Qərar 10.07.2015-ci il tarixdə saat 19:25-də elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və 26.10.2015-ci il tarixdə saat 16:41də onun tərəfindən oxunmuşdur. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” işin ilkin apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir və iş materiallarında mövcuddur. Sözügedən əhəmiyyətli sübut işə baxılan zaman Ali Məhkəmənin diqqətindən yayınmış və məhkəmənin yanlış nəticəyə gəlməsinə rəvac vermişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi iddia tələbinə iddia müddəti tətbiq etməklə iddianın mümkün sayılmaması barədə qanuni qərardad qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən 14.09.2017-ci il tarixli **********530800 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı 31.10.2018-ci il tarixli buraxılmış prosessual müddətinin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 31.10.2018-ci il tarixli 2-1(82)-3608/2018 nömrəli qərardad qəbul edilərək, iddiaçı 31.10.2018-ci il tarixli ərizəsi təmin edilmişdir. Halbuki, müddətin buraxılmaması qənaətinə gəlinərkən məhkəmə əsassız səbəblərə istinad etmiş və bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. İddiaçı kassasiya şikayətində Ali Məhkəmənin 11.02.2020-ci il tarixli 2-1(102)-62/2020 saylı qərarı ilə mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsinin yoxlanılması qənaətinə gəlindiyini bildirmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu halların araşdırılmadığnı qeyd etmişdir. Ali Məhkəmənin müvafiq qərarında qeyd edilmişdir ki, iddiaçı müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsini təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla əlaqələndirmir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması ilə əlaqədar ərizəsində göstərdiyi dəlillər, müddətin buraxılmasından 1 il keçdiyi üçün, İPM-in 24.4-cü maddəsində təsbit olunan üzrlü hallardan biri kimi qəbul edilə bilməz. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə koilegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın müddətlə bağlı mümükünlük şərtinin yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Göründüyü kimi iddiaçı tərəfindən 14.09.2017-ci il tarixli **********530800 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməsi hallarının araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu məsələlər araşdırılaraq iddia mümkün sayılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə 04 noyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 11 fevral 2020-ci il tarixli qərarında prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanının İPM-in 24-cü maddəsində nəzərdə tutulduğunu bildirmiş, apelyasiya instansiyası məhkəməsi də bu barədə qərardadında qeyd etmiş, lakin apelyasiya məhkəməsi tətbiq edilən normanı səhv təfsir etmişdir. İşdə olan sübutlarla iddia müddətinin buraxılması təsdiq olunmadığından iddia müddəti keçdiyinə görə iddianı mümkün saymamaqla apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndlərində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibat aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı tərəfindən 10 iyul 2015-ci il tarixli qərar mübahisələndirilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, şikayət onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı ərizə təqdim etməklə, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə cavabdehin 10 iyul 2015-ci il tarixli, qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı vergi məsuliyyətinə cəlb olunması barədə cavabdehin 10 iyul 2015-ci il tarixli qərarının ləğvi ilə bağlı 30 iyul 2018-ci ildə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmə 04 noyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti olan cavabdehin qərarının iddiaçıya təqdim edilməsi işdə olan sübutlarla təsdiqini tapmamışdır. Cavabdeh elektron qaydada qərarın iddiaçıya göndərildiyini bildirmiş, iddiaçı isə elektron qaydada ona qərar təqdim edildiyini təsdiq etməmişdir. Elektron qaydada göndərilmiş qərarın iddiaçıya çatdırılmasını cavabdeh sübuta yetirməlidir. Cavabdeh belə sübutetməni yerinə yetirə bilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. Bu norma o vaxt tətbiq edilə bilər ki, iddiaçı mübahisə olunan qərarı almış olsun, lakin bir il keçdikdən sonra həmin qərarla bağlı iddia qaldırmış olsun. İddiaçıya vergi məsuliyyətinə cəlb olunması barədə qərarın təqdim edilməsi sübuta yetmədiyindən İPM-in 24.4-cü maddəsinin tətbiqi hazırkı halda istisna olunur. Ali Məhkəmənin adıçəkilən qərarında qeyd olunanları nəzərə alaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması ilə bağlı məsələni tənzimləyən Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin cavabdeh iddiaçıya sözügedən qərarı sifarişli məktubla (poçt vasitəsi ilə) göndərməmişdir. Odur ki, mübahisə predmeti olan qərarın iddiaçıya Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın xüsusi mümkünlük şərti olan iddia müddəti ötürülməmişdir. Hazırkı işin hallarından görünür ki, B.H.Muradov (satıcı) ilə iddiaçı (alıcı) arasında 14 aprel 2009-cu il tarixdə notarial qaydada bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,71 kv.m olan 97 saylı mənzili 51328 manata alıcıya (iddiaçıya) satmışdır. İddiaçı (satıcı) ilə B.Ə.Yaqubov (alıcı) arasında 12 may 2013-cü il tarixdə notarial qaydada bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı (iddiaçı) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,71 kv.m olan 97 saylı mənzili 40.000 manata alıcıya satmışdır. İddiaçının qonşuları tərəfindən 23 oktyabr 2015-ci ildə notarial qaydada təsdiq edilmiş ərizələrindən müəyyən olunur ki, adı çəkilən şəxslər iddiaçının 14 iyul 2009-cu ildən 24 iyun 2013-cü ilədək olan müddətdə Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin 97ci mənzilində daimi yaşamasını təsdiq etmişlər. Xətai RİH MKTB-nin 97 saylı MKİS tərəfindən 22 oktyabr 2015-ci ildə verilmiş 1715 saylı arayışdan müəyyən olunur ki, iddiaçı 14 iyul 2009-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin 97-ci mənzilinin sahibi olmuş, 24 aprel 2013-cü ildə satmış, akta əsasən mənzili satan günədək orada yaşamışdır. Bakı Vergilər Departamentinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” iddiaçıya ünvanlandığı 29 aprel 2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 2013-cü ilin may ayı üzrə aparılmış notariat əməliyyatları barədə daxil olmuş məlumatlara əsasən iddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən mənzili 40000 manata satılmasına baxmayaraq, əldə edilən gəlirlərin müvafiq vergi bəyannaməsində göstərilməməsi hesablanacaq vergi məbləğində kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar 5 gün müddətində müvafiq vergi bəyannamələri, ətraflı izahat məktubu, təqdim edilmiş mənzil üzrə bağlanmış alqı-satqı müqavilələrinin təsdiq edilmiş surəti, təqdim edilmiş mənzilin ilkin dəyərinin müəyyən olunması ilə əlaqədar müvafiq qaydada təsdiq edilmiş surətinin məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, vergi orqanının Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması barədə iddiaçıya məlumat verilmişdir. Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçıya 2014-cü il üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6.700 manat gəlir vergisi hesablanmışdır. Vergilər Nazirliyinin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” 28 iyun 2018-ci il tarixli qərarı ilə qaldırılan məsələ barəsində inzibati şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığına görə, iddiaçının inzibati şikayəti baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən «Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlərin görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfındən gəlir) götürülməsi olan fəaliyyətidir. Vergi Məcəlləsinin 16.1 və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Vergi Məcəlləsinin 99.3.6-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Göründüyü kimi, Vergi Məcəlləsinin müddəalarında qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin vergi tutma obyekti olması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı 14 aprel 2009-cu il tarixdə mənzili 51.328 manata almış, 12 may 2013-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında həmin mənzili 40.000 manata satmışdır. Belə olan halda iddiaçının hər-hansı formada gəlir əldə etməsi mümkün deyildir. Cavabdehin mübahisələndirilən qərarında yalnız vergi məcəlləsinin bir sıra normaları sadalanmış, lakin iddiaçının məhz daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Vergi qanunvericiliyi isə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin vergitutma obyekti olmasını nəzərdə tutmamışdır. Cavabdeh inzibati orqan bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 2013-cü ilin may ayı üçün 6700 manat gəlir vergisinin hesablanması ilə əlaqədar “Vergilərin hesablanması barədə” 10.07.2015-ci il tarixli**********698-100 saylı qərarın hüquqi əsasını və hesablanmış verginin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməmiş və qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, cvabdeh apellyasiya şikayətində və yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi 17 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında “Vergilərin hesablanması barədə” 10 iyul 2015-ci il tarixli, **********698100 saylı qərarının ləğvi barədə iddianın müddətin ötürülməsi ilə əlaqədar mümkün hesab edilməməli olması ilə bağlı mövqeyini bildirmiş, mübahisələndirilən qərarın əsaslı olmasına dair hər hansı münasibət bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(82)- 3608/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-562/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-562/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver