Məhkəmə qərarları › İş №2-1(103)-562/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-562/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-562/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2021 saylı 29.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 26 oktyabr 2018-ci il tarixdə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia onunla əsaslandırmışdırki, Bakı səhər Lokal Gəlirlər Departamenti 26 oktyabr 2018-ci il tarixdə qərar qəbul edərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 12.000 manat məbləində maliyyə saksiyası tətbiq etmişdir. Həmin maliyyə saksiyası tətbiq olunarkən Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Məsuliyyətə cəlb olunan şəxslərin "xxxx" MMC-də qeyri-rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Yalnız müəssisədən kənarda bir neçə şəxsi saxlayaraq onların müəssisədə qeyri-qanuni işlədiİməsini güya müəyyən etmişlər. Əslində isə, həmin şəxslərin "xxxx" MMC-nə heç bir aidiyyatı yoxdur. Bunu eyni zamanda o sübut edir ki, həmin şəxslərin şəxsiyyətləri müəyyən edilməmiş, yaşadıqları ünvan təsdiq edilməmiş, eyni zamanda həmin işçilərdən hər hansı izahat alınmamışdır. Yalnız həmin şəxslərin şəxsiyyətləri müəyyən olunduqdan və onlardan izahat alındıqdan sonra onların MMC-nin rəhbərliyi tərəfindən işlədilməsi halı müəyyən oluna bilərdi. Vergi orqanının Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alarkən həmin çıxarışda yoxlamanı təyin edilməsinin əsası kimi vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlara istinad edilir. "xxxx" MMC-də səyyar vergi yoxlaması həyata keçirilən zaman işçilərin qeyri-qanuni olaraq işlədilməsi halları müəyyən edilməmişdir. Vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur. Belə ki, vergi orqanı Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini pozaraq onlara hər hansı müraciət daxil olmadığı təqdirdə qanunsuz olaraq operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və bu qərarı qanunsuz şəkildə icra etmişdir. 13 sentyabr 2018-ci il tarixli aktda həqiqətə uyğun gəlmədən 12 nəfər işçinin qanunsuz olaraq işlədilməsi faktının aşkar edilməsi müəyyən olunmuşdur. Həmin aktın saxta olaraq tərtib olumasını sübut edən dəlil ondan ibarətdir ki, aktda görətərilir ki, həmin 12 şəxs izahat verməkdən imtina etmişlər. Həmin şəxslərin izahatları alınmadan və bu izahatlar rəsmiləşdirilmədiyi halda onların kimliyi vergi orqanı tərəfindən necə və hansı halla müəyyənləşdirilmişdir? Bunun özü bir müəmmalı bir sualdır. Digər tərəfdən, vergi orqanı tərəfindən MMC-nin elektron poçt qutusuna göndərilən və vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə təqdim olunmuş cədvəldə 4 nəfər işçinin adları, soyadları, ünvanları, şəxsiyyət vəsiqəsinin rekvizitləri göstərilməsinə baxmayaraq onlardan heç biri və həmin vaxt o şəxslərin müəssisədə sazlama işləri ilə məşğul olmasına baxmayaraq o işçilərin heç birindən izahat alınmamışdır. Bu isə, həmin aktın reallığı əks etdirmədiyini və saxta olmasını birmənalı olaraq sübut edir. Vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş 13 sentyabr 2018-ci il tarixli 007034 nömrəli aktda göstərilir ki, vergi ödəyicisinin ərazisinə baxış seçirilməsi, ekspertizanın aparılması, mütəxəsis, tərcüməçi dəvət edilməsinə zərurət yaranmadı. Hesab edilir ki, aktda göstərilən qeydlərin edilməsi onu təsdiq edir ki, vergi orqanının əməkdaşları operativ vergi yoxlaması həyata keçirərkən operativ vergi yoxlamasının predmetinə daxil olan heç bir hərəkətləri həyata keçirməmişlər. Vergilər Məcəlləsinin müddəalarına görə operativ vergi yoxlamasının predmetinə vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və digər hərəkətlər daxildir. Sual yaranır ki, vergi orqanı tərtib etdiyi aktda vergi ödəyicilərinin ərazilərinə və ya binalarına baxış keçirilmədiyi göstərilmişdirsə vergi orqanının əməldaşları hansı üsulla qeyri-qanuni şəkildə işçiləri işə cəlb etdilməsini müəyyənləşdirmişdir? Belə çıxır ki, vergi orqanının işçiləri zavodun ərazisinə faktiki daxil olmamışlar, faktiki əraziyə baxış keçirməmişlər. Qeyd olunanlar həmin aktla öz təsdiqini tapır. Əgər vergi ödəyicisi olaraq zavodun ərazisinə baxış keçirilməmişdirsə, vergi orqanının əməkdaşları MMC-nin qeyri-qanuni yolla işçiləri işə cəlb etməsini necə müəyyənləşdirmişlər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Departamentin 24 avqust 2018-ci il tarixli **********9855 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq, 28 avqust 2018- ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək vergi nəzarəti həyata keçirilmişdir. 13 sentyabr 2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı "xxxx" MMCyə məxsus Gəncə şəhəri, “Kimyaçılar Azpetrol”un arxasında yerləşən obyektdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında VN-11 seriyalı 007034 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC-yə 12.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicinin istinad etdiyi 13 sentyabr 2018-ci il tarixli aktda 12 nəfərin kimliyi müəyyənləşdirilmiş (onların şəxsiyyət vəsiqələrinin FİN nömrələri 007034 nömrəli akta əlavə edilmiş, lakin adını təqdim etməyən özünü səlahiyyətli şəxs kimi təqdim etmiş şəxsin göstərişindən sonra onlar izahat verməkdən imtina edərək obyekti tərk etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2021 saylı 29.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Məhkəmənin tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən olunmuş faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmə iddianın təmin edilməsinin əsası kimi qeyd etmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi barədə 24.08.2018-ci il tarixli qərarının vergi orqanının vəzifəli şəxsi tərəfindən nəzarətə başladıqdan sonra vergi ödəyicisi kimi müəssisəyə dərhal təqdim edilməsi təmin edilməmişdir. Lakin həmin qərara əsasən müəssisənin fəaliyyəti üzrə Vergi Məcəlləsinin üzrə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq 28.08.2018-ci il tarixdən 16.09.2018-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Qərarın icrası ilə nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı 13.09.2018-ci il tarixdə Gəncə şəhəri. Kimyaçılar azpetrol»un arxasında yerləşən kərpic zavodunda keçirilən operativ vergi nəzarəti zamanı qərarla tanış ediləcək şəxs olmadığı üçün sözügedən qərarı təqdim etmək mümkün olmamışdır. Bununla bağlı çıxarışda qeydlər aparılmış və imtina aktı tərtib olunmuşdur. Məhkəmənin, 26 oktyabr 2018-ci il tarixli qərarın əsası kimi çıxış edən 13 sentyabr 2018-ci il tarixli aktda adları göstərilən şəxslərin izahatları həmin tarixdə müssisəyə məxsus təsərrüfat subyektində alınmadığını qeyd etməsi ilə əlaqədar bildirilir ki, operativ vergi nəzarəti Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 30 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuş və bu barədə 13.09.2018-ci il tarixli müvafiq qərara əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbir zamanı 30 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi faktı aşkar olunmuşdur. Müəssisənin rəhbəri X9 zavodda olmadığından telefon nömrəsi (***-***-**-**) işləmədiyindən əlaqə saxlamaq mümkün olmamışdır. Həmin müddət ərzində vergi orqanı tərəfindən 12 nəfər işçinin kimliyi müəyyənləşdirilmiş. Lakin adını təqdim etməyən özünü müəssisənin səlahiyyətli nümayəndəsi kimi təqdim edən şəxs telefon danışığı apardıqdan sonra işçilərə özlərini təqdim etməmələri barədə tapşırıq verərək yoxlamanın keçirilməsinə maneçilik törətmiş və nəticədə 18 nəfərin kimliyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin kimliyi müəyyənləşdirilmiş şəxslər heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmiş və müəssisənin rəhbərinin təkidi ilə obyekti tərk etmişlər. Müəssisənin rəhbərinin nümayəndəsi heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmiş və sənədlərin təqdim edilməsi barədə tələbnamənin bir nüsxəsini götürməkdən imtina etmişdir. Qeyd olunan hal 007034 saylı aktla rəsmiləşdirilmişdir. Məhkəmə prosessual hüquq normaları ilə üzərinə düşən vəzifəni icra etməmiş, işdə olan sübutları qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova apellyasiaya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) A.Əliyev apellyasiya şikayətinə etirazını bildirərək, operativ vergi nəzarəti keçirilərkən, kənarda olduğunu bildirərək qeyd etmişdir ki, zavodu işə salmaq üçün ən azı 65 nəfər işçi tələb olunur. Operativ vergi nzəarəti həyata keçirildiyi vaxt, ümumiyyətlə, zavodu işə salmaq üçün hazırlıq işləri gedirdi. Zovodun isə problemləri çoxdur. Demək olar ki. hər gün, hətta hazırda da zavoda iş axtaranlar gəlir, işlə maraqlanır, işə girmək istəyir. Bu isə o demək deyil ki, onların hər biri zavodda işləyən şəxslərdir. Cavabdehin əməkdaşları zavoda və onun ətrafında gördüyü hər şəxsi zavodun işçisi kimi nəzərə alaraq müəssisəyə malliyyə sanksiyası tətbiq etməsi əsassızdır. Onun iştirakı olmadan, 12 nəfər şəxsin izahatı alınmadan, nə üçün gəldikləri aydınlaşdırmadan onların müəssisənin işçiləri olması qənaətinə gəlinməsi qanunsuzdur. Odur ki, cavabdehin apellyasiya şikayəti ilə razılaşmır, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: “50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi...” Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinin 01.01.2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 24 avqust 2018-ci il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq, 28 avqust 2018- ci il tarixdən 16 sentyabr 2018ci il tarixədək vergi nəzarəti həyata keçirilmiş və 13 sentyabr 2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus Gəncə şəhərində yerləşən təsərrüfat subyektində (kərpic zavodu ) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasının aşkar olunması faktına dair akt tərtib olunmuş və həmin akt əsasında da “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli qərar qəbul olunaraq iddiaçıya 12.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin iş materiallarına əsasən cavabdeh inzibati orqan tərəfindən bu sübutetmə öz təsdiqini tapmır. Birincisi, Vergi Məcəlləsinin 50.4-cü maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi operativ vergi nəzarətinə başladıqdan sonra, bu barədə vergi orqanının əsaslandırılmış qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarına əsasən isə müəyyən olunur ki, operativ vergi nəzarətinin həyata keçirilməsinə başqadıqdan dərhal sonra, vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 24 avqust 2018-ci il tarixli qərarının vergi ödəyicisi "xxxx" MMC-nin rəhbərinə və ya onun səlahiyyətli digər nümayəndəsinə təqdim edilməsi təmin edilməmişdir. Cavabdehin apellyasiya şikayətindən də göründüyü kimi, iddiaçıya məxsus təsərrüfat subyektində (kərpic zavodunda) keçirilən operativ vergi nəzarəti zamanı, qərarla tanış ediləcək şəxs olmamasını əsas gətirərək, sözügedən qərarın təqdim etmək mümkün olmadığı və bununla bağlı aktda və yoxlamanın vahid məlumat reyestrindən çıxarışda qeyd aparıldığı bildirilir və bu vergi ödəyicisinin qərarı qəbul etməsindən imtina kimi qiymətləndirilir (İ cild; iş vərəqi 71) Halbuki, Vergi Məcəlləsinin sözügedən 50.4-cü maddəsi qeyd edildiyi kimi imperativ normadır və burada başqa qayda nəzərdə tutulmamışdır. Deməli, vergi orqanı tərəfindən qeyd olunan normanın tələbləri pozulmuş olur. Belə olan halda, Vergi Məcəlləsinin 50.6-cı maddəsinin qeyd olunan tələbindən göründüyü kimi, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 49.5-ci maddəsi isə nəzərdə tutur ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Cavabdeh vergi orqanının operativ vergi nəzarətinin nəticələrinə dair iddiaçını vergi məsuliyyətinə cəlb edən 26 oktyabr 2018-ci il tarixli qərarının mahiyyətinə gəldikdə isə, həmin qərarın əsasını təşkil edən 13 sentyabr 2018-ci il tarixli aktdan görünür ki, sözügedən tarixdə iddiaçıya məxsus təsərrüfat subyektində əmək müqaviləsi olmadan aşkar olunan şəxslərin izahatları alınmamışdır. Belə olan halda, yəni, həmin aktda təsbit olunan məlumatların sübutlarla əsaslandırılmaması onların həqiqliyi və mötəbərliliyini istisna edir. İş materiallarından (məhkəmə iclas protokollarında) görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən 13.09.2018-ci il tarixli aktda və ona əlavələrdə (i.v.39-41) adıçəkilən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunmuş fiziki şəxslərdən - X2, X6, X10, X7, X11 məhkəmədə şahid qismində dindirilərkən ifadələrində zavadda işləmədiklərini, işçi tələb olunması barədə elanla əlaqədar həmin gün zavoda gəldiklərini və həmin vaxt vergi orqanının əməkdaşları tərəfindən sorğu-sual olunduqlarını bildirmişlər. Həmçinin, akta əlavədə adıçəkilən, X15 adında şəxsə münasibətdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin 25 sentyabr 2020-ci il tarixli 135 nömrəli arayışına əsasən müəyyən olunur ki, o, 17.05.2018-24.08.2018, 11.09.2018 - 29.2018-ci il tarixlərdə "xxxx" ASC-də “B.C.D.” kateqoriyalı avtobus sürücüsü işləmişdir. Göründüyü kimi, X15 başqa bir müəssisənin işçisi olduğu halda, operativ vergi nəzarətinin nəticələrinə dair 13.09.2018-ci il tarixli akt tərtib olunarkən vergi orqanı tərəfindən iddiaçının işçisi nəzərə alınmışdır. Beləliklə də mübahisələndirilən aktda və ona əlavələrdə adları göstərilən şəxslərdən 6 (altı) nəfərinin həmin müəssisnin işçiləri olması təkzib olunur. Ən azından, həmin şəxslərin iddiaçının işçiləri olması cavabdeh tərəfindən mötəbər sübutlarla təsdiq olunmur. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından burada sübutetmə yükü cavabdehin üzərinə düşür. Bu baxımdan da, məhz, mübahisələndirilən aktda və ona əlavələrdə sadalanmış, qalan, məhkəmədə dindirilməyən 6 nəfər şəxslərlə əmək müqaviləsi olmadan onlaran işlərin görülməsinə cəlb edilməsini sübutetmə yükü cavabdehin üzərinə düşsə də, həmin şəxslərin şahid qismində məhkəmədə ifadələrinin alınması üçün cavabdeh tərəfindən adekvat tədbirlər görülməmiş, məhkəməyə təqdim olunmamışlar. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçı məhkəməyə ünvanladığı 16 noyabr 2020-ci il tarixli məktubunda “31.10.2017-17.08.2018-ci il tarixələrdə MMC-nin fəaliyyəti vergi orqanının arayışı əsasında dayandırıldığını, 17.08.2018-ci il tarixdən fəaliyyəti bərpa olunduğunu və ona məxsus kərpic zavodunda avadanlıqların sazlama və təmiri üçün 18.08.2018-ci il tarixdən cəmi 4 nəfər (X12, X16, X8, X3) işçi işə götürülərək onların avqust, sentyabr və oktyabr ayları ərzində adıçəkilən işçilərlə, noyabr ayından isə əlavə bir neçə işçi işə götürülərək sazlama və təmir işlərinin davam etdirildiyi bildirilmiş və müəssisənin həmin aylar üzrə vergi orqanına təqdim etdiyi aylıq bəyannamələrdə də dövriyyə məbləğinin və əlavə dəyər vergisinin “0” olması ərizəyə əlavə edilmiş sənədlərdə öz əksini tapdığı göstərilmişdir (qoşma: 12 vərəqdə).” Tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 26 oktyabr 2018-ci il tarixdə qərarın qəbul olunmasını zəruri edən faktiki şərtlərin, o cümlədən, vergi qanunvericiliyinin tələblərini pozan təqsirli hərəkətlərinin mövcudluğu mötəbər sübutlarla təsdiq olunmur. Vergi Məcəlləsinin 53.3-cü maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edən 26 oktyabr 2018-ci il tarixli mübahisələndirilən qərarını vergi qanunvericiliyinin tələblərinə uyğun gəlməyən, cavabdehin hüquqlarını pozan inzibati akt kimi qiymətləndirir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış və iddianın təmin edilməsi barədə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin prosessual hüquq normaları ilə üzərinə düşən vəzifəni icra etmədiyini, işdə olan sübutları qiymətləndirmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2021 saylı 29.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2021 saylı 29.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar