Məhkəmə qərarları › İş №2-1(103)-562/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-562/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-562/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3160/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin mart ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 17 mart 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-3160/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 17 mart 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 31-60 faiz aralığında pozulması) təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 23 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.9 -Diaqnozun mətni: Dar. qəfəsinin sağ yarısının odlu yaralanmasındakı sonrakı vəziyyət (1993) sağ plevra boşluğunun yad cismi (güllə).; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Dar. qəfəsinin sağ yarısının odlu yaralanmasındakı sonrakı vəziyyət (1993) sağ plevra boşluğunun yad cismi (güllə).” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 23 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.8 - Döş qəfəsinin digər şö‘...; Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasından s/v.Sağ plevra boşluğunda yad cism -güllə. Xr. respirator çatışmazlığı TÇ İ dər. Nevrasteniya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin odlu silah yaralanmasından s/v” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.8 - Döş qəfəsinin digər şö...; Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasından s/v.Sağ plevra boşluğunda yad cism -güllə. Xr. respirator çatışmazlığı TÇ İ dər. Nevrasteniya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin odlu silah yaralanmasından s/v” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 23 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 - Boyun ...; Diaqnozun mətni: Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarımkürəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət (1993). Sağ plevro boşluğunda yad cism-güllə, torako sintez əməliyyatından sonrakı vəziyyət. Xroniki respirator çatmamazlıq, Mötədil ventelyasiya pozğunluğu. Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə olunmuş əməliyyatdan sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cismi. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip. Orta ağır forma.Nevrasteniya, Keçirilmiş stres fonunda yaranan astenonevrotik sindrom.Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyi.Orta ağır gedişli. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir;” səbəbi ilə imtina verilmişdir. 23 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 - Boyun ...; Diaqnozun mətni: Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarım kürəsinin odlu silah yaralanmasindan sonraki vəziyyət (1993) Xroniki respirator çatışmazlıq, Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğunluğu.Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasina görə olunmuş əməliyyatdan sonraki vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cisim. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir;” səbəbi ilə imtina verilmişdir. 23 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 - Boyun ...; Diaqnozun mətni: Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonraki vəziyyət (1993) Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cisim. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir;” səbəbi ilə imtina verilmişdir. Məhkəmə vətəndaşın göndərişində qeyd olunmuş diaqnozun təsdiq olunması ilə bağlı verilmiş ekspert rəyinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 27 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 21. Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AADQL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar edilmişdir. Daha sonra əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 892 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının zədələnməsi, hemopnevmotoraks (24.04.94), xarici tənəffüsün funksiyasının pozulması. Sağ plevral boşluğun yad cismi (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, tez yorulmadan şikayətlənmişdir. Baxış zamanı nəbzi 114 vurğu, SpO2-96%, sağ bazunun yuxarı arxa 1/3-də yumşaq toxuma çapığı izlənmiş, auskultasiyada sərt tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi hər iki tərəfdə bərabər olmuşdur. Təqdim edilmiş Səhiyyə Nazirliyi Elmi X5 İnstitutunun xx.xx.2022-ci il tarixli 3798 nömrəli Spriometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli Ventilyasiya pozğunluğu qeyd olunur. FVC-47%, FEV 1-57% kimi qeyd olunsa da, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin S00063366CFQ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı İlə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na uyğun olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi səbəbdən əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası xx.xx.2024-cü il tarixində 24 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 2. Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AAC98 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AADQL nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AAEL8 nömrəli xx.xx.2022ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin S00063366CFQ nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-8897/2023). Daha sonra vətəndaş məhkəmə qərarına və DTSERA-nın məktubuna əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərarı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü İl tarixli 892 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah kor güllə yaralanması nəticəsində döş Qəfəsinin sag yarısının zədələnməsi, hemopnevmotoraks (24.04.94), xarici tənəffüsün funksiyasının pozulması. Sağ plevral boşluğun yad cismi (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində DTSERAda əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsində ağrıdan şikayətlənmişdir. Müayinə zamanı çəkisi 117 kq, boyu 172 sm, BKİ 39,6, saturasiyası (Sp02) 97%, nəbzi 101 vurğu, tənəffüs sayı 18 müəyyənləşdirilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Sağ bazunun yuxarı 1/3-də və sol əlin arxa səthində çapıq toxumalar izlənilmiş, əlin tutma funksiyası pozulmamış, aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuş, yuxarı və aşağı ətrafda atrofiya, parez, iflic izlənilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bütün bədəndə olan ağrılardan, təngnəfəslikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2020-ci ildən yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sağ bazunun yuxarı 1/3-də çapıq, sağtərəfli torakosintezin çapığı izlənilmiş, sol dirsək oynağında 170-90 dərəcə hərəkət göstərmişdir. Vətəndaşın çəkisi 120 kq, boyu 171 sm, BKİ 41,1 müəyyənləşdirilmiş, auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası 95%, nəbzi 106 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 805 nömrəli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,84-67%, FEV1 1,83-53%. Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunur. Anamnezində gün ərzində 6-7 ədəd siqaret qəbul etdiyini qeyd etmişdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tənəffüs pozğunluğunun səbəbi bədən çəkisinin normadan artıq olması-piylənmə ilə əlaqədar olmuşdur. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən endokrin xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 2 il müddətinə 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki: - iddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü ildə qiymətləndirilmiş, səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, təkrar, 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Dar. qəfəsinin sağ yarısının odlu yaralanmasındakı sonrakı vəziyyət (1993) sağ plevra boşluğunun yad cismi (güllə). - iddiaçının əlillik vəziyyəti xx.xx.2015-ci ildə qiymətləndirilmiş, səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, təkrar, 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasından s/v. Sağ plevra boşluğunda yad cisim -güllə. Xr. respirator çatışmazlığı TÇ İ dər. Nevrasteniya. - iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, təkrar, 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasından s/v. Sağ plevra boşluğunda yad cisim -güllə. Xr. respirator çatışmazlığı TÇ İ dər. Nevrasteniya. - iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Diaqnozun mətni: Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarımkürəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət (1993). Sağ plevro boşluğunda yad cisim-güllə, torako sintez əməliyyatından sonrakı vəziyyət. Xroniki respirator çatmamazlıq, Mötədil ventelyasiya pozğunluğu. Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə olunmuş əməliyyatdan sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cismi. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip. Orta ağır forma. Nevrasteniya, Keçirilmiş stres fonunda yaranan astenonevrotik sindrom. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli. - iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Diaqnozun mətni: Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarımkürəsinin odlu silah yaralanmasindan sonrakı vəziyyət (1993) Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğunluğu. Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə olunmuş əməliyyatdan sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cisim. - iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Diaqnozun mətni: Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonraki vəziyyət (1993) Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cisim. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli T239/2023 saylı ekspert rəyində qeyd edilir: 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 - boyun... Boyun və gövdə travmalarının nəticələri, döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonrakı vəziyyət (1993), ağciyərin digər travmaları, döş qəfəsinin güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, döş qəfəsinin sağ yarısında yad cisim” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, kliniki instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qərardadda göstərilən 2 sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı hal-hazırkı sağlamlıq durumu təcili reabilitasion müalicə tələb etmir. Lakin hər hansı ağırlaşma yarandığı təqdirdə ambulator müalicəyə cəlb edilə bilər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: 6.1. Başın travmalarının nəticələri - T90 (xx.xx.2023-cü ilədək olan redaksiya – 6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi). 6.6.3. boynun və gövdənin travmalarının nəticələri (T91). İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə bir il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: Dar. qəfəsinin sağ yarısının odlu yaralanmasındakı sonrakı vəziyyət (1993) sağ plevra boşluğunun yad cismi (güllə)). Daha sonra iddiaçıya xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə bir il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: Döş qəfəsinin odlu silah yaralanmasından s/v. Sağ plevra boşluğunda yad cism -güllə. Xr. respirator çatışmazlığıTÇ İ dər. Nevrasteniya). Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə beş il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: Döş qəfəsinin odlu silah yaralanmasından s/v. Sağ plevra boşluğunda yad cism -güllə. Xr. respirator çatışmazlığıTÇ İ dər. Nevrasteniya). Daha sonra isə iddiaçıya xx.xx.2021-ci, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qərardadı ilə cavabdeh tərəfindən iddiaçı yenidən əyani müayinəyə cəlb edilsə də, cavabdeh tərəfindən xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin iş üzrə tibbi ekspertiza keçirilmiş və iddiaçı təkrar əyani olaraq məhkəmə-tibbi müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 - boyun... Boyun və gövdə travmalarının nəticələri, döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonrakı vəziyyət (1993), ağciyərin digər travmaları, döş qəfəsinin güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, döş qəfəsinin sağ yarısında yad cisim” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, kliniki instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və iddiaçıya əlillik təyin edilməsindən imtina edilən vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklər iddiaçıda mövcuddur. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və tibbi müəssisəsinin göndərişində qeyd olunan diaqnozlar iddiaçıda mövcuddur. Qeyd olunan Meyarlarda göstərilmiş xəstəliklərin iddiaçıda mövcud olması iddiaçının əyani tibbi müayinəsi nəticəsində öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh hər hansı əsaslandırma aparmadan “Diaqnoz əlillik əlaməti təyin etmir” kimi qərarlar qəbul etməklə növbəti müddətə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3160/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar