Məhkəmə qərarları › İş №2-1(103)-563/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-563/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-563/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması və ödənilməmiş ayların əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsinin bərpa edilməsi və 2020-ci ilin 06 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-6334/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-1737/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1.000 (bir min) manat miqdarında cərimə olunması və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6334/2021 saylı qərardadının ləğv olunması və həmin qərardadla müəyyən edilmiş 1000 (bir min) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və onun pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi 1 fevral 2021-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşının tamamlandığı tarixdən deyil, ona 57 yaşının tamamlandığı xx.xx.2015-ci il tarixindən yarandığı müəyyən edilib. Nəticədə iddiaçıya qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2008-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixinədək cəmi 67994,49 manat pul vəsaitinin əsassız ödənildiyi aşkar edilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq pensiya məbləğinin 1769,31 manatdan 953,00 manata azaldılıb. Həmçinin, iddiaçıya ödənilməli olan 23133,73 manat pul vəsaiti hesablanıb. Həmin 23133,73 manat vəsait iddiaçıya artıq ödənilmiş 67994,49 manatdan çıxılıb. Qalan artıq ödənilmiş 44860,76 manat pul vəsaitinin 95,30 manat hissəsi xx.xx.2023-cü il tarixində iddiaçının əmək pensiyasından tutulmuş, qalıq 44765,46 manat hissəsi isə cari ilin iyul ayından etibarən hər ay 190,27 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə 5 sentyabr 2022-ci il tarixində daxil olmuş 25 avqust 2022-ci il tarixli 02/2-2822çıx-22 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinin bərpa edilib-edilməməsi məsələsinə baxılacaqdır. Bu səbəbdən də sözügedən məhkəmə qərarının icrası üzrə müəyyən edilmiş müddətin uzadılmasını xahiş edirlər. Buna görə də məhkəmənin inzibati orqanı 1000 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyasının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 6334/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək kitabçasına əsasən “Neftqaztikinti” trestinin idarələrində işlədiyi iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-492/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1878/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-492/2018 saylı iş üzrə 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/18 saylı iş üzrə qərarı icra olunmuş, lakin sonradan iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlərinin əsaslılığı məhkəmə tərəfindən qiymətləndirilmiş və nəticədə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra inzibati iş birinci instansiya məhkəməsinə qaytarıldığı fevral 2023-cü il tarixdən etibarən hazırkı məhkəmə iclası tarixinədək bir ilə yaxın vaxt ərzində inzibati orqan tərəfindən icrası təmin edilməmiş, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmamışdır. Apelyasiya şikayətinin dəlili qismində göstərilmiş iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğunun nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsi üçün əsas deyildir. Hazırki halda belə başa düşülür ki, cavabdeh inzibati orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı bir ilə yaxın müddətdir ki, heç bir əsas olmadan, qanunsuz olaraq icra edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində, həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1000 (bir min) manat miqdarında cərimə tətbiq olunmasına dair gəldiyi nəticə qanuni və əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 6334/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6334/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar