Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-563/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ona hesablanmış 1368,85 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin Bakı Kommersiya Məhkəməsinə "Ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında **********030800 qeydiyyat nömrəli xx.xx.2023cü il tarixli ərizə daxil olmuşdur. İddiaçı bundan sonra bilib ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən ona MDSS haqları üzrə 1368,85 manat borc hesablanmışdır. O vergi qanunvericiliyinə uyğun qaydada, vergi ödəyicisi qismində cəmi 3 ay fəaliyyət göstərmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2024- cü il tarixə qədər (5 illik müddətə) sahibkarlıq fəaliyyəti və əməliyyatları rəsmi qaydada dayandırılmışdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixden xx.xx.2023-cü il tarixinə qədər vergi orqanı ilə əlaqəsi olmamış, onun xx.xx.2019-cu il tarixə DSMF-na MDSS haqları üzrə 1368,85 manat borcu olmamışdır. Hətta iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı zaman onun xx.xx.2019-cu il tarixə vergi orqanına 453,61 manat artıq ödənişi olmuşdur. Ona görə cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ona hesablanmış 1368,85 manat borc onun şəxsi hesab vərəqəsindən silinməlidir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı (VÕEN: **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 1368,86 manat əsas və 980,77 manat faiz borcu mövcuddur. Vergi ödəyicisi tərəfindən 2019-cü ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin qeyd edilməsinə baxmayaraq, 2019-cu ilin 4-cü rübü üçün MDSSTicarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəyannaməsinin (0700) təqdim edilməməsi kənarlaşmanın yaranması səbəb olmuşdur ki, bu barədə bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********266200 nömrəli ve uyğunsuzluq məktubu göndərilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üçün MDSS- Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəyannaməsi (0700) üçün 375,00 manat məbləğində sosial sığorta haqqı hesablanmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********292000 nömrəli "Elektron kameral hesablama barədə Qərar göndərilmişdir. Borcun digər hissəsinə münasibətdə isə bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. İddiaçının silinməsini tələb etdiyi borcun 605,77 manat əsas, 150,83 manat faiz borcu hissəsinə münasibətdə isə bildirilir ki, həmin borc sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019- cu il tarixdən etibarən) Vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Yəni həmin borc məbləğinin yaranmasına səbəb vergi orqanının hər hansı qərarı olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümleden cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə **********531100 nömrəli "Vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi haqqında məktub göndərilsə də vergi ödəyicisi tərəfindən həmin məlumat forması təqdim olunmadığından xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər İştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şıkayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəllənin 367.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8033/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək "cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin aktivləri barədə məlumat verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə" 10 iyun 2021-ci il tarixli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi və Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 1368,85 manat borcun İddiaçının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsi"nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı (hakim: A.Əhədova) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2021- ci il tarixli **********292000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 250 manat verginin hesablanması hissəsində və xx.xx.2021-ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilmiş, İddiaçı hesablanılmış 605.77 manat əsas borc və 150.83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qərarın iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qərarın iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-563/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırılmasına diqqət etdikdə görünür ki, məhkəmə sadəcə vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ərizəsinin müddətlərinə baxmaqla xx.xx.2021-ci il tarixli **********292000 nömrəli qərarın ləğvi ilə bağlı hissədə yekun nəticəyə gəlmiş, əlavə heç bir araşdırılma aparılmamışdır. Belə ki, məhkəmə qərarında qeyd olunanın əksinə bildirirlər ki, xx.xx.2021-ci il tarixli **********292000 nömrəli qərar 2019-cu ilin 4-cü rübü üzrə hesablamanı əhatə edir və bu hesablamada 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları nəzərə alınmışdır. Məhkəmə qərarında qeyd olunan 2020-ci ilin yanvar ayı 2020-ci ilin 1-ci rübünə aid olduğundan, hesablama dövrünə aid deyildir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixində 2019-cu ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş Sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmuş və həmin bəyannamədə vergi ödəyicisi tərəfindən 2019-cu ilin oktyabr ayı üzrə 7800 manat, noyabr ayı üzrə 8100 manat, dekabr ayı üzrə isə 7577 manat olmaqla 2019-cu ilin 4-cü rübü üzrə ümumilikdə 23477 manat dövriyyə məbləği bəyan edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2019- cu ilin oktyabr, noyabr, dekabr aylarında elektron qaimə-faktura əsasında 584,07 manat dəyərində malların alındığı da müəyyən olunmuşdur ki, bu da bir daha vergi ödəyicisinin 2019-cu ilin 4-cü rübünün hər üç ayı üzrə fəaliyyət göstərdiyini bir daha sübut edir. (Elektron qaiməfakturalar əlavə edilir) İddiaçının silinməsini tələb etdiyi borcun 605,77 manat əsas, 150,83 manat faiz borcu hissəsinə münasibətdə bildiririk ki, həmin borc sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019-cu il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmişm dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. Yəni həmin borc məbləğinin yaranmasına səbəb vergi orqanının hər hansı qərarı olmamışdır. 8 dekabr 2023-cü il tarixli Dövlət Sosial Müdafiə X8 Xidmətinə ünvanladığı məlumatda qeyd edilmişdir ki, fərdi sahibkar (sığortaedən) İddiaçı (VÖEN: **********) aid "borcun silinməsi tələbinə dair 2-1(112)-8033/2022 nömrəli inzibati iş üzrə aparılan araşdırma zamanı İddiaçı məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğlərinin olduğu aşkar edilmişdir. Sığortaedənin məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə borc məbləğləri barədə məlumatları qoşmadakı cədvəldən görünür ki: -Sığortaedənin adı: İddiaçı, VÖEN: **********, Fəaliyyət növünün kodu: 0100. Sığortaedənin xx.xx.2018-ci il tarixinə yaranmış borcu MDSSH üzrə 605,77, penya və maliyyə sanksiyası 150,83 təşkil edir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş cədvəldə vergi ödəyicisinin silinəcək borcunun 150,83 manat təşkil etdiyi qeyd edilmiş, 605,77 manat borcun silinməli olmasına dair məlumat öz əksini tapmamışdır. Həmin məktuba əsasən xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzəliş edilmiş və həmin 150,83 manat penya məbləği şəxsi hesab vərəqəsindən silinmişdir. İş materiallarına vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin əlavə olunmasına və 150,83 manat faiz borcunun silinməsinin vərəqədə öz əksini tapmasına baxmayaraq, məhkəmə kifayət qədər araşdırma aparmamış və şəxsi hesab vərəqəsində artıq mövcud olmayan bir borcun silinməsi barədə əsassız qərar qəbul etmişdir. xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərarın ləğvinə münasibətdə isə bildirirlər ki, xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə **********531100 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktub göndərilsə də vergi ödəyicisi tərəfindən həmin məlumat forması təqdim olunmadığından xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə qərarında qeyd olunmuş vergi ödəyicisinin 2021-ci ildə fəaliyyətinin aktiv olmamasına münasibətdə isə bildirirlər ki, məhkəmənin qeyd etdiyi fakt vergi ödəyicisinin uçot-baza məlumatları ilə ziddiyyət təşkil edir. Belə ki, vergi ödəyicisinin 2019-cu ilin 4-cü rübü üzrə əməliyyatları olmuş, faktiki olaraq fəaliyyət göstərmiş və hesabat təqdim etmə öhdəliyi olmuş, bu səbəbdən də Vergi Məcəlləsinin 16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli fəaliyyətinin dayandırılması barədə ərizəsi xx.xx.2019-cu il tarixindən qüvvəsini itirmiş və İddiaçı fəaliyyəti xx.xx.2019-cu il tarixdən aktivləşdirilmişdir. Qeyd olunan əməliyyatları vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2019-cu ilin 4-cü rübü üzrə təqdim olunmuş Sadələşdirilmiş vergi bəyannaməsi də sübut edir. Göründüyü kimi məhkəmənin qərarı cavabdehin xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərarın ləğvinə dair hissəsində də tamamilə qanunsuzdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin ərizə təqdim edərək, izahatında bildirdi ki, 375 manat borcla razıdır və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi hissəsində iddiadan imtina edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-563/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçının iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi hissəsindən imtinası qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, eyni zamanda iş üzrə icraata “150.83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi” hissəsində mübahisənin aradan qalxması əsası ilə xitam verilmişdir. Odur ki, məhkəmə kollegiyası hazırda xx.xx.2021-ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi və İddiaçı hesablanılmış 605.77 manat əsas borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməsi hissəsində qərarın qanuniliyini və əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından xx.xx.2021-ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi müəyyən olunmur. Belə ki, AR Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Sadalanan normalardan aydın olduğu kimi sənədlərin vergi ödəyicisinə təqdim edilməsi üçün 3 üsul müəyyən edilmişdir: 1) şəxsən, 2) poçt rabitəsi vasitəsilə 3) elektron qaydada. “Elektron imza və elektron sənəd haqqında” AR Qanununun: -1.1.5-ci maddəsinə əsasən gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. -6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. -6.4-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası”nın 3.3-cü bəndinə əsasən qanunvericiliklə sənədin möhürlə təsdiqlənməsi tələb edildikdə, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan istifadə edilir. Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanan hüquq normalarına əsasən vergi orqanı tərəfindən mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Beləliklə, mübahisələndirilən qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Həmçinin, iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi hissəsində iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sübutları tədqiq edir : -xx.xx.2021-ci il tarixli Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə **********844800 nömrəli qərarına əsasən İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. -Dövlət Sosial Müdafiə X8 Xidmətinə ünvanladığı məlumatda qeyd edilmişdir ki, fərdi sahibkar (sığortaedən) İddiaçı (VÖEN: **********) aid "borcun silinməsi tələbinə dair 2- 1(112)-8033/2022 nömrəli inzibati iş üzrə aparılan araşdırma zamanı İddiaçı məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğlərinin olduğu aşkar edilmişdir. Sığortaedənin məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə borc məbləğləri barədə məlumatları qoşmadakı cədvəldən görünür ki: -Sığortaedənin adı: İddiaçı, VÖEN: **********, Fəaliyyət növünün kodu: 0100. Sığortaedənin xx.xx.2018-ci il tarixinə yaranmış borcu MDSSH üzrə 605,77, penya və maliyyə sanksiyası 150,83 təşkil edir. - DSMF Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin “Məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” idiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********370 nömrəli bildirişdən görünür ki, xx.xx.2018ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 605.77 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150.83 manat borcunuz yaranmışdır. - DSMF Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin “Məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” idiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********122 nömrəli bildirişdən görünür ki, xx.xx.2018ci il tarixinə məcburi dövlət sosial sığorta haqqları üzrə 605.77 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150.83 manat borcunuz yaranmışdır. - Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2014-cü il tarixli **********107600 nömrəli arayışından görünür ki, vergi ödəyicisi İddiaçı Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xx/xx/2014 və Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx/xx/2019. -Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********582500 nömrəli arayışından görünür ki, vergi ödəyicisi İddiaçı Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx/xx/2018. -Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********925700 nömrəli arayışından görünür ki, vergi ödəyicisi İddiaçı Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xx/xx/2019 və Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx/xx/2024. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən öncə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 605.77 manat əsas borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi. 2) “Vergi ödəyicisinin aktivləri barədə məlumat verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə" 10 iyun 2021-ci il tarixli qərarın ləğv edilməsi; Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi dedikdə vergi ödəyicisinin vergi orqanı qarşısında maliyyə öhdəliklərinin uçotunu aparmaq məqsədilə tərtib olunan maliyyə sənədi başa düşülür. Bu vərəqədə vergi ödəyicisinin dövriyyəsi, ödədiyi vergilər, hesablamalar və qalıqlar kimi maliyyə əməliyyatları qeyd olunur. Nəzərə alınmalıdır ki, şəxsi hesab vərəqəsinin uçotu anlayışı Mühasibat uçotu standartlarında birbaşa qeyd olunmasa da, həmin standartlar vergi öhdəlikləri və digər maliyyə öhdəliklərinin uçotu mexanizmini də ehtiva edir. Belə ki, “X1 Standartlarına” (MHBS): MMUS 18 – Gəlirlər üzrə vergi uçotu standartlarında müəyyən edilmiş qaydalarla tənzimlənir. Burada müəssisəsinin vergi öhdəliklərinin uçotunun düzgün aparılması ilə bağlı qaydalar verilir. MMUS 1 - Maliyyə Hesabatlarının tərtib edilməsi: Bu standart müəssisənin maliyyə vəziyyətinə dair bütün öhdəliklərin, o cümlədən vergi öhdəliklərinin maliyyə hesabatlarında düzgün əks etdirilməsini tələb edir. Göründüyü kimi şəxsi hesab vərəqəsi vergi ödəyicisinin dövriyyəsini, ödədiyi vergilər, hesablamalar və qalıqları kimi maliyyə əməliyyatlarını əks etdirən sənəddir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının silinməsini tələb etdiyi 605,77 manat əsas borcu iddiaçının xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə yarandığı əsas gətirilərək şəxsi hesab vərəqinə işlənilmiş borcdur. Qeyd edilən borc məbləği ilə bağlı inzibati akt təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mövqeyinə görə iddiaçının xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş 605,77 manat əsas borcu olmuş, bununla bağlı nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesabat məlumatları təqdim edilmiş və eyni zamanda iddiaçıya borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixədək sığorta haqları barədə hesabatlar sözügedən borcun yarandığını bilavasitə təsdiq etmir. Belə ki, kağız daşıyıcıda çıxarılaraq iş materiallarına əlavə edilmiş hesabatlar elektron informasiya ehtiyatlarından çıxarılmış hesabatlar olmaqla nə elektron imza, nə də sadə imza və möhürlə təsdiq edilmişdir. Həmin hesabatlar hüquq münasibətlərinin yarandığı dövrü qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 1997-ci il 09 iyul tarixli 7/1 № qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında” Qaydalara görə (ləğv edilmişdir): -1. Bu təlimat “ Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondu orqanlarına məcburi dövlət sosial sığortası üzrə sığortaedənlərdən və sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqlarının hesablanması, uçotu qaydalarını və bu qaydaların pozulmasına görə məsuliyyət növlərini müəyyən edir. -2. Məcburi Dövlət sosial sığortası üzrə ödəmələrin növləri, təyin edilməsi və verilməsi şərtləri və qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə, eləcə də Azərbaycan Respublikası Konstitusiyası, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” Sosial sığorta haqqında” və digər Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları və digər normativ hüquqi aktlarla müəyyən edilir. -4. Məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. -15. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müddətləri aşağıdakı kimidir: bütün başqa sığortaedənlər eləcə də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər hər ay sonrakı ayın əvvəlində (sığortaedənin ərizəsində göstərilən gündə), lakin məcburi dövlət sosial haqqı hesablanan aydan sonrakı ayın 15-dən gec olmamaq şərtilə -20. Sığortaedənlər uçota alındığı Dövlət Sosial Müdafiə Fondu orqanına hər rüb (artan yekunla) məcburi dövlət sosial sığorta vəsaitləri üzrə hesablanmış və ödənilmiş sosial sığorta haqqı və digər daxil olan məbləğlər, eləcə də hesablanmış məcburi dövlət sosial sığorta ödəmələri məbləğləri göstərilməklə bu təlimata 1 №-li əlavəyə uyğun 1 - DSMF formalı “Məcburi dövlət sosial sığorta vəsaitləri üzrə haqq-hesab cədvəli” təqdim edirlər. Məcburi dövlət sosial sığorta haqqı və bu hesaba ödəmələr onların hesablandığı rübün haqq-hesab cədvəlində əks etdirilir. -Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli rəsmi məktubla birlikdə rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq müvafiq məsul işçi il təqdim olunur. Hesabatın rabitə orqanları vasitəsilə qəbul edilməsinə icazə verilmir, Aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Hesabatın bütün məlumatları dəqiq olmalı, bank və mühasibat sənədləri ilə düz gəlməlidir. Hesabat müəssisənin rəhbəri və baş mühasibi, həmçinin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Hesabata imza edərkən həmkarlar ittifaqları komitəsinin sədrləri sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənilən hissəsinin hesabatında düzgün əks etdirilməsinə nəzarət etməlidirlər. Düzgün tərtib olunmayan və düzəlişlər edilmiş hesabatlar qəbul edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunan hesabatlar qaydaların tələblərinə uyğun olaraq iddiaçı və onun mühasibi tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmiş, ümumiyyətlə təqdim edilən hesabatların məhz iddiaçı tərəfindən bəyan edildiyi sübuta yetirilməmişdir. Bundan əlavə, borcun ödənilməsi ilə bağlı iddiaçıya xx.xx.2018 və xx.xx.2018-ci il tarixli bildirişlər təqdim edildiyi qeyd edilsə də, həmin bildirişlərin iddiaçıya göndərilməsini və ya çatdırılmasını təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə 605,77 manat əsas borcun yarandığı və mövcud olduğu sübuta yetirilmədiyindən qeyd edilən məbləğin iddiaçının şəxsi hesab vərəqindən silinməli olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1605/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da mövqe bu cür əsaslandırılaraq qeyd edilmişdir ki:
35. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, digər növ hakimiyyət tədbiri formasında inzibati aktlar qanunda nəzərdə tutulmuş, yazılı inzibati akt olmadan inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hərəkətlər qanuni hesab edilə bilməz.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına uyğun olaraq maliyyə sanksiyasının tətbiqi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret) məsələni nizama salmaq məqsədilə iddiaçı qurum üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin maliyyə sanksiyası faktiki hərəkətlərlə həyata keçirilmişdir.
37. Bu yanaşma “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadına uyğundur.
38. Həmin qərardadda ifadə edilən mövqeyə əsasən: “İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyri iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər”.
39. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, maliyyə sanksiyasının tətbiqinə dair faktiki xarakterli hərəkət “dürüstləşdirmə” kimi qiymətləndirilə bilməz, belə ki, inzibati orqanın mütləq iradəsini əks etdirir. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır. 40.Təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 57-ci maddəsinə (Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları) əsasən maliyyə sanksiyası vergi orqanının rəhbərinin (onun müavininin) qərarı ilə tətbiq edilir. Həmçinin işin hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla aktivləri barədə məlumatın verilməməsinə görə 100 manat məbləğində maliyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Hazırkı iş üzrə iddiaçının fəaliyyəti 2021-ci il üzrə aktiv olmamaqla yanaşı barəsində şəxsi hesab vərəqinə işlənmiş xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 605.77 manat borcun mövcudluğu sübuta yetirilməmiş və həmin borcun silinməsi qərara alındığından qeyd edilən borcun ödənilmədiyi halda vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməsi kimi öhdəliyi də yaranmamış hesab olunur. Belə olan halda cavabdehin sözügedən xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərarının ləğv edilməli olması ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı yoxlanılan-xx.xx.2021-ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi və İddiaçı hesablanılmış 605.77 manat əsas borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova