Məhkəmə qərarları › İş №2-1(103)-564/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-564/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-564/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3625/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3625/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı olan tarixdən, yəni xx xxxxxxxx 2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı ildə anadan olmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx xxxx 1977-ci ildə F.E.Dzerjinski adına Volqaqrad Traktor zavodunda başlamış, xx xxxx 2010-cu il tarixinə qədər müxtəlif idarə və müəssisələrdə işləmişdir. Ümumi iş stajı 36 ildir. xx.xx.1978-ci ildə “TO-17" Armtuneltikinti müəssisəsində işə başlamış və həmin müəssisədə xx.xx.1989-cu ilə qədər orada işləmişdir, işlədiyi dövrdə yeraltı işlərin görülməsində betonçu kimi işləmişdir. Həmin dövrdə işlədiyi iş yeri zərərli istehsal sahəsi olmuşdur. Həmçinin xx.xx.1989-xx.xx.1997-ci illərdə “Azər boru” Azərbaycan Boru Yayma zavodunda işləmişdir. Bunu ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçası və müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 43 saylı arayış təsdiq edir. Arayışda qeyd edilmişdir ki, yerinə yetirdiyi peşə (təmirçiçilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbəndinin 2040400a- 18559 şifrə ilə güzəştli əmək pensiyası hüququ verir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini İdarəyə təqdim etmişdir. Cavabdeh tərəf özünün xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı məktubu ilə xahişini təmin etməmişdir. Səbəb kimi məktubda qeyd edilmişdir ki, “təqdim etdiyi xx.xx.1977-ci il tarixli əmək kitabçasının 6- 7-ci səhifələrində 8 və 9 №-li qeydlərə aid tarixlərdə sonradan düzəliş edilmiş, ümumi iş stajının artıq göstərilməsi aşkar edilmişdir". O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehə təqdim edilmiş əmək kitabçasının notariat təsdiqi imtinanın əsassız olduğunu təsdiq edir. Digər tərəfdən cavabdehin qeyd etdiyi 8-9 saylı qeydiyyatlar Ermənistan Respublikasında işlədiyi dövrə aiddir. Məlum səbəblərə görə Ermənistan Respublikasına sorğu vermək mümkün deyildir. Lakin həmin dövrdə “TO-17” Armtuneltikinti müəssisəsində onunla eyni vaxtda işləmiş X6 və Əliyev Əhəd (Aram) Əbdülkərim oğlu dediklərini təsdiq edə bilər. Həmçinin ona məxsus olan AT-İ seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, əmək kitabçasının 6-cı səhifəsində edilmiş xx.xx.1982-ci il düzəlişi düzdür. Belə olan halda cavabdehin imtinası tam əsasızdır və ona zərərli iş stajına görə 57 yaşı tamam olan tarixdə güzəştli pensiya təyin olunmalıdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir, tərəflərin məhkəmə prosesində iştirakları lazımınca təmin edilməmişdir. Belə ki, məhkəmə bu proseində tərəflərin iştirakını lazımınca təmin etməyərək işə baxaraq birtərəfli və qərəzli qərar çıxarmışdır. İddiaçı xx.xx.2019-cu ildə 3 saylı notarius Telman Mustafazadənin ofisində əmək kitabçasını notarial təsdiqini etdirmişdir. Həmin vaxt əmək kitabçasında heç bir pozuntu yox idi. Evdə yazı yazanda uşaq təsadüfən əmək kitabçasına çernil tökmüşdür, İddiaçı da məcbur olub birinci notarius T.Mustafazadədə təsdiq etdirdiyi əmək kitabçasına baxmadan əmək ictabçasının üstünə tökülmüş çernilə baxıb düzəliş edib 1 saylı notariusa getmiş əmək kitabçasını təzədən təsdiq etdirmişdir. İddiaçı səhvən xx.xx.2019-cu ildə 3 saylı notarius T.Mustafazadənin ofisində təsdiq olunmuş əmək kitabçasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək əvəzinə əmək kitabçasının üstünə tökülmüş çernilə baxıb düzəliş edib 1 saylı notariusda təsdiq etdirdiyi əmək kitabçasını göndərmişdir. Ona görə də, idarə imtina etmişdir. Bundan başqa, məhkəmə iddiaçının Rayonlararası təmir tikinti birliyində işlədiyi illəri, zərərli istehsalatda işlədiyi 1997-ci ildən-2005-ci illəri də əmək stajı kimi hesab etməkdən qanunsuz olaraq imtina etmişdir. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ermənistan, İcevan rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təstiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1978-ci il tarixədək F.E.Dzerjinski adına Volqaqrad Traktor zavodunda frez-maşinisti, xx.xx.1978-xx.xx.1987-ci il tarixədək “TO-17" Armtuneltikinti müəssisəsində beton-qarışdıran və tələbə, xx.xx.1987-xx.xx.1989cü il tarixədək İndjevan Stansiyasında quraşdırıcı, xx.xx.1989-xx.xx.1997-ci il tarixədək “Azər boru” Azərbaycan Boru Yayma təmirçi-çilingər, xx.xx.1997-xx.xx.2005-ci il tarixədək 5-ci dərəcəli elektrik-çilingər vəzifələrində işləmişdir. - Həmin əmək kitabçasının əslindən görünür ki, əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə xx.xx.1987-ci il və xx.xx.1987-ci illərdə əmək fəaliyyəti ilə ilə bağlı düzəliş edilmişdir. - “Azərboru” Azərbaycan Boru Yayma Zavodunun 43 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1997-ci il tarixədək Metallurqiya avadınlarının təmiri üzrə təmirçi-çilingər işləmişdir. - Bakı şəhər Rayonlararası Təmir-tikinti İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə qədər Bakı şəhəri rayonlararası Təmir-Tikinti İstehsalat Birliyində beşinci dərəcəli elektrik çilingər peşəsində çalışmışdır. Ştat cədvəli üzrə təzə çıxarışla 480 manat təşkil etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının xx.xx.2020ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, təqdim etdiyi x xxxx 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6- 7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək ümumi iş stajının artıq göstərilməsi aşkar görünür. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajınıa aid etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 il və ya daha çox təşkil etdiyi qənaətində olmaq mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 67-ci maddəsinin 1-ci hissəsinə görə iş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi xx.xx.2006-cı il tarixədək olan siğorta stajı əmək kitabçası əsasında müəyyən olunur. xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial siğorta haqları ödənilən dövr siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. - 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılır. - 3.6-ci maddəsinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. - 3.9-cu maddəsinə əsasən şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Qeyd olunan Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə düzəliş aparılmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciətinə əlavə etdiyi əmək kitabçasının surəti ilə məhkəməyə təqdim etdiyi əmək kitabçasının əslində həmin düzəlişlər müxtəlif cür qeyd edilmişdir. Bundan əlavə iddiaçı məhkəmə iclasında əmək kitabçasının 6-7-ci səhifələrinə uşaq tərəfindən mürəkkəb dağıldığı üçün təmizlədiyini və qeydləri düzəltdiyini, cavabdeh inzibati orqana müraciətində isə qeyd olunan düzəlişləri etiraf edərək kimin tərəfindən bu düzəlişlərin aparıldığını bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, bununla da iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3625/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar