Məhkəmə qərarları › İş №2-1(103)-564/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-564/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-564/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1789/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş **********5405 nömrəli 04 sentyabr 2020-ci il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində bildirilmişdir ki, şirkət 2017-ci ildən baytarlıq preparatlarının ölkə ərazisində satışını həyata keçirir. Fəaliyyətini korporativ standartlar üzərində quran şirkət müştərilərə keyfiyyətli xidmət göstərməyi hər zaman ən prioritet hədəf hesab etmişdir. Fəaliyyət müddətləri 3 ili əhatə etsə də, qısa müddət ərzində bir çox uğurlar əldə etmişlər. Şirkətləri qısa dövr ərzində kapitalını və işçi sayını bir neçə dəfə artırmış, həmçinin bu dövr ərzində bir sıra yerli və xarici şirkətlər ilə uzunmüddətli və dayanıqlı əlaqələr qurulmuşdur. Bir neçə xarici şirkətlərin rəsmi tərəfdaşıdırlar. Fəaliyyətə başladıqları ilk gündən vergi orqanları ilə şəffaf münasibət qurulmuşdur. Tərəflərindən hər ay təxminən 90000-100000 manat miqdarında ƏDV, hər rüb isə 94000 manat mənfəət vergisi olaraq dövlətə yergi ödənilir. İndiyədək vergi orqanları ilə heç bir problemləri yaşanmamışdır, lakin 20 iyul 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi operativ vergi nəzarətinin heyata keçirilməsi haqqında qərar qəbul edərək şirkətlərində yoxlama aparılmışdır. Qanunverciliyin tələblərinə əməl edərək vergi əməkdaşlarına bütün zəruri sənədlər təqdim edilmiş və yoxlamanın həyata keçirilməsinə lazımi şərait yaradılmışdır. Daha sonra yoxlamanı həyata keçirən vergi əməkdaşları tərəfindən 21 iyul 2020-ci il tarixli DVX 000369 seriyalı akt tərtib edilərək, şirkətlərinin ofisində olan nəzarət kassa aparatına 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək 1.744.402,31 manat nəğd pulun olmasını və bununla da Vergilər Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmasını qeyd etmişlər. Bununla bağlı şirkətlərinin nümayəndəsi vergi əməkdaşlarının diqqətinə çatdırmışdılar ki, bu vəsaitin yaranma səbəbi rayonda fəaliyyət göstərən apteklərdir. Belə ki, dərman preparatları satılan zaman tərəflərindən elektron qaimə tərtib edilərək həmin apteklərə təqdim edilmişdir. Lakin həmin dövr ərzində ölkədə pandemiya ilə bağlı həyata keçirilən xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı ölkə ərazisində vətəndaşların ölkə ərazisində hərəkəti və bankların fəaliyyətində müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı yaranan çətinliklərə görə sahibkarlar məhsulların dəyərini köçürmə yolu ilə deyil, nağd şəkildə şirkətlərə təqdim etmişlər. Məcburiyyət qarşısında qalaraq onlar da həmin vəsaiti nəğd şəklində kassaya daxil etmişlər. Bu zaman heç bir vergidən yayınma və sair qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq, vergi əməkdaşları qərəzli şəkildə barələrində **********5405 nömrəli 04 sentyabr 2020-ci il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul edilərək, 174440,23 manat vergi məsuliyyətinə cəlb edilmişlər. Hesab edirlər ki, cavabdeh təşkilatın qeyd edilən qərarı qanunvericiliyin tələblərinə ziddir və şirkətlərinin hüquqularını kobud şəkildə pozur. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 saylı qərarına əsasən İddiaçı MMC üzrə malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2296 saylı Tələbnaməsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi vergi ödəyicisindən tələb edilmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 saylı qərarına əsasən, vergi ödəyicisinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı, müəssisəyə məxsus ofisdə 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək NKA-ya 1744402,31 manat vəsaitin nağd qaydada kassaya daxil edilmiş, lakin Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Belə olan halda isə vergi orqanı tərəfindən 21.07.2020-ci il tarixli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.3, 71 və 130cu maddələrinin tələblərini pozduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 174440,23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş 21.07.2020-ci il tarixli AKT əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 04.09.2020-ci il tarixli **********5405 saylı qərar qəbul edilmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı ona təqdim olunmuş akt və digər sənədlərlə tanış olmaqdan və onları imza etməkdən imtina etmişdir. İddiaçı qeyd olunan maddənin tələbləri qaydasında aktı imzalamamasının səbəbləri kimi müəssisənin baş mühasibi X3 21.07.2020-ci il tarixli izahatında bildirmişdir ki, qeyd edilən vəsaiti nağd qaydada alındığı üçün onun tərəfindən NKA-na daxil edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarının əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1789/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərarının ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsinin ərizəsi əsasında iddiaçı "xxxx" MMC-nin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 1 744 402,31 manat məbləğində mal satılmış, lakin ödəniş vəsaitləri nağd qaydada kassaya mədaxil edilmişdir. İddiaçı bunun səbəbini pandemiya ilə əlaqələndirməyə çalışmışdır. Lakin bu əsas iddiaçıya qanunvericiliyin tələblərinin pozulmasına əsas verməməlidir. Belə ki, iddiaçının əsas fəaliyyət növü əczaçılıq mallarının topdan satışıdır və ona məxsus obyektdə malların satışı zamanı elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron-qaimə faktura verilmədən təqdim edilməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin iddiaçının pandemiya zamanı xüsusi karantin rejiminin tətbiqi ilə bağlı bankların fəaliyyətinin məhdudlaşdırılmasını əsas gətirməsi absurd yanaşmadır. Çünki, bankların fəaliyyəti məhdudlaşdırılan fəaliyyət sahəsinə daxil edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi yanlış olaraq maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb olmuş əməliyyatların pərakəndə ticarət fəaliyyəti sahəsinə aid olduğu qənaətinə gələrək tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Məhkəmə qərar qəbul edərkən mötəbər sübut kimi təkcə ekspert rəyini əsas götürmüşdür. Təqdim edilmiş ekpert rəyi işin faktiki hallarını əhatə etmədiyindən, başqa sözlə desək iddiaçıya hesablanmış maliyyə sansiyasının əsasını təşkil edən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən aparıldığından iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati iş üzrə mübahisə hesablamanın hansı qaydada aparılması yox, elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsidir. Ekspert rəyi natamamdır, çünki ekspert rəyində qeyd olunan elektron qaimə-faktura üzrə 102694,58 manat məbləğ ilə nümayəndənin təqdim etdiyi 21.07.2020-ci il tarixli arayış arasında 16411707,73 manat uyğunsuzluq aşkar olunmuş, lakin ekspertiza bu məsələni araşdırmamışdır. Ekspert rəyi yalnız nağda vəsaitin aptekə aid olmasını müəyyən etmişdir, ekspertizanın əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmanın müəyyən edilməsi məqsədilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdir. Digər tərəfdən məhkəmə sübutları qiymətləndirərkən fərdin maraqları ilə ictimai maraqlar arasında ədalət balansını gözləməmiş və tarazlığı pozmuşdur. Birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. İnzibati mübahisə üzrə təqdim edilmiş ekspertiza rəyi mötəbər hesab edilməsinə baxmayaraq həmin sübutla iş üçün əhəmiyyətli olan hallar müəyyən edilmədiyi təqdirdə əlavə araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının əsas fəaliyyət növü əczaçılıq mallarının topdan satışı olduğundan malların satışı zamanı elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 20.07.2020-ci il tarixli **********2266 nömrəli qərardan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi (ləri) üzrə 20.07.2020-ci il tarixdən 18.08.2020-ci il tarixədək (18.08.2020 tarixili daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 21.07.2020-ci il tarixli Seriya DVX 000369 nömrəli aktın təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 №-li qərarına əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektində) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı MMC-yə (VÖEN **********) operativ vergi nəzarətinin keçirilməsi zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanda "xxxx" MMC-yə məxsus ofisdə 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək NKA-ya 1744402,31 manat nağd vurulub. Vergi Məcəlləsinin 58.13 maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 174440,23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Təqdim edilmiş mal-materialların elektron qaimə-faktura və ya topdan satılması əsasında həyata keçirilməsi (satılması) tövsiyə olunur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin pozulması əsası ilə "xxxx" MMC 174440.23 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2021-ci il tarixli 9/2348 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, hazırki ekspertiza ilə mübahisələndirilən dövrə İddiaçı MMC-nin kassasında olan nağd vəsaitin (yəni 1744402,31 manatın) şirkətin nəzdində olan baytarlıq aptekinə aid olması müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə müvafiq olaraq operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə uyğun olaraq səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və yaçəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Vergi Məcəlləsinin elektron qaimə-fakturaları əhatə edən 71-1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Elektron qaimə-faktura “Onlayn rejimdə” Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər. Birinci instansiya məhkəməsi tərəfindən vergi ödəyicisində yoxlama aparılan dövrə dair 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək şirkətə məxsus olan kassa aparatında olan nağd vəsaitin hansı hissəsinin şirkətin baytarlıq aptekindən pərakəndə şəkildə satılmış mallara görə daxil olmuş vəsaitə aid olub-olmamasını araşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2021-ci il tarixli 9/2348 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında müəssisənin yoxlamanın əhatə etdiyi dövrə dair kassaya aid qəbzlər (çeklər) və baş anbardan Daxili malın aptekə çatdırılması ilə bağlı Daxili qaimələr (transfer) adlanan sənədlər əz əksini tapmışdır ki, həmin sənədlərin göstəriciləri aşağıdakı kimi olmuşdur. - Daxili qaimələr (transfer) üzrə malın dəyəri----------------------2146051,86 manat; - kassa qəbzləri üzrə dövriyyə------------------------------------------2238487,40 manat; - elektron qaimə faktura üzrə dövriyyə-------------------------------102694,58 manat. Göründüyü kimi, şirkətin kassasına daxil olan 1744402,31 manat məbləğində nağd vəsaitin tədqiqata təqdim edilmiş elektron qaimələrə əsasən daxil olması müəyyən olunmur. Belə ki, elektron qaimələrə əsasən müəyyən olunan satış dövriyyəsi 1022694,58 manat məbləğində olmuşdur. Həmçinin, həmin elektron qaimə faktura əsasında daxil olan pul vəsaitini özündə əks etdirən sənədlər və eyni zamanda həmin qaimələrdə göstərilən dövriyyənin şirkətin kassasına köçürülməsi ilə bağlı da sənədlər tədqiqata təqdim edilməmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə kassa qəbzlərindəki (çeklərindəki) satış dövriyyəsi və anbardan malın aptekə verilməsi ilə bağlı daxili qaimələrdə göstərilən malın dəyəri, mübahisələndirilən dövrə "xxxx" MMC-nin kassasına daxil olan 1744402,31 manat məbləğində nağd vəsaitdən daha artıq olmuşdur. Kassa qəbzlərindəki (çeklərindəki) satış dövriyyəsinin şirkətin nəzdindəki baytarlıq aptekinə aid olması və anbardan malın aptekə verilməsi ilə bağlı daxili qaimələrdə göstərilən malın həmin baytarlıq aptekinə verilməsi hazırkı ekspertiza ilə müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma ilə müəyyən edilmişdir ki, 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək "xxxx" MMC –yə məxsus olan kassa aparatında olan 1744402,31 manat məbləğindəndə artıq olan nağd vəsait şirkətin nəzdində olan baytarlıq aptekinə aid olmuş, pərakəndə satış qaydasında son istehlak məqsədi ilə malların alıcılara satışı zamanı əldə edilmişdir. Pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə-fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayətdir. Beləliklə, iddiaçının vergidən yayınması halları müəyyən olunmamış və cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərar qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1789/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar