Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-564/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X12, cavabdehin nümayəndələri X7 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4839/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə iddiaçının yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırımışdır “... Könüllü olaraq müharibəyə getmiş oğlu - X9, 44 gün çəkən İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən 11 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Belə ki, Füzuli rayon Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə döyüş meydanında hərbi əməliyyat nəticəsində odlu silahdan aldığı zədələrdən vəfat etmişdir. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 003209 saylı vəsiqəyə əsasən şəhid ailəsi statusu verilmişdir. Həmin vəsiqədə birbaşa göstərilir ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Şəhid ailəsi kimi yaşayış sahəsi ilə təmin edilmək məqsədilə güzəştli mənzil növbəsinə götürülməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının müraciəti baxılması və tədbir görülməsi üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Möhbalıyev tərəfindən ona verlmiş 27 sentyabr 2022- ci il tarixli məktubda bildirilmişdir ki, onun gəlini X2 2 övladı ilə birlikdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 137 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə şəhid ailələrinin güzəştli mənzil növbəsinə götürülmüş və S.Abbasova rayon icra hakimiyyətində şəhid ailəsi kimi güzəştli mənzil növbəində olduğundan onun təkrar olaraq şəhid ailələrinin güzəştli mənzil növbəsinə götrülməsi mümkün deyildir. Odur ki, Yasamal rayon İcra Hakimiyyətinə qarşı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə sərəncamın qəbul edilməsi tələbinə dair iddia qaldırmış və bu barədə Bakı İnzibati Məhkəməsi tərəfindən həmin iddiasının təmin edilməsi və İddiaçı şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması e-2-1(112)- 3182/2023 saylı xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar icra edilərək Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti onun mənzil növbəsinə götürülməsi və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi barədə 158 saylı xx.xx.2023-cü il tarixli Sərəncam qəbul etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020- 2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. Odur ki, mənzillə təmin edilməsi məqsədilə cavabdeh quruma müraciət etmiş, lakin sonuncu 02 noyabr 2023-cü il tarixli məktubu ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır) bildirmişdir ki, mənzillə şəhidin arvadı X2 təmin ediləcək və şəhidin ayrı-ayrı ailə üzvləri mənzillə təmin edilmir. Halbuki, X2 və iddiaçı ayrı-ayrılıqda Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişlər. Bundan başqa, şəhid ailəsinin yalnız bir ailə üzvünün güzəştli mənzil növbəsinə götürülməli olması qanunvericiliklə müəyyən edilməmişdir...” Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 19 dekabr 2023-cü il tarixli 5-21/2-2237/2023 nömrəli məktubda şəhid ailə üzvü İddiaçı 17 aprel 2023-cü il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. İddiaçının mənzillə təmin olunması məqsədilə 17 aprel 2023-cü il tarixli 3-17-3/1-A- 12081/2023 nömrəli ərizəsi ilə təqdim etdiyi sənədlərinə baxılarkən və Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e-2-1(112)-3182/2023 nömrəli qərarı əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2023-cü il tarixli 158 nömrəli sərəncamı ilə 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyul 2022-ci il tarixli arayışında vətəndaşın mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 97.9 kavdrat metr, yaşayış sahəsi 38.7 kvadrat metr (sökülüb) və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 195 ünvanında ümumi sahəsi 97.9 kv.m, yaşayış sahəsi 67.3 kv.m olan mənzilin olduğu (sökülüb), həmçinin, Yasamal Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyi 43 saylı MənzilKommunal İstismar sahəsinin 26 iyul 2022-ci il tarixli 135 nömrəli Forma №2 arayışına əsasən ünvan 2 ünvanında İddiaçı məxsus olan ümumi sahəsi 93,6 kv.m təşkil edən dördotaqlı 14 nömrəli mənzildə yalnız iki nəfər-iddiaçının övladı X8 və özünün qeydiyyatda olaraq yaşadıqları aşkar edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4839/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “... Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsinə yönəlik qəsdən mülki-hüquqi əqd bağlaması məhkəmə tərəfindən nəzərə alınır və iddiaçının buna yönəlik hərəkətləri məhkəmə tərəfindən hüquqi vəziyyətini qəsdən pisləşdirmə kimi qiymətləndirilməsi ilə bağlı arqumentə dair bildirilir ki, yalnız o şəxslər yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınır ki, həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə (yaşayış sahəsinə ehtiyacları olduqda) cavab versin. Uçota alınmış şəxsə isə o halda yaşayış sahəsi verilmir ki, artıq onun faktiki vəziyyətində dəyişiklik olsun və yaşayış sahəsinə olan ehtiyacı aradan qalxsın. Belə olduğu halda da, şəxs götürüldüyü uçotdan çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin iş №e-2-1(112)-3182/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı şəhid ailə üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 158 saylı xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən İddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Hər hansı bir normativ aktla cavabdeh orqanın İcra Hakimiyyəti Başçısının sərəncamı ilə məzil-uçot siyahısına salınmış şəxsin, mənzilə ehtiyacı olmaması səbəbindən mənzillə təmin etməkdən imtina edilməsi kimi bir səlahiyyəti nəzərdə tutulmuşdur. Güzəştli mənzil-uçot siyahısından çıxarılmayana qədər onun cavabdeh qurumdan mənzil tələb etmək kimi hüququ saxlanılır. O ki, qaldı ikinci arqumentə, əvvəla iddiaçının da bildirdiyi kimi sözügedən mənzil onun qızının ərinin hesabına alınmış bir mənzildir. Təqaüdçü olan iddiaçının mənzil almaq kimi bir imkanı olmamışdır. Bundan başqa, istənilən halda iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 158 saylı xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən salındığı güzəştli mənziluçot siyahısından çıxarılmayana qədər yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qalmaqda davam edir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 158 saylı xx.xx.2023cü il tarixli Sərəncamı inzibati aktdır, həmin akt ləğv edilməyənə, yaxud etibarsız hesab edilməyənə qədər ondan irəli gələn hüquq həyata keçirilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi onun qeydiyyata alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilib. Həmin qərar isə iddiaçının formal olaraq uçota salınmasını deyil, mənzillə təmin edilməsini ehtiva edir. Odur ki, əgər Azərbaycan Respublikası adından çıxarılan bir məhkəmə qərarı həmin məhkəmənin digər hakimi tərəfindən sayılmayacaqsa, iddiaçının “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə qorunan hüququ pozulacaqdır. Belə ki, Konvensiyanın 6-cı maddəsi özündə şəxsin xeyrinə çıxarılan qərarın icra edilməsini də ehtiva edir. …” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətiə uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndələri apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçının mənzillə təmin olunması üçün əsaslar mövcud olmadığında israrlı olaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. İş materiallarına əsasən iddiaçının oğlu X9, 44 gün çəkən İİ Qarabağ müharibəsində şəhid olduğu və iddiaçıya şəhid ailəsi statusu verildiyi işin mübahisəsiz halıdır. İşin tərəflər arasında mübahisələndirilən hallarına görə iddiaçı hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Yasamal İHB-nın 158 saylı xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddiaçı mənzil növbəsinə götürülərək Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi nəzərə alınaraq, o, cavabdeh tərəfindən mənzillə təmin olunmalı, cavabdeh isə iddianı qəbul etməyərək mübahisələndirir ki, iddiaçının şəhid oğlunun ailə üzvləri artıq ikiotaqlı mənzillə təmin olunmuş, digər tərəfdən anası hazırkı iddiaçının mülkiyyətində olmuş iki yaşayış evi sökülmüş və dördotaqlı yeni mənzil əldə etdiyini əsas gətirərək hesab edir ki, iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qərarında iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: “...Qanunvericilikdə şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuş və şəhid X5 ailəsi 30 noyabr 2023-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu ünvanında yerləşən mənzillə təmin olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşaya bilməməsi və ona ayrıca mənzil verilməsi barədə zəruri şərtlər və faktiki hallar mövcud olmadığına görə də iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən cavabdehin iddiaçının mənzillə təmin edilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilməməlidir...” Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi nəzərdə tutur ki, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Qeyd olunan normanın tələbi baxımından, Yasamal İcra Hakimiyyəti tərəfindən iddiaçının şəhid oğlunun həyat yoldaşı iki övladı ilə birlikdə mənzil növbəsinə götürülüb, mənzillə təmin olunduğu halda, iddiaçının bir daha şəhid ailəsi kimi, mənzil növbəsinə götürülməsi barədə iddia tələbinə Bakı İnzibati Məhkəməsi tərəfindən, qəbul olunacaq qərar Qanunun qeyd olunan 5-ci maddəsinin tələbi baxımından Sosial Xidmətlər Agentliyinin də maraqlarına toxunduğu halda, üçüncü şəxs qismində onu işə cəlb edilməli olduğu, cəlb etmədən onun iştirakı olmadan işə baxıb qəbul etdiyi - iddianın təmin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı, həmin işdə iştirak etməyə cəlb olunmayan Agentliyə münasibətdə məcburi xarakter daşıya bilməz. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İkincisi, işin mahəyətinə gəldikdə, məhkəməyə təqdim olunmuş sədənlərə əsasən iddiaçının mövcud yaşayış sahəsi şəraiti ilə bağlı aşağıdakı hallar müəyyən olunur: Cavabdehin məhkəmə sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-3/2-8060/2024 nömrəli məktubundan və “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, vətən müharibəsində şəhid olmuş X5 xx.xx.2021-ci ildən növbəyə dayanmış həyat yoldaşı X1, üç nəfər (özü və iki övladı: X13, X11) - Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 3 ünvanında ikiotaqlı mənzil verilmişdir. İşə əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı X3 xx.xx.2022-ci il tarixli 376 nömrəli və həmin tarixli 391 nömrəli arayışlarından isə görünür ki, iddiaçının mülkiyyətində ünvan 5 ünvanında 97.9 kv.metr və ünvan 6 ünvanında 97.9 kv.metr olmaqla iki mənzili olmuş, həmin mənzillər Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 514 saylı sərəncamı əsasında əvəzli sökülmüşdür. Daha sonra, işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən Bakı Şəhəri, Yasamal rayonu, X22 küçəsi 2 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən, 81.4 kv.m yaşayış sahəsi, 12.2 kv.m yardımçı sahəsi, 93.6 kv.m ümumi sahəsi olan 4 otaqlı, 14 nömrəli mənzil satın alınmış və həmin mənzil onun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. Lakin işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan, habelə, xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış “daşınmaz əmlakın bağışlanması müqavilədən” və daşınmaz əmlakın dövlət reyestrindən 159632 nömrəli çıxarışdan görünür ki, iddiaçı qeyd edilən alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və xx.xx.2014-cü il tarixində onun adına qeydiyyata alınmış, ümumi sahəsi 93.6 kv m olan həmin mənzilini, xx.xx.2022-ci il tarixdə, yəni, 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra, bağışlama müqaviləsinə əsasən öz qızı - X6 hədiyyə edərək onun mülkiyyətinə vermiş və həmin mənzil sonuncunun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Qeyd olunanlar onu göstərir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qiymətləndirilə bilməz. Çünki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında nəzərədə tutulur ki: - 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən aşılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Adıçəkilən sərəncamın mənasından göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi o halda mümükündür ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs olsunlar. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından isə görünən odur ki, iddiaçının mülkiyyətində iki mənzil olmuş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cü il tarixli 514 saylı sərəncamı əsasında müvafiq olaraq 2011-ci və 2013-cü illərdə söküldükdən sonra o, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 2 mənzil 14 ünvanında 93.6 kv.metr olan yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında almış, xx.xx.2022-ci il tarixədək mənzil onun mülkiyyətində olmuş, lakin qeyd edildiyi kimi həmin tarixdə isə əvəzsiz əqd əsasında qızı X6 hədiyyə etmiş, yalnız bundan sonra, qısa müddət sonra onun şəhid ailəsi kimi uçota götürülməsi barədə yerli icra hakimiyyəti orqanlarına müraciətlər etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciəti Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərildikdən sonra sonuncunun imtina məktubundan sonra məhkəmədə iddia qaldırmış və məhkəmə qərarı əsasında mənzil uçotuna götürüldükdən sonra, hazırki predmətlə iddianın verilməsinə əsas olmuş, ərizə ilə cavabdehə müraciət etmişdir. Qeyd edilən hallar isə onu deməyə əsas verir ki, iddiaçı mülkiyyətində mövcud olan yaşayış sahəsini bilə-bilə qızına hədiyyə edərək özgəninkiləşdirməklə öz mənzil şəraitini pisləşdirməsi onun şəhid ailəsi statusu ilə ona verilən imtiyazlardan yararlanmaq məqsədini daşımışdır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iclas prtokollarına əsasən müəyyən olunur ki, iddiaçı, şəhid ailəsinin üzvü kimi gəlininin ona verilmiş evdə birlikdə yaşmasına razılq vermədiyini, həmçinin, 2022-ci ilədək mülkiyyətində olmuş mənzili qızının vəsaiti hesabına aldığını bildirsə də, bütün bu hallar əsaslandırıcı sübutetmə vaitələri ilə təsdiq olunmur. Əslində, tədqiq edilən sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı mülkiyyətində olmuş iki yayşayış sahəsinin 2011 və 2013-cü illərdə söküldükdən bilavasitə sonra, ümumi sahəsi 93,6 kv m olan mənzil əldə etməsi və həmin mənzilin xx.xx.2022-ci il tarixədək onun mülkiyyətdində olması və orada yaşaması - bütün bunlar qızına bağışladğı həmin mənzili məhz, onun öz vəsaiti hesabına alındığının göstəricisidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində yaşayış sahəsinin ayrılma normasından bir neçə dəfə artıq yaşayış sahəsinin olmasından və sonradan, həmin yaşayış sahəsinin qəsdən özgəninkiləşdirərək hüququndan sui-istifadə kimi qiymətləndirilməsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən bağışlama barədə müqavilənin bağlandığı tarixdən növbəti beş il keçmədiyi və şəhidin ailə üzvünə birdən artıq mənzil verilməsini şərtləndirən faktiki halların sübut edilmədiyi nəzərə alınmaqla hazırkı halda iddianın təmin edilməsinin istisna edildiyini bildirən mövqeyi əsaslıdır. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qərarında xüsusilə qeyd edilən “...sosial hüquqların təmin edilməsi yönündə dövlətin publik fəaliyyəti həyata keçirməsi digər şəxslərin hüquqlarının pozulmasına yol açmamalı və cəmiyyət üzvlərinin dövlətdən qanuni gözləntilərini minimuma endirməməli oldunu vurğulamaq - hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında fərdi məsuliyyəti təşkil etməsinin və hüquqlardan sui-istifadəyə yol verilmədiyini, digərlərinə münasibətdə fərqli yanaşmanın faktiki zəruri şərtlər mövcud olmadan, inzibati orqanın icraat zamanı rəhbər tutulmalı bərabərlik və qanunçuluq prinsiplərini pozulmasına rəvac vermək imkanına yol açdığını..” ifadə edilən mövqeyi ilə də rarazışır. Beləliklə də işin tədqiq olunan sübutlarla müəyyən edilən halları və qanunvericiliyin tələbləri baxımından iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə cavabdehin imtinası qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarının qanusuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4839/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4839/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-564/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-564/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver