Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-565/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Rostov-Don şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “cavabdehin cərimələnməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-6738/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı 25.09.2020-ci il tarixdə cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və onun yanında Baş İdarənin cərimələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 25.09.2020-ci il tarixdə iddiaçıya hüquqi yardım haqqında bildiriş ünvanlanaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-nin 13-cü və 49-cu maddəsinə əsasən iddia tələbinin dəqiq və aydın olmadığı, odur ki, iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-nin 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirilməsi və əsaslandırılması təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-6738/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 01.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-6738/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır, qərardad ləğv edilməli və məhkəmə işə baxaraq onun iddia tələbini təmin etməlidir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “cavabdehin cərimələnməsinə dair iddia inzibati mübahisə qaydasında baxılan iddia olmadığından, həmçinin iddia tələbi dəqiqləşdirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi olan “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və onun yanında Baş İdarənin cərimələnməsi”nə dair iddia tələbi inzibati icraat qaydasında baxılmalı olmadığından, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmalı və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan qərardadın maddi və prosessual normaların kobud şəkildə pozularaq çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-6738/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-565/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-565/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver