Məhkəmə qərarları › İş №2-1(103)-565/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-565/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-565/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçının vəkili X24, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" MTK) qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5126/2021 saylı iş üzrə qəbul etdiyi 26 avqust 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus ünvan 1 ünvanında yerləşən 29 və 32 saylı mənzillərə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5126/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 29 saylı mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.metr olan 2 otaqlı 32 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış bina bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, 05 mart 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi (sifarişçi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin 3.1.14-cü bəndinə əsasən, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK-i tərəfindən bağlanır. Həmin müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK-i tərəfindən bağlanmalıdır. "xxxx" MMCnin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binaya, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - "xxxx" MMC ilə X6 arasında imzalanmış 22.05.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 29 nömrəli, 90 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 72.000 manat olmaqla dəyişməz olaraq qalır. - "xxxx" MMC tərəfindən verilmiş 22.05.2010-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 22.05.2010-cu il tarixli müqavilə üzrə 72.000 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 22.05.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 32 nömrəli, 94.2 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 75.831 manat olmaqla dəyişməz olaraq qalır. - "xxxx" MMC tərəfindən verilmiş 22.05.2010-cu il tarixli, kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 22.05.2010-cu il tarixli müqavilə üzrə 75.831 manat məbləğində ödəniş edilmişdir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.02.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 3 ünvanında yerləşən 29 saylı və 32 saylı mənzillərə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 25.01.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Həmçinin bildiririk ki, ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e-2(004)-866/2020 saylı qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, iş üzrə İdarə tərəf olmamış və əlavə olunan qətnamə İdarəyə daxil olmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e-2(004)- 866/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X12 və "xxxx" MMC-yə qarşı «müqavilənin və mədaxil qəbzlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC ilə X25 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 №-li mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, 134 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin mədaxil qəbzinin etibarsız hesab edilməsi, “İdeal-V" MMC ilə Topçubaşova Sevinc Cümşüd qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 №-li mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin tarixli mədaxil qəbzinin etibarsız hesab edilməsi, İddiaçı "xxxx" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 №-li mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və həmin mənzillərə köçürülməsi, “İdeal-V" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 №-li mənzil və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 №-li mənzilin İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 10.06.2021ci il tarixli 2(004)-866/2020 saylı məktubdan görünür ki, İddiaçı cavabdehlər X12 və "xxxx" MMC-yə qarşı «müqavilənin və mədaxil qəbzlərinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-866/2020 saylı 31 yanvar 2020-ci il tarixli qətnaməsi 19.03.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTKya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. - 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC). - Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, tərəfimizdən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. - Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X2 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 6 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X2 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 09 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. - Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-731/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, X32 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X4, X18, X7, X19, İddiaçı, X30, X20, X42, X1, X13, X14, X21, X11, X22, X5, X8, X9, X15, X16, "xxxx" MMMC olmaqla) qarşı “cavabdeh X17 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyətinin "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri X32 ilə bağlanılmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 7dəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, ünvan 7dəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər 3-cü şəxslər tərəfindən iddiaçı "xxxx" MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması barədə” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı iş üzrə 20.08.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nın apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, iş üzrə digər kassasiya şikayəti verilməmişdir. İddiaçı qeyd olunan mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona məxsus olan mənzillərə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC ilə X6 arasında imzalanmış 22.05.2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 29 nömrəli, 90 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, İddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 22.05.2010-cu il tarixli kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən 22.05.2010-cu il tarixli müqavilə üzrə 72.000 manat məbləğində ödəniş edilmişdir. Həmçinin "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 22.05.2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 32 nömrəli, 94.2 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, İddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 22.05.2010-cu il tarixli kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən 22.05.2010-cu il tarixli müqavilə üzrə 75.831 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, mənzil tikinti kooperativlərində olduğu kimi, hazırki iş üzrə iddiaçı müvafiq mənzillərin inşası üçün tam ödəniş etmiş, başqa sözlə, həmin mənzillərin yerləşdiyi binanın inşası üçün kapital qoymuş, yəni pay haqqı ödəmişdir. Buna görə də mənzil tikinti-kooperativinin üzvü kimi pay haqqını tam ödədiyi yaşayış sahəsinə mülkiyyət - sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüququ vardır. Qeyd edilənlərə əsasən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əlavə edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 7 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı qeyd olunan müqavilələr üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e- 2(004)-866/2020 saylı qətnaməsinə əsasən "xxxx" MMC ilə X25 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 №-li mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, 134 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin mədaxil qəbzinin etibarsız hesab edilməsi, “İdeal-V" MMC ilə Topçubaşova Sevinc Cümşüd qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 №-li mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin tarixli mədaxil qəbzinin etibarsız hesab edilməsi, İddiaçı həmin mənzillərə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və həmin mənzillərə köçürülməsi, həmin mənzillərin İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə 19.03.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qeyd olunan məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilələrin qanuniliyi və mötəbərliliyi tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilələr hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı həmin müqavilələr üzrə müvafiq mənzillərin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən onlara mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. İş üzrə üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili olaraq, "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü maddəsinə əsasən, mənzillərin yalnız "xxxx" MTK tərəfindən aparılmalı olduğundan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin ümumiyyətlə hüquqi qüvvəsinin olmadığı göstərilmişdir. Buna görə də, səlahiyyəti olmayan "xxxx" MMC ilə iddiaçı arasında bağlanan müvafiq mənzillərə dair müqavilələrin də hüquqi qüvvəsinin olmaması qeyd edilmişdir. Bu dəlilə münasibətdə kollegiya ilk öncə qeyd edir ki, iş materiallarında olan, Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-731/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK 5 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsini mübahisələndirmiş, digər tələblərlə yanaşı qeyd edilən müqavilənin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)- 783/2021 saylı 20.08.2021-ci il tarixli qətnaməsilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İş üzrə digər kassasiya şikayəti verilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı 20.08.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, “... iddiaçı ("xxxx" MTK) podratçı ("xxxx" MMC) tərəfindən müqavilə öhdəliklərinin pozulmasına istinad edərək inşası "xxxx" MMC-yə həvalə edilmiş binanın inşası başa çatdırılanadək həmin müqavilənin ləğv edilməsi barədə iddia irəli sürə bilərdi. Binanın inşası tam başa çatdıqdan və bina istismara verildikdən sonra iddiaçının həmin binanın inşası ilə əlaqədar bağlanmış podrat müqaviləsinin ləğvi barədə tələb irəli sürməsi əsassızdır.” Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə "xxxx" MTK-nın "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsini mübahisələndirmək hüququnun olmaması təsdiq edilmişdir. Eyni zamanda kollegiya vurğulayır ki, "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC arasında bağlanmış 05.03.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırki mübahisə üzrə iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqavilələri deyil, podrat müqavilələri bağlanmış, "xxxx" MMC müvafiq müqavilələrə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 32 nömrəli, 94.2 kv.m mənzili və Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 29 nömrəli, 90 kv.m mənzili tikib İddiaçı təhvil verməyi, İddiaçı isə tikilən mənzilləri qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən əşya olduğundan həmin müqavilələrə alqı-satqı qaydaları tətbiq edilə bilməz. Göründüyü kimi, apelyasiya şikayətinin qeyd edilən dəlili birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" MTK-nın apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5126/2021 saylı iş üzrə qəbul etdiyi 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar