Məhkəmə qərarları › İş №2-1(103)-565/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-565/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-565/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Nahidə Rasim qızı Həsənovanın katibliyi ilə, Üçüncü şəxs X9 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-7297/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Nizami rayon XDSİK-nin 12/1321 nömrəli xx.xx.1989-cu il tarixli qərarının ləğv edilməsi və Nizami rayon XDSİK-nin 000826 nömrəli xx.xx.1989-cu il tarixli orderinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X2 iş yeri üzrə mənzil verilməsi barədə Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, m2488 nömrəli sərəncamı, 016926 nömrəli orderi əsasında ünvan 1 ünvanında yerləşən, 44.8 kv/m sahəsi olan mənzil verilmişdir. Hamıya bəllidir ki, həmin dövrdə kütləvi şəkildə qaçqınlar və məcburi köçkünlər yaşadıqları ərazilərdən qaçqın düşərək Bakı şəhərinə məskunlaşmışlar. Həmin dövrdə ölkənin çətin sosial vəziyyəti və eyni zamanda, Prezidentin sərəncamı üzrə qaçqın və məcburi köçkünlər məskunlaşdığı evlərdən, mənzillərdən çıxarılmırdı. İddiaçının atası da vətəndaş olaraq ona məxsus mənzildə məskunlaşmış ailəni çıxarmamışdır. X5 sonra bütün məcburi köçkünlərin yenidən öz torpaqlarına qayıdacağı məlum olduqdan sonra iddiaçı atasından qalmış mənzili özəlləşdirmək istəmişdir. ünvan 3 zorla məskunlaşmış şəxslər məcburi köçkün deyil, Gürcüstandan gəlmiş Azərbaycanlılar olmuşdur. Evi sənədləşdirmək istəyərkən, həmçinin məlum olmuşdur ki, sözügedən mənzilə dair cavabdeh artıq çıxarış (qeydiyyat vəsiqəsi) da əldə etmişdir. İsayev Şakirin adına mükiyyət hüququ barədə qeydiyyatın hansı əsasla qeydə alınmasını müəyyənləşdirmək üçün verilmiş müvafiq sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli verilmiş məktubu ilə bəlli olur ki, həmin mənzilin keçmiş Nizami rayon XDSİK-nin 000826 nömrəli, xx.xx.1989-cu il tarixli orderə, Nərimanov rayon MKTB-nin 018633 və 000349 nömrəli forma-2 arayışına, X10 razılıq ərizəsinə, keçmiş Nizami rayon XDSİK-nin 12/1321 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən xx.xx.2004-cü ildə X9 adına ilkin qeydiyyata almış və hazırda onun mülkiyyətindədir. Daha əvvəl ümumi qaydada aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, mülki iş üzrə icraat zamanı müvafiq sorğular göndərilmiş və Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış, İsayev Şakirin adına qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri əldə edilmişdir. Müəyyən olmuşdur ki, qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arasında “Azərsənayetikinti” dövlət şirkətinin müvafiq orqanlara X9 ünvan 3 ünvanında yerləşən mənzili zəbt etməsi, həmin mənzilə dair onun heç bir hüququn olmaması, mənzilin onun adına qeydiyyata alınmasının qarşısının alınması və s. barədə xəbərdaredici məktublar ünvanlanmışdır. Həmin məktubda açıq-aşkar qeyd olunmuşdur ki, “Sənayetikintimexanizasiya” müəssisəsi (atasının işlədiyi müəssisə) Bakı şəhəri, Z.Bünyadov küçəsi, 58 saylı binanı öz işçiləri üçün tikir və həmin bina müəsisənin balansındadır. Həmin məktubda 1993-1994-cü illərdə mənzilin İsayev Şakirin işlədiyi müəssisədən geri alınması, İsayev və onun ailəsinin Bakı şəhəri, Z.Bünyadov küçəsi, ev 58, 80 saylı mənzilə qanunsuz olaraq pasport qeydiyyatına düşməsi barədə də qeyd vardır. “Azərsənayetikinti” dövlət şirkətinin sözügedən məktubundan da görünür ki, Bakı şəhəri, Z.Bünyadov küçəsi, 58 saylı bina “Azsantexgeliomantaj” müəsissənin balansında olmayıb. Binanı həmin müəssisə inşa etmədiyinə görə həmin müəssisənin öz işçilərinə mənzil ayırması və buna dair müvafiq sərəncamın, qərarın verilməsi də qanunsuzdur. Ona görə də keçmiş Nizami rayon XDSİK-nin 12/1321 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ləğv edilməli və Nizami rayon XDSİK- nin 000826 nömrəli, xx.xx.1989-cu il tarixli orderi etibarsız hesab edilməlidir. Həmin mənzil üzərində müliyyət hüquqları Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, m2488 nömrəli sərəncamı və 016926 nömrəli orderi ilə iddiaçının ailəsinə - atası, anası, qardaşı və özünə məxsusdur. Cavabdeh əsassız və qanunsuz olaraq Bakı şəhəri, Z.Bünyadov küçəsi, ev 58, 80 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarış əldə etdiyinə görə iddiaçı həmin evə dair öz hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir və bununla yanaşı mənzildən istifadə də edə bilmir. Ona görə də cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər - müvafiq icra hakimiyyətinin qərarı və order ləğv edilməli və mənzildə qeyri-qanuni yaşayan şəxslər mənzildən çıxarılmaqla həmin mənzil iddiaçıya qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-7297/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mümkünlük məsələsini həll edərkən iddianın mahiyyəti ilə bağlı hallara toxunmuş və dolayı yolla cavabdehin qərarını və üçüncü şəxsə verilən orderinin qanuniliyinə toxunmuşdur. Belə ki, məhkəmə qərardadında göstərir ki, “ ...Əvvəla qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd 1994-cü il olmaqla üçüncü şəxsə verilmiş 1989-cu il tarixli qərarından 5 il sonra verilmişdir. Yəni, üçüncü şəxsin hüquqmüəyyənedici sənədi daha ilkindir........ Nəhayətində qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Qeyd edilən müddəa hətta daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış əmlaka 10 il fasiləsiz və etirazsız sahiblik edən şəxsin mülkiyyət hüququnun müdafiəsini nəzərdə tutur. Hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin hüququnun əsassız qeydiyyata alındığını iddia etmiş olsa da lakin hüququn qeydiyyata alındığı 2004-cü ildən keçən 10 ildən çox müddət ərzində üçüncü şəxsin mənzilə sahiblik və istifadə etməsinə hər hansı etirazını bildirməmişdir...” məhkəmənin bu mövqeyi onun ədalətli olmadığını və işin mahiyyəti üzrə araşdırılması aparılmadan iş materiallarına qiymət verilmişdir. İddianın mümkünlüyü məsələsini həll edərkən məhkəmənin işin həllinə təsir edən, iddianın əsaslılığına və ya əsassızlığına dair ilkin mövqe nümayiş etdirməsi, iddianın əsasına ar ilə bağlı məhkəmənin mövqeyinə gəldikdə isə, hesab edir ki, məhkəmə İPM-nin 38.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavbadehin qərarı İPM-nin qəbul; edilməsindən əvvəlki dövrə təsadüf etdiyindən müddətlə bağlı İPM-nin müddəaları tətbiq oluna bilməz. Tutaq İPM-nin 38.1-ci maddəsinin müddəalarını tətbiq etsək belə, iş materiallarından da görünür ki, iddiaçı ilkin olaraq inzibati aktın ləğv edilməsi üçün inzibati orqana müraciət etmiş və imtina məktubu iddiaçıya daxil olduqdan sonra 30 gün müddət keçməmiş məhkəməyə müraciət etmişdir. MPM-nin qüvvədən düşmüş 298-ci maddəsinə münasibətdə isə məhkəmə belə qənaətə gəlmişdir ki, “Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1989-cı il tarixli qərarını qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir...” MPM-nin 298-ci maddəsi 1 ay müddətin başlanğıcını şəxsin hüquqlarının pozulduğunu bildiyi andan götürür. İddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı üçüncü şəxsin mübahisəli mənzili məcburi köçkün kimi zəbt etdiyini və həmin dövrdə məcburi köçkünlərin məskunlaşdığı evdən çıxarılmamasına dair ümummili lider Heydər Əliyevin fərmanın olmasını və 2-ci Qarabağ müharibəsindən sonra torpaqlama lınmasından sonra hüquqlarını realizə etməyə çalışdığını bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxsin özünün də etiraf etdiyi kimi 1994cü ildə tərəflər arasında mübahisənin olmuş, tərəflərin şikayəti üzrə rayon prokurorluğunda araşməhkəmənin 1994-cü ildən verilmiş hüquqi sənədə istinad edərək daşınmaz əmlaka sahiblik, istifadəyə yönəlmiş hərəkətlər etməməsinə istinad etməklə haqlı deyildir. İddiaçı həmi dövrdə hüquq- mühaizə orqanlarına müraciət etmiş və ölkədəki qaçqın və məcburi köçkün problemindən və İsayev Şakirin özünü məcburi köçkün kimi təqdim etməsindən dolayı hüquqlarını realizə edə bilməmişdir. 2-ci Qarabağ müharibəsindən sonra iddiaçı ilkin olaraq Nərimanov rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmədə işin inzibati icraat qaydasında baxılmalı olduğu yəni üçüncü şəxsin mənzilə dair çıxarış əldə etməsi müəyyən olunmuş, daha sonra çıxarışın ləğvi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş (sədrlik edən Aygün Əhədova- iş nömrəsi e-2-l(l 12)-3714/2022), sonrada Nizami İcra Hakimiyyətinin əsil cavabdeh olması müəyyən olunduqdan sonra əvvəl inzibati orqana daha sonra məhəməyə müraciət edilmişdir. Odur ki, həm İPM-nin 38.1-ci, həm də MPM-nin qüvvədən düşmüş 298-ci maddələrinin tələbləri pozulmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixə saat 10:05-ə təyin olunmuş məhkəmə iclasında iddiaçı iştirak etməməsi səbəbindən məhkəmə iclas katibi telefon əlaqəsi (Arayış iş materiallarına əlavə olunmuşdur) saxlamış, iddiaçı Gəncə şəhərində olduğunu və məhkəmə iclasının 15 mart 2023-cü il tarixə saat 16:20-yə təxirə salınarsa iştirak edəcəyini bildirmişdir.Odur ki, məhkəmə iclası 15 mart 2023-cü il tarixə saat 16:20-yə təxirə salınmış, lakin yenə də iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araştıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xətai rayonu XDS İK-nin xx.xx.1994-cü il tarixli, 016926 nömrəli orderinə əsasən M.İddiaçı 4 nəfər ailə tərkibində: Mahmudov M.C. 1957 özü, Mahmudova N.C. 1960 arvadı, İddiaçı 1979 oğlu, Mahmudov R.M. 1982 oğlu ünvan 4 ünvanında yerləşən 3 otaqlı 44,8 sahəsi olan 80 saylı mənzil verilmişdir. » İş materiallarına əlavə edilmiş AZ-İ 766210 nömrəli ölüm haqqında şəhadətnamənin suəritndən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 420 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayonu X7 İcraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 12/1321 nömrəli qərarına əsasən X12 4 nəfərdən ibarət ailə tərkibində 3 otaqlı ümumi sahəsi 44.8 kv.m olan K.Marks küçəsi, 1981 -ci məhəllə, blok B, birinci mərtəbə 80 nömrəli mənzilin verilməsi barədə Azsantexgeliomantaj müəssisəsinin müdriyyət və həmkarlar ittifaqının qərarının təsdiq edilməsi, X12 həmin mənzildə yerləşməsi üçün order verilməsi, orderə X15 - özü 1950, X16 - arvadı 1960, X11 - qızı 1986, X13 - qızı 1987 daxil edilməsi, X9 mənzil uçotundan çıxarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Nizami rayonu X7 xx.xx.1989-cu il tarixli, 000826 nömrəli orderinə əsasən 3 otaqlı ümumi sahəsi 44.8 kv.m olan K.Marks küçəsi, 1981-ci məhəllə, blok B, birinci mərtəbə 80 nömrəli mənzil X12, 4 nəfər ailə tərkibində: İsayev Ş.A. 1950 özü, İsayeva E.İ. 1960 arvadı, İsayeva F.Ş. 1985 arvadı, İsayeva A.Ş. 1987 qızı olmaqla yaşamaq üçün verilmişdir. “Azsantexneliomantaj” müəsissənin Nizami rayon X7 İcraiyyə Komitəsinə göndərdiyi xx.xx.1989-cu il tarixli məktubunda idarə müdriyyətinin, həmkarlar təşkilatının birgə iclasına dair 6 nömrəli protokolu göndərilərək, 4 nəfər ailə tərkibində X15 - özü, X16 - arvadı, X11 - qızı, X13 - qızı olmaqla X12 ümumi sahəsi 44.8 kv.m olan K.Marks küçəsi, 1981-ci məhəllə, blok B, birinci mərtəbə 80 nömrəli mənziə dair order verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin 35 saylı MənzilKommunal İstismar Sahəsinə və K.Marks prospektindəki 58 saylı evin 80 saylı mənzilində yaşayan vətəndaş Ş.A.İsayevə (surəti) ünvanladığı xx.xx.2001-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı ünvana pasport qeydiyyatına alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki. Nizami rayon XDS İK-i tərəfindən 1989-cu ildə, K.Marks prospektindəki 58 saylı evin 80 saylı mənzilində vətəndaş Ş.A.İsayevin adma 000826 saylı order verilmişdir. Qeyd olunanları nəzərə alaraq, vətəndaş Ş.A.İsayevin yaşadığı K.Marks prospektindəki 58 saylı evin 80 saylı mənzilinə pasport qeydiyyatına alınmasına köməklik göstərilməsi sizə həvalə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 138127 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 58 saylı evin 44,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 80 saylı mənzili X9 adma xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1334 reyestr kitabında 200778 səhifədə 3/200778 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, M-37-091 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə qaldırdığınız məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından məhkəmə qarşısında iddia qaldıra bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçının iddiasına görə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 58 saylı evin 44,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 80 saylı mənzili xx.xx.1994-cü il tarixli order və Xətai rayon İK-nin xx.xx.1994-cü il tarixli m-2488 nömrəli qərarı ilə onun atasına (orderdə iddiaçının adı da var) verilmişdir. „ İddiaçı sözügedən mənzilə dair üçüncü şəxs X9 adına keçmiş Nizami rayon XDSİKnin 12/1321 nömrəli xx.xx.1989-cu il tarixli qərarının ləğv edilməsi və Nizami rayon XDSİKnin 000826 nömrəli xx.xx.1989-cu il tarixli orderinin etibarsız hesab edilməsini xx.xx.2022ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin 1994-cü il tarixli orderlə ona (atasının adına ailə üzvləri ilə birlikdə) verildiyini bildirmiş, lakin keçən müddət ərzində həmin mənzilə dair üçüncü şəxsin adına 1989-cu il tarixli qərar və orderin olmasından yalnız 2021-ci ildə Nərimanov Məhkəməsində mülki işə baxılarkən xəbər tutduğunu bildirmişdir. İddiaçının ən azından ona 1994-cü ildən verilmiş hüquqi sənədə istinad edərək daşınmaz əmlaka sahiblik, istifadəyə yönəlmiş hərəkətlər etməməsi və yaxud mülkiyyət hüququnun müdafiəsi üçün müvafiq qaydada iddia qaldırmamasına əsas gətirdiyi dəlillər ağlabatan və inandırıcı hesab olunmur. Nəzərə almaq lazımdır ki, iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının hüquq pozuntusu barədə bilməli olduğu vaxt haqqında məsələ konkret işin halları nəzərə alınmaqla və mülki dövriyyənin hər bir iştirakçısının öz əmlak marağına aid ağlabatan diqqətin göstərilməsi ehtimalından irəli gələrək də həll edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə iddiaçının üçüncü şəxs barəsində olan 1989-cu il tarixli qərarının rəsmi olaraq məhz 2021-ci il tarixdə təqdim olunması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Qeyd edildiyi kimi mübahisəli mənzil daşınmaz əmlak olmaqla mülki dövriyyə obyektidir, iddiaçı ən geci 1994-cü ildə ona order verildiyi vaxt həmin mənzilə köçmək hüququ yaranmış, lakin özünün də iddia etdiyi kimi həmin tarixdə mənzilə köçmək imkanı realizə oluna bilməmişsə deməli həmin vaxt iddiaçının (mərhum atasının ailə üzvləri ilə) həmin mənzilə dair hüququnun pozulduğunu bilməli olduğu vaxtdır. İddiaçı nə 1994-cü ildən keçən 28 il ərzində, nə də həmin mənzilin üçüncü şəxsin adına özəlləşdiyi 2004-cü ildən keçən 18 il ərzində mənzilə dair hüquqla maraqlanmamış, iddia etdiyi mənzilə hüquqlarının müdafiəsi üçün iddia qaldırmamış, hüquq müstəvisində üçüncü şəxsə mübahisə açmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhər Nərimanov rayon məhkəməsində iddia qaldırması və iddia 2021-ci il tarixdə (1989-cu il tarixli qərarının rəsmi olaraq məhz 2021-ci il tarixdə iddiaçıya təqdim olunduğuna iddiaçı istinad edir.) baxılmamış saxlanması, iddiaçının bundan sonra inzibati məhkəmədə iddia qaldırması halı da yenə də onun İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməsi halını aradan qaldırmır. Sonda məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə istinad edərək göstərmişdir ki, həmçinin həmin normaya əsasən 1 ay müddətin başlanğıcı şəxsin hüquqlarının pozulduğunu bildiyi andan götürülür. Şikayətin qeyd edilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. MPM-in xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqamüddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Beləliklə, yuxarıda sadalanmış qanunvericilik normaları iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası /nzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır, Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-7297/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar