Məhkəmə qərarları › İş №2-1(103)-565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-565/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-565/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «cavabdehin iddiaçıya icarəyə verilmiş torpaq sahəsində icazə üzrə qeyri-yaşayış binasının tikintisinə müdaxiləsinin qanunsuz sayılması, cavabdehin həmin tikintiyə maneələrinin aradan qaldırması və belə əlverişsiz hərəkətləri (maneələri) etməkdən çəkinməsi»nə dair iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(112)-3552/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «qeyriyaşayış binasının tikintisinə maneələrin aradan qaldırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin iddiaçıya Bakı ŞİH-lə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqaviləsi əsasında icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan torpaq sahəsində Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı ilə icazə verilmiş qeyri-yaşayış binasının tikintisinə müdaxiləsinin qanunsuz sayılması, cavabdehin həmin tikintiyə maneələrinin aradan qaldırması və belə əlverişsiz hərəkətləri (maneələri) etməkdən çəkinməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, maddi imkanlarını yaxşılaşdırmaq məqsədilə 26 yanvar 2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və yaşadığı ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında) sahəsi 93 kv.m olan boş torpaq sahəsini qeyri-yaşayış binasının tikintisi üçün icarəyə verilməsini xahiş etmişdir. Bakı ŞİHlə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan boş torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün onun uzun müddətli icarəsinə verilmişdir. Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı ilə Bakı ŞİH tərəfindən müqavilə əsasında istifadəyə verilmiş həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Bundan sonra Bakı ŞİH yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 29 dekabr 2017-ci il tarixli 18/03-8/3662 saylı məktubu ilə Binəqədi RİH-in 14 noyabr 2017-ci il tarixli 01/12-10-11/A-50/3-149/2-t/1 saylı razılıq məktubunu nəzərə alaraq, müvafiq qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin hazırlanmış cizgi sxemini iddiaçıya göndərmişdir. İddiaçı Bakı ŞİH yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 29 dekabr 2017-ci il tarixli 18/03-8/3662 saylı məktubunu, Binəqədi RİH-in 14 noyabr 2017-ci il tarixli 01/12-10-1 l/A-50/3-149/2-t/l saylı razılıq məktubunu nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında yerləşən sahəsi 93 kv.m olan boş torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi sxeminə uyğun layihə hazırlanması üçün "xxxx" MMC-yə və “Azərdövlətlayihə” DBLİ müraciət etmişdir. Qeyri-yaşayış binasının layihəsi işlənmiş və sonradan Bakı ŞİH yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi ilə razılaşdırılmaqla “Azərdövlətlaiyihə” DBLİ tərəfindən işlənmiş layihəyə rəy vermişdir. Qeyd olunan torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə başlanan ərəfədə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxtektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikintinin aparılmasını qadağan etmiş və buna süni maneələr yaratmışdır. Mübahisəli boş torpaq sahəsinə ağaclar əkdirmişdir ki, guya həmin torpaq sahəsi yaşıllıq ərazidir, həmin ərazidə tikinti işləri aparmaq olmaz. İddiaçı Bakı ŞİH Yaşıllaşdırma İdarəsinə sonradan əkilmiş ağacların ödəniş etməklə köçrülməsi ilə əlaqədar müraciət etmişdir. Lakin cavabdeh bundan sonra da süni maneələr yaratmağı davam etdirmiş, Bakı ŞİH ilə bağlanmış müqaviləyə uyğun, Bakı şəhəri Binəqədi RİH-in sərəncamı ilə layihəsi təsdiqlənmiş qeyri-yaşayış obyektinin tikintisinə imkan verməmişdir. Dəfələrlə cavabdehə maneələrə son qoyulması üçün müraciət edilsə də, əsassız səbəblərlə müraciət cavablandırmış və qanunsuz hərəkətləri davam etdirilmişdir. Göstərilənlərə əsaslanaraq, cavabdehin və digər şəxslərin üzərinə Bakı ŞİHlə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqaviləsi əsasında icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan torpaq sahəsində Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018ci il tarixli 140 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş qeyri-yaşayış binasının tikintisinə maneələrin aradan qaldırılması, müəyyən hərəkətləri etməkdən çəkinməsi, əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında» Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Tələb onunla əsaslandırılır ki, Bakı ŞİH ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 4 saylı binanın tinində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün 31 aynvar 2018-ci il tarixli 1434 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlandığından, sözügedən ünvanda yerləşən torpaq sahəsində obyektin tikintisinə Binəqədi RİH tərəfindən 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncamı ilə icazə sənədi verildiyindən, tikinti işlərinin aparılması qanuni əsaslarla aparılır və həmin tikintiyə maneələrin törədilməsi əsassızdır. Sözügedən məsələ ilə bağlı iddiaçının nümayəndəsinin müraciətləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 iyun 2021-ci il, 3 avqust 2021-ci il, 29 oktyabr 2021-ci il və 2 sentyabr 2022-ci il tarixli məktubları ilə cavablandırılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Habelə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.18.2-ci yarımbəndinə görə 4.11.11.5-ci yarımbəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Sadalananlardan belə nəticəyə gəlmək olur ki, yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsinin ayrılması və həmin torpaq üzərində tikintiyə icazə verilməsinə dair sənədləşmə qanunvericiliyin tələblərinə uyğun deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(112)-3552/2023 saylı qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı Bakı ŞİH-lə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqaviləsi əsasında icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan torpaq sahəsində Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı ilə icazə verilmiş qeyri-yaşayış binasının tikintisinə müdaxiləsinin qanunsuz sayılması, cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin tikintiyə maneələrin aradan qaldırılması və belə əlverişsiz hərəkətləri (maneələri) etməkdən çəkinməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 4 saylı binanın tinində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün xx.xx.2018-ci il tarixli 1434 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır və sözügedən ünvanda yerləşən torpaq sahəsində obyektin tikintisinə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli 140 nömrəli sərəncamı ilə icazə sənədi verilmişdir. İddiaçı həmin tikintiyə icazə sənədi əsasında tikintiquraşdırma işlərinin aparılmasına başlamışdır. Bu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanının tələblərini pozur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci yarımbəndinə görə 4.11.11.5-ci yarımbəndində (/ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək) nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Sadalananlardan belə nəticəyə gəlmək olur ki, yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsinin üzərində tikintiyə icazə verilməsinə dair sənədləşmə qanunvericiliyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Həmin Qaydaların 2-ci hissəsinə əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamışdır. Belə ki, təqdim edilmiş sübutlarda bütün faktiki hallar göstərilməmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlər tam və hərtərəfli araşdırılmamış və sübutlar düzgün qiymətləndirilməmişdir. Sözügedən tikinti obyektinin icazəsinə dair məktub tikintiyə icazə sənədi hesab edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3552/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki: -İcarəyəverən Bakı ŞİH ilə icarəçi İddiaçı arasında 31 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4 saylı binanın tikində yerləşən müvafiq cizgidə (Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş cizgidə) göstərilən torpaq sahəsi 49 il müddətinə icarəçi İddiaçı icarəsinə verilmişdir. -Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi 18/03-8/3662 nömrəli 29 dekabr 2017-ci il tarixli məktubu ilə Binəqədi RİH-in 01/12-10-11/A-50/3-149/2-t/1 nömrəli 14 noyabr 2017-ci il tarixli məktubunu nəzərə alaraq, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində qeyri-yaşayış obyektinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair razılaşdırılmış cizgini İddiaçı göndərmişdir. -Bakı şəhəri Binəqədi RİH-in İddiaçı ünvanlanmış 8 sentyabr 2022-ci il tarixli məktubuna müvafiq (qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı) məsələ ilə əlaqədar aşağıdakılar bildirilmişdir: “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidetinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. -Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncamı ilə qərara alınmışdır ki: -“Vətəndaş İddiaçı Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi ilə İ.Dadaşov küçəsinin kəsişməsində 4 saylı binanın tinində (yol tərəfdə) yerləşən torpaq sahəsində Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırılma həlli layihəsi ("xxxx" MMC-nin işi) və şəhərsalma əsaslandırılması layihəsi (“Azərdövlətlayihə” DBLİ-nin işi) əsasında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilsin. -Tikinti işlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən qanunamüvafiq qaydada rəy alındıqdan sonra başlanılsın. -Tikinti işləri aparılarkən sahədə mühəndis kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi vətəndaş İddiaçı vəsaiti hesabına həyata keçirilsin. - Tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması vətəndaş İddiaçı tapşırılsın”. Sərəncamda vurğulanmışdır ki, İddiaçı Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi ilə İ.Dadaşov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırılma həlli layihəsi ("xxxx" MMC-nin işi) və şəhərsalma əsaslandırılması layihəsi (“Azərdövlətlayihə” DBLİ-nin işi) memarlıq hissəsi Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15 may 2017-ci il tarixli 18/03-8/1192 saylı məktubu ilə 15 may 2017-ci il tarixli 18/03-8/1203 saylı məktubları ilə razılaşdırılmış layihə əsasında Binəqədi RİH-in 3 iyul 2017-ci il tarixli 142 saylı sərəncamı ilə icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin tikintisinin ərazidə mövcud olan 3 ədəd ağacın digər əraziyə köçürülməsinin mümkünsüzlüyünü və sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Binəqədi RİH-ə müraciət edildiyindən, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi ilə İ.Dadaşov küçəsinin kəsişməsində 4 saylı binanın tinində (yol tərəfdə) yerləşən torpaq sahəsi ilə əvəzlənərək yenidən tikintisinin aparılmasına icazə verilməsi məqsədilə Binəqədi RİH-in 14 noyabr 2017-ci il tarixli 01/12- 10-1 l/A-50/3-149/2-t/l saylı məktubu ilə Bakı ŞİH-ə müraciət olunmuşdur. Həmçinin, əvəzlənmiş torpaq sahəsində (“İnterservis” ilə vətəndaş arasında bağlanılmış xx.xx.2018ci il tarixli 1434 saylı torpaq icarə müqaviləsi əsasında) tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırılma həlli layihəsi ("xxxx" MMC-nin işi) və şəhərsalma əsaslandırılması layihəsi (“Azərdövlətlayihə” DBLİ-nin işi) memarlıq hissəsi Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17 aprel 2017-ci il tarixli 18/03-8/1029 saylı və 20 aprel 2018-ci il tarixli 18/03-8/1169 saylı məktubları ilə razılaşdırılmışdır. İşdən müəyyən olunur ki, Bakı ŞİH-lə bağlanmış 31 yanvar 2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4 saylı binanın tinində yerləşən müvafiq cizgidə göstərilən torpaq sahəsi 49 il müddətinə hazırkı İddiaçı icarəsinə verilmişdir. Torpaq sahəsinin verilməsi və koordinatları Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi (hazırkı cavabdeh) ilə razılaşdırılmışdır. Bundan sonra, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla həmin torpaq sahəsində qeyriyaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı şəhəri Binəqədi RİH 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncam qəbul etmişdir. İddiaçı həmin tikintiyə başlayarkən, cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ona həmin işlərin həyata keçirilməsinə maneələr yaradılmışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırkı iddiaya qarşı məhkəməyə yazılı etirazının, o cümlədən apelyasiya şikayətinin əsas dəlili odur ki, iddiaçının apardığı tikintiyə dair müvafiq icazənin səlahiyyəti olmayan orqan tərəfindən verilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi RİH-in “qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə” 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı həmin sərəncama münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı cavabdeh müvafiq dövrdə Bakı ŞİH-in tabeliyində olarkən, iddiaçının qeyri-yaşayış sahəsi tikmək niyyəti ilə tanış olmuş, həmin qeyri-yaşayış sahəsinin tikintisinə müvafiq torpaq sahəsi ayrılmasına 29 dekabr 2017-ci il tarixli məktubla, həmin tikintinin layihələndirilməsinə dair işlənmiş şəhərsalma əsaslandırılmasına isə 17 aprel 2018-cinil tarixli məktubla razılıq vermişdir. Bundan başqa, cavabdehin istinad etdiyi «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə görə şəhər rayonu kimi Binəqədi RİH səlahiyyətli olmasa da, Bakı ŞİH tabeliyində olan Baş İdarə (hazırkı cavabdeh) vasitəsilə bu icazəyə münasibət bildirdiyindən, sözügedən Əsasnamənin həmin müddəası hazırda qüvvədə olmadığından, eləcə də qanunvericiliyin tikintiyə icazə tələb olunan obyektlərin tikintisinin müvafiq əsaslar mövcud olduğu halda dayandırılmasına dair icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını, eləcə də Şəhərsalma və Arxitektura Komitəsini (və ya onun tabeliyindəki qurumu) müəyyən etmədiyindən (Fövqəladə Hallar Nazirliyi səlahiyyətlidir), İddiaçı icarəsində olan müvafiq torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisi üzrə işləri aparmasına cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikintiyə icazənin səlahiyyətsiz orqan tərəfindən verilməsini əsas gətirməklə müdaxiləsi qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 13, 17-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1 – 3-cü hissələrinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; (75.3.2) tikinti layihəsi; (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; (75.3.4) «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.10-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Həmin Məcəllənin 75.13-cü maddəsinə əsasən tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. Həmin Məcəllənin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Həmin Məcəllənin 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: ( 92.1.1) tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; (92.1.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; (92.1.3) bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; (92.1.4) tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Həmin Məcəllənin 92.2-ci maddəsinə əsasən bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. Həmin Məcəllənin 92.3-cü maddısinə görə sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.4-cü maddəsinə görə tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: (92.4.1) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; ( 92.4.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; (92.4.3) bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; (92.4.4) bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; (92.4.5) bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4cü bəndi ilə müəyyən edilmişdir ki: - (4.7-1) həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; - (4.10) həmin Məcəllənin 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1 – 2-ci bəndlərinə əsasən Bakı ŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş və müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Əsasnamənin 4.11.11.5-ci yarımbəndi Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2023-cü il tarixli 2232 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Əsasnamənin 4.18-ci bəndinə görə bu Əsasnamənin 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər cavabdehin iddiaya dair yazılı etirazı ilə oxşar məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(112)-3552/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar