Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-565/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəliliyinə götürülmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2024 saylı 19 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qediyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngə ünvanında yerləşən ümumi sahəsi 89.0 olan 10A nömrəli 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X1 xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********26 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində İddiaçı, X4, X2 və X7 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 17-7/2-S-30055/2023 nömrəli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Vətən müharibəsi iştirakçısı kimi 80 (səksən) manat məbləğində xx.xx.2022-ci il tarixindən müddətsiz Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etmiş şəxslərin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən müvafiq qərar qəbul edildikdən sonra müraciətinizə yenidən baxılacaqdır. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə onun həmin ərazidə sosial-məişət şəraitinin yaxşılaşdırılmasından ötrü mənzillə təmin edilmə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə onun həmin ərazidə sosial-məişət şəraitinin yaxşılaşdırımasından ötrü mənzil növbəliyinə götürülmə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Hazırda Bakı şəhərində yaşayır. Subaydır. Ali təhsillidir. Azərbaycan Respublikası Dövlət X3 təhsil almışdır. X14 Xidmətinin N saylı hərbi hissəsində zabit kimi xidmət edir. Vəzifəsi mənəvi psixoloji hazırlıq üzrə müavindir. İİ Qarabağ müharibəsi zamanı Cəbrayıl və Zəngilan rayonlarında və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə igidliyə görə medalı və İİİ dərəcəli orden ilə təltif edilib. Bundan başqa Cəbrayılın işğaldan azad edilməsi medalı və vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Hazırda müharibə veteranı kimi 80 manat Prezident təqaüdü alır. Müharibədən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsində iştirak etdiyindən sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək mənzillə təmin edilməyini xahiş etmişdir. Lakin oradan aldığı cavabda onun hazırki vəziyyətdə mənzillə təmin olunmağının mümkün olmadığı və dövlət tərəfindən müvafiq qərar qəbul ediləcəyi təqdirdə müraciətinə baxılacağı bildirilmişdir. Hazırda 8 nəfər ailə üzvü ilə birlikdə 2 ha torpaq sahəsində yerləşən iki otaqlı evdə yaşayırlar. İddiaçının bundan başqa yaşamaq üçün yeri yoxdur. Çətinliklərlə üzləşirlər. 8 nəfər ailə üzvünün iki otaqlı evdə yaşaması onlara olmazın çətinliklər yaradır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda döyüşlərdə igidcəsinə iştirak etmişdir və medallar almışdır. Hesab edir ki, onun bu əməyini dövlət qiymətləndirməli və onu mənzillə təmin etməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamı məhz vətən müharibəsi iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Cavabdeh orqan tərəfindən müraciətinə baxılmadığı üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2024 saylı 19 avqust 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı onun hüquqlarını kobud şəkildə pozmaqdadır. Məhkəmə heç bir araşdırma aparmadan qanunsuz bir qərar qəbul etmişdir. Onun bir Azərbaycan vətəndaşı kimi ev növbəsinə durmaq hüququ vardır. Həmçinin hazırda xidmət edən bir zabitdir, hərbi hissə tərəfindən ona ev verilməmiş, nə də ki kirayə pulu ödənilmir. O, İİ Qarabağ müharibəsində şücayətlə döyüşdüyünə görə bir neçə medal və ordenlə təltif olunmuşdur. Hazırda müharibə veteranı kimi 80 manat Prezident təqaüdü alır. 8 nəfər ailə üzvüylə 2 sot torpaq sahəsində yerləşən iki otaqlı evdə yaşayır. Adına torpaq sahəsinin və yaxud evin olmaması barədə məhkəməyə arayış da təqdim etmişdir. Məhkəməyə təqdim etdiyi sübutlara hakim tərəfindən düzgün qiymət verilməmiş, məhkəmənin yeganə istinad etdiyi əsas onun hərbi əlil olmamağı, həm də ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu olmamağı ilə əlaqələndirmişdir. Hesab edir ki, çıxarılmış qərar ədalətsiz olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun etiraz edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin imtina məktubu xx.xx.2023-cü il tarixlidir. İddiaçının həmin məktubu nə vaxt əldə etməsi iş materialları ilə məyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı tələbi “onun mənzil növbəsinə götürülməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndində üçüncü abazasında müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-ci maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5- ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-ci maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1.3 -ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında qeyd olunmuşdur ki:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Göründüyü kimi, iddiaçının istinad etdiyi “Vətən müharibəsi iştirakçısı” kimi yaşayış sahəsi üzrə mənzil uçotuna alınma olsa da, müraciətinin hüquqi əsası- Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyətində uçota alınmış o şəxslər Vətən müharibəsi iştirakçıları mənzil və ya fərdi evlə təmin edilir ki, onlar həm də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər olsunlar. Hazırkı iş üzrə iddiaçı Vətən müharibəsi iştirakçısı, müharibə veteranı statusunda olsa da, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlili deyildir. Belə olan halda iddiaçının müharibə iştirakçısı kimi mənzil uçotuna götürülməsini tələb etməsi əsassızdır. Həmçinin hazırkı halda iddiaçı xidmətdə olan müvafiq hərbi xidmət yerinə təhkim olunmuş zabit heyətinə aid şəxs olmaqla onun yaşayış sahəsi ilə təmin edilməsi (xidməti mənzil və ya müvafiq mənzil kirayə xərci ilə) bilavasitə qulluq keçdiyi xidmət orqanına aid olduğundan və sonuncunun yaşayış yeri məhz xidmət etdiyi yer hesab olunduğundan onun xidmət etdiyi rayon inzibati ərazi vahidindən kənar qaydada Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarına uyğun ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində, nə də hazırkı halda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələbinə uyğun ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu olmadığından yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəliyinə qəbul edilmə üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2024 saylı 19 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2024 saylı 19 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev