Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-567/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq hakim kimi iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6653/2021 saylı, 08.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin və onların vəzifəli şəxslərinin iddiaçıya pensiya artımlarını düzgün hesablamamaqdan ibarət olan hərəkətlərinin və qərarlarının, müraciətlərinə cavab verməməkdən ibarət olan hərəkətlərinin qanunsuz hesab edilməsi, sonuncu əmək haqqı artımları nəzərə alınmaqla iddiaçıya 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsinin cavabdeh kimi tanınmasını və sonuncu əmək haqqı artımları nəzərə alınmaqla iddiaçıya 01.09.2019-cu il tarixdən 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən 2000-ci ilin sentyabr ayına kimi 25 ildən artıq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, 02 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Salyan rayon məhkəməsinin hakimi, 27 iyul 2007-ci ildən 13 dekabr 2010-cu ilə kimi Ağdam Hərbi məhkəməsinin hakimi, 13 dekabr 2010-cu ildən 27 iyul 2017-ci ilə kimi (faktiki 31 oktyabr 2017-ci ilə kimi) Tərtər Hərbi məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 16 il 11 ay (faktiki 17 il 1 ay) hakim vəzifəsində işləmiş, 27 iyul 2017-ci ildən hakim səlahiyyətlərinə xitam verilmişdir. 2018-ci ilin yanvar ayından ona Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən pensiya hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına görə, 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə pensiya həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmalı olduğundan DSMFnun Salyan şöbəsi tərəfindən həmin vaxt ona pensiya 30 dekabr 2005ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilən son dəyişikliklərlə hakimlərin əmək haqqları 01 sentyabr 2019-cu ildən etibarən 2 dəfədən də çox artırılmışdır. Bu dəyişiklikdən sonra 01 sentyabr 2019-cu ildən etibarən ona hesablanan pensiyanın da məbləği 2 dəfədən də çox artırılmalı idi. 30.12.2005-ci ilə kimi qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə görə əmək haqqı artımındakı sonrakı dəyişikliklər birmənalı şəkildə tam həcmdə pensiya məbləğinə şamil edilir. Lakin Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələbləri pozularaq iddiaçının pensiyası yenidən düzgün hesablanmamış, əmək haqqındakı bu artımlar pensiyasına daxil edilməmişdir. Həmin şöbə həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarının da tələbini pozmuşdur. Qərara görə hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbayjan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. 30 dekabr 2005-ci ilə kimi qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə pensiya hesablanmalı və əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən son dəyişikliklərdən sonra həmin Qanunun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilmiş və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Ali Məhkəmənin Sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; hərbi məhkəmələrin sədrlərinə Ali Məhkəmə Sədrinin vəzifə maaşının 80 faizi həcmində; hərbi məhkəmənin hakimlərinə həmin məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində vəzifə maaşı müəyyən edilmişdir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin, elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarından xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı 2.475 manat müəyyən edilmişdir. Buna müvafiq olaraq Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşı 2.475 manat, Tərtər hərbi məhkəməsi sədrinin aylıq vəzifə maaşı Ali Məhkəmə Sədrinin aylıq vəzifə maaşının 80 faizi həcmində, yəni 2.475 manat X 0,80 = 1.980 manat, Tərtər hərbi məhkəməsinin hakiminin vəzifə maaşı isə həmin məhkəmə sədrinin aylıq vəzifə maaşının 80 faizi həcmində yəni 1980 x 0,80 = 1.584 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya verilən 20 dekabr 2019-cu il tarixli 8/1299 saylı arayış da təsdiq edir ki, 01 sentyabr 2019-cu ildən etibarən Tərtər hərbi məhkəməsinin hakiminin əmək haqqı artırılmışdır. 01 sentyabr 2019-cu ildən etibarən Tərtər hərbi məhkəməsi hakiminin əmək haqqı 1.584 manatdır. Tərtər hərbi məhkəməsinin hakimlərinə də həmin Qanuna uyğun olaraq bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Vəzifə maaşına əlavə vəzifə maaşı kimi hesab edilməklə pensiya aşağıdakı qaydada hesablanmalıdır. Vəzifə maaşına əlavə vəzifə maaşı kimi nəzərə alındıqda aylıq vəzifə maaşı 1.584 + 1.584 = 3.168 manat. Vəzifə maaşına əlavə vəzifə maaşı hesab edilməklə və məhkəmə, prokurorluq orqanlarında 15 ildən artıq staja görə əlavə hesablanan 45%-i məbləğində ödənişin məbləği 3.168 manat x 0,45 = 1.425 manat. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləği 3.168 manat x 0,25 = 792 manat. Tərtər hərbi məhkəməsinin hakiminə, 15 ildən artıq iş stajına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla hesablanan orta aylıq əmək haqqı 3.168 + 1.425 + 720 = 5.385 manat, illik məzuniyyət pulu 5.385 manat x 2 = 10.770 manat. Həmin məbləğdən bir aya düşən məbləğ 10.770 manat : 12 ay = 897 manat, illik müalicə pulu 5.385 manat x 2 = 10.770 manat. Həmin məbləğdən bir aya düşən məbləğ 10.770 manat : 12 ay = 897 manat, bunlar da nəzərə alınmaqla orta aylıq əmək haqqı 3.168 + 1.425 + 720 + 897 + 897 = 7.107 manatdır. Tərtər hərbi məhkəməsi hakiminə hesablanan digər ödənişlər barədə məlumatı yoxdur. Digər ödənişlərin olması aşkar ediləcəyi təqdirdə məhkəmədən bunları da nəzərə alması xahiş olunur. İddiaçıya artımlara görə pensiya yenidən hesablanarkən Tərtər hərbi məhkəməsi hakiminin orta aylıq əmək haqqı bu məbləğdə götürülməlidir. İddiaçının hakimlik stajı 16 il 10 aydır. (faktiki 17 il 2 aydır). 10 ilə görə hesablanmalı pensiya məbləği 7.107 x 0,55 = 3.908,85 manat, 10 ildən artıq hakimlik stajının həri ili üçün 5% əlavə hesblanmalı pensiya məbləği 7.107 x 0,05 = 355,35 manat, 6 il üçün 355,35 x 6 = 2132,10 manat, 10 ay üçün əlavə hesablanmalı pensiya məbləği 355,35 : 12 x 10 = 296,12 manat, 10 ildən artıq hakimlik stajına görə, yəni 6 il 10 ay üçün hesablanmalı pensiya məbləği 2.132,10 manat + 296,12 qəp = 2.428,12 manat olmalıdır. Hesablamalarda texniki qüsurlar ola bilər. Bunlar nəzərə alındıqda, iddiaçıya hesablanmalı aylıq pensiyanın ümumi məbləği 3.908,85 manat + 2.428,12 manat = 6.337,07 manat olmalıdır. Bu orta aylıq əmək haqqının 89%-nə bərabərdir. Lakin Qanun orta aylıq əmək haqqının 80 faizindən yüksək pensiya hesablanmasına icazə vermədiyindən Qanuna görə iddiaçıya 7.107 x 0,80 = 5.685,6 manatdan az olmayan məblğdə pensiya hesablanmalıdır. Hesablamalarda texniki qüsurlar ola bilər. Qanunun tələblərinə, iddia ərizəsində göstərilənlərə əsaslanaraq hesab edir ki, 01.09.2019-cu ildən etibarən Tərtər hərbi məhkəməsinin hakiminə vəzifə maaşına əlavə kimi verilən məbləğ vəzifə maaşı hesab edilməli ona hər ay üçün 5.685,6 manatdan az olmayan məbləğdə pensiya hesablanmalı və ödənməlidir. Azərbaycan Republikasının Konstitusiyasına görə bu Qanunun geriyə qüvvəsi vardır və bu Qanunun müddəaları həmin Qanun qəbul edilməzdən qabaq pensiyaya çıxmış sabiq hakimlrə də şamil edilir. 02.09.2000-ci ilə kimi işləmiş sabiq hakimlər həmin tarixdən sonra təyin edilmiş hakimlər kimi yüksək vəzifə maaşı və əmək haqqı almamışlar. Onlara, həmçinin, ildə bir dəfə aylıq əmək haqqının iki misli həcmində məzuniyyət pulu və müalicə pulu ödənməmişdir. Lakin “Məhkəmələr və hakimlər haqqında” 30 dekabr 2005-ci ilə kimi qüvvədə olmuş Qanuna uyğun olaraq onlara işlədikləri dövrdə faktiki almadıqları və sonradan təyin edilmiş hakimlərin əmək haqlarına uyğun pensiyalar hesablanmışdır ki, bu da ədalətli və qanuni bir haldır. Lakin DSMF-nun bu işlə məşğul olan vəzifəli şəxsləri özbaşınalıq edib qanunun tələblərini pozaraq 01.09.2019-cu ildən tətbiq edilən əmək haqqı artımlarını iddiaçının pensiyasına şamil etməmişlər. Buna görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdeh kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsini göstərsə də, məhkəmə bunu formal xəta kimi qəbul edərək işə hazırda səlahiyyətli inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı baxmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4503/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-800/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-4503/2020 saylı qərardadı ləğv edilmiş, inzibati işin sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6653/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6653/2021 saylı, 08.09.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən iddiaçının aldığı pensiya yanlış göstərilmişdir. 01.09.2019-cu ildən etibarən Tərtər hərbi məhkəməsinin hakiminə vəzifə maaşına əlavə kimi verilən məbləğ vəzifə maaşı hesab edilməli və iddiaçıya hər ay üçün 5.685,6 manatdan az olmayan məbləğdə pensiya hesablanaraq ödənməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6653/2021 saylı, 08.09.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6653/2021 saylı, 08.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının tam ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20.12.2019-cu il tarixli 8/1294 saylı arayışından görünür ki, 01.09.2019-cu il tarixdən Hərbi məhkəmələrdə hakimin vəzifə maaşı 1.584 manat təşkil edir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajına görə 5 ildən 10 ilə qədər vəzifə maaşlarının 15%, 10 ildən 15 ilə qədər 30%, 15 ildən yuxarı isə 45% həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin, icrası ilə əlaqədar 01.09.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin, 01.09.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. - İddiaçıya məxsus 012610 saylı pensiya işinə əsasən DSMF-nun Salyan rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 11.01.2008-ci il tarixli qərarından görünür ki, iddiaçıya ilkin olaraq sabiq prokurorluq işçisi kimi 01.01.2008-ci il tarixdən yaşa görə 483,78 manat məbləğində əmək pensiya təyin edilmiş, 15.10.2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə 1.070,37 manat məbləğində pensiya təyin edilmiş, 01.01.2018-ci ildən sabiq hakim kimi təyin edilmiş əmək pensiyası artırılaraq 2.201,21 manat, 01.03.2018-ci ildən 2.429,80 manat, 01.09.2019-cu ildən 2.507,00 manat hesablanmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13.12.2017-ci il tarixli 8/1122 saylı arayışından görünür ki, iddiaçı Tərtər Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi 2012 - 2017-ci illərdə cəmi 183.572,48 manat (yüz səksən üç min beş yüz yetmiş iki manat 48 qəpik) əmək haqqı almışdır. - DSMF-nun Salyan rayon şöbəsinin iddiaçının müraciətinə baxılaraq ünvanladığı 13.01.2020-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği və əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 01.09.2019-cu il tarixdən vəzifə maaşı 1.584,00 manat müəyyənləşdirilmişdir. Müvafiq olaraq pensiyanın artım məbləği (1.584,00 manat aylıq vəzifə maaşı + 712,80 manat qulluq stajına görə 45% əlavə + 237,60 manat təmsilçilik xərclərinə görə 15% əlavə) x 24 ay + (4.593,60 manat məzuniyyətə çıxarkən vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət + 4.593,60 manat müalicə məqsədilə vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət) x 2 il) – 79.200 : 24 ay = 3.300,00 manat – 3.037,50 manat (artıma qədərki orta aylıq əmək haqqı) = 262,50 x 55,75% (15 ilə 50% + 5,75% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)) = 146,35 manat təşkil edir. Belə ki, 01.09.2019cu il tarixdən pensiyanın ümumi məbləği 2.507,00 manat (2.360,65 manat + 146,35 manat) təşkil edir. - Cavabdehin 06.05.2020-ci il tarixli **********1 saylı məktubundan görünür ki, iddiaçının həmin idarəyə daxil olmuş ərizəsi baxılması üçün DSMF-nun Salyan rayon şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 17 mart 2020-ci il tarixli **********6 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd etdiyi məsələ ilə əlaqədar olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən 2020-ci il 7 fevral tarixli **********5 nömrəli məktub ilə cavab verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon Şöbəsinin 07.02.2020-ci il tarixli **********5 saylı iddiaçıya ünvanlanmış aidiyyatın dəyişdirilməsi barədə məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı hal-hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən həyata keçirilir. Göstərilənlərlə əlaqədar aidiyyatı üzrə həmin idarəyə müraciət etməyi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4, 20.7, 20.7.1, 20.7.2-ci maddələrini, “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı sonuncu əmək haqqı artımları nəzərə alınmaqla 01.09.2019-cu il tarixdən 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15.05.2020-ci il tarixli Qərarına görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz, sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdehdən iddiaçıya məxsus pensiya işinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. İddiaçıya məxsus 012610 saylı pensiya işinə əsasən müəyyən edilmişdir ki, iddiaçının pensiyası son olaraq **********7 nömrəli, 06.07.2020-ci il tarixli qərara əsasən yenidən hesablanmışdır. İddiaçıya ödənilən 2.507 manat pensiya yenidən hesablanmaqla 2.664,59 manat olaraq müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarın 18-ci bəndində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı, məhkəmə kollegiyasına 5 sualdan ibarət olan yazılı vəsatətlə müraciət etmiş və bu suallara cavab verilməsi üçün onun pensiya işini aparan vəzifəli şəxsin adı, soyadı və vəzifəsi müəyyən edilməklə, həmin şəxsdən izahatlar alınmaq üçün onun, habelə pensiyasının dəqiq hesablanması üçün auditorun və ya ekspertin cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda vəsatətdə iddiaçı xahiş etmişdir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsinin deputatlarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinə pensiyalarını yenidən hesablayarkən bu şəxslərə vəzifə maaşı həcmində əlavələrin nəzərə alınıb-alınmaması barədə məhkəməyə arayış təqdim etsin. Məhkəmə kollegiyası iddiaçının vəsatətinin təmin edilməməsi qərarına gələrək hesab etmişdir ki, vəsatətdə qoyulan sualların cavablandırılması üçün iddiaçının işin materiallarına əlavə edilmiş pensiya işinin öyrənilməsi kifayətdir, bunun üçün pensiya işini aparan mütəxəssisin və ya auditorla ekspertin işə cəlb olunmasına lüzum yoxdur. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, vəsatətin Azərbaycan Respublikası Mülki Məcəlləsinin deputatlarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinin pensiyalarına aid olan hissəsində qeyd olunmuş məsəllələrin araşdırılması hazırki işin ədalətli və qanuni həlli üçün hər hansı əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6653/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-567/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-567/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver