Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-567/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1352/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki və hərbi iş stajı daxil olmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında 4 il, yəni xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinə kimi Ağdam rayon Hərbi Hospitalında hərbi xidmət keçmişdir. O cümlədən həmin hospitalın və N saylı hərbi hissənin komandiri (rəisi) vəzifəsində işləmişdir. Hal-hazırda cavabdeh tərəfindən hesablanmış pensiya məbləği köçürülür. Lakin bu məbləğ səhv hesablanmışdır. Belə ki, onun hərbi xidmət dövrləri və illər düzgün hesablanmamışdır. xx.xx.2019-cu il tarixində mülki və hərbi iş staj daxil olmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasını cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh orqan onun müraciətinə ümumiyyətlə cavab verməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışına əsasən xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-xx.xx.1978-ci illər, xx.xx.1979-xx.xx.1982-ci illər, xx.xx.1982xx.xx.1985-ci illər, xx.xx.1996-xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 20 il 4 ay 14 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14.691,24 manat, xx.xx.2006-cı il tarixindən 7.195,17 manat olmaqla ümumilikdə 21.886,41 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 163,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixinə hesablanmış yaşa görə əmək pensiyasının məbləği 259,78 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 912-13308 saylı arayışında iddiaçının döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi barədə məlumat qeyd edilməmişdir. İddiaçının tələb etdiyi xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrünün 1 xidmət gününün 2 gün olmaqla nəzərə alınaraq hesablanacağı təqdirdə xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 14 gün faktiki sığorta stajına 3 il 5 ay 29 gün əlavə edilsə belə, faktiki sığorta stajı vətəndaşa Qanunun 22- 1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək hesablanmış 25 il sığorta stajından az olduğundan pensiya məbləğində fərq yaratmayacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1352/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarına diqqət elədikdə müəyyən olunur ki, məhkəmə AR İPM-nın 12.1, 12.2 və 48.1-ci maddələrinə əsasən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamamışdır. Sədrlik edən hakim işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunur. Məhkəmədə mühasibatlıq və s. ekspertizalar keçirilməklə xidmət illəri yenidən hesablanılmalıdır. Bundan başqa məhkəmə 1992-1996-cı illər ərzində iddiaçının hərbi xidmətinin bir ayının üç ay sayılmaqla hesablanılması hüququnu nəzərə almamışdır. Belə ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsinə əsasən Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi (1 iyul 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695) ilə 2-ci bəndin “a” yarımbəndin birinci və ikinci abzaslar çıxarılmışdır) Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan normalara istinad etməmiş, xidmət illərinin hesablanılması üçün ekspertizalar təyin etmədən yalnız cavabdehin etiraz və imtina məktubunu əsas götürərək qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 03 avqust 2021-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. X1 təqdim etdiyi xx.xx.1996-cı il tarixində tərtib edilmiş İT-İ seriyalı, ******* saylı əmək kitabçasının və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışına əsasən A.Qurbanlının ümumi sığorta stajı 20 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14.691,24 manat, xx.xx.2006-cı il tarixindən 7.195,17 manat olmaqla ümumilikdə 21.886,41 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq A.Qurbanlıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 163,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixindən 200,00 manata çatdırılmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən A.Qurbanlının əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 259,78 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən A.Qurbanlıya yaşa görə əmək pensiyası hərbi xidmət dövrü də nəzərə alınmaqla qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki, Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2021-ci il tarixində daxil olmuş **********5 nömrəli xidməti məktuba Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, X6 təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışına əsasən xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976xx.xx.1978-ci illər, xx.xx.1979-xx.xx.1982-ci illər, xx.xx.1982- xx.xx.1985-ci illər, xx.xx.1996xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 20 il 4 ay 14 gün təşkil edir. Eyni zamanda vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14691,24 manat, xx.xx.2006-cı il tarixindən 7195,17 manat olmaqla ümumilikdə 21886,41 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq A.Qurbanlıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 163,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. A.Qurbanlının pensiya məbləği aşağıdakı qaydada hesablanmışdır: Qanunun 22-1.2.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək vətəndaşın sığorta stajı 25 il götürülməklə həmin tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 18063,03 manat təşkil edir:25x306=7650;7650x1,083x1,167x1,208x1,015x1,057x1,079x1,011x1,024x1,014x1,04x 1,124x1,057x1,03=18063,03;8063,03:144=125,44; 2006-cı il tarixindən 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 5539,33 manat təşkil edir: 7195,17:111,4%:116,6%=5539,33; 5539,33:144=38,47; xx.xx.2019-125,44+38,47=163,91; xx.xx.2019-200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 -233,20; xx.xx.2021-259,78. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, A.Qurbanova xx.xx.2021-ci il tarixinə hesablanmış yaşa görə əmək pensiyasının məbləği 259.78 manat müəyyən edilmişdir. Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. A.Qurbanovun təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, № 249 saylı arayışında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, №912-13308 saylı arayışında A.Qurbanovun döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi barədə məlumat qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, A.Qurbanovun tələb etdiyi xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrünün 1 xidmət gününün 2 gün olmaqla nəzərə alınaraq hesablanacağı təqdirdə xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 14 gün faktiki sığorta stajına 3 il 5 ay 29 gün əlavə edilsə belə, faktiki sığorta stajı vətəndaşa Qanunun 22- 1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək hesablanmış 25 il sığorta stajından az olduğundan pensiya məbləğində fərq yaratmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 448 saylı məktubundan görünür ki, X7 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatda olması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan iddiaçı X8 məxsus pensiya işində olan sənədlərdən görünür ki, X8 xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Nərimanov rayon idarəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışından görünür ki, 1955-ci il təvəllüdlü istefada olan polkovnik-leytenant X10 həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01192 saylı və SQ BQR-nin 42 saylı əmrlərinə əsasən xx.xx.1996-cı il tarixdə tərxis olub. İşdən görünür ki, iddiaçı mülki və hərbi iş stajı daxil olmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və müəyyən etmişdir ki, iddiaçı X8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14.691,24 manat, xx.xx.2006-cı il tarixindən 7.195,17 manat olmaqla ümumilikdə 21.886,41 manat təşkil edir. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır. İddiaçıya qeyd olunan qaydada yaşa görə əmək pensiyası təyin edilərkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinin tələblərinə əsasən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanmışdır. İddiaçının isə xx.xx.1992- xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-xx.xx.1978-ci illər, xx.xx.1979-xx.xx.1982-ci illər, xx.xx.1982- xx.xx.1985-ci illər, xx.xx.1996-xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla, xx.xx.2006cı il tarixinədək sığorta stajı ümumilikdə 20 il 4 ay 20 gün təşkil edir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976xx.xx.1978-ci illər, xx.xx.1979-xx.xx.1982-ci illər, xx.xx.1982-xx.xx.1985-ci illər, xx.xx.1996xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla, xx.xx.2006-cı il tarixinədək sığorta stajı ümumilikdə 20 il 4 ay 20 gün təşkil edir. İddiaçıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda isə iddiaçı onun 1992-1996-cı illər ərzində hərbi xidmətinin bir ayının üç ay sayılmaqla hesablanılması hüququnu nəzərə alınmadığını bildirir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, № 249 saylı arayışında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, №912-13308 saylı arayışında A.Qurbanovun döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi barədə məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1352/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-567/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-567/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver