Məhkəmə qərarları › İş №2-1(103)-567/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-567/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-567/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3634/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-12-R-253111/2023 saylı imtinasının əsassız hesab edilməsi və ona 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Hal-hazırda 62 yaşı var, 40 ilə yaxın ümumi iş stajı vardır. 24 ilini fəhlə kimi işləmiş və həmin müddətin də 16 ildən çoxu güzəştli işlərə aid edildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sənədləri xx.xx.2023-cü il tarixdə filiala təqdim edilmiş, lakin filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-253111/2023 saylı məktubu ilə imtina verilmişdir. İmtinaya səbəb kimi müəssisənin verdiyi arayışda qeyd olunan 1995-2000-ci illərdəki güzəştli iş müddəti öz təsdiqini tapmamışdır. İddiaçının müəssisəyə müraciəti əsasında ona şifahi olaraq bildirilib ki, müəssisə güzəştli arayışlarını Əmək kitabçasına arxiv sənədlərinə əsasən verir. Belə ki, iddiaçı tütün və yarpaq sexlərində müxtəlif işlərdə (tütünün qəbulu, çeşidlənməsi, yarpaqların düzülməsi, tütünkəsən, sexin yığışdırılması, təmizlənib yuyulması ve s.) işləmiş, həmin işlər sex daxilində işləyən fəhlələr arasında mütəmadi olaraq dəyişdirilib. Eyni zamanda işlədiyi dövrdə (1995-2020-ci illər) müəsisənin adı, təşkilatı hüquqi forması, idarə heyəti və s. dəyişdirilsə də, fəaliət istiqaməti indiyə qədər dəyişdirməyib. Lakin 1995- 2000-ci illər ərzində müəssisənin mülkiyətçiləri (işəgötürənlər) bir neçə dəfə dəyişib. 1995- 2000-ci illər ərzində müəssisədə cəmi 8-9 ay xammal (tütün) olmadığına görə işçilər sərbəst buraxılıb. Həmin müddətdə isə işçilərə 66 faizlə kompensasiya verilib. Qalan müddətdə isə müəssisə tam gücü ilə fəaliyyət götərib və bütün fəhlələr də işləyib. Lakin yuxarıdaki səbəblərdən bu barədə lazımı qeydlər arxivə verilməyib və ya tam verilməyib. Ona görə hesab edir ki, işəgötürənin hər hansı sənədləşmə və qeydiyyat səhvinə görə işçinin hüquqlarının məhdudlaşması doğu deyildir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı 28 07.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-253111/5/2023 nömrəli imtina məktubu verilərək bildirmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 1 gün (xx.xx.2000- xx.xx.2008-ci il, xx.xx.2016-xx.xx.2017ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcüd olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Çünki, Mərkəzi Filiala təqdim etdiyi “European Tobacco-Baku" ASC-nin 55 nömrəli 20 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində 2 nömrəli Yarpaq Tütün anbarında fəhlə, 24 05.2000-01,06.2008-ci il tarixləri arasındakı dövr ərzində Tütün sexində fəhlə, xx.xx.2008-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə Tütün sexində operator köməkçisi, xx.xx.2016- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Siqaret sexində operator və xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Tütün sexində fəhlə vəzifələrində işləmişdir. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yalnız xx.xx.2000- 01.06.200-ci il və xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində Tütün sexində işlədiyi fəhlə vəzifəsinin qeyd olunan istehsalat binalarının yığışdırıcıları ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bu fakt “European Tobacco-Baku" ASC-nin 2 oktyabr 2023- cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 1 gün (xx.xx.2000-xx.xx.2008-ci il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddia ərizəsində 1995-2000-ci illər ərzində müəssisədə xammal olmadığına görə işçilərin sərbəst buraxıldığı illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Çünki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə 02 avqust 2023- cü il tarixli 2-1(102)- 1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının “Bakı Təcrübə Eksperimental Zavodunda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997- xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999- 2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-cı maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğu bildirilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3634/2024 saylı xx.xx.2024-cü il tarixli qərar ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırkı iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir və işlədiyi illərin güzəşli işlərə aid edilməsində rəsmi sənədlərə və verilmiş ifadələrə düzgün qiymət verilməmişdir. Belə ki, onun xx.xx.1995-xx.xx.2000-ci ilərdə Yarpaq anbarında işlədiyi müddətdə əsas fəailiyəti tütünün yüklənib-boşaldılması, yarpağın doğranaraq elevatorun üzərinə düzülməsi və hər iş günün sonunda anbarın və sexin yuyulub- təmizlənməsi olmuşdur. 2000-ci ildən işdən çıxdığı vaxta qədər isə Tütün Sexində fəhlə olub. Həmin dövrdə isə sexdə fəhlə vəzifəsinə aid olan müxtəlif işləri yerinə yetirib. Qeyd edir ki, yarpaq anbarinda və tütün sexində işlədiyi müddətdə xüsusi qida ilə təmin olunmuşdur. Məsələ bundadir ki, həmin xüsusi qida bütün fəhlələrə deyil, yalnız tütün və onun komponentlərilə bilavasitə təmasda olan fəhlələrə siyahı ilə verlirdi. O vaxt Müəssisədə 100-dən çox fəhlə işləsə də, həmin xüsusi qida 60 nəfərə yaxin fəhləyə, o cümlədən ona da ümumi nahardan əlavə olaraq verilirdi. Bu hal özü onun yerinə yetirdiyi işlərin zərərli işlərə aid olduğunu sübut edən hallardan biridir. Məhkəmə iclaslarında bu barədə ifadələr verilsə də məhkəmə buna qiymət verməmişdir. Bundan başqa cavabhdeh orqanın faktiki olaraq güzşətli iş staji kimi nəzərə alıb qəbul etiyi 11 il 4 ay müddəti də məhkəmə öz qərarında nəzərə almayıb. Hesab edir ki, bu hissədə də məhkəmənin mövqeyi ədalətsiz və qeyri-dəqiqdir...” Məhkəmə kollegiyasının 19 dekabr 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi, birinci instansiya məhkəməsi tərəfindən sübutlara və vəsatətlərə düzgün hüquqi qiymət verilmədiyini, iddiaçının 11 il 4 ay güzəştli stajını belə nəzərə almadığını bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyası nəzərdə tutur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründyü kimi, ona 01 iyul 2022-ci il tarixdən, yəni, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin sonuncu redaksiysının qüvvdə olduğu vaxt, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb etmişdir. Qanunun qeyd olunan normasının tələbindən isə göründüyü kimi, o halda ümumi 65 yaş pensiya həddi 5 il azıldılmaqla pensiya təyin oluna bilər ki, şəxs 25 il ümumi, 12 il 6 ay xüsusi, yəni güzəştli, pensiya hüququ verən sığorta stajına malik olsun. İş materialları üzrə - iddiaçının iddia ərizəsinə və apellyasiya şikayətinə, habelə, cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının 01 iyul 2022-ci il tarixinə 25 ildən artıq sığorta stajı toplandığı işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı onun 1995-2020-ci illərdə “Bakı Tütün Kombinatında işlədiyi bütün dövrü güzəştli pensiya hüququ verən zərərli iş şəraitinə aid etdiyi halda, cavabdeh həmin dövr istisna olmaqla onun bu dövrün yalnız xx.xx.2000xx.xx.2008, xx.xx.2016-xx.xx.2017, və xx.xx.2017-xx.xx.2020-ci illərindən ibarət - 11 il 4 ay ayını güzəştli stajı kimi qəbul edir ki, belə olan halda da, onun pensiya hüququ verən 12 il 6 ay sığorta stajı toplanmır. Belə ki, iddiaçının işə əlavə olunmuş 14 may 1979-cu il tarixdə doldurulmasına başlanılmış ******* nömrəli əmək kitabçasının Bakı Tütün Kombinatında işlədiyi dövrü əhatə edən qeydlərinə əsasən müəyyən olunur ki, o, aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1995-xx.xx.2000: Bakı Tütün Kombinatının (hazırda "xxxx" ASC), 2 № -li yarpaq-tütün ambarında fəhlə - 4 il 10 ay 8 gün; xx.xx.2000 - xx.xx.2008: həmin kombinatın tütün sexində fəhlə - 8 il 9 gün xx.xx.2008-xx.xx.2016: tütün sexində operator köməkçisi - 7 il 8 ay 29 gün; xx.xx.2016-xx.xx.2016: tütün sexində operator – 8 ay; xx.xx.2016-xx.xx.2017: tütün sexində fəhlə - 7 ay 20 gün; xx.xx.2017-xx.xx.2020: tütün sexində fəhlə - 2 il 11 ay 19 gün. "xxxx" ASC-nin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı 107 №-li xx.xx.2024-cü il tarixli izahlı məktubunda aşağıdakıları bildirmişdir: -İddiaçı yarpaq tütün anbarında xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək işləmişdir. Yarpaq tütün anbarının fəhləsinin iş funksiyaları (vəzifə təlimatları) aşağıdakılardır: -“Müəssisənin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizamintizam qaydalarına riayət etməlidir. Fabrika daxil olan və çıxan malların yüklənməsi və boşaldılması, istehsalatın materiallarla təmin olunması, istehsalatdan materialların geri daşınması, gün ərzində anbarda olan cari işlərin yerinə yetirilməsi. Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizı normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət etməlidir. Anbarın fəaliyyətinə aid digər məsələləri həll etmək. Vəzifənin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir.” İddiaçı yarpaq tütün anbarında xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi dövrün tütün istehsalı ilə əlaqədar olmadığından güzəştli şərtlərə düşmür. Belə ki, AR NK-nin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında sırf istehsalla əlaqəli peşələr zərərli sahəyə aid edilmişdir.” Məhkəmə kollegiyası işəgötürənin qeyd olunan arayışı ilə razılaşır. Çünki, istər "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1. maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27.5.1. “a” yarımbəndində, istərsə də Nazirlər Kabinetinin həmin dövrdə qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahıda 22405010 (1) və ******* (a) kodlarının göstəricilərində - sırf tütün istehsalında çalışan fəhlələr (tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri) güzəştli pensiya hüququna malik işçilər sırasına aid edilmişlər. "xxxx" ASC-nin təqdim etdiyi 107 №-li xx.xx.2024-cü il tarixli arayış-məktubunda təsbit olunan ambar tütün fəhləsinin təlimatındakı əmək funksiyalarından (“fabrika daxil olan və çıxan malların yüklənməsi və boşaldılması, istehsalatın materiallarla təmin olunması, istehsalatdan materialların geri daşınması, gün ərzində anbarda olan cari işlərin yerinə yetirilməsi”) isə aydın görünür ki, Azərbaycan Respublikasının Nazirlələr Kabinetinin qeyd olunan qərarları ilə təsdiq edilmiş Siyahılarının adıçəkilən göstəricilərində təsbit olunan işlərin heç birinə, qəti şəkildə uyğun gəlmir. İddiaçının sırf tütün istesalı ilə bağlı fəhlə işi Kombinatın tütün sexində işlədiyi dövrlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27.5.1.“a fəhlələr” yarımbəndinə uyğun gələn - xx.xx.2000 - xx.xx.2008 (8 il 9 gün), xx.xx.2016-xx.xx.2017 (7 ay 20 gün) və xx.xx.2017-xx.xx.2020 (2 il 11 ay 9 gün) dövrələr üzrə toplanan güzəştli stajı isə cəmi, 11 il 7 ay 8 gün təşkil edir. Başqa sözlə, iddiaçının “Əmək pensiyaları haqqanda” Qanunun 9.1-ci maddəsinin tələbinə müvafiq olan, azı 12 il 6 ay güzəştli stajı mövcud deyil. Belə olan halda, cavvabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunmasının əsaslı olduğu sübuta yeririlir. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd olunması, mahiyyət etibarı ilə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edərkən işin hallarına düzgün qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3634/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3634/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar