Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-568/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3253/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2005-ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2005-ci il tarixində aylıq əmək haqqının 100 faizi əsas götürülməklə təyin olunmuş və hazırda pensiya məbləği 665 manat təşkil edir. Aylıq pensiya məbləği müəyyən edilərkən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 89-cu maddəsinin tələbləri pozulmuşdur. Əmək pensiyası keçmiş qanunla təyin edildiyindən pensiya haqqı məbləğindəki sonrakı artımlar da həmin qanunla tənzimlənməlidir. “Azneft” İB-nin arayışına əsasən eyni peşələrdə çalışan işçilərin, yəni neft və qaz hasilatı üzrə operatorların orta aylıq əmək haqqı 2015-ci ildə 1.591,74 manat, 2016-ci ildə 1.698,84 manat, 2017-ci ildə 1.815,81 manat, 2018-ci ildə isə 1.963,02 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddət ərizində təyin edildiyindən, aylıq pensiya haqqı məbləği də həmin Qanunun müddəalarına əsasən müəyyən edilməli idi. Lakin cavabdeh tərəfindən buna əməl olunmamış, bununla da həmin Qanunla nəzərdə tutulmuş hüququ pozulmuşdur. Məhkəmə sonradan qəbul edilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsaslanmaqla iddianı rədd etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin və AR Mülki Məcəlləsinin 7-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 89-cu maddəsinə əsasən, pensiyaların məbləği respublikada orta aylıq əmək haqqının yüksəlməsi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2005-ci il tarixdə 57 yaşı tamam olanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq 2003 və 2004-cü illər üzrə orta aylıq əmək haqqı cədvəli nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2015-ci ildə işdən azad olduqdan sonra Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2015-ci il tarixli sərəncamı ilə pensiyası yenidən hesablanmışdır. xx.xx.2019-cu il tarixindən pensiya məbləği 685,31 manat təşkil edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı pensiya hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddətdə əldə etmiş olsa da, xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minmiş, bu Qanunda əmək pensiyasının yenidən hesablanması qaydalarını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Belə olan halda, əmək pensiyasının hazırda yenidən hesablanmasının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həyata keçirilməsindən imtina barədə cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu qanunazidd olmamışdır. Belə ki, xx.xx.2006-cı ildən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ hüquqi akt “Əmək pensiyaları haqqında” Qanundur. Həmin Qanunun Vİİ fəsli “Əmək pensiyaların yenidən hesablanması” adlanır ki, bu da təyin edilmiş bütün pensiyaların yenidən hesablanması qaydasının hazırda qüvvədə olan norma ilə tənzimlənməsi deməkdir. Bu müstəvidə, “Əmək pensiyaları haqqında” Qanunun yalnız 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin maddə yalnız yaşa və staja münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tətbiq edilməsini nəzərdə tutduğu üçün, əmək pensiyasının məbləğinin hesablanması və yenidən hesablanması məsələlərində əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiqini özündə ehtiva etmir. Bundan əlavə, İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli sübutlara malikdir. Odur ki, pensiyanın yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin iş üzrə mövcudluğunu iddiaçı sübut etməlidir. Lakin iddia ərizəsindən, apellyasiya şikayətindən və işin digər materiallarından məlum olur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən əvvəl qüvvədə olan qanunvericilik aktının müddəalarına istinad etməklə İPM-in ona aid etdiyi vəzifələrin onun tərəfindən yerinə yetirildiyi qənaətindədir. Halbuki, indiki iddianın qaldırılması üçün iddiaçı ona hansı tarixdə hansı pensiyanın hansı qaydada hansı məbləğdə təyin edildiyini, əslində isə hansı tarixdə hansı qaydada hansı pensiyanın hansı məbləğdə təyin edilməli olduğunu konkret olaraq göstərməli, bununla bağlı dəlillərini və əsaslandırmasını təqdim etməli idi ki, müqayisədə onun hansı hüquqlarının pozulduğu Məhkəmə tərəfindən düzgün anlaşılaraq, araşdırma da bu istiqamətdə aparılsın. İddia bu qaydada əsaslandırılmamışdır. İşdən isə aşkar olunur ki, iddiaçı əmək pensiyasının əvvəllər qüvvədə olmuş qaydada yenidən hesablanmaması ilə əlaqədar onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyəsinin sübut olunması arzusu ilə Məhkəməyə müraciət etmişdir. Bütün bunlar da özlüyündə İPM-in 14.3-cü maddəsinin birinci cümləsində təsbit olunan şərtlərə iddiaçı tərəfindən əməl edilməməsi deməkdir. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən və bununla bağlı zəruri sayılan sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və Məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. Həmin normaya görə, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bu məqamda, məhkəmə kollegiyası həm də qeyd edir ki, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması və 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsi prinsipləri Məhkəmənin tərəflərin yerinə keçərək, onların əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-1-ci maddəsinə əsasən, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Göründüyü kimi, 2011-ci ilin iyulun 1-dən artıq 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyanın hesablamasının (yenidən hesablamasının) yeni prosedur qaydası müəyyənləşdirilmiş və iddiaçının istinad etdiyi normaların tətbiqi artıq öz mahiyyətini və mənasını itirmişdir. Eyni zamanda, xx.xx.2017-ci il tarixli 543-VQD nömrəıi Qanunla əmək pensiyasının yenidən hesablanması ilə bağlı Qanunun 26-cı maddəsi yenidən yeni redaksiyada verilmişdir (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir): 26.3. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.3-1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3-2. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə də, xx.xx.2017-ci il tarixdən qanunvericiliyin əvvəlki normaları ilə müəyyən edilən əmək pensiyasının hesablanması (yenidən hesablanması) qaydaları qüvvədən düşmüşdür. Digər tərəfdən, xx.xx.2011-ci il tarixdən qüvvəyə minən İPM Alman inzibati məhkəmə-hüquq təcrübəsinə əsaslanır. Həmin təcrübəyə görə mübahisələndirmə haqqında iddialara mübahisənin maddi-hüquqi əsası kimi inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə mübahisənin maddi-hüquqi əsası kimi məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik müddəaları tətbiq olunur. Bu kontekstdə, şəxsin əmək pensiyası hüququ onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, əlillik, güzəştli peşə və sair) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, pensiyanın hesablanması və ödənilməsi qaydası bilavasitə fərdə aid və ondan asılı deyil. Baxmayaraq ki, onun bununla bağlı pozitiv gözləntiləri vardır, pensiyanın hesablanması və ödənilməsi prosesi bu pensiyanı hesablayan və ödəyən qurumun (hazırkı işdə dövlətin) fəaliyyət sahəsində cərəyan etməklə, qazanılmış pensiya hüququnun realizəsi olaraq, onun iqtisadi imkanları və həmin vaxtda sosial təminat sahəsində yeritdiyi siyasətin tələbləri ilə uzlaşmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Fabian Macarıstana qarşı” işi üzrə xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir: “...sosial sığorta sistemi üzrə ödənişlərə dair qanunların qəbul edilməsi haqqında qərarlar adətən iqtisadi və sosial məsələlərin analizi ilə bağlıdır. Avropa Məhkəməsi qanunvericinin sosial-iqtisadi siyasətin həyata keçirilməsi zamanı geniş mülahizə həddinə malik olmalı olmasını təbii hesab edir və bu mövqenin açıq-aşkar ağlabatan əsasa malik olmadığı hallar istisna olmaqla, hansı tədbirlərin “cəmiyyətin maraqlarına” cavab verməsi məsələsi ilə bağlı qanunvericinin mövqeyinə hörmətlə yanaşacaq. Bu xüsusilə, məsələn, siyasi-iqtisadi rejimin dəyişməsi ilə bağlı qanunların, dövlət vəsaitinin tamlığının təmin edilməsi və ya vəsaitin təkrar bölüşdürülməsi ilə bağlı siyasi tədbirlər, yaxud da ciddi iqtisadi böhran nəticəsində qənaət tədbirlərinin qəbul edildiyi halda qəbul edilir. ... Avropa Məhkəməsi xatırladır ki, pensiyadan tam məhrumetmə, göründüyü kimi, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasına gətirib çıxaracaq, pensiya və ya onunla bağlı ödənişlərin məbləğinin ağlabatan azaldılması isə, çox güman ki, bu maddənin pozulmasına səbəb olmayacaq (§65); Sosial təminat və pensiyalar sahəsində dövlətin geniş mülahizə hüdudlarını nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçinin əmək haqqı və pensiyaların eyni zamanda ödənilməsinə qadağanın dövlət xəzinəsinin ümumi müdafiəsi maraqlarına xidmət etməsinə şübhə etmək üçün heç bir əsas görmür (§67); Avropa Məhkəməsi xatırladır ki, dövlət pensiya sistemlərinin maliyyələşdirilməsi metodları Razılığa gələn Dövlətlərdən asılı olaraq, dövlətdaxili pensiya sistemlərində haqq ödəyənlər və benefisiarlar arasında həmrəylik prinsipinə vurğunun edilməsi kimi əhəmiyyətli dərəcədə fərqlənir. Bu məsələlərin sosial və iqtisadi siyasətlə bağlı olması səbəbindən, onlar dövlətlərə bu sahədə təqdim edilmiş dövlətdaxili mülahizə hədləri çərçivəsində prinsipə müvafiqdir (§72)”. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan dövlətinin xx.xx.2010, xx.xx.2017 və xx.xx.2019-cu il tarixlərdə qüvvəyə minən dəyikliklərlə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının hesablanması, yenidən hesablanması, ödənilməsi ilə bağlı müəyyən etdiyi qayda və prosedurlar da məhz bu xarakterə və əhəmiyyətə malikdir. Bu baxımdan, 2020-ci ildə qaldırılan iddia ilə artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki xx.xx.2017, hətta xx.xx.2010-cu ildən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün, əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Yəni, şəxsin qazanılmış pensiya hüququ, əgər həmin şəxs bu hüququnun həyata keçirilməsini hüququn yarandığı dövrdə deyil də, daha sonrakı tarixdə tələb etmişsə, həmin pensiyanın sonradan qanunla dəyişdirilmiş hesablanması və ödənilməsi qaydasını əhatə etmir. Əgər inzibati orqan vaxtilə qanunla onun vəzifəsi sayılan hər hansı qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən düşmüş normada təsbit olunan icraat (prosedur, icra) qaydasına əməl etmək isə yox. Çünki, qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin funksiyaılarına daxildir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin prosessual-hüquqi məqsədi də məhz bundan ibarətdir. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən norma, həmin norma isə qüvvədə olmalıdır. İddiaçı apellyasiya şikayətində Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir) istinad edərkən də nəzərə almamışdır ki, sözügedən normanın hər hansı kazusa tətbiq olunması üçün hüquqi vəziyyəti yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt (onun bir hissəsi, norması) hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin. başqa sözlə, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz. Odur ki, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. Bu mənada, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəlarının mübahisəyə tətbiq edilməsi, cavabdehin üzərinə artıq onun səlahiyyətində olmayan məsələnin həllini həvalə etməklə, maddi hüquq normalarının pozuntusu demək olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.” Məhkəmə kollegiyasının bu məsələ ilə bağlı mövqeyi ümumiləşdirilsə, iddiaçının əmək pensiyası hüququnun yaranma əsasları müəyyən edilərkən bu hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan (sonradan qüvvədən düşsə də) maddi hüquq normalarına istinad olunduğu halda (İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 217.2-ci maddəsi), bu hüququn tətbiqi (realizə) imkanları (icraat, proses, icra qaydaları, hüququn realizə proseduru və sair), konkret olaraq hazırkı iş üzrə pensiyanın yenidən hesablanması və ödənilməsi qaydası və müddəti ilə bağlı yalnız məhkəmə qərarı çıxarılan anda qüvvədə olan normalar tətbiq olunmalıdır. Qeyd edilənlərin əksi fərz olunsa, o halda şəxs pensiyanın ona hazırda qüvvədə olan qaydalara əsasən nağdsız şəkildə (bank kartı vasitəsilə) deyil də, vaxtilə bu hüququnun yarandığı dövrdə qüvvədə olmuş nağd formada ödənilməsini tələb edə bilər ki, bu da qanunazidd olmaqla yanaşı texniki-praktiki cəhətdən də mümkün deyil. Eyni qaydada, pensiyanın əvvəllər qüvvədə olan qaydada (əmək haqqı üzərindən) hesablanmasını tələb etmək də qanunilikdən uzaqdır. Çünki, Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2010-cu ilin yanvarın 1-dən etibarən əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış, hesablamaların vahid əmək stajı göstəricilərinə əsasən aparılması təmin edilmişdir. Eləcə də, iddiaçının pensiya işindən məlum olur ki, ona ilk dəfə əmək pensiyası xx.xx.2005-ci il tarixli qərarla təyin və xx.xx.2015-ci il tarixli sərəncamla pensiyanın miqdarında dəyişiklik edilsə də, iddiaçı “... əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsi ...” tələbini irəli sürməsinə baxmayaraq, əmək pensiyasına sonradan dəyişiklik edilərkən razılaşmadığı hesablama qaydasını və pensiya məbləğini əsas götürən inzibati orqanın bu barədə qəbul etdiyi sərəncamından şikayət vermədən, sözügedən sərəncamın ləğv edilməsini yaxud dəyişdirilməsini istəmədən, yəni onun əmək pensiyası ilə bağlı artıq qüvvədə olan inzibati akt olduğu halda, yenisinin qəbul edilməsini arzulamışdır. Halbuki, həmin sərəncam iddiaçıya bu barədə məlumat verildiyi andan yaxud bu barədə ona məlum olduğu andan ona məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minmişdir və hüquqi cəhətdən etibarlıdır, həmin hüquqi akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bütün bu müzakirə olunan hallar da birinci instansiya məhkəməsinin iddianı rədd etməklə əlaqədar düzgün nəticəyə gəldiyinə dəlalət edir və məhkəmə kollegiyası məhz bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3253/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-568/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-568/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver