Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-568/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmuş pulun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9811/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “inzibati orqanın hərəkətlərinin qanunsuz sayılaraq iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək pensiyasının ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanunsuz olduğu və əslində 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğunu qeyd etmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın bu hərəkətləri qanunsuz sayılmalı və ona pensiyanın 50 yaşının tamam olduğu xx.xx.2008ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh üzərinə qoyulmalıdır. Cavabdeh öz səlahiyyətlərini icra edərkən qəbul etdiyi aktla əvvəlcə iddiaçıya 50 yaşından pensiya təyin edərək ödənişlər həyata keçirmiş, daha sonra isə 52 yaşından ona pensiya təyin edilməli olması qərarına gələrək artıq ödənilmiş məbləği onun pensiyasından tutmalara yönəldilməsi barədə məktub yollamışdır. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur və bununla da iddiaçının hüquqları məhdudlaşdırılır. İşin hallarından da göründüyü kimi, inzibati orqan iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsini iddia edirsə, deməli o qanunla onun üzərinə qoyulan vəzifəni düzgün icra etməyərək işin bütün faktiki hallarını araşdırmadan iddiaçıya pensiyanı təyin etmişdir. İnzibati orqan özü-özlüyündə qanunla onun üzərinə qoyulan vəzifəni icra etmədiyini etiraf etmiş olur ki, bu da qanuna ziddir və buna görə hər hansı şəxsin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda pensiya alan şəxs pensiyasının dayandırılması pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağırılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Lakin qeyd olunmalıdır ki, iddiaçı heç bir şəkildə inzibati orqana dəvət edilməmiş, onun dinlənilmə hüququ da təmin edilmədən inzibati orqan tərəfindən qanunsuz hərəkətə yol verilmişdir. İddiaçı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.6-cı, 28.1.2-ci, 14.1-ci, 24.1-ci, 67.5-ci maddələrinə, İPM-in 2.2.3-cü, 34.1-ci, 45-ci və 46-cı maddələrinə istinad etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış 59677,32 manat pulun tutulması ilə baglı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdən tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda göstərmişdir ki, İddiaçı cavabdehə müraciət edərək, ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən yenidən araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşından yarandığı halda, qanunvericiliyə zidd olaraq ona 50 yaşından yaşa görə pensiya təyin edildiyi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5183/2023 nömrəli qərar ilə İddiaçı pensiyası yenidən hesablanmış, yenidən hesablanma zamanı pensiya məbləği 720,39 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin "a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının xx.xx.1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq xx.xx.1997-ci ildən xx.xx.2000-ci il tarixinədək hər il altı ay artırılmışdır. Göründüyü kimi, xx.xx.2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli qanunu ilə təsdiq edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri xx.xx.1997-ci ildən başlayaraq xx.xx.2000-ci il taixinədək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın şığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 29 il 10 ay 7 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 35,24 manat (29 85 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixə indeksləşdirilib 54,61 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11769,12 manat sığorta kapitalına uyğun 81,73 (11769,12:144) manat və 75,00 manat baza hissəsi əlavə, edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixə 211,34 (54,61+81,73+75,00) manat məbləğdə əmək pensiyası müəyyən edilmişdir (xx.xx.2012-ci il tarixədək indeksləşdirilməklə 240,50 manat). Həmin Qanunun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının xx.xx.2012-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10994,00 manat sığorta kapitalına görə onun əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (10994,00 : 115 ay (144 ay-29 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=95,60 manat) yenidən hesablanaraq 336,10 (240,50+95,60) manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 62030,02 manat məbləğdə əmək pensiyası ödənilməli olduğu halda, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona 265455,80 manat pensiya ödənilib. Nəticədə, iddiaçıya 203425,78 (265455,80-62030,02) manat məbləğdə artıq pul vəsaiti ödənilmişdir. Həmin Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 203425,78 manatdan 59677,32 manata azaldılıb. Həmin artıq ödənilmiş 59677,32 manat pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin “Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 628,07 manat müəyyən edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 720,39 manat məbləğdə müvafiq kart hesabına köçürülür. Bu səbəbdən İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9811/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış 59677,32 manat pulun tutulması ilə baglı hərəkətləri qanunsuz hesab edilərək xx.xx.2023-cü il tarixdən tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9811/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 124050 saylı, xx.xx.2013-cü il tarixli pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı ilk dəfə xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5183/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması qərarından görünür ki, iddiaçıya yenidən hesablanmış pensiya məbləği 720,39 manat təşkil edir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17- 1/2- 123917/2023 saylı iddiaya dair yazılı etirazdan görünür ki, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 203425,78 manatdan 59677,32 manata azaldılıb. Həmin artıq ödənilmiş 59677,32 manat pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin “Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 628,07 manat müəyyən edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 720,39 manat məbləğdə müvafiq kart hesabına köçürülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “İnzibati icraat haqqında” Qanunun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin dəlillərinə görə iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmış və müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2000- ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1997- ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşı tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda qanunvericiliyə zidd olaraq iddiaçının 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq teyin edildiyi aşkar olunub. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 29 il 10 ay 7 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 35,24 manat (29.85 il x 170 manat-144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdırilib 54,61 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11769,12 manat sığorta kapitalına uyğun 81,73 (11769,12:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 211,34 (54.61+81,73+75.00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2012-ci il tarixinədək indeksləşdirilməklə 240,50 manat). Eyni zamanda iddiaçının xx.xx.2012-ci il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10994,00 manat sığorta kapitalına görə iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (10994,00:115 ay (144 ay-29 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz tarixədək işlədiyiniz ayların sayı))=95,60 manat) yenidən hesablanaraq 336.10 (240,50+95.60) manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 62030,02 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə iddiaçıya 265455.80 manat pensiya ödənilib. Nəticədə, iddiaçıya 203425,78 (2654xx.xx-62030,02) manat məbləğində artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 203425,78 manatdan 59677,32 manata azaldılıb. Həmin artıq ödənilmiş 59677,32 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasında tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilmədiyi halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi ilə bağlı tərəfə xəbərdarlıq olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 628,07 manat müəyyən edilib. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasından tutulmalar aparılarkən inzibati icraatın başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Göründüyü kimi iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən onun pensiyasından tutmalar həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Bu baxımdan iddiaçının əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə baglı cavabdeh inzibati orqanın hərəkətləri yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9811/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9811/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-568/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-568/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver