Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-569/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 62 yaşının tamam olduğu 16 sentyabr 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 62 yaşının tamam olduğu 16 sentyabr 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5087/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. 91148 saylı xx.xx.1991-ci il tarixli diplomdan görünür ki, İddiaçı Ə.Quliyev adına Salyan rayon Mədəniyyət evinin nəzdində Xalq mədəniyyət üniversitetinin iqtisadiyyat fakültəsində oxumuş və kargüzar-mühasib ixtisası üzrə bir illik təhsil kursunu bitirmişdir. 298 saylı xx.xx.1992-ci il tarixli diplomdan görünür ki, İddiaçı məktəbəqədər tərbiyə kursuna daxil olmuş və tərbiyyəçi peşəsinə yiyələnmişdir. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1975 - xx.xx.1976-cı il tarixlərində Salyan avtobazasında biletlərin satışı üzrə xəzinədar və konduktor, xx.xx.1977-xx.xx.1977-ci illərdə X8 Şöbəsində makinaçı katibə, xx.xx.1990-xx.xx.1996-cı il tarixlərində Salyan rayon sığorta şirkətində iqtisadçı, xx.xx.1996-xx.xx.2004-cü illərdə “Bibiheybət” Elmi-istehsalat müəssisəsində kargüzar, xx.xx.2004-xx.xx.2005-ci il tarixlərində “Bibiheybət” Elmi-istehsalat müəssisəsində kargüzar, xx.xx.2010-xx.xx.2020-ci il tarixlərində “Respublika xəbərləri.com” İnformasiya Agentliyində kommersiya direktoru vəzifəsində işləmişdir. “Bibiheybət” Elmi-istehsalat müəssisəsinin direktoru tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən müəssisəyə xx.xx.1996-cı il 23 nömrəli əmrlə işə qəbul olunmuş, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad olunmuş, xx.xx.2004-cü ildə 3K nömrəli əmrlə işə yenidən bərpa olunmuşdur. xx.xx.2005-ci ildə 39 nömrəli əmrlə işdən azad olunmuşdur. Əmək haqqı saytın rentabelləşməsinə qədər ictimai əsaslarla müəyyən edilmişdir. Əmək haqqı olaraq fəal işçi olduğu üçün 500 manat təyin edilmişdir. İddiaçı onun yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək ona bu növdə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ********** saylı 21 dekabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun ümumi iş stajı 16 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (16 il 2 ay) sığorta kapitalı 11984.35 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlar nəzərə alınaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 62 yaşının tamam olduğu 16 sentyabr 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və bu günə kimi 25 ildən artıq əmək stajı toplamışdır. Hazırda 62 yaşı var. Hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmış, yəni əmək kitabçasının birinci səhifəsi işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında xx.xx.2010cu ildə kommersiya direktoru vəzifəsinə qəbul olunduğu Respublika “xəbərlər.com” İnformasiya Agentliyinə işə daxil olduğu tarix və əmrlərlə rəqəmlərə düzəlişlər edildiyi, xx.xx.2018-ci ilin düzəldilərək xx.xx.2010-cu il kimi yazıldığı görünür. X12 Sisteminə (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-cı illər arası, həmçinin 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki, lazım olan pensiya kapitalı 28800 manatdır. Göründüyü kimi, iddiaçının pensiya təyin olunması üçün həm sosial sığorta stajı, həm də pensiya kapitalı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5087/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin mövqeyi qanuna ziddir. O, rəhbər işçi olmamış, əmək müqaviləsi üzrə işə qəbul olunaraq fəaliyyət göstərmiş, mühasibatlıq haqqında qanunqaydaları bilmədiyini, ona münasibətdə dövlət vergi və dövlət sosial ödənişlərinin həyata keçirilib-keçirilməməsindən məlumatı olmamışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə icraatı dövründə cavabdeh orqan tərəfindən iddiaçının iddia müddətini ötürməsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı ümumi əmək stajının 25 ildən yuxarı olmasına istinad edərək, ona 62 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az olması, eyni zamanda pensiya kapitalının kfayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 16 il 2 ay 13 gün, həmçinin pensiya kapitalının tələb olunan məbləğdən az olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1958-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 62 yaşı tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil alması barədə sənədləri (diplom) və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus 91148 saylı xx.xx.1991-ci il tarixli və 298 saylı xx.xx.1992-ci il tarixli diplomlardan görünür ki, İddiaçı müvafiq olaraq Ə.Quliyev adına Salyan rayon Mədəniyyət evinin nəzdində Xalq Mədəniyyət Universitetinin iqtisadiyyat fakültəsində oxumuş və kargüzar-mühasib ixtisası üzrə bir illik təhsil kursunu bitirmiş, məktəbəqədər tərbiyə kursuna daxil olmuş və tərbiyyəçi peşəsinə yiyələnmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun müxtəlif müəssisələrdə işlədiyi dövrlər: xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək, xx.xx.2010-cü ildən xx.xx.2020-ci ilədək olmuşdur. Hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az (16 il 2 ay 13 gün) olduğunu, eləcə də pensiya kapitalının kifayət qədər olmadığını bildirir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi 2010-2020-ci illər üzrə olan dövr mübahisələndirilir. İddiaçının təqdim etdiyi əmək kitabçasına görə o, xx.xx.2010-cu ildən xx.xx.2020-ci il tarixədək “Respublikaxeberleri.com” İnformasiya Agentliyində kommersiya direktoru vəzifəsində, xx.xx.2020-ci ildən isə X13 MMC-də işləyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində “Respublikaxeberleri.com” İnformasiya Agentliyi adlı hüquqi şəxsin qeydiyyatı barədə məlumat mövcud deyildir. X13 MMC-nin təsisçisi və baş direktoru Vüsalə Həsənova tərəfindən verilmiş arayışa əsasən İddiaçı həqiqətən 2010-cu il tarixdən "xxxx" İnformasiya Agentliyində müxbir vəzifəsində işləmiş və 2019-cu ildə də işdən azad olunmuşdur. Lakin işdən "xxxx" İnformasiya Agentliyinin mövcudluğu müəyyən edilmir. Belə ki, arayışı verən V.Həsənova iddiaçıya məxsus əmək kitabçasını "xxxx" İnformasiya Agentliyinin vəzifəli şəxsi kimi imzalasa da, onun bu səlahiyyətini təsdiq edən heç bir sənəd birinci instansiya məhkəməsinə təqdim edilməmişdir, işdə olan əmək müqaviləsi bildirişindən isə əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdə “X13” MMC ilə bağlandığı müəyyən olunur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01/3-1654 saylı 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Respublika xəbərlər.com” İnformasiya Agentliyinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 4/1342 saylı 15 iyul 2021-ci il tarixli məktubundan görünür ki, “Respublika xəbərlər.com” İnformasiya Agentliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Qeyd edilənlərlə bağlı iddiaçının ümimi iş stajının müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən “X13 MMC-nin (VÖEN: **********) təsis sənədlərinin, o cümlədən "xxxx" X1 Media Qrup MMC-nin hüquq varisinin olub-olmaması, olduğu təqdirdə Agentliyin hüquqmüəyyənedici sənədlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, idarədə olan reyestrdə “X13 MMC-nin hüquq varisliyinin olması barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin həmin məktuba əlavə edilmiş **********689000 saylı xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, “X13 MMC xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********* saylı VÖEN verilmiş, qanuni təmsilçisi X3r. İş üzrə İddiaçı işə daxil olma və işdən çıxma əmrlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi, o cümlədən müəssisə tərəfindən İddiaçı üçün dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, 2010-2019-cu illərdə Respublikaxeberleri.com İnformasiya Agentliyinin rəhbəri X2 VÖEN-lə fəaliyyət göstərib-göstərməməsi, göstərdiyi təqdirdə həmin VÖEN-lə (nömrəsi dəqiq göstərilməklə) dövlət qeydiyyatından keçməsini, 2010-2019-cu illər üzrə Agentliyin rəhbəri kimi onun tərəfindən, 2019-2020-ci illər üzrə isə “X13” MMC tərəfindən İddiaçı verilən əmək haqqından məcburi dövlət sosial sığorta yığımlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini (illər və aylar dəqiq göstərilməklə) təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı “X13” MMC-yə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq məhkəmə iclasında iştirak etmiş X4 izahatında bildirmişdir ki, o, 1996-cı ildə yaradılmış “Respublika xəbərlər.com” İnformasiya Agentliyinə rəhbərlik etmiş, işlədiyi dövrdə xx.xx.2010-cu ildə İddiaçı kommersiya direktoru vəzifəsinə təyin etmiş, xx.xx.2020-ci ildə İddiaçı öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Sonradan o, (V.Həsənova) “X13 MMC-nin rəhbəri kimi fəaliyyətini davam etdirmiş, “X13 MMC və Respublikaxeberleri.com İnformasiya Agentliyi ayrıca qurumlar olmuşlar, MMC-də rəhbərliyi dövründə İddiaçı yanında müxbir işinə götürmüş, işlədiyi dövrdə vergi, əmək haqqında sosial sığorta yığımlarını DSMF-yə ödəmiş, həmçinin İddiaçı üçün sosial sığorta ödənişlərini DSMF-na etmişdir. ASAN imza ilə işlədiyindən iddiaçıya aid əmək müqaviləsini, işə daxil olma və işdən çıxarılma əmlərini saxlamadığı üçün onları təqdim edə bilmir. Eyni zamanda məhkəmə tərəfindən İddiaçı fiziki şəxs kimi X2 (VÖEN **********) yanında 2010-2019-cu illərdə Respublika xəbərlər.com İnformasiya Agentliyində kommersiya direktoru vəzifəsində və 2019-2020-ci illərdə “X13” MMC-də (VÖEN**********) müxbir vəzifəsində işlədiyi müddətdə ona verilən əmək haqqından həmin fiziki şəxs və “X13” MMC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta yığımlarının ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə dövlət sosial sığorta yığımlarının hansı dövrlər üçün ödənilməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə olan fərdi şəxsi hesabına sığortaedənlər, X4 (SUN: **********4) və “X13” MMC (SUN:**********8) tərəfindən onun xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat öz əksini tapmamışdır. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin hazırki işdə iddiaçının 2010- 2020-ci illərdə yanında işlədiyini iddia etdiyi sığortaedənlər (X4 (SUN: **********4) və “X13” MMC (SUN:**********8)) tərəfindən iddiaçı üçün məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müəyyən olunmur. Belə olan halda qeyd olunan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. Bu baxımdan iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az təşkil etdiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajı tələbi ödənilmir. İkinci şərt- pensiya kapitalı ilə bağlı qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növünün başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə 17 saylı Qərara əsasən yaşa görə pensiyanın təyin edilməsi üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun xx.xx.2006ci il tarixədək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Cavabdehin imtina məktubunun məzmununa görə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamış, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (16 il 2 ay) olaraq sığorta kapitalı 11984,35 manat olmaqla, 28800 manat sığorta kapitalından az təşkil edir. Bu fakt işdə olan cavabdeh inzibati orqanın təqdim etdiyi sənədlərlə də (i.v. 30) təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı isə 28800 manat məbləğində olduğu halda, iddiaçının mövcud olan sığorta stajı 25 ildən az, pensiya kapitalı isə 11984,35 manat olmaqla 28800 manatdan az təşkil etdiyi üçün bu hal ona yaşa görə pensiya təyin edilməsini mümkünsüz edir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərinə, bu barədə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı iddianın təmin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 62 yaşdan əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5087/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5087/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-569/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-569/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver