Məhkəmə qərarları › İş №2-1(103)-569/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-569/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-569/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-970/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə (iş v.79) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, erməni qəsbkarlarına qarşı gedən döyüşlərin iştirakçısı, qazi İddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Tibii-Sosial Ekspert Komissiyasının qanunsuzluğu nəticəsində faktiki əlillik statusundan məhrum edilmişdir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, erməni qəsbkarlarına qarşı gedən döyüşlərə cəlb edilmişdir. Döyüş zonasında hərbi xidməti keçərkən 21 iyun 1992-ci ildə ağır yaralandığı üçün, Tərtər Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdir. Aldığı yaralar odlu silahla sol budun dəlib keçən yarası və sağ mil-bilək oynağının odlu silahla yarlanması olub. Eləcə də, aldığı həmin xəsarətlər nəticəsində sol oturaq sinirinin postravmatik nevritinə, sol diz oynağının kontrakturasının, dayaq-hərəkət funsiyasının pozulmasına səbəb olub. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 576 nömrəli 21 oktyabr 2008-ci il tarixli qərarında aydın göstərilib...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Şəhər Poliklinikasının 18 fevral 2021-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etmədiyi üçün imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ikinci dərəcə əlilliyin (orqanizmin funksiyalarının 61 – 80 faiz aralığında pozulması) təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Bakı 11 nömrəli Şəhər Poliklinikasının 18 fevral 2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=> Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Diaqnoz əlHərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol budun orta 1/3 sağ mil-bilək nahiyəsinin dəlib keçən güllə yaralanmasından sonra kobud çapıq toxumaları. Sol oturaq sinirinin postravmatik nevriti. Sol diz oynağının kontrakturası, dayaq-hərəkət funksiyasının pozulması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 576 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol budun yumşaq toxumalarını dcşib-kcçən odlu silah yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” - kimi müəyyənləşdirilmişdir. Vətəndaşın obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol budun orta 1/3 sağ mil-bilək nahiyəsinin dəlib keçən güllə yaralanmasından sonra kobud çapıq toxumaları. Sol oturaq sinirinin postravmatik nevriti. Sol diz oynağının kontrakturası,dayaq-hərəkət funksiyasının pozulması. Oynaqların kontrakturası, Sol diz oynağının açıcı bükiicü kontrakturası. Sol bud-çanaq oynağının artrozu. Dayaq-hərəkət yerimə funksiyasının pozulamsı. Sağ bazu oynağının qarışıq kontrakturası. ilə" diaqnoza dair anamnestik və obyektiv müayinələr aparılmışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» İddiaçı apellyasiya şikayətinə etirazında cavabdeh orqanın səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirmədiyini, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadığını, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etmədiyini vurğulayaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiyanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Məhkəmənin əvvəlki xx.xx.2023-cü il taixli iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nə gəzə, nə də ki, ayaq üçstə dura bilmədiyini yataq rejimində olduğunu bildirərək, cavabdehin apellyasiya şikayətini əsassız hesab etmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.1-ci yarınmbəndinin 2-ci hissəsinə əsasən İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığıdır. Həmin Meyarların 3.1.2-ci yarımbəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz müəyyən edilir. X5 13-cü bəndindən görünür ki, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri - orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması (Qeyd). Həmin Əlavənin 6.10-cu bəndinə əsasən Bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin –(S74) travması; 13.4-cü bəndinə əsasən “bud-çanaq oynağının artrozu (M16) və diz oynağının artrozu (M17); 13.4.27-ci bəndinə əsasən “hər iki bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması”; 13.3.7-ci bəndinə əsasən “ağır dərəcəli bazu oynağının qeyri-stabilliyi, eləcə də laxlayan oynaq və daimi oynaq çıxıqları və ya bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) – 60 faizdən yuxarı əlillik əlaməti təyin edən xəstəliklər sırsına aid edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 11 nömrəli Şəhər Poliklinikasının 18 fevral 2021-ci il tarixli göndərişindən, eləcə də iş üzrə təyin olunmuş məhkəmə tibbi-ekspertizası üzrə AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən aparılmış məhkəmə-tibbi müayinənin nəticələrinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli T232/2023 N-li ekspert rəyindən görünür ki, iddiaçıda - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol budun orta 1/3 sağ mil-bilək nahiyəsinin dəlib keçən güllə yaralanmasından sonra kobud çapıq toxumaları. Sol oturaq sinirinin postravmatik nevriti. Sol diz oynağının kontrakturası. dayaq-hərəkət funksiyasının pozulması. Oynaqların kontrakturası, Sol diz oynağının açıcı bükücü kontrakturası. Sol bud-çanaq oynağının artrozu. Dayaq-hərəkət yerimə funksiyasının pozulamsı. Sağ bazu oynağının qarışıq kontrakturası – diaqnozu ilə xəstəliklər müəyyən olunmuşdur. Göründüyü kimi, qüvvədə olan Meyarların yuxarıda qeyd olunan tələblərinə münasibətdə iddiaçıda əlillik təyinatına əsas verən xəstəliklərin mövcudluğu müəyyən olunur. Qeyd olunanlları nəzərə alan məhkəmə kollegiyası cavabdehin qeyd olunan qərarı və onun ekspertinin iştirakı ilə tərtib olunmuş ekspert rəyi ilə razılaşmır. Ən azından iddiaçının odlu silihdan zədələnməsi nəticəsində onda əmlə gəlmiş xəstəliklərdən uzun illər əziyyət çəkdiyi və bu gün də onda xəstəliklərin davam etdiyi iş materiallarında olan xəstəlik sənədlərindən, 088 forma göndərişdən və ekspert rəyindən aydın görünür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alan məhkəmək kollegiyası, Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin qeyd olunan rəyində iddiaçıda mövcud olan diaqnozun Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”a aid etmək mümkün olmadığını, habelə, cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əllik təyin etmədiyi barədə mövqeləri ilə razılaşmır. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin iddiaçıya əlillik təyinindən imtinasının əsassız olduğunun və onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarında da məhz, göstərilənlər nəzərə alınmaqla, iddianın təmin olunması barədə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin maddi hüquq normaları baxımından məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, diskression səlahiyyətinə məhkəmə tərəfindən müdaxilə edildiyini mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar