Məhkəmə qərarları › İş №2-1(103)-569/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-569/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-569/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, Cavabdehin nümayəndələri X1 və Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Sığorta və Fərdi X2rşı vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 1(112)-2377/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Sosial Sığorta və Fərdi X2rşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126056/3/2023 saylı imtinasının və müavinətin məbləğinin hesablanması ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müavəqqəti itirilməsinə dair müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair 14 dekabr 2020-ci il tarixindən 05 fevral 2021-ci il tarixinədək olan dövr üzrə müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Sosial Sığorta və X7 Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Cinayət prosesi kafedrasının baş müəllimi vəzifəsində işləyir. O, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla “AAA” Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğul olur. İddiaçının xəstəliyi ilə əlaqədar ona 14 dekabr 2020-ci ildən 06 fevral 2021-ci ilədək SN 00006 933039 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin ödənilməsi üçün iddiaçının iş yeri Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialına müraciət edilmişdir. Xəstəlik vərəqəsi ilə birlikdə iddiaçının əsas iş yerindən, habelə vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər haqqında “AAA” Vəkil Bürosu tərəfindən verilmiş arayış da cavabdehə təqdim edilmişdir. Çox uzun müddət keçdikdən və haqq-hesab cədvəli dəfələrlə qaytarıldıqdan sonra cavabdeh tərəfindən cari ilin may ayında 1050 manat müavinət hesablandığı və bu hesablama zamanı iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmadığı, nəticədə müavinətin düzgün hesablanmadığı məlum olmuşdur. Cavabdehin 05 iyun 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının Bakı Dövlət Universitetindən başqa hər hansı işəgötürənlə əmək müqaviləsi olmadığı məlum olmuşdur. Qüvvədə olan qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün sadəcə əmək müqaviləsinin olması tələbi mövcud deyildir. “AAA” Vəkil Bürosu tərəfindən iddiaçının vəkillik fəaliyyətinə görə məcburi dövlət sosial sığorta haqları ödənilmiş, vergi orqanına müvafiq hesabat təqdim edilmişdir. Cavabdehin 05 iyun 2023-cü il tarixli imtinasından yuxarı inzibati orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə şikayət edilmişdir. İnzibati şikayətin qeydə alınmasından iki aya yaxın müddət keçdikdən sonra 26 avqust 2023-cü ildə daxil olmuş cavab məktubunda müraciətə 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126056/3/2023 saylı məktubla cavab verildiyi bildirilmişdir. Beləliklə, inzibati şikayətə qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılmamış, lüzumsuz vaxt itkisinə yol verilməklə, eyni inzibati orqan tərəfindən, eyni mövqe nümayiş etdirilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı sığortaedən, Bakı Dövlət Universiteti tərəfinən 14 dekabr 2020-ci il tarixindən 05 fevral 2021-ci il tarixinədək olan dövrü əhatə edən SN 00006 seriyalı 933039 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında təyin olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) daxil edilən haqqhesab cədvəlinin cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq emal edildiyi müəyyən edilmişdir. Əmək müqaviləsi əsasında iddiaçının əsas iş yeri olaraq çalışdığı Bakı Dövlət Universitetində əldə olunan gəlirləri əsasında həmin sığortaedən tərəfindən hesablanan 1150,04 manatdan 99,83 manat gəlir vergisi tutulmaqla, 1050,21 manat məbləğində müavinət 19 may 2023-cü il tarixində "xxxx" ASC-dəki ******************** nömrəli hesaba ödənişə göndərilmişdir. “Əmək və Məşğulluq” altsistemindən əldə olunan məlumatlara əsasən iddiaçının əsas iş yeri Bakı Dövlət Universitetidir və əlavə iş yeri yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2377/2024 saylı qərarı ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Sosial Sığorta və Fərdi X2rşı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının vəkil kimi fəaliyyət göstərdiyi “AAA” vəkil bürosunun iddiaçının gəlirlərindən 2020-2023-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi cədvəlindən görünür ki, iddiaçının 2020-ci iln aprel ayı üzrə gəlirinə 168 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Cədvəlin ödəniş ili qrafasından görünür ki, həmin məbləğ 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin may ayında iddiaçıya 168 manat məcburi dövlət sosial sığorta hesablanmış və həmin məbləğ də 2021ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyun ayında hesablanmış 160 manat məcburi dövlət sosial sığorta haqqı da həmin ildə deyil növbəti, yəni 2021-ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyul ayında hesablanmış 40 manat, sentyabr ayında 2000 manat, oktyabr ayında 1044,80 manat, noyabr ayında 761,75 manat məcburi dövlət sosial sığorta haqları üzrə borclar da növbəti illərdə ödənilmişdir. Buradan belə görünür ki, iddiaçının əmək qabiliyyətini itirdiyi xx.xx.2020-ci il tarixinədək onun məcburi dövlət sosial sığorta haqqı üzrə borcları tam ödənilməmişdir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də isə sərbəst peşə adamlarına əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanmasının onların əmək qabiliyyətini itirdikləri tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borclarının olmadığı halda ödənilməsi təsbit edilmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətinə, cavabdehin imtinasının əsaslarına düzgün hüquqi qiymət verə bilməmiş, uydurma əsaslara istinad etməklə öz mövqeyini əsaslandırmağa çalışsa da, qanunsuz və əsassız yanaşmalarına hüquqi don geyindirə bilməmişdir. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı AtakişiAbbas Musa oğluna xəstəliklə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə SN 00006 933039 saylı xəstəlik vərəqəsi üzrə müavinətin ödənilməsi üçün Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialına müraciət edilmişdir. Xəstəlik vərəqəsi ilə birlikdə iddiaçının əsas iş yerindən və vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər haqqında arayış da cavabdeh İdarəyə təqdim edilmişdir. Çox uzun müddət keçdikdən və haqq-hesab cədvəli dəfələrlə qaytarıldıqdan sonra cavabdeh tərəfindən 1050 manat müavinət hesablandığı və bu hesablama zamanı iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmadığı, nəticədə müavinətin düzgün hesablanmadığı məlum olmuşdur. Müavinətin düzgün hesablanmaması haqqında 02 iyun 2023-cü il tarixli müraciətə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının 12 iyun 2023-cü ildə daxil olmuş 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126056/3/2023 saylı cavab məktubunda göstərilmişdir ki, MEİS-ə baxış keçirilmiş, iddiaçının Bakı Dövlət Universitetindən başqa hər hansı işəgötürənlə əmək müqaviləsi olmadığı məlum olmuşdur. İdarənin "Bakı Dövlət Universitetindən başqa hər hansı işəgötürənlə əmək müqaviləsinin olmaması səbəbindən müavinətin məbləğinin düzgün hesablanmasına dair" anlaşılmaz mövqeyi əsassız və qanunsuzdur. Belə ki, qüvvədə olan qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün sadəcə əmək müqaviləsinin olması tələbi mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin **********1 saylı, 02 mart 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə "Bakı Dövlət Universiteti" tərəfindən ödənilmiş əmək haqqı sığortaedənə geri qaytarıldıqdan sonra İddiaçıyevə aid müavinətin hesablanması zamanı əsas iş yerindən əldə edilən qazancla yanaşı vəkillik fəaliyyətindən əldə edilən qazanc da nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi ilə bağlı haqq-hesab cədvəli sığortaedən tərəfindən göndərildikdən sonra sənədlərə yenidən baxılacaqdır. Beləliklə, cavabdeh inzibati orqanın müavinətin hesablanması ilə bağlı hərəkətləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin **********1 saylı, 02 mart 2022-ci il tarixli məktubunda ifadə olunmuş mövqeyə tamamilə ziddir. Yəni cavabdeh inzibati orqan "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin müddəalarını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin **********1 saylı, 02 mart 2022-ci il tarixli məktubunda ifadə olunmuş mövqeyi nəzərə almadan iddiaçının vəkillik fəaliyyətindən əldə etməli olduğu və xəstəlik səbəbindən məhrum olduğu gəlirinin bərpası üçün müavinətin ödənilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasındakı mübahisə qanunvericiliyin tətbiqi ilə bağlıdır. İddiaçının müraciətinin icra edilməsindən imtina edilməsinə səbəb kimi cavabdeh inzibati orqanın iddiaçının müəllim olaraq əsas iş yeri üzrə əmək müqaviləsi mövcud olduğundan, xəstəlik səbəbindən məhrum olduğu gəlirinin bərpa edilməli olmasına qənaətinə gəldiyi halda, müəmmalı şəkildə və qanunun tətbiqini açıq-aşkar inkar edərək vəkil kimi vəkillik fəaliyyəti üzrə xəstəlik səbəbindən məhrum olduğu gəlirinin bərpa edilməli olmasına dair əsassız qənaətidir. Cavabdehin belə mövqeyi iddiaçının vəkil kimi sosial təminat hüququnun heçə sayılmasına və vəkillik fəaliyyəti üzrə əldə edilmiş gəlirlərə görə ödənilən sosial sığorta haqqlarının təyinatı üzrə istifadəsinə imkan verilməməsinə dəlalət edir. Məhkəmənin iddia tələbini rədd edərkən guya sosial sığorta haqqları üzrə iddiaçının borcu olmasına istinad etməsi absurddur. Belə ki, birincisi, hazırkı iş üzrə iddiaçının sosial sığorta haqları üzrə borcunun olması cavabdehin imtinasının əsasını təşkil etmir. Cavabdeh belə hala istinad etməmişdir. İkincisi, birinci instansiya məhkəməsindəki icraat zamanı hakimin cavabdehin nümayəndəsinə iddiaçı tərəfindən sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlı ünvanladığı suala cavabdehin nümayəndəsi bunun mübahisə predmetini təşkil etmədiyini, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin müəyyən edilməsi zamanı borcun mövcud olub-olmamasının araşdırılmadığını bildirdiyi halda, məhkəmənin israrla borcun mövcud olması səbəbindən imtinanın əsaslı olmasına dair mövqe irəli sürməsi onun qərəzli və işin nəticəsində maraqlı mövqeyinə əsaslı şübhələr yaradır. Üçüncüsü, məhkəmənin istinad etdiyi, haradan və necə əldə olunduğu bəlli olmadığından mötəbər hesab edilə bilməyən cədvəlin iddiaçının vəkillik fəaliyyəti ilə heç bir əlaqəsi mövcud deyil. İddiaçının nümayəndəsi məhkəmə iclasında israrla həmin cədvələ aydınlıq gətirilməsini, “AAA” Vəkil Bürosu tərəfindən həmin cədvəldə göstərilən məlumatların bəyan edilmədiyini bildirsə də, məhkəmə bu halları nəzərə almamış, iddiaçı tərəfdən təqdim edilmiş bəyannamə, vəkillik fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə Arayışa ümumiyyətlə hüquqi qiymət verməməklə ədalətli məhkəmə araşdırması hüququnu dərindən sarsıtmışdır. Məhkəmə əsassız mövqeyini onunla izah etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının vəkil kimi fəaliyyət göstərdiyi "AAA" vəkil bürosunun iddiaçının gəlirlərindən 2020-2023-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi cədvəlindən görünür ki, iddiaçının 2020-ci iln aprel ayı üzrə gəlirinə 168 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Cədvəlin ödəniş ili qrafasından görünür ki, həmin məbləğ 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin may ayında iddiaçıya 168 manat məcburi dövlət sosial sığorta hesablanmış və həmin məbləğ də 2021-ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyun ayında hesablanmış 160 manat məcburi dövlət sosial sığorta haqqı da həmin ildə deyil növbəti, yəni 2021-ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyulayında hesablanmış 40 manat, sentyabr ayında 2000 manat, oktyabr ayında 1044,80 manat, noyabr ayında 761,75 manat məcburi dövlət sosialsığorta haqları üzrə borclar da növbəti illərdə ödənilmişdir. Halbuki, məhkəmənin istinad etdiyi 2020-ci ilin aprel, may, iyun, iyul, sentyabr, oktyabr və noyabr ayları üzrə gəlir məbləği və ona müvafiq hesablanmış sosial sığorta haqqları “AAA” Vəkil Bürosu tərəfindən iddiaçının əmək qabiliyyətinin itirilməsi dövründən əvvəlki 12 aylıq müddət üzrə gəlirləri barədə arayışda göstərilən məbləğlərlə uyğun gəlmir. “AAA” Vəkil Bürosunun 10 aprel 2023-cü il tarixli, 10/04-2-BDU saylı arayışda 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, noyabr ayları üzrə gəlirinin olmadığı, sadəcə 2020-ci ilin iyul ayı üzrə 400 manat, sentyabr ayı üzrə 20000 manat, oktyabr ayı üzrə 10945 manat gəlirinin olduğu göstərilmişdir. Bəyan edilən gəlirə müvafiq olaraq iddiaçının 2020-ci ilin iyul ayı üzrə 40 manat, sentyabr ayı üzrə 2000 manat, oktyabr ayı üzrə 1094,50 manat sosial sığorta borcu yaranmış, həmin borc da ödənilmişdir. Mübahisə predmetini təşkil etməsə də, məhkəmənin suallarına cavablandırmaq məqsədilə iddiaçının sosial sığorta haqqları üzrə borcunun mövcud olmamasına dair sənədlər də iddiaçı tərəfdən təqdim edilmiş, lakin birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı həmin sübutları nəinki təkzib edəcək arqumentlər irəli sürməmiş, ümumiyyətlə qiymətləndirməmişdir. İddiaçının vəkillik fəaliyyəti ilə bağlı 2020-ci il üzrə AAA Vəkil Bürosu tərəfindən bəyan edilmiş, hesablanmış və ödənilmiş sosial sığorta haqqlarını özündə ehtiva edən e-sosial.gov.az elektron sistemindən çıxarışdan görünür ki, iddiaçının 2020-ci il üzrə vəkillik fəaliyyətindən gəliri 34625 manat, hesablanmış sosial sığorta haqqı 3630,50 manat, ödənilmiş sosial sığorta haqqı da 3630,50 manat təşkil etmişdir. Yəni sosial sığorta üzrə borc mövcud olmamışdır. Habelə, elektron sistem vasitəsilə iddiaçının vəkillik fəaliyyəti ilə bağlı sosial sığorta haqqlarının hesablanması üzrə bəyannamələr də məhkəməyə təqdim edilmişdir. Əslində məhkəmə iddiaçının tələbinin haqlı olmasını dolayı da olsa qəbul etmiş, iddiaçının vəkillik fəaliyyətindən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməli olması, lakin guya iddiaçının sosial sığorta haqları üzrə borcu mövcud olduğundan cavabdeh tərəfindən ödəniş edilməməsinin düzgün olması kimi mövqeyə gəlməklə, açıq şəkildə qeyd etməsə də, cavabdehin imtinasının əsası olan halı təkzib etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 izahatında məhkəməyə bildirmişdir ki, tərəflər arasında mübahisənin yaranması səbəbi əsasən qanunvericiliyin tətbiqi ilə bağlı olmuşdur. Belə ki, İddiaçı xəstəliklə bağlı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı olaraq vərəqə almış və həmin vərəqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Sosial Sığorta və X7 Mərkəzi Filialına təqdim edilmişdir. İş materiallarından da məlum olduğu kimi İddiaçı həm Bakı Dövlət Universitetində müəllimlik fəaliyyəti, həm də vəkillik fəaliyyəti ilə məşğuldur. Uzun danışıqlardan sonra qarşı tərəf bildirmişdir ki, vərəqə vəkil bürosunun adından təqdim oluna bilməz və vərəqə Bakı Dövlət Universiteti tərəfindən təqdim edilməlidir. Həmçinin İddiaçı vəkillik fəaliyyətində əldə etdiyi gəlirlərlə bağlı arayışın da təqdim olunması tələb edilmişdir. İddiaçı tərəfindən həmin sənədlər toplanmış və aidiyyatı üzrə Bakı Dövlət Universitetinə təhvil verilmişdir. Bakı Dövlət Universiteti tərəfindən də müvafiq sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Lakin müavinətin hesablanıb ödənilməsi zamanı məlum oldu ki, iddiaçının yalnız Bakı Dövlət Universitetində müəllimlik fəaliyyəti ilə bağlı əldə etdiyi və itirdiyi qazancın bərpa olunması üçün nəzərdə tutulan 1050 manat müavinət hesablanıb və ödənilib. Yəni İddiaçı vəkillik fəaliyyətinə münasibətdə nəzərdə tutulan müavinəti ödənilməyib. Cavabdeh bununla bağlı olaraq israrla bildirmişdir ki, iddiaçının əsas iş yerindən əmək müqaviləsi yalnız Bakı Dövlət Universiteti ilə mövcuddur və bu baxımdadan da onun əsas iş yeri məhz Bakı Dövlət Universiteti sayılır. Qarşı tərəf bildirir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müaviət yalnız əsas iş yerinə münasibətdə ödənilə bilər. Buna cavab olaraq qarşı tərəfə dəfələrlə bildirilib ki, vəkillik fəaliyyəti əsas və ya əlavə iş yeri deyil. Daha təəcüb doğuran məqam isə birinci instansiya məhkəməsi qərarı ilə bağlı olmuşdur. Belə ki, məsələnin müzakirəsi zamanı birinci instansiya məhkəməsi tərəflər arasında mübahisənin hüquqi xarakterinin mahiyyətinə varmadan, nə iddiaçının tələbinin, nə də cavabdehin etirazının hüquqi əsaslarına münasibət bildirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasındakı mübahisə qanunvericiliyin tətbiqi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmə səbəbi kimi sosial sığorta haqqları üzrə iddiaçının borclu olmasına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsindəki icraat zamanı hakimin cavabdehin iddiaçı tərəfindən sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlı ünvanladığı suala cavabdehin nümayəndəsi bunun mübahisə predmetini təşkil etmədiyini, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin müəyyən edilməsi zamanı borcun mövcud olub-olmamasının araşdırılmadığını bildirməsinə baxmayaraq, məhkəmə borcun olması səbəbindən iddia tələbinin təmin edilməsinin əsasız olduğunu qeyd edirdi. Ümumiyyətlə, iddiaçının borcu mövcud olmamışdır. Hətta iddiaçı tərəfindən bununla bağlı olaraq birinci instansiya məhkəməsinə sənədlər də təqdim edilmişdir. Esosial.az saytından rəsmi çıxarışlar birinci instansiya məhkəməsinə təqdim edilib. Həmçinin bununla yanaşı “AAA” Vəkil Bürosu tərəfindən iddiaçının gəliri ilə bağlı sosial sığota hesablatları təqdim olunmuşdur. Digər bir məsələ isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mənbəyi və hardan əldə olunduğu bilinməyən cədvələ istinad etmişdir. “AAA” vəkil bürosu tərəfindən həmin cədvəldə göstərilən məlumatlar bəyan edilməmişdir. Lakin məhkəmə bu halları da nəzərə almamış, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə, vəkillik fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə arayışa ümumiyyətlə hüquqi qiymət verilməmişdir. "AAA" Vəkil Bürosunun iddiaçının 2020-2023-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi cədvəlindən görünür ki, iddiaçının 2020-ci ilin aprel ayı üzrə gəlirinə 168 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və həmin məbləğ 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin may ayında isə iddiaçıya 168 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və həmin məbləğ də 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin iyun ayında 160 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və o da eyni qaydada 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin iyul ayında 40 manat, sentyabr ayında 2000 manat, oktyabr ayında 1044,80 manat, noyabr ayında 761,75 manat hesablanmış məcburi məcburi dövlət sosial sığorta haqqları da növbəti il ödənilmişdir. Lakin məhkəmənin istinad ettiyi 2020-ci ilin aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr ayları üzrə gəlir məbləği və ona müvafiq hesablanmış sosial sığorta haqqları "AAA" Vəkil Bürosu tərəfindən iddiaçının əmək qabiliyyətinin itirilməsi dövründən əvvəlki 12 aylıq müddət üzrə gəlirləri barədə arayışda göstərilən məbləğlərlə uyğun gəlmir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Qurbanova (Sadıqova) Aytac Vüqar qızı izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilməsi üçün müraciət etmiş və ona müavinət ödənilmişdir. Lakin iddiaçının xəstə olduğu dövrdə yalnız Bakı Dövlət Universitetində işlədiyi dövr üçün itirilmiş qazanc kompensasiya edilmişdir. İddiaçının vəkillik fəaliyyəti ilə bağlı olan qazancı kompensasiya edilməmişdir. İmtinanın səbəbi isə ondan ibarət olmuşdur ki, müavinətin ödənilməsi 189 nömrəli Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 41-ci bəndində qeyd olunur ki, əgər vətəndaş əsas iş yerindən başqa iş yerində də işləyirsə, yəni başqa iş yeri üzrə də qanancı varsa, o zaman hesablama fərqli şəkildə həyata keçirilir. Əmək Məcəlləsinə əsasən, iş yeri dedikdə şəxsin əmək müqaviləsi ilə haqqı ödənilərək işlədiyi yer nəzərdə tutulur. Yəni şəxsin əmək müqaviləsi olmalıdır. Məlumat elektron informasiya sistemində də iddiaçının Bakı Dövlət Universitetindən başqa heç bir iş yeri ilə əmək müqaviləsi yoxdur. Bu səbəbdən də iddiaçının yalnız Bakı Dövlət Universitetində işlədiyi dövr üçün itirilmiş qazancını kompensasiya edilmişdir. İş birinci instansiya məhkəməsində araşdırılan zaman yeni bir hal da ortaya çıxdı. Əgər vətəndaşın xəstə olduğu dövr də daxil olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna borcu mövcuddursa belə olan halda da müavinət ödənilmir. Qarşı tərəf təqdim edilmiş cədvəlin mənbəyinin bilinmədiyini və əsassız olduğunu bildirir. Bununla bağlı olaraq bildirilməlidir ki, müavinətin hesablanması ilə bağlı məsələlər 2020-ci ildə baş vermişdir. Həmin dövrdə sosial müavinətlərin ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilmişdir. Hal-hazırda da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nəzarət həyata keçirilir. Həmin cədvəldə olan məlumatlar da cavabdeh inzibati orqana Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmişdir. Təqdim olunan cədvələ də baxılanda məlum olur ki, 2020-ci ilin aprel ayında iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr idi. Aprel ayında 168 manat məbləğində iddiaçının yaranmış məcburi dövlət sosial sığorta borcu (vəkillik fəlaliyyəti dövrü) ödənilməmişdir. Həmin borc 2020-ci ildə yaranmış, lakin iddiaçı tərəfindən 2021-ci ildə ödənilmişdir. Bu səbəbdən də şəxsin tələbinə imtina edilmişdir. İnzibati orqan olaraq cavabdeh tərəfindən araşdırma aparılmışdır ki, vətəndaş, həqiqətən də, Əsasnamənin 41ci bəndinin təsirinə düşən vətəndaşdır yoxsa yox. Araşdırma nəticəsində də məlum olmuşdur ki, şəxs həmin bəndin təsiri altına düşmür. Şəxsin həmin dövr üçün müavinət almaq kimi hüququ yoxdur. Bu səbəbdən də tələbdən imtina edilmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, məhkəmə özü də xidməti vəzifəsindən irəli gələrək tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənmir, lazımi hallarda əlavə olaraq işlə bağlı araşdırma aparır. Bununla bağlı olaraq da birinci instansiya məhkəməsi əlavə olaraq işlə bağlı çıxarış və sənədlərin tədqim edilməsini tələb etmişdir. Sistemdən çıxarışlara baxış zamanı da məhkəmə əlavə olaraq müəyyənləşdirdi ki, iddiaçının sosial sığorta haqqları üzrə borcu mövcuddur. Cavabdehin nümayəndəsi ona verilmiş suala cavab olaraq bildirmişdir ki, inzibati orqan sığorta haqqı borcunun olub-olmamasına keçmədən birinci əsas üzrə imtina verib. Birinci əsas olduğu təqdirdə, borcun olub-olmamasının yoxlanılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə güzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iddiaçının dəlilləri ondan ibarətdir ki, o, eyni vaxtda iki sahədə (Bakı Dövlət Universitetinin baş müəllimi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti) əmək fəaliyyətini həyata keçirmiş, hər iki gəlir mənbəyi üzrə sosial sığorta haqları ödəmişdir (*buna dair müvafiq bəyannamələr məhkəməyə elektron qayada təqdim edilmişdir). 14 dekabr 2020-ci il – 05 fevral 2021-ci il tarixləri ərzində əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ona xəstəlik vərəqəsi (SN 00006 933039) verilmiş, lakin ödənilməli olan müavinət (xəstəlik vərəqəsinə əsasən) yalnız Bakı Dövlət Universitetində aldığı gəlir üzrə hesablanmış, vəkillik fəaliyyətindən əldə etdiyi gəlir nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müavinətin hesablanması düzgün aparılmayıb və bu, inzibati orqanın qanunsuz hərəkəti kimi qiymətləndirilməlidir. Cavabdehin arqumenti ondan ibarətdir ki, “Əmək və Məşğulluq” altsistemindən əldə olunan məlumatlara əsasən iddiaçının əsas iş yeri Bakı Dövlət Universitetidir və əlavə iş yeri yoxdur, belə olan halda müavinət hesablanarkən vəkillik fəaliyyəti nəzərə alına bilməz. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında vəkillik fəaliyyəti müstəqil hüquqi fəaliyyət kimi təsnif olunur və muzdlu əmək münasibətləri ilə idarə edilmir. Vəkillər əmək müqaviləsi bağlamır, lakin bu, onların dövlət sosial müdafiə sistemindən kənarda qalmasına səbəb olmamalıdır. Azərbaycan qanunvericiliyinə görə, vəkillik fəaliyyəti: - Müstəqil fəaliyyət hesab edilir və fərdi sahibkarlıq fəaliyyətinə bənzərdir. - Vəkillər dövlət sosial sığorta fonduna ödənişlər edir və bunun əsasında pensiya və digər sosial müdafiə hüquqlarına sahib olurlar. - Vəkillər dövlət və özəl sektorda çalışan işçilər kimi gəlir əldə edir və vergi ödəyirlər. Müvafiq olaraq, vəkillik fəaliyyətindən əldə edilən gəlirlər rəsmi və qanuni gəlir mənbəyi hesab edilir və onların əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı nəzərə alınmaması heç bir hüquqi əsasa malik deyil. Vəkillik fəaliyyəti müstəqil olsa da, bu, vəkillərin ödədikləri sosial ödənişlər həcmində sosial müdafiədən kənarda qalması üçün adekvat əsas olaraq qəbul edilə bilməz. Əgər vəkil sosial sığorta haqqı ödəyirsə, onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət alması tamamilə qanuni haqqıdır. Bu hüququn əmək müqaviləsinin olmaması səbəbindən məhdudlaşdırılması qanunsuzdur və konstitusion hüquqların pozulmasıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əsasən, işçilər müvəqqəti əmək qabiliyyəti itirdikdə müavinət ala bilərlər. Bu müavinətin əsas məqsədi, şəxsin əmək qabiliyyətinin bərpa olunana qədər maddi cəhətdən dəstəklənməsidir. Bu müavinətin hesablanması üçün əsas meyarlar: - fərdin sosial sığorta haqqı ödəməsi; - əmək qabiliyyətinin itirilməsi faktının tibbi sənədlərlə təsdiqlənməsi; - fərdin qanuni gəlir əldə etməsi. Buna baxmayaraq, inzibati orqan tərəfindən göstərilən meyarlar kənara qoyularaq vəkillik fəaliyyətinə münasibətdə müraciət ümumiyyətlə araşdırılmamış və “iddiaçının əsas iş yeri Bakı Dövlət Universitetidir və əlavə iş yeri yoxdur” əsası ilə vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmasından imtina etmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməsə də, (*qərarın məzmunundan göründüyü kimi) inzibati orqanın məhz bu yanaşması ilə = imtinanın əsası ilə razılaşmamış, vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmalı olmasını faktiki olaraq qəbul etmiş, lakin məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında icra edilməməsi əsası ilə iddia ərizəsini rədd etmişdir. Həmin qərar yalnız iddiaçı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə iddianı rədd edərkən cavabdehin təqdim etdiyi (*ilkin mənbəyini yalnız cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilməsi mümkün olan) arayışa istinad etmiş, iddiaçı tərəfin təqdim etdiyi bəyannamələrə və digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə məcburi dövlət sosial sığorta ödənişləri gecikmə ilə icra edildiyi təqdirdə belə, bu xüsusat tələbin rədd edilməsi üçün əsas olaraq qəbul edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vəkillər fərdi qaydada və ya vəkil qurumlarının tərkibində fəaliyyət göstərə bilərlər. Vəkil qurumları arasında vəkil büroları da mövcuddur. Vəkillərin sosial sığorta ödənişləri ilə bağlı öhdəlikləri, onların fəaliyyət formalarına görə fərqlənir. Fərdi qaydada fəaliyyət göstərən vəkillər, öz gəlirlərindən məcburi dövlət sosial sığorta haqlarını ödəmək öhdəliyinə malikdirlər. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən, ödənilməli məbləğ vəkillərin gəlirlərinin 10%-i miqdarında müəyyən edilir(di). Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı öhdəlikləri isə məhz müvafiq bürolar tərəfindən yerinə yetirilir. Vəkil büroları, qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınır və üzvləri olan vəkillərin göstərdikləri hüquqi xidmətlərə görə əldə edilən gəlirlərdən məcburi ödənişləri ödəmə mənbəyində tutaraq dövlət büdcəsinə köçürürlər. Beləliklə, vəkil bürosunun tərkibində fəaliyyət göstərən vəkillərin (*hazırkı iş üzrə iddiaçının "AAA" Vəkil Bürosunun tərkibində fəaliyyət göstərməsi işin mübahisələndirilməyən halıdır) məcburi dövlət sosial sığorta ödənişlərinin büro tərəfindən ödənilməsi qanunvericiliyə uyğundur və bu, vəkil bürosunun vəzifələrindən irəli gəlir. Bu halda, vəkilin özünün bu ödənişlərin vaxtında edilib-edilməməsini yoxlamaq və nəzarətdə saxlamaq imkanı məhdud olur. Ödənişlərin vaxtında edilməsi büronun vəzifəsi olsa da, bu hal vəkilin sosial müdafiə hüququnu məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinə müvafiq olaraq, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. ... Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində sosial sığorta hadisəsi baş verdikdə ödənilməli olan sığorta ödəmələrindən biri kimi “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)” təsbit edilmişdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 11-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qeyd edilməlidir ki, dünyanın əksər ölkələrində əmək qabiliyyətini müvəqqəti itirən şəxslərə ödənən müavinətlərin hesablanmasında əsas prinsip sığorta edilmiş gəlirin tam əhatəsidir. Yəni şəxs birdən artıq iş yerində (və ya fərqli fəaliyyət növündə) sığorta ödəyirsə, xəstəlik dövründə müavinət həmin bütün fəaliyyətlərdən toplanan sığortalı gəlir üzrə müəyyən edilir. Bu, bir sıra beynəlxalq sənədlərdə – məsələn, X3 (İLO) 102 saylı “Sosial təminatın minimum normaları haqqında” Konvensiyasında da ümumi prinsip kimi öz əksini tapır. Konvensiyaya görə, sığorta prinsipləri tətbiq edilən ölkələrdə müavinətlər, şəxsin töhfə verdiyi (sığorta ayırmaları ödədiyi) gəlir səviyyəsini nəzərə almalıdır ki, sosial risk baş verdikdə (xəstəlik, əmək qabiliyyətinin itirilməsi və s.) şəxs real təminat ala bilsin. Bu, həmçinin Avropa Sosial Xartiyasının 12-ci maddəsinin (sosial təminatın saxlanması və inkişafı) ruhuna uyğundur. Orada tələb edilir ki, dövlətlər effektiv sosial müdafiə sistemi təşkil etsin və əhalinin haqq etdiyi sosial sığorta müavinətlərini vaxtında və kifayət qədər dərəcədə ödəsinlər. Qeyd olunan yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapıb. Belə ki, “Stec və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə qərarında Məhkəmə vurğulamışdır ki, dövlətlərin sosial siyasət sahəsində geniş mülahizə səlahiyyəti olsa da, bu, ödəniş şərtlərinin özbaşına dəyişdirilməsi və ya ödənilməsinin əsassız şəkildə rədd olunması anlamına gəlmir. “Schuler-Zgraggen İsveçrəyə qarşı” iş üzrə qərarında məhkəmə qeyd etmişdir ki, sosial təminat mübahisəsi konkret şəraitdə “mülki hüquq və vəzifələr” kateqoriyasına düşürsə, 6-cı maddədəki bütün təminatlar (ədalətli araşdırma, bərabərlik, mübahisəsiz məhkəmə qərarı və s.) qorunmalıdır. AİHM sosial təminat sahəsində dövlətlərin daha geniş səlahiyyətə malik olduqlarını tanıyır. Ancaq bu səlahiyyət proporsionallıq prinsipi ilə məhdudlaşır. Başqa sözlə, qanunda açıq şəkildə nəzərdə tutulan ödənişi (pensiya, müavinət və s.) “yanlış” və ya “natamam” tətbiq etməklə şəxsi məhrum etmək, dövlətin sosial müdafiə funksiyasına ziddir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Son olaraq məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək qabiliyyətini xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə itirmiş və hətta ödənilməli olması cavabdeh tərəfindən qəbul edilmiş Bakı Dövlət Universitetindəki fəaliyyətinə görə 1050,21 manat məbləğində müavinət ona iki ildən artıq müddət keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya aşağıdakı məzmunda məktub göndərilmişdir: “ ... Azərbaycan Respublikası Vəkillər Kollegiyası “AAA” Vəkil Bürosundan (SUN: **********2) daxil olmuş vəkil İddiaçı (SSN: **********354) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin olunmaması ilə bağlı 2021-ci il 7 dekabr tarixli 07/12-1- ƏƏSMN nömrəli məktubla daxil olmuş müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. ... Müraciətlə bağlı araşdırma aparılmış, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində sığortaolunan İddiaçı (SSN: **********354) əsas iş yerinin “Bakı Dövlət Universiteti” (SUN:**********7) olduğu müəyyən edilmişdir. Sığortaolunanın 14 dekabr 2020-ci il - 5 fevral 2021-ci il dövrlərinə aid xəstəlik vərəqəsi olduğu halda sığortaedən “Bakı Dövlət Universiteti” tərəfindən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi təsadüf edilən 2020-ci ilin İV və 2021-ci ilin İ rübləri üzrə təqdim etdiyi “muzdlu və qeyri-muzdli işlə əlaqədar vahid bəyənnamə”də İddiaçı dair gəlirlər, gəlirlərə münasbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmuşdur. Nəticədə müəyyən olunmuşdur ki, xəstəlik vərəqəsinə əsasən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli qərarı ilə ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar ənənəvi tədris fəaliyyəti dayandırıldığından və 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada aparıldığından, İddiaçı tədrisi distant şəkildə həyata keçirmiş, 14 dekabr 2020-ci il - 5 fevral 2021 -ci il dövrlərinə görə sığortaedən tərəfindən əməkhaqqı ona tam həcmdə ödənilmişdir. ... sığortaolunan İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əsas iş yerindən əməkhaqqını tam həcmdə aldığı və orada kompensasiya edilməli gəlirləri olmadığı üçün ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilir. ... Yekun olaraq bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə “Bakı Dövlət Universiteti” tərəfindən ödənilmiş əməkhaqqı sığortaedənə geri qaytarıldıqdan sonra İddiaçıyevə aid müavinətin hesablanması zamanı əsas iş yerindən əldə edilən qazancla yanaşı vəkillik fəaliyyətindən əldə edilən qazanc da nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödəmrməsulə bağlı haqq-hesab cədvəli sığortaedən tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada göndərildikdən sonra sənədlərə yenidən baxılacaqdır”. xx.xx.2022-ci il tarixli məktubdan sonra tərəflər arasında hələ uzun müddət davam edən yazışma olmuş və nəticə etibarilə vəkillik faəliyyətindən əldə edilmiş gəlir ümumiyyətlə nəzərə alınmamış, Bakı Dövlət Universitetindəki fəaliyyətə görə 1050,21 manat məbləğində müavinət isə, yuxarıda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək qabiliyyətinin itirilməsi fərdin iqtisadi, sosial və psixoloji vəziyyətinə ciddi təsir göstərən hadisələrdən biridir. İnsan bu vəziyyətə müxtəlif səbəblərdən – iş yerində baş verən bədbəxt hadisələr, xəstəliklər və ya əlilliyə səbəb olan digər faktorlar nəticəsində düşə bilər. Müvafiq dövlət və ya sığorta orqanları tərəfindən bu şəxslərə vaxtında maliyyə dəstəyi göstərilməsi onların sosial rifahının qorunması və maddi sıxıntılarla üzləşməməsi üçün mühüm əhəmiyyət kəsb edir. Müavinətlərin operativ ödənilməsi əmək qabiliyyətini itirmiş şəxslərin gündəlik həyatlarını davam etdirməsi üçün vacibdir. Dövlət tərəfindən operativ müavinət ödənişi sosial bərabərliyi qoruyur. Xüsusilə, aşağı gəlirli insanlar və qeyri-sabit işlərdə çalışanlar üçün bu dəstək həyati əhəmiyyət daşıyır. Müavinətlərin gecikməsi cəmiyyətin iqtisadi sabitliyinə mənfi təsir edə bilər, çünki bu, istehlakın azalmasına və borc yükünün artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının sahəvi qanunvericiliyi müavinətlərin vaxtında ödənilməsini tələb edir. Eyni zamanda dövlətimizin qoşulduğu Konvensiyalara əsasən də, dövlətlər bu öhdəliyi yerinə yetirməli və vətəndaşların sosial hüquqlarını təmin etməlidir. Gecikmiş ödənişlər hüquqi problemlər yarada və vətəndaşların dövlətə olan inamını sarsıda bilər. Əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin operativ ödənilməsi insanların sosial rifahının qorunması və dövlətin vətəndaşlarına qarşı öhdəliklərini yerinə yetirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübə göstərir ki, bu proses nə qədər sürətli və şəffaf olsa, cəmiyyətin iqtisadi və sosial sabitliyinə bir o qədər müsbət təsir edir. Müavinətlərin vaxtında ödənilməsi yalnız iqtisadi deyil, həm də sosial ədalətin təmin olunması üçün vacib addımdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, qanunauyğun və ədalətli hesab oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2377/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, İddiaçı vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər nəzərə alınmaqla 14 dekabr 2020-ci il tarixdən 05 fevral 2021-ci il tarixədək olan dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Sığorta və X7 Mərkəzi Filialına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2377/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər nəzərə alınmaqla 14 dekabr 2020-ci il tarixdən 05 fevral 2021-ci il tarixədək olan dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Sığorta və X7 Mərkəzi Filialına həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar