Məhkəmə qərarları › İş №2-1(103)-57/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-57/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-57/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-690/2019 saylı 27 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 6/c saylı orderdən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində, 0,12 hektar sahəsi olan, 204 M/T nömrəli bağ ayrılmışdır. Dövlət Arxivinin Bakı Filialının 1359 saylı 19 iyul 2019-cu il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 13/585 saylı 03 sentyabr 1991-ci il tarixli qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı Pirşağıda bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. 218 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilməsi barədə məlumat keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu 3/75 saylı 01 mart 1991-ci il tarixli qərarda qeydə alınmış, lakin həmin qərarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Məktuba əlavə edilmiş 3/75 saylı 01 mart 1991-ci il tarixli qərardan görünür ki, İddiaçı adı sözegedən qərarda öz əksini tapmamışdır. Həmçinin 218 saylı Pirşağı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısından görünür ki, İddiaçı adı həmin siyahıda öz əksini tapmamışdır. XDS İcraiyyət Komitəsinin13/585 saylı 03 sentyabr 1991-ci il tarixli qərarından və 233 saylı Ləiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısından görünür ki, İddiaçı adı müvafiq olaraq qərarda və siyahıda öz əksini tapmamışdır. İddiaçı ona Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqanın 22.06.2017-ci il tarixli imtina məktubunun məzmununda göstərilmişdi ki, aparılan araşdırmaya əsasən iki bağ bir hasarın daxilindədir, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Buna görə də iddiaçıya hüquqların qeydiyyatından imtina olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 13/585 saylı 03 sentyabr 1991-ci il tarixli qərarına əsasən 218 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində 204 M/T saylı 0.12 hektar ölçüdə ona torpaq sahəsi ayrılmışdır. O, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən bağ sahəsinin bir hasar daxilində olması və sözügedən bağ nömrəsinin sxematik xəritədə aşkar olunmaması səbəbindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-690/2019 saylı 27 fevral 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 204 M/T nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən ona istinad etmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivindəki 204 M/T saylı bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud olmuş, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 27.02.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, ekspertiza keçirilməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. İşin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekspertiza keçirilməlidir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1448/19 saylı 08 avqust 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-690/2019 saylı 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3733/19 saylı 27 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1448/19 saylı 08 avqust 2019-cu il tarixli qərarının ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 22.06.2017-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması barədə iş materiallarında sübut mövcud deyildir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 30.11.2018-ci il tarixdə müraciət etmişdir. Cavabdeh inzibati orqan məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi məsələsini mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş sayılır və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Bakı Şəhər XDS İK-nın 13/585 saylı 03 sentyabr 1991-ci il tarixli qərarına əsasən 218 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində 204 M/T saylı 0,12 hektar ölçüdə torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin mövqeyinə görə, bağ sahəsi bir hasar daxilində yerləşir və sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Həmin mövqe ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə olan order mübahisələndirilmədiyindən, ləğv olunmadığından, etibarsız sayılmadığından və onun həqiqətəuyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən sübut kimi mötəbər qiymətləndirilməli, həmin order iddiaçının torpaq sahəsinin qanuni istifadəçisi olduğunu sübut edir və iddiaçı “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 25-ci maddələrinin tələblərinə əsasən həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud olduğundan cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçının iddiasının əsasını 6/c nömrəli order təşkil edir (i.v. 6-da orderin əsli var). Həmin orderdə yazılmışdır ki, 6/c nömrəli order İddiaçı verilir ondan ötəri ki, Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarına əsasən ona Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 204 m/t nömrəli bağ ayrılıb. Sözügedən məsələnin araşdırılması məqsədi ilə əvvəlki apelyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialına 04 iyul 2019-cu il tarixli sorğu göndərilərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarına dair Arxiv arayışının, eləcə də arxiv materiallarında mövcud olduğu təqdirdə 218 saylı BTK-nın üzvlərinin Siyahısının surətinin Bakı Apelyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir (i.v. 51). Xatırlatmaq zəruridir ki, iddiaçının adına verilmiş sözügedən orderdə Bakı Şəhər İcraiyyə Komitəsinin məhz 03 sentyabr 1991-ci il tarixli, 13/585 nömrəli qərarına istinad olunur. Dövlət Arxivinin Bakı Filialının məhkəmənin həmin sorğusuna olan 19 iyul 2019-cu il tarixli cavabında yazılır ki, «04 iyul 2019-cu il tarixli, 2- 1(103)-1448/19 saylı sorğunuza cavab olaraq bildiririk ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 03 sentyabr 1991-ci il tarixli, 13/585 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı Pirşağıda bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 218 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilməsi barədə məlumat keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu 01 mart 1991-ci il tarixli, 3/75 saylı qərarda qeydə alınmışdır. Lakin həmin qərarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın və həmin qərara əlavə edilmiş 218 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətləri 7 (yeddi) vərəqdən ibarət Sizə göndərilir». Beləliklə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının adına verilmiş 6/s nömrəli orderdə istinad olunan Bakı Şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarının Dövlət Arxivinin Bakı Filialı tərəfindən mövcud olduğu bildirilsə də, həmin qərar əvvəlki apelyasiya baxışı zamanı göndərilməmiş, sadəcə qeyd edilmişdir ki, sözügedən qərarda İddiaçı Pirşağı bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur, bunun əvəzində isə Dövlət Arxivinin Bakı Filialı tərəfindən apelyasiya məhkəməsinə iddiaçıya verilmiş orderə heç bir aidiyyəti olmayan Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli, 3/37 saylı qərarının kserosurətini göndərmişdir. Eyni zamanda, 218 saylı BTK-nın üzvlərinin siyahısının təsdiq edilmiş kserosurəti də təqdim edilmişdir. İş üzrə Ali Məhkəmənin 27 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “apelyasiya instansiyası məhkəməsi də sözügedən sənədlərlə kifayətlənərək, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin müddəalarını pozmaqla, işin düzgün həlli üçün lazımi olan Bakı Şəhər İcraiyyə Komitəsinin, iddiaçının adına verilmiş orderdə istinad olunan 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarını Dövlət Arxivinin Bakı Filialından əldə etməmiş və nəticə etibarı ilə də adıçəkilən qərarı araşdırmamışdır. .......apelyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən Dövlət Arxivinin Bakı Filialının (i.v. 62) və cavabdehin (i.v. 66, 67) məhkəməyə təqdim etdikləri «218 nömrəli Pirşağı Bağ-tikinti kooperativi üzvlərinin Siyahısı»na əsaslanmışdır. ...... həmin sənədlər normal olaraq məzmunca eyni olmalı olduğu halda, cavabdehin təqdim etdiyi siyahıda kooperativin 18 üzvünün (artıq olan X10), Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi siyahıda isə kooperativin 17 üzvünün (N.X.Nəbiyev yoxdur) adı yazılmışdır. .....Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi siyahıda Birliyin direktoru T.Allahverdiyevin soyadının önündə imza olduğu Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Katibi «G.Panevski» soyadının önündə isə imza yoxdur. ..... cavabdehin təqdim etdiyi sözügedən siyahıda yenə də eyni vəziyyət mövcuddur. Lakin apelyasiya instansiyası məhkəməsi adıçəkilən siyahıda olan ziddiyyətləri araşdırmamış, onların mötəbərliliyini tam və hərtərəfli yoxlamamışdır. ...... mübahisə predmeti olan bağ torpaq sahəsinin mövcud olubolmaması, mövcuddursa, faktiki olaraq kimin istifadəsində olması da araşdırılmamışdır. ......... cavabdeh iddiaçıya yazdığı 22 iyun 2017-ci il tarixli imtina məktubunda yazır ki, «iki bağ bir hasar daxilindədir, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir.» ...... belə olan halda, cavabdeh orqan bunu, yəni, sözügedən bağ torpaq sahəsinin iddiaçıda ümumilikdə mövcud olmamasını sübut etməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı Bakı şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarının, eləcə də 218 saylı BTK-nin üzvlərinin Siyahısının surətinin məhkəməyə təqdim olunması Dövlət Arxivinin Bakı filialından tələb olunmuşdur. Həmin sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən 12.05.2020-ci il tarixli 284 nömrəli və 04.06.2020-ci il tarixli 366 nömrəli məktublarla bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 03.09.1991-ci il tarixli 13/585 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin qərarda vət. İddiaçı bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. 218 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilməsi barədə məlumat keçmiş Bakı şəhər XDS İK-nin arxiv fondu 01.03.1991-ci il tarixli 3/75 saylı qərarda qeydə alınmışdır. Lakin həmin qərarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün tələb olunan qərarın və ona əlavə olunmuş 218, 233 saylı saylı BTK-nin üzvlərinin siyahılarının təsdiq edilmiş ksero surətləri məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sorğuya cavab məktublarına qoşulmuş sənədlərdən, o cümlədən XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarından və 218 saylı BTK-nin üzvlərinin siyahısından görünür ki, həmin qərarda və müvafiq siyahıda İddiaçı adı əks olunmamışdır. O ki qaldı kassasiya instansiya məhkəməsinin qərarında «218 nömrəli Pirşağı Bağtikinti kooperativi üzvlərinin Siyahısı»nda kooperativin 18 üzvünün (artıq olan X10), Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi siyahıda isə kooperativin 17 üzvünün (N.X.Nəbiyev yoxdur) adı yazılmışdır. .....Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi siyahıda Birliyin direktoru T.Allahverdiyevin soyadının önündə imza olduğu Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Katibi «G.Panevski» soyadının önündə isə imza yoxdur. ..... cavabdehin təqdim etdiyi sözügedən siyahıda yenə də eyni vəziyyət mövcuddur” barədə göstərilənlərə, bu barədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, işin təkrar apellyasiya baxışı zamanı məhkəmə sorğularına əsasən Dövlət Arxiv İdarəsinin Bakı filialının təqdim etdiyi 218 nömrəli Pirşağı Bağ-tikinti kooperativi üzvlərinin Siyahısında kooperativin 17 üzvünün (18-ci sıra və X5 adı yoxdur), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi 218 saylı BTK üzlərinin siyahısında isə kooperativin 18 üzvünün (N.X.Nəbiyevin adı 18-ci sırada yer almışdır) adı yazılmış, lakin yenə də Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi siyahıda Birliyin direktoru T.Allahverdiyevin soyadının önündə imza olduğu, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Katibi «G.Parenski» soyadının önündə isə imza olmadığı, DƏDRX-nin 1 saylı BƏİ-nin təqdim etdiyi Siyahıda isə əksinə, T.Allahverdiyevin soyadının önündə imzanın olmadığı, «G.Parenski» soyadının önündə isə imzanın olduğu müəyyən olundu. Bu ziddiyyətli hala məhkəmə baxışı zamanı cavabdeh inzibati orqan da daxil olmaqla heç bir aydınlıq gətirilə bilməmişdir. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan hallardan biri də cavabdehin iddiaçıya yazdığı 22 iyun 2017-ci il tarixli imtina məktubunda «iki bağ bir hasar daxilindədir, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir.» yəni, sözügedən bağ torpaq sahəsinin iddiaçıda ümumilikdə mövcud olmamasının cavabdeh tərəfindən sübut edilməsi ilə bağlı olmuşdur ki, bu halın da müəyyən edilməsi məqsədilə mübahisə predmeti olan bağ torpaq sahəsinin mövcud olubolmaması, mövcuddursa, faktiki olaraq kimin istifadəsində olmasının araşdırılması üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə məhkəmə kollegiyasının 04.06.2020-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilmişdir. 20.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatlar müəyyən edilməklə ölçülmüşdür. Araşdırma ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasından verilmiş məlumatlara və ölçülmüş ərazinin koordinatlarını və sair texniki parametrlərini əks etdirən sxemlərə əsasən aparılmışdır (sxemlər əlavə edilir). Elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 13/585 saylı 03.09.1991-ci il tarixli qərarına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş torpaq sahəsinin bir hissəsi X3 adına 0.12 hektar **********669 reyestr nömrəli və X4 adına 0.12 hektar **********70 reyestr nömrəli çıxarış verilmiş, qalan hissəsinə isə hər hansı bir sənədin verilməsi və kimə məxsus olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2186 saylı 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X8 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyi üçün Bakı və Bakı ətrafı bağlar ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində arxiv sənədləri eləcə də məlumatlar yoxdur. Qeyd olunan mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, mütəxəssis tərəfindən ümumi ölçülmüş sahə 5215 kv.m. olsa da, bunun 2603 kv.m. hissəsi məhz iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsidir və bu həmin sxemdə xüsusi olaraq qeyd olunmuşdur, həmin 2603 kv.m. sahənin də 0,12 ha hissəsinin bir şəxsin, 0,12 ha hissəsinin isə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, həmin şəxslərin adına çıxarışların mövcud olduğu açıq-aydın rəydə bildirilmişdir. Lakin 01.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10/4735 saylı 19 oktyabr 2021-ci il tarixli ekspert rəyi yuxarıda qeyd olunan mütəxəssis rəyinin məzmununa uyğun verilsə də, əlavə olaraq mütəxəssis rəyində göstərilənlərdən fərqli ifadələr, yəni ümumi ölçülmüş sahənin 5215 kv.m təşkil etməklə, ölçülmüş ərazinin qərb hissəsində X3 və X4 adına qeydiyyata alınmış torpaq sahələri, şərq hissəsində isə iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası ekspert rəyində mütəxəssisin verdiyi rəydə olan ifadələrdən fərqli ifadələrin qeyd olunmasına tənqidi yanaşaraq qeyd edir ki, sözügedən mütəxəssis rəyi iş üzrə mötəbər sübut olmaqla yanaşı, qarşıda duran məsələnin həll edilməsində əhəmiyyətli sübut kimi çıxış edir və məhz bu rəyi verən mütəxəssis tərəfindən müvafiq ölçmə işləri aparılıb sxem tərtib olunduğu üçün onun ölçmə işlərinin nəticəsi olaraq gəldiyi nəticə işin həll edilməsində kifayət qədər əhəmiyyət daşıyır. Ona görə də məhkəmə kollegiyası həmin mütəxəssis rəyinə əsasən bir daha xatırlatmağı zəruri hesab edir ki, mütəxəssis rəyinə əlavə olunmuş sxemdə iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş torpaq sahəsi olaraq 2603 kv.m. göstərildiyindən, rəyə əsasən həmin sahənin bir hissəsinin (0,12 ha) X3, bir hissəsinin (0,12 ha) isə X4 adına, ümumilikdə 2400 kv.m. sahəyə reyestrdə qeydiyyat aparıldığından, qalan hissəyə isə hər hansı bir sənədin verilmədiyi və kimə məxsus olması barədə məlumat aşkar edilmədiyindən bu hal, iddiaçının məhz həmin iddia etdiyi torpaq sahəsinin (sxemə əsasən 2603 kv.m.-in) onun faktiki istifadəsində olduğu faktının sübuta yetirilməməsi kimi qiymətləndirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X8 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuniistifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dairtikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona verilməsi barədə XDS İcraiyyət Komitəsinin 13/585 saylı 03 sentyabr 1991-ci il tarixli qərarında, eyni zamanda 218 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında onun adı öz əksini tapmadığından, keçirilmiş mühəndis-tikinti ekspertizası nəticəsində verilmiş mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin rəyə əlavə olunmuş sxemə əsasən 2603 kv.m. olduğu, bunun da 0,12 ha hissəsi bir şəxsin, 0,12 ha hissəsi isə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, həmin şəxslərin adına çıxarışlar mövcud olduğundan, yerdə qalan 203 kv.m. (2603-2400=203) sahəyə isə heç kimin adına hər hansı sənəd verilməsə də və kimə məxsus olması barədə məlumat aşkar olunmasa da, bu torpaq sahəsinin məhz iddiaçının faktiki istifadəsində olduğu iş materialları ilə təsdiqini tapmadığından iddiaçı sübutetmə vəzifəsini yerinə yetirməmiş sayılır və ona görə də onun hazırki iddiası təmin edilə bilməz. Göründüyü kimi, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas verən hallar sübuta yetirilmədiyindən tələb olunan inzibati aktın verilməsi üçün şərtlər də tam ödənilməmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə məhkəmə kollegiyası iddiaçı tərəfindən arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, onun tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə cavabdehin imtinası qanuni olub, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi” barədə dəlilinə, bu barədə dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-690/2019 saylı 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası heab edir ki, iddiaçının iddiası təmin edilmədiyindən apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər ona aid edilməlidir. Belə olan halda İddiaçı 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-690/2019 saylı 27 fevral 2019cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 manat məbləğində ekspert xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar