Məhkəmə qərarları › İş №2-1(103)-57/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-57/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-57/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsininin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-176/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair iddiaçının adına çıxarışın və cizgi planının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X3 10 sentyabr 1988-ci il tarixdə vəfat etmiş, bununla əlaqədar iddiaçının ərizəsi əsasında Bakı şəhərindəki 35 saylı notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair çıxarışın, eləcə də daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən (1 saylı forma üzrə) arayışın verilməsi xahiş edilmişdir. Bu sorğuya həmin idarə tərəfindən verilmiş 01 mart 2017-ci il tarixli **********62 saylı bildirişdə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01 mart 2017-ci il tarixli **********62 saylı bildirişdə qeyd olunmuşdur ki, Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq vardır. Eyni zamanda, bağ sahəsində elektrik yarımstansiya inşa edilmişdir. Bu səbəbdən də miras qalmış bağ sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınması mümkün deyildir. İddiaçı təkrarən 35 saylı notariat kontoruna müraciət edərək Sonaxanım Gözəlovadan miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, bu xahişi təmin edilməmiş və notariusun 20 aprel 2017-ci il tarixli məktubunda izah olunmuşdur ki, Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair çıxarışın olmaması səbəbindən ona müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi imkan xaricindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 oktyabr 2013-cü il tarixli 2- 1(82)-1030/2013 saylı qərarı ilə, Bakı şəhəri, Xəzər yayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 31 saylı bağ sahəsinə mərhum Sonaxanım Gözəlovanın adına plan-cizginin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. "xxxx" ASC-nin Xəzər rayon X8 və Satışı Sahəsi tərəfindən verilmiş 02 sentyabr 2013-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsi ərazisində 216 saylı X4 və həmin məntəqəni qidalandıran 8 kV-luq hava xətti tam olaraq sökülmüş və hal-hazırda bu bağ sahəsində heç bir elektrik xətti və elektrik qurğusu yoxdur, elektrik enerjisi cəhətdən tam təhlükəsizdir. Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq vardırsa da, bu uyğunsuzluq DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aradan qaldırılmalıdır. Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən 13 dekabr 2017-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə, 10 sentyabr 1988-ci il tarixdə ölmüş Gözəlova Sonaxanımdan qalmış miras əmlak, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 8566/2017 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Gözəlova Sonaxanım arasında bağlanmış “2684” nömrəli 27 avqust 1988-ci il tarixli müqavilə üzrə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 1200 kv.metr sahədən ibarət 31 saylı bağ sahəsi üzərində mərhum Gözəlova Sonaxanıma mövcud olmuş icarə (istifadə) hüququndan ibarətdir və mərhumun vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. 2008-ci ildən başlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair plan-sxemin və arayışın mərhumə Gözəlova Sonaxamın vərəsəsi kimi, onun adına təqdim olunması haqqında müraciətlərinə, idarənin əməkdaşaları tərəfindən torpaq sahəsində dəfələrlə ölçülərin aparılmasına baxmayaraq, indiyə kimi müxtəlif bəhanələrlə həmin sənədlər ona təqdim olunmamışdır. Hal-hazırda DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən mərhumə Gözəlova Sonaxammın adına olan torpaq sahəsinə dair plan-sxemin və arayışın alınmasına zərurət yaranmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Azəriqaz” İB və "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Daha sonra iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-176/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia olunan ərazi sxematik xəritə və arxiv cizgisinə uyğun göstərilməmişdir, belə ki, iddia olunan torpaq sahəsində elektrik yarımstansiyası mövcuddur, həmçinin torpaq sahəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Əlavə olaraq 31 saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi qeydiyyatdan keçmiş 31a saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, həmin ərazi də yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir və magistral yolun çəkilişi zamanı bir hissəsi azaldığından faktiki ərazisi 870 kv.m-dir. Bundan başqa, Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, hüquqi məslələrə dair izahat verərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İnzibati işdən müəyyən olunur ki, xx.xx.1988-ci il tarixli 2684 nömrəli Müqaviləyə əsasən Bakı şəhəri, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 0.12 ha sahəsi olan 31 saylı bağ sahəsi Gözəlova Sonaxanımın istifadəsinə verilmişdir. Gözəlova Sonaxanım xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Gözəlova Sonaxanımın vərəsəsi kimi onun nəvəsi İddiaçı tanınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi qismən haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna qəsəbəsində yerləşən 31 saylı bağ sahəsində elektrik yarımstansiyasının mövcudluğu; 2) Torpaq sahəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşməsi və kommunikasiya xətlərinin və nəqliyyat infrastrukturu obyektinin (avtomobil yolun) mühafizə zonasında yerləşməsi; 3) Göstərilən torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi; 4) 31 saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisinin qeydiyyatdan keçmiş 31a saylı bağ sahəsi ilə ümumi hasar daxilində olması, həmin ərazinin də yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşməsi və magistral yolun çəkilişi zamanı bir hissəsi azaldığından faktiki ərazisinin 870 kv.m olması. Məhkəmə kollegiyası birinci dəlilə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakıelektrikşəbəkə ASC-nin Xəzər rayon X8 və satışı sahəsinin 02 sentyabr 2013-cü il arixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xaşa- Xuna qəsəbəsində yerləşən 31 saylı bağ sahəsinin yerləşdiyi ərazidə Zirə ET və SS-nin balansında olan 216 saylı X4 və həmin məntəqəni qidalandıran 6 kv-luq hava xətti tam olaraq sökülmüşdür. Hal-hazırda həmin bağ sahəsinin yerləşdiyi ərazidə Zirə ET və SS-nin balansında olan heç bir elektrik xətti və elektrik qurğusu yoxdur, elektrik enerjisi cəhətdən tam təhlükəsizdir. Məhkəmə tərəfindən mübahisəli bağ sahəsində sahədə işlək vəziyyətdə olan 6kVtluq elektrik yarımstansiyasında yerləşib-yerləşməməsi, həmin sahənin elektrik xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsinin barədə arayışın (rəyin) tərəflərin iştirakı ilə müvafiq mütəxəssis tərəfindən baxış keçirilməklə tərtib edilərək məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar cəmiyyətinə sorğu ünvanlanmış, "xxxx" ASC-nin 24 noyabr 2022-ci il tarixli, 01/xx-xx/7427 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi 1979-cu ildə istismara verilmiş 216 saylı X2 mühafizə zonasında yerləşir, əlavə olaraq bildirilmişdir ki, istehlakçıların elektrik enerjisi təminatı səviyyəsinin yüksəldilməsi məqsədi ilə göstərilən X4 2013-cü ildə sökülmüş və yerində 2X630 kVa gücündə Transformator məntəqəsi ilə quraşdırılmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş arxiv sənədlərindən aydın olur ki, iddia olunan 31 saylı bağ sahəsi vaxtilə 0.25 ha olmaqla Gözəlova Sonaxanımın istifadəsinə ilkin olaraq 15 aprel 1976-cı il tarixli 2684 nömrəli müqavilə əsasında verilmiş, transformator məntəqəsi isə 1979-cu ildən istismara verilmişdir. Göründüyü kimi, transformator məntəqəsi istismara verilməzdən əvvəl bağ sahəsi Gözəlova Sonaxanımın qanuni istifadəsinə ayrılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: - 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir. Məhkəmə kollegiyası ikinci dəlilə münasibətdə apellyasiya şikayətini əsassız hesab edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli bağ sahəsinin ərazisindən yerüstü qaz borularının keçib-keçmədiyi, həmin sahənin qaz xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsi barədə, arayışın (rəyin) tərəflərin iştirakı ilə müvafiq mütəxəssis tərəfindən baxış keçirilməklə tərtib edilərək məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq olaraq “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanlanmış, “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsində yerləşən İddiaçı Departamentin əməkdaşlarına yerində göstərdiyi torpaq sahəsi qaz xətlərinin mühafizə zonasına düşmür. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 0.12 ha. 31 saylı bağ (torpaq) sahəsinin kommunikasiya xətlərinin və nəqliyyat infrastrukturu obyektinin ( avtomobil yolun) mühafizə zonasında yerləşib-yerləşməsi barədə arayışın müvafiq mütəxəssis tərəfindən baxış keçirilməklə tərtib edilərək məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 20 iyul 2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir, bu səbəbdən Xaşa-Xuna qəsəbəsi yaşayış məntəqəsi olduğu üçün yolun qorunma (mühafizə) zolağı istisna olunur. Qeyd olunanlara əsasən mübahisəli bağ sahəsinin qaz xəttinin mühafizə zonasında və kommunikasiya xətlərinin və nəqliyyat infrastrukturu obyektinin (avtomobil yolun) mühafizə zonasında yerləşməsi müəyyən olunmadığından, kollegiya qeyd olunan dəlilə münasibətə apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Kollegiyası dördüncü dəlilə münasibətdə apellyasiya şikayətini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən mübahisəli bağ (torpaq) sahəsinin yerləşmə yerinin, koordinatlarının, ərazidə tikilinin mövcud olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1683 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı “31 saylı bağ sahəsi” kimi iddia etdiyi 680.0 m2 olan torpaq sahəsinin iki tərəfi hasar, iki tərəfi isə şərtidir, üzərində Stik.altı=96.5 m2 mişar daşından inşa edilmiş 6 kVt-luq yarımstansiya və işləməyən su quyusu mövcuddur. Torpaq sahəsinin şimal tərəfində qonşunun eni 3.0 m olan dəmir darvazası (eni-3.0 m), qərb tərəfində isə qonşunun eni 0.93 m olan dəmir qapısı mövcuddur. Sözügedən sahə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir. Bağların bölgüsünə dair sxematik xəritədə vətəndaşın iddia etdiyi torpaq sahəsi elektrik yarımstansiyasının (transformatorun) ərazisi kimi göstərilmişdir (bu ərazidə bağ nömrəsi yoxdur). İnzibati işin materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində iddia olunan bağ sahəsinin ölçüsü 680,0 kvm, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyində 915 kvm, ekspert rəyində isə 680,0 kvm. apellyasiya şikayətində isə 870 kvm kimi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1039/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində yuxarıda qeyd edilən ziddiyyətli məqamın aradan qaldırılması, həmçinin, mübahisələndirilən bağ sahəsinin koordinatlarının və sahəsinin (ölçüsünün) dəqiqləşdirilməsi, həmin bağ sahəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında, elektrik şəbəkəsinin mühafizə zonasında və avtomobil yollarının qorunma (mühafizə) zolaqları daxilində tamamilə və ya qismən yerləşib- yerləşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə ekspertiza keçirilməsi qərara alınmış, iş üzrə tərəflərin iştirak etməməsi və tədqiqat obyektinin təqdim edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmənin 03 mart 2022-ci il tarixli müvafiq sorğusuna cavab olaraq AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubundan qeyd etmişdir ki, İddiaçı “31 saylı bağ sahəsi” kimi iddia etdiyi 680.0 m2 olan torpaq sahəsinin iki tərəfi hasar, iki tərəfi isə şərtidir, üzərində Stik.altı=96.5 m2 mişar daşından inşa edilmiş 6 kVt-luq yarımstansiya və işləməyən su quyusu mövcuddur. Torpaq sahəsinin şimal tərəfində qonşunun eni 3.0 m olan dəmir darvazası (eni-3.0 m), qərb tərəfində isə qonşunun eni 0.93 m olan dəmir qapısı mövcuddur. Sözügedən sahə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir. Bağların bölgüsünə dair sxematik xəritədə vətəndaşın iddia etdiyi torpaq sahəsi elektrik yarımstansiyasının (transformatorun) ərazisi kimi göstərilmişdir (bu ərazidə bağ nömrəsi yoxdur). Qeyd edilən torpaq sahəsinin kommunikasiya xətlərinin və nəqliyyat infrastrukturu obyektinin (avtomobil yolun) mühafizə zonalarına düşüb-düşməməsi barədə aidiyyəti dövlət təşkilatlarından rəyin alınması məqsədəuyğundur. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X3 arasında bağlanılmış icarə müqaviləsinə əsasən ayrılmış (həmin şəxsdən İddiaçı mirası qalmış) Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 0.12 ha. 31 saylı bağ (torpaq) sahəsinin naturada yerləşmə mövqeyinə görə koordinatlarının və torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/842 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq ətrafı açıq olduğundan və qonşu sahələr ilə sərhəd xətti mövcud olmadığından həmin torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi mümkün olmamışdır. Daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq bağ (torpaq) sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi və faktiki vəziyyətlə bağlı (hüquqmüəyyənedici sənədlərlə müqayisədə) müayinə aktının tərtib edilərək məhkəməyə təqdim edilməsi, həmçinin torpaq sahəsinin naturada yerləşmə mövqeyinə görə koordinatları və torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi xahiş olunmuş, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatları məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında müəyyən edilmişdir ki, sahənin sərhədlərinin 1 tərəfi qonşu hasar, 1 tərəfinin bir hissəsi yeni tikilmiş tikilidir, digər tərəfləri isə şərtidir. İddiaçının əvvəl göstərdiyi sahə 680.0 kv.m olub, lakin faktiki vəziyyətdə həmin sahədə yeni inşa edilmiş təyinatı bilinməyən qeyri-yaşayış tipli tikili var. Tikilinin kimin tərəfindən inşa edildiyini dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə sözügedən torpaq sahəsində St.a.=96.5m2 m.daşından inşa edilmiş 6000 vt elektrik yarımstansiyası var. Ərazidə mövcud olmuş su quyusu da faktiki yeri doldurulub, ləğv edilib. Həmçinin iddiaçı əvvəlki baxış zamanı bildirmişdir ki, tanımadığı şəxs tərəfindən əraziyə (2.25x2.60) m ölçüdə taxta (üstü dəmir) budka qoyulmuşdur. Sözügedən torpaq sahəsinin əvvəlki 680.0 kv.m-ə və faktiki vəziyyətinə uyğun plan-sxemi və korrdinatları, fotoşəkili əlavə edildi. Torpaq sahasinin şimal tərəfindən yerləşən qonşunun dəmir darvazası (eni-3.0 m) var. Qərb tərəfindəki qonşunun dəmir qapısı (eni- 0.93 m) isə faktiki yoxdur, həmin hissədə yeni tikili inşa edilib. Sahə Qala-Pirallahı yolundan 9.0 metr kənarda yerləşir. Beləliklə, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və ona əlavə edilmiş koordinatlardan da görünür ki, iddiaçının faktiki olaraq göstərdiyi və istifadəsində olan sahənin ölçüsü 680.0 kv.m təşkil etdiyindən kollegiya hesab edir ki, həmin hissəyə münasibətdə məxsusluq arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda istifadədə olan 680.0 kv.metr-lik bağ sahəsinin mərhum X1 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin qismən təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X3 arasında bağlanmış “2684” nömrəli 27 avqust 1988-ci il tarixli müqavilə üzrə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 680.0 kv.metr sahədən ibarət 31 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-176/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X3 arasında bağlanmış “2684” nömrəli 27 avqust 1988-ci il tarixli müqavilə üzrə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 680.0 kv.metr sahədən ibarət 31 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar