Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-57/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X9 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, SOCAR-ın “Azneft” İstehsalat Birliyi) qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5671/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 1/202 saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı protokoldan çıxarışa əsasən xx.xx.1988-ci il tarixli 9 saylı protokolla X6 verilmiş 1/202 saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılması, onun adına verilmiş üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 1/202 saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvük kitabçası açılması qərara alınmışdır. Həmin protokol əsasında iddiaçıya H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1998-ci il tarixli üzvlük bileti verilmiş və 1998-ci ildən bugünkü günədək həmin bağ sahəsi iddiaçının istifadəsindədir. H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı protokoldan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1/202 saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********71 saylı məktubu ilə bildirilmişdir ki, idarənin arxivində saxlanılan "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X3 adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Lakin iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1/202 saylı bağ sahəsində fərdi yaşayış evi inşa etdirərək 1998-ci idən hal-hazırkı vaxtadək həmin evdə yaşayır. Həmin ərazidə iddiaçı ilə yanaşı digər fərdi yaşayış evləri də inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Hal-hazırkı vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi olması ilə bağlı hər hansı şəxs tərəfindən məlumat verilməmişdir. Cavabdeh imtinanın əsasını formal olaraq guya qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi olmasını qeyd etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazında imtina məktubundakı dəlillərə istinad edərək, qeyd etmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində mövcud olan “Bahar“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X3 adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Bahar“ bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********71 saylı, xx.xx.2023- cü il tarixli cavab məktubu ünvanlanmışdır.Qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(112)-5671/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İdarənin arxivində mövcud olan “Bahar“ bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X3 adı aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması barədə tam və ətraflı araşdırma aparılmamışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə (hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları) istinad edərək bildirmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Qeyd edirlər ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə uyğun izahat verərək, şikayətlərin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə görə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X2 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; (maddə 15.1.7) bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
İddiaçının tələbinin əsası ondan ibarətdir ki, H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı protokolundan çıxarışa əsasən xx.xx.1988-ci il tarixli 9 saylı protokolla X6 verilmiş 1/202 saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılmış, onun adına verilmiş üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmiş, 1/202 saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçası açılması qərara alınmışdır. Həmin protokol əsasında iddiaçıya H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1998-ci il tarixli üzvlük bileti verilmiş və 1998-ci ildən bugünkü günədək həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - İdarənin arxivində mövcud olan "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X3 adının aşkar olunmaması; - Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin “Bahar“ bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi; - Həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - Mübahisəli torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşməsi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsassız hesab etmiş və iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. İddiaçıya məxsus olmuş bağ sahəsi İ.M.Həsənova məxsus olmuşdur. Cavabdeh bildirir ki, həmin şəxsin adı "xxxx" bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında yoxdur. Məhkəmə tərəfindən bağçılığın qovluğu tələb olunmuş, üzvlərin siyahısı bir çox səhifələrdə oxunaqlı deyil. Belə olan təqdirdə, iddiaçı tərəfindən iddiasını əsaslandıran zəruri faktiki şərtlər təqdim edildiyi halda (protokoldan çıxarış və torpaq sahasinə faktiki sahiblik) məhkəmə qeyd edilən vəziyyətin iddiaçının əleyhinə qiymətləndirilməsi üçün əsas görmür. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın əsası isə iddia tələbinin predmeti olan torpaq sahəsinin "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. "xxxx" bağçılıq-yoldaşlığın sərhədlərini və iddiaçıya ayrılmış torpaq sahəsinin vəziyyətini əks etdirən ortofoto çıxarışından görünür ki, həmin bağ sahəsi ilə ayrıc aktının arasında cəmi iki sırada ev mövcuddur və həmin sıradakı evlər arasında "xxxx" bağçılıq yoldaşlığı tərəfindən verilmiş protokoldan çıxarış əsasında hüquqların qeydiyyatı aparılmışdır. Odur ki, qeyd edilən texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yaxın məsafədə yerləşməsi mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Belə ki, iş materiallarında mövcud olan iddia tələbinin predmeti olan bağ sahəsi ilə eyni ərazidə (qonşuluğunda) yerləşən bağ sahələrinə aid plan-ölçü sənədlərindən və çıxarışlardan aydın olur ki, digər "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin adına (X4, X8) həmin ərazidə yerləşən digər bağ sahələrinə (1/166; 1-163-1/164) dair hüquqların qeydiyyatı (məhkəmədənkənar qaydada inzibati orqanın özü tərəfindən) aparılmışdır. Həmin şəxslərin üzvlüyünü təsdiq edən onlara məxsus bağçılıq üzvlük bileti, müvafiq protokollardan çıxarışlar da məhkəməyə təqdim edilmiş və əraziyə dair ortofo çıxarışından görünür ki, həmin ərazidə çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda da torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Odur ki, ərazidəki torpaq sahəsinin sənaye təyinatlı olmasına dair cavabdehin dəlili də təqdim edilən sənədlərlə təkzib edilir. Belə olan təqdirdə iddiaçının hüquqlarının qeydiyyatından imtina bərabərlik hüququnun pozulmasıdır. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab etmişdir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını və ona ona uyğun gəlinən nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası cavabdehin ilkin dəlili- İdarənin arxivində mövcud olan "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X3 adının aşkar olunmamasına münasibətdə əvvəla qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquqmüəyyənedici sənədə - kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük biletinə və protokoldan çıxarışa istinad etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar iş üzrə hüquqi mövqeyini nümayiş etdirən 2-1(102)-2235/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki: ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinə əsas şərt kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı Şəhər İcra Hakimiyyətinə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə, mötəbərlik əhəmiyyəti qazanırdı. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya həmin icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərt idi. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, mülkiyyətçiyə məxsus müstəsna hüquqlardan qanunsuz istifadə qaydasında torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına əsas təşkil edə bilməz.. Apellyasiya instansiya məhkəməsində icraat zamanı H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin ayrıc aktının və "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin arxiv qovluğunun əsli cavabdeh inzibati orqandan istənilmiş, məhkəməyə təqdim edilmiş arxiv qovluğuna tərəflərin iştirakı ilə baxış keçirilmişdir. İddiaçı üzvlər siyahısında adının olmamasını onunla əlaqələndirir ki, sözügedən bağ sahəsi əvvəlcə X6 ayrılmış daha sonra onun razılıq ərizəsi əsasında adından çıxarılaraq iddiaçıya təqdim edilmişdir. Birinci instansiya məhkəməsi isə qərarını onunla əsaslandırır ki, siyahılar oxunaqlı deyil və bu hal vətəndaşın ziyanına şərh edilə bilməz. Məhkəmə kollegiyası isə diqqətə çatdırır ki, apellyasiya baxışında araşdırma zamanı arxiv qovluğunda mövcud olan siyahılara baxış keçirilmiş və həqiqətən də nə iddiaçının adının, nə də ki, H.Z.Tağıyev adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı protokolundan çıxarışda qeyd edilən X3 adının siyahıda göstərilmədiyi müəyyən edilmişdir. Deməli, yuxarıda sadalanan qanun normasının (8.0.7-ci maddə) şərti ödənilmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri olan iddia olunan torpaq sahəsinin "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi dəlilinə münasibətdə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarından birində (2- 1(102)-2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar (★★★)) sözügedən məsələ üzrə qeyd edilmişdir ki:
36. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Hazırki işdə apellyasiya məhkəməsi bu qaydada davranmamışdır.
37. Mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işdəki digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Ekspert rəyi aparılmış tədqiqata əsaslanmalı, qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyi müstəqil aparılmış tədqiqata əsaslanmadıqda, kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənlər eynilə təkrarlanmaqla nəticəyə gəlindikdə, məhkəmələr həmin ekspert rəyinin mötəbərliyi və sübut kimi nəzərə alınması məsələsini müzakirə etməlidirlər. Bu zaman, həm də, xüsusi bilik tələb olunan məsələ üzrə kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən rəy verilməsinin qanunvericiliklə yol verilənliyi diqqətə alınmalıdır.
38. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır. Belə olan halda mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin, eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında işlək və ya ləğv olunmuş neft quyusunun olub-olmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla məhkəmənin 2- 1(103)-1499/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3675 nömrəli, 25 avqust 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Qərardadın birinci, ikinci, üçüncü və dördüncü sualları üzrə: Bildiririk ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq hasardaxili 0.06 ha təşkil edir (sahə iki hissəyə ayrılıb). Bağ sahəsində iki ədəd 1 mərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşməklə (H.Z.Tağıyev adına NQÇİ) "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənara düşür. Torpaq sahəsinin yaxınlığında (ən yaxını 36.0 metrlikdə olmaqla) işlək və ləğv olunmuş quyu məlumatları var. Sahədəki tikililərin qeydiyyatı barədə bazada məlumat yoxdur. Bundan əlavə idarənin arxivində saxlanılan "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ərazinin ortofoto görüntüsündən və iş üzrə alınmış ekspert rəyindən müəyyən edilir ki, iddia olunan sahənin "xxxx" bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir, sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan mübahisəli torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunması məqsədilə təqdim edilmiş sənədlərdən iddia olunan ərazinin yaşayış məntəqəsi torpaqları olduğu müəyyən edilsə də, iş üzrə keçirilmiş ekspert rəyi əsasında iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşməsi və torpaq sahəsinin yaxınlığında (ən yaxını 36.0 metrlikdə olmaqla) işlək və ləğv olunmuş quyu məlumatları olması müəyyən edilmişdir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 31 nömrəli, 6 fevral 2017-ci il tarixli Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarına əsasən Əəhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafələr (metrlə) aşağıdakı qaydada verilmişdir. Fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyulardan – 300 m Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularından – 150 m Ləğv olunmuş quyulardan – 75 m Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ekspert rəyindən də göründüyü kimi, hazırda iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi mühafizə zonasına düşməklə işlək neft quyusunun 36 metrlik məsafəsində yerləşir. Bununla da, hazırki iş üzrə əldə edilmiş 10/3675 nömrəli, 25 avqust 2025-ci il tarixli ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Beləliklə, iş üzrə apellyasiya baxışı zamanı araşdırmaların nəticəsində müəyyən edildi ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi üzvlük bileti üzvlərin iclasının protokolundan çıxarış üzvlər siyahısına müvafiq qaydada verilməmiş, bundan əlavə iddia olunan torpaq sahəsi "xxxx" bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazi hüdudlarında yerləşir, işlək və ləğv olunmuş neft quyularının mühafizə zonasında yerləşir. Belə olan halda apellyasiya şikayətlərinin dəlilləri əsaslı hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi rədd edildiyindən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci iddiaçının üzərinə qoyulmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayətlər təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5671/2023 saylı, 17 noyabr 2023-cü il tarixli tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli