Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-570/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(82)-2174/2017 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 17 fevral 2006-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2174/2017 saylı, 16 may 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1782/2017 saylı, 22 avqust 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2-1(82)-2174/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2269/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin X2 2- 1(103)-1782/2017 saylı, 22 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün xx.xx.2017-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə göndərilmiş və Şöbənin xx.xx.2018-ci il tarixli, 18/04-131 nömrəli məktubunda məhkəmə qərarının icra edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2174/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 17 fevral 2006-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-2174/2017 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü, Ermənistan Respublikasının İcevan rayonunda doğulmuş, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 7, mənzil 49 olan İddiaçı ona əmək pensiyasının təyin olunması üçün xx.xx.2011-ci il tarixli ərizə ilə ünvan aidiyyəti üzrə Fondun keçmiş Bakı şəhəri Suraxanı rayonu rayon şöbəsinə (bundan sonra-şöbə) müraciət etmişdir. Həmin ərizə eyni tarixdə şöbədə qeydiyyata alınmaqla şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli 29/163 №-li qərarı ilə xx.xx.2011-ci il tarixdən 57 yaşının tamam olduğu gündən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 9-cu maddəsinin şərtlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 2 saylı Tikinti quraşdırma idarəsinin dairəvi möhürü və künc ştampı ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 83/02 saylı təqdimatında (3 nömrəli əlavə) “Neftqaztikinti” trestinin 6 saylı Tikinti quraşdırma idarəsinin dairəvi möhürü və künc ştampı ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 03/76 saylı əməkhaqqı arayışında (2 nömrəli əlavə) qeyd olunanlara əsasən 85,0 manat baza hissəsi, 2006-cı ilədək toplanmış 32 il 09 ay sosial sığorta stajına müvafiq hesablanmış 63,32 manat sığorta hissəsi və xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək olan dövr ərzində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən 35,86 manat olmaqla cəmi 184,18 manat məbləğində 922325 №-li güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, “Pensiyaçının uçot vərəqi”nə də qeyd edilməklə xx.xx.2011-ci il tarixdən həmin məbləğlə ödənişinə başlanılmışdır.xx.xx.2011-xx.xx.2011-ci il dövr üzrə müəyyən edilmiş cəmi 263,10 manat fərq məbləği isə 131,55 manat məbləğində aylıq pensiyanın üzərinə əlavə olunmaqla 2 ay ərzində xx.xx.2011-ci il tarixədək vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə həbs edilmiş və sonuncu iş yeri olan Fondun Suraxanı rayon şöbəsinin sabiq əməkdaşı X5 ofisindən və mənzilindən əməliyyat-axtarış tədbirləri zamanı götürülmüş maddi sübutlar arasında xeyli vətəndaşa aid sənədlər aşkar edilmiş, o cümlədən kağız daşıyıcıda Fondun Suraxanı rayon şöbəsinin İddiaçı ünvanlanmış məktubu maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə edilmişdir. Pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərin araşdırılması ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı pensiyasının ötən dövrlərdən təyin edilməklə yenidən hesablanaraq yüksək məbləğə çatdırılması ilə əlaqədar işlərə pensiya təyinatı aparıldıqdan təxminən 6 il sonra bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırıldığı qaydada başlanılmış, sonrakı mərhələlərdə məhkəmə qərarlarının alınmasına və ötən dövrlərdən daha yüksək miqdarda aylıq pensiya məbləğinin təyin edilərək ödənilməsinə nail olunmuşdur. Pensiya təyinatı zamanı və sonrakı dövrlərdə şöbə tərəfindən vətəndaşdan əmək kitabçası və ya onun surəti tələb olunmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 2 saylı Tikinti quraşdırma idarəsinin dairəvi möhürü ilə təsdiq edilmiş və pensiya işinə tikilmiş müvafiq təqdimatında qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1971-xx.xx.1971-ci il dövr ərzində “Sənayetikintimexanizasiya” birliyinin 3 saylı Tikinti quraşdırma İdarəsində çilingər şagirdi, xx.xx.1972-xx.xx.1973-cü il dövr ərzində Respublika kənd təsərrüfatı heyvanların süni mayalandırma stansiyasında texnik-eyakulyator, xx.xx.1973-xx.xx.1973-cü il dövr ərzində Azərbaycan X1 laborant-helmentoloq, xx.xx.1974- xx.xx.1974-cü il dövr ərzində Respublika kənd təsərrüfatı heyvanların süni mayalandırma stansiyasında texnikeyakulyator, xx.xx.1974-xx.xx.1977-ci il dövr ərzində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “AzərDamazlıq” Birliyinin kənd təsərrüfatı heyvanlarının süni mayalandırma stansiyasında texnik, xx.xx.1977-xx.xx.1985-ci il dövr ərzində Salah kənd orta məktəbində kimya-biologiya müəllimi, xx.xx.1985-xx.xx.1989-cu il dövr ərzində Salah kənd sovetinin icraiyyə komitəsinin sədri, xx.xx.1990-xx.xx.1995-ci il dövr ərzində “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti quraşdırma İdarəsində anbar müdiri, xx.xx.1995-xx.xx.1997-ci il dövr ərzində həmin idarədə usta, xx.xx.1997- xx.xx.1997-ci il dövr ərzində həmin trestin 1 saylı Tikinti quraşdırma İdarəsində iş icraçısı, xx.xx.1997xx.xx.2001-ci il dövr ərzində həmin trestin 2 saylı Tikinti quraşdırma İdarəsində usta, xx.xx.2001-xx.xx.2007-ci il dövr ərzində həmin idarənin “Qum adası” sahəsində usta, xx.xx.2007-xx.xx.2009-cu il dövr ərzində həmin trestin 8 saylı Tikinti quraşdırma İdarəsində usta, xx.xx.2009-cü il tarixdən əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2011-ci il tarixədək həmin trestin 2 saylı Tikinti quraşdırma İdarəsində iş icraçısı. Uçot vərəqinə tikilmiş hərbi biletin surətində qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı hərbi xidmətdə olmamışdır. Vətəndaş 1971-1977-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində biologiya ixtisası üzrə qiyabi ali təhsil almışdır. Uçot vərəqində mövcud olan əmək kitabçasının 12-13-cü vərəqlərinin surətində qeyd olunanlardan vətəndaşın xx.xx.2017-ci il tarixdə işdən azad olunduğu müəyyən olunsa da, İddiaçı "xxxx" MMC tərəfindən verilmiş və işə tikilmiş xx.xx.2018-ci il tarixli 70№-li arayışında xx.xx.2017xx.xx.2018-ci il dövr ərzində sahə nəzarətçisi vəzifəsində işlədiyi və həmin dövrün əmək kitabçasında qeyd edilmədiyi, bununla da onun əmək fəaliyyətinin gizlədildiyi məlum olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, 1995-2005-ci illər ərzində işlədiyi müddət zərərli əmək stajı kimi nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən yeni güzəştli arayış tələb və təmin edilməmiş, onun ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, nəzərə alınmış dövrün zərərli əmək stajı hesab edilməsi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Hər 3 instansiya məhkəmələrinin qərarlarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li siyahısında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, hansı bölmə və ya kodla müəyyən olunduğu qeyd edilməmiş, pensiyanın hansı təşkilatın əməkhaqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Qeyd edilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi deyil, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Fondun Suraxanı rayon şöbəsinə təqdim olunması üçün İddiaçı adına Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti tərəfindən xx.xx.2011-ci il tarixli MA 01 İN-34/1102 nömrəli tərtib edilmiş və pensiya işinə tikilmiş arxiv (izahedici) arayışında xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək vətəndaşın “Neftqaztikinti” trestinin müxtəlif idarələrində tikinti və quraşdırma işləri üzrə güzəştli şərtlərlə cəmi əmək stajı 12 il 02 ay 01 gün olmaqla usta və iş icraçısı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli siyahısının 29-cu bölməsinin “b” bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verdiyi qeyd edilmişdir. Bundan əlavə, həmin trestin 8 saylı Tikinti quraşdırma İdarəsinin xx.xx.2011-ci il tarixli 134 №-li arxiv arayışında isə İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək tikinti və quraşdırma işləri üzrə usta vəzifəsində güzəştli şərtlərlə 02 il 05 ay 04 gün əmək stajının olduğu və həmin vəzifənin yuxarıda qeyd edilən güzəştli siyahı ilə ona güzəştli şərtlərlə pensiya hüququ verdiyi qeyd edilmişdir. Bununla belə, pensiyanın ötən dövrlərdən təyin edilməsi barədə qərarların rəsmiləşdirildiyi 2017-ci il tarixədək İddiaçı 11 il əvvəl, yəni 2006-cı ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilməsi kimi səciyyələndirmək olar. Qeyd olunmalıdır ki, 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2017-ci il tarixdə şöbəyə daxil olmuş və qeydiyyata alınmışdır. Nazirliyin əvvəlki pensiya proqramında mövcud olan məlumatlarla müəyyən edilmişdir ki, şöbə tərəfindən heç bir müvafiq sənəd rəsmiləşdirilmədən həmin məhkəmə qərarına istinad etməklə vətəndaşa təyin olunmuş əvvəlki 241,33 manat aylıq pensiya məbləği xx.xx.2017-ci il tarixdən 575,73 manata çatdırılmış və ötən dövrlərə görə hesablanmış külli miqdarda fərq məbləği ilə birlikdə vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Eyni zamanda şöbə tərəfindən Bakı Apellyasiya Məhkəməsinə birinci instansiya qərarından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı xx.xx.2017-ci il tarixdə, verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmənin müvafiq qərarı xx.xx.2017-ci il tarixdə şöbəyə daxil olduğu dövrdə, yəni məhkəmə çəkişmələri davam etdiyi müddətdə bu işdə maraqlı olmuş şəxslər tərəfindən məhkəmə qərarlarının nəticələrini gözləmədən hesablanmış pensiya üzrə məbləğlərin ödənilməsinə nail olunmuşdur. Hətta 2017-ci ilin oktyabr ayında vətəndaşın imzasının saxtalaşdırıldığı ehtimal olunan xx.xx.2017-ci il tarixli ərizəsi uçot vərəqinə tikilməklə vətəndaşın pensiyasının məbləği yenidən hesablanaraq ödənişi aparılmışdır. Göründüyü kimi, ali məhkəmə orqanında belə məhkəmə icraatının aparılmasına baxmayaraq şöbə tərəfindən bütün hüquq normaları pozulmaqla Fondun vəsaitinin əsassız xərclənməsinə yol verilmişdir. Vətəndaşın pensiyasının artırılması barədə şöbə tərəfindən məhkəmələrə məlumat verilməsi faktı məhkəmə qərarlarında aşkar edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə icraatının sona çatmasını gözləmədən, normativ hüquqi aktların tələblərini pozmaqla, “Neftqaztikinti” trestinin 2 saylı İTQTF-nin təsdiq və təqdim etdiyi xx.xx.2015-ci il tarixli SQCAR/15-2500/01/İNK-33-000079 №-li 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən 52 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən yenidən hesablanmışdır. Belə ki, İddiaçı pensiyasının aylıq məbləği xx.xx.2006-cı il tarixdən 247,94 manat məbləğində müəyyən edilmiş, pensiyaların baza hissəsi artırılmaqla və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2006-cı il tarixdən 252,94 manat, xx.xx.2006-cı il tarixdən 257,94 manat, xx.xx.2007-ci il tarixdən 272,56 manat, xx.xx.2007-ci il tarixdən 282,56 manat, xx.xx.2008-ci il tarixdən 331,40 manat, xx.xx.2008-ci il tarixdən 346,40 manat, xx.xx.2009cu il tarixdən 402,85 manat, xx.xx.2010-cu il tarixdən 407,77 manat, xx.xx.2010-cu il tarixdən 417,77 manat, xx.xx.2011-ci il tarixdən 436,73 manat, xx.xx.2012-ci il tarixdən 464,52 manat, xx.xx.2013-cü il tarixdən 468,70 manat, xx.xx.2013-cu il tarixdən 483,70 manat, xx.xx.2014-cü il tarixdən 492,90 manat, xx.xx.2015-ci il tarixdən 498,41 manat, xx.xx.2016-cı il tarixdən 514,34 manat, xx.xx.2016-cı il tarixdən 524,34 manat, xx.xx.2017-ci il tarixdən 575,73 manat müəyyən edilmiş, bununla da xx.xx.2017-ci il tarixdən pensiyanın məbləği 241,33 manatdan 575,73 manata qaldırılmış və xx.xx.2017-ci il tarixdə ödənişinə başlanılmışdır. Şöbə tərəfindən xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə 42500,85 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 5000,0 manatı xx.xx.2017-ci il, 5000,0 manatı xx.xx.2017-ci il, 5000,0 manatı xx.xx.2017-ci il, 4700,85 manatı xx.xx.2017-ci il, 2000,0 manatı xx.xx.2017-ci il, 800,0 manatı xx.xx.2017ci il, 6000,0 manatı xx.xx.2017-ci il, 4000,0 manatı xx.xx.2018-ci il, 5000,0 manatı, xx.xx.2018-ci il, 5000,0 manatı xx.xx.2018-ci il tarixlərində vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Qeyd olunanlarla yanaşı, vətəndaşın adından blankda yazılmaqla və vətəndaşın imzasından tam fərqli imza edilməklə pensiya işinə əlavə edilmiş ərizəyə əsasən və Qanunun 37-ci maddəsinin tələblərinə istinad edilməklə (halbuki həmin dövrdə məhkəmə prosesləri davam edirdi) şöbənin tarixi qeyd edilməyən sərəncamları ilə Fondun keçmiş İri Sığortaedənlərlə İş İdarəsinin (İSİD) təqdim etdiyi xx.xx.2017-ci il tarixli xx.xx.2006-xx.xx.2017-ci illər üzrə “Sığortaolunanların fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”ında qeyd olunan pensiya kapitalı nəzərə alınmaqla İddiaçı pensiyasının işdən azad olunduğu xx.xx.2017-ci il tarixdən yenidən hesablanması nəticəsində 981,21 manata çatdırılmışdır. Bundan əlavə, sonrakı illərdə avtomatlaşdırılmış qaydada indeksləşdirmə aparılmaqla və "xxxx" MMC-də işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla müvafiq olaraq pensiyanın məbləği xx.xx.2018-ci il tarixdən 1037,04 manata, işdən azad olunduğu xx.xx.2018-ci il tarixdən şöbənin tarixsiz sərəncamı ilə 1046,75 manata çatdırılmış, xx.xx.2019-cu il tarixdən 1078,15 manat, xx.xx.2020-ci il tarixdən 1257,13 manat təşkil etmişdir. İddiaçı pensiyasının ödənişi xx.xx.2020-ci il tarixədək aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Ümumilikdə, ilkin təyinat aparıldığı və ödənişə başlanıldığı tarixdən xx.xx.2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi məbləğ 101822,42 manat təşkil etmişdir (yuxarıda qeyd olunan birdəfəlik ödənişlər də daxil olmaqla). Ehtimal olunur ki, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, eyni zamanda həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti, o cümlədən ötən dövrlərə görə hesablanmış fərq məbləğləri bu işdə maraqlı olmuş şəxs(lər) tərəfindən mənimsənilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Qanunun 9-cu maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən şöbə tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2011-ci il tarixdən 57 yaşından düzgün təyin olunmuş və onun pensiyasının məbləği 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz. Belə ki, məhkəmə qərarları nəzərə alınmadan, 85,0 manat baza hissəsi, xx.xx.2006-cı ilədək toplanmış 32 il 09 ay sosial sığorta stajına müvafiq hesablanmış 63,32 manat sığorta hissəsi və xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək olan dövr ərzində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən 35,86 manat sığorta hissəsi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının aylıq məbləği xx.xx.2011-ci ildən 184,18 manat, xx.xx.2012-ci ildən 192,01 manat, xx.xx.2013-cü ildən 193,19 manat, xx.xx.2013-cü ildən 208,19 manat, xx.xx.2014-cü ildən 210,79 manat, xx.xx.2015-ci ildən 212,34 manat, xx.xx.2016-cı ildən 216,83 manat, xx.xx.2016-cı ildən 226,83 manat, xx.xx.2017-ci il tarixdən 241,32 manat, xx.xx.2017-ci il tarixdən işdən azad olması və xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun hesablanmış 236,0 manat sığorta hissəsi nəzərə alınmaqla 477,32 manat, xx.xx.2018-ci il tarixdən 504,53 manat, xx.xx.2017-ci il tarixdə işə qəbul olunub xx.xx.2018ci il tarixdə işdən çıxması ilə əlaqədar pensiya məbləğinin yenidən hesablanması nəticəsində sonuncu tarixdən 524,21 manat, xx.xx.2019-cu il tarixdən 539,94 manat, xx.xx.2020-ci il tarixdən 629,57 manat, indeksləşdirmə artımı ilə xx.xx.2021-ci il tarixdən 701,34 manat təşkil etməlidir. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı cəmi hesablanıb ödənilməli pensiya məbləği 36850,71 manat təşkil edəcəkdir. Qeyd olunan hesablamalardan göründüyü kimi, xx.xx.2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 629,57 manata qarşı 1257,13 manatla (2 dəfə və ya 627,56 manat artıq fərqlə) təyin olunması və ödənilməsinə yol verilmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Suraxanı rayon şöbəsinin müvafiq sərəncamları ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 64971,71 manat (101822,42 - 36850,71) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(82)-2174/2017 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində yeni açılmış hallarla bağlı ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2017-ci il tarixdə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(82)-2174/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-570/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-570/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver