Məhkəmə qərarları › İş №2-1(103)-571/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-571/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-571/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1987-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) müavinətin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 21.05.2020-ci il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) Məmmədli Cavid Firuz oğlunun xəstəliyə görə pensiyasının 02.05.2013-cü ildən etibarən hesablanaraq ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Məmmədli Cavid Firuz oğlu 02.05.2012-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Anadan qüsurlu doğulmuş və müayinə olunduqdan sonra “anadangəlmə bulyozepidermoliz” xəstəliyi diaqnozu qoyulmuşdur. Anadan olduğu vaxtan etibarən həkim nəzarəti altında olmuş və qeyd olunan xəstəlikdən müalicə almasına baxmayaraq sağalmamışdır. 25.11.2013-cü il tarixdən etibarən 3saylı X10 Dispanserində dəfələrlə ambulator və stasionar müalicə kursu keçmiş, lakin, sağlamlığı bərpa olunmamışdır. 3 saylı UDZD-nin dispanser qeydiyyatındadır. 3 saylı X10 Dispanseri tərəfindən Stasionar xəstənin tibbi kartasından verilmiş 124 və 216 saylı epikrizlərdən görünür ki, xəstə 02.05.2012-ci il təvəllüdlü Məmmədli Cavid Firuz oğlu dəfələrlə 3 saylı X10 Dispanserində müalicə almasına baxmayaraq sağalmamışdır. Dəfələrlə Tibbi-Sosial Ekspert Komissiyasında müayinə olunmuş və sonuncu müayinə 28.09.2018-ci ildə həyata keçirilmişdir. Qeyd olunan müayinədən sonra Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xəstəliyə görə pensiya təyin olunmuşdur. X8 Firuz oğlu 25.11.2013-cü il tarixidən etibarən müayinə və müalicə olunmasına baxmayaraq sağalmadığı halda xəstəliyə görə pensiyanın təyin olunmasına dair rəy Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yalnız 28.09.2018-ci il tarixində verilmiş və həmin vaxtdan etibarən pensiyası təmin olunmuşdur. DSMF-na ərizə ilə müraciət edərək oğlu Məmmədli Cavid Firuz oğlunun xəstəliyə görə pensiyasının 2013cü ildən etibarən hesablanaraq ödənilməsini təmin etmələrini xahiş etmişdir. Lakin, DSMF 24 fevral 2020-ci il tarixli cavab məktubunda ərizəsin təmin olunmasının mümkün olmamasını göstərmişdir. Daha sonra cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı 16.10.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya AR İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. 28.10.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, oğlu- X3 anadangəlmə xəstəliyinə görə müavinətin 02.05.2012-ci il tarixdən hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərardadı ilə iddiaçının “İddiaçı oğlu-X3 anadangəlmə xəstəliyinə görə müavinətin 02.05.2012-ci il tarixdən hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı oğlu-Məmmədli Cavid Firuz oğlunun anadan gəlmə xəstəliyinə görə müavinətin 04.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh 01.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məmmədli Cavid Firuz oğluna Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı 28.09.2018-ci il tarixində rəy verilmişdir. Uyğun olaraq iddiaçının oğluna həmin tarixdən də pensiya təyin edilmişdir. Məmmədli Cavid Firuz oğlunun sağlamlıq imkanlarının məhdudluğunun əvvəlki tarixlərdə (X6 əldə edilmiş məlumata əsasən TSEK-ə edilmiş iki müraciətdə imtina cavabı alınıb) təsdiq edilmədiyinə görə ona bu müddət üçün pensiya təyin edilməyib və ödənilməyib.Adıçəkilən sənədlərin hər birinin birinci instansiya məhkəməsinə təqdim edilməsinə və vətəndaş tərəfindən edilən ilkin müraciətə 04.12.2017-ci il tarixində TSEK tərəfindən imtina verilməsinə baxmayaraq məhkəmə iddianı əsassız olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsi qərarının tarixinin 11 noyabr 2020-ci il göstərilməsini yazı xətası kimi qəbul edir. Belə ki, qərarın göndərilməsi barədə müşayət məktubunun tarixi 11 noyabr 2020-ci ildir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra 07.12.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti vermiş, Bakı İnzibati Məhkəməsinin bu iş üzrə 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 saylı qərarının ləğv olunmasını, əlilliyə görə pensiya təminatının 2013-cü ildən hesablanıb bərpa və təmin olunması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pensiya təyinatının vaxtının bu barədə müraciətin 2018-ci ildən olması ilə məhdudlaşdırılması məhkəmə tərəfindən yalnız cavabdeh tərəfin marağına qərar qəbul edilməsindən irəli gəlmişdir. Lakin qanunvericilik pensiya təyinatı vaxtının nə vaxtdan müəyyən olunmalı olmasını bu barədə cavabdeh təşkilata müraciətin edilməsi vaxtı ilə məhdudlaşdırmamışdır. Qanunvericiliyin tələblərinə görə əlilliyə görə pensiyanın təyin olunmasına hüquqi və tibbi əsaslar pensiyanın təyin olunması barədə gödərişlərin verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının və cavabdehin apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE № 10987471 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Məmmədli Cavid Firuz oğlu 02.05.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. - AZ İİ № 903166 seriya və nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən Məmmədli Cavid Firuz oğlu 02.05.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin iyul ayının 03-də 3267№ ilə qeyd edilmişdir. (atası– İddiaçı; anası – X2) - Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Məmmədli Cavid Firuz oğluna 28.09.2018-ci il tarixdən 3 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. - 3 nömrəli X10 Dispanserinin 02.05.2012-ci il təvəllüdlü Məmmədli Cavid Firuz oğlunun adına verilən Epikrizlərindən görünürki, kliniki diaqnoz-anadan gəlmə bulyozepidermoliz (XBTkodQ81.2) göstərilmişdir. - 15.09.2018-ci il tarixli göndərişdə (Forma AZS №088 ) iddiaçı oğlu - Məmmədli Cavid Firuz oğlu müvafiq əlilliyin təyin edilməsi ilə bağlı ilk dəfə 04.12.2017-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə Məmmədli Cavid Firuz oğlunun bulyoz epidermoliz diaqnozu ilə anadangəlmə əlil olması təsdiq edilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının oğlu Məmmədli Cavid Firuz oğlunun anadan gəlmə xəstə olması,həmçinin iddiaçının oğluna müvafiq əlilliyin təyin edilməsi ilə bağlı ilk dəfə 04.12.2017-ci il tarixdə müraciət etməsi, Məmmədli Cavid Firuz oğluna əlilliyin təyin edilməsinə əsas olmuş 15.09.2018-ci il tarixli göndərişdə (Forma AZS №088) qeyd edilən diaqnoz ilə 3 nömrəli X10 Dispanserinin Epikrizlərində göstərilən diaqnozun eyni olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia qismən, İddiaçı oğlu- Məmmədli Cavid Firuz oğlunun anadan gəlmə xəstəliyinə görə müavinətin 04.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması hissəsində təmin, iddia tələbi qalan hissədə təmin edilməməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: “Sosial müavinətlər haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.0.1.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara aylıq müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu X4 28.09.2018-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı rəy verilmiş və ona həmin tarixdən sosial müavinət ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X4 28.09.2018-ci il tarixdən əlilliyin müəyyən edilməsi ilə bağlı rəy verildiyindən və həmin tarixdən ona sosial müvainət təyin edilərək ödənildiyindən, birinci instansiya məhkəməsinin Məmmədli Cavid Firuz oğlunun anadan gəlmə xəstəliyinə görə müavinətin 04.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı işin birinci instansiya icraatı zamanı 28.10.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, oğlu- Məmmədli Cavid Firuz oğlunun anadangəlmə xəstəliyinə görə müavinətin 02.05.2012-ci il tarixdən hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, qeyd edilən tələb üzrə işə baxılmışdır. Lakin, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində əlilliyə görə pensiya təminatının 2013-cü ildən hesablanıb bərpa və təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 28.10.2020-ci il tarixdən sonra əlilliyə görə pensiya təminatının 2013-cü ildən hesablanıb bərpa və təmin olunması ilə bağlı hər hansı dəqiqləşdirmə ərizəsi təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli cavabdehin apellyasiya şikayətinin dəlili isə əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ Məmmədli Cavid Firuz oğlunun anadangəlmə xəstəliyinə görə müavinətin 02.05.2012-ci il tarixdən hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar