Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-572/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-3138/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandag qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqyoldaşlığı tərəfindən ayrılmış 1a saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli qərarına əsasən 26 Bakı Komissarı adına Neft Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Bağçılıq cəmiyyətinin protokoluna əsasən iddiaçının istifadəsinə 600 kv.m. sahəsi olan 1a saylı bağ sahəsi verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan 06 may 2022-ci il tarixli, **********47 saylı bildirişlə müraciətin təmin edilməsindən imtina etmiş, imtinanın əsasları kimi ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və həmçinin 1a saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxslərin müraciətinin olması, bağın digər torpaq sahəsi ilə ümumi hasar daxilində olması və hüquq sahibinin soyadının bağçılıq sənədlərində Məmmədov, şəxsiyyət vəsiqəsində isə Məmmədli olması göstərilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarədə mövcud arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, bağçılıq-yoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına verilmiş "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) mövcuddur. Bundan əlavə, həmin əraziyə digər fiziki şəxsin (X2, X5, X6 və digərlərinin etibarnamə üzrə nümayəndəsi X7) müraciətləri mövcuddur. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə hüquq sahibinin soyadı Məmmədov qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Məmmədli qeyd edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-3138/2023 saylı qərarı ilə (hakim H.Ağalarov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "Şabandağ" bağçılıqbostançıhq cəmiyyətinin üzvü olub və ona Şabandağ sahəsində sahəsi 600 kv.m olan 1A saylı bağ sahəsi ayrılıb. Bu, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin rəhbərliyinin və idarənin həmkarlar təşkilatının 5 mart 1990-cı il tarixində birgə iclasında kollektiv bağçılıq-bostançılıq təsərrüfatının yaradılması barəsində 10 nömrəli protokolu ilə təsdiq olunur. Birinci instansiya məhkəməyə təqdim edilmiş bağçının üzvlük kitabçası, protokoldan çıxarış, 1A saylı bağ sahəsinin plan-cizgisi, iddiaçının da daxil olduğu bağçılıq-bostançılıq kollektivinin üzvlərinin ümumi siyahısı və s. iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsinin əsaslarını təşkil edir. Başqa sözlə, istinad edilən qanunun və Mülki Məcəllənin normalarına əsasən iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur. Mübahisələndirilən qərarda isə iddia tələbinin təmin edilməsi üçün kifayət edən sənədlərə - üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışa, "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin sədri tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısına hər hansı bir münasibət bildirilməyib. Məhkəmə iddianı rədd edərkən istinad etdiyi əsaslardan biri sözügedən topraq sahəsinin Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən X13 verilməsi, iddiaçının həmin sərəncamı mübahisələndirməməsidir. Halbuki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin sözügedən fonda verilməsinin qanuni olub-olmamasını ümumiyyətlə araşdırmayıb. İstinad edilən maddi hüquq normalarına əsasən 1A saylı bağ sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməlidir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə qanuni əsaslarla - Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və 26 Bakı Komissarı NQÇİ-nin "Şabandağ" bağçılıq-bostançılıq cəmiyyətinin protokolu ilə verilib. Cavabdeh inzibati orqanın 06 may 2022-ci il tarixli **********47 saylı imtina bildirişində idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması qeyd edilib. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə isə onun adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 2-ci sırada yer alıb. İddianı rədd edən məhkəmə cavabdeh qurumun iddiaçının adının "Şabandağ" bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilinə, guya iddiaçının adının həmin siyahıda olmamasına hər hansı bir münasibət bildirməyib, yalnış olaraq iddiaçıya heç bir aidiyyəti olmayan tamamilə başqa bir qurumun "Qaradağneft" NQÇİ-nin bağçılıq yoldaşlığı üzvlərinin siyahısına istinad edib. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.2-ci bəndinə ziddir. Bu səbəbdən də mübahisələndirilən qərar qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin iddianın təmin edilməməsinin yeganə səbəbi kimi həmin torpaq sahəsinin X13 verilməsi, iddiaçının bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 330 №li Sərəncamını mübahisələndirməməsini göstərib. Həmin sərəncama əsasən X10 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilib. Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 №-li (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) "Torpaq sahəsinin plan və ölçüsü"ndən müəyyən olunur ki, BŞİH Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı ilə X13 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv. metr torpaq sahəsi universitet kampusunun tikintisi üçün daimi istifadəyə ayrılıb. Əvvəla, sözügedən Fondun Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubda universitet kampusunun inşası üçün Bakı-Sumqayıt yolunun sağ tərəfində Xocasən kəndi yaxınlığında 300 hektarlıq torpaq sahəsinin ayrılması xahiş edilir. Ancaq buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamında Fondun xahiş etdiyindən qat-qat artıq 17276776 kv.m (təxminən 1728 hektar) torpaq sahəsi həmin quruma ayrılıb ki, bu da qanunsuz və əsassızdır. İkincisi, BŞİH-in sərəncamından 14 il əvvəl XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin rəhbərliyinin, idarənin həmkarlar təşkilatının 5 mart 1990-cı il tarixində birgə iclasında qəbul olunan 10 nömrəli protokol ilə iddiaçı da daxil olmaqla onlarla bağçıya torpaq sahəsi ayrılıb. Həmin qərar və protokol hazırda da qüvvədədir. BŞİH, XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolunu ləğv etmədən həmin torpaq sahəsini X13 verə bilməzdi. BŞİH bu kobud qanunsuzluğa yol versə də, onun iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsini təmin edən yuxarıda qeyd edilmiş sənədləri ləğv etmədən 330 saylı Sərəncamı qəbul etdiyi üçün iddiaçıya 1A saylı bağ sahəsi üzərində istifadə hüququ verən aktlar da eyni zamanda qüvvədə qalıb. "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsində göstərilir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, BŞİH başçısı 330 nömrəli inzibati aktı qanunvericiliyin tələblərini pozaraq qəbul edib. "İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən, maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. BŞİH başçısının 330 saylı sərəncamı iddiaçını 1A saylı bağ sahəsi üzərində istifadə hüququndan məhrum etdiyi üçün əlverişsiz inzibati aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddədən aydın oldur ki, BŞİH Başçısının 330 saylı Sərəncamı qanunsuz əlverişsiz inzibati aktdır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqanın, subordinasiya baxımından yuxarı inzibati orqanın və yaxud məhkəmənin həmin aktı ləğv etmək səlahiyyəti qeyd edilsə də, bir inzibati aktı qanunsuz hesab etmək yalnız bu instansiyaların səlahiyyətində deyil. Beləcə, digər icra hakimiyyəti orqanı, o cümlədən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi və ya subordinasiya baxımından ondan yuxarı orqanın bir inzibati aktı qeyd edilən instansiyalarin qərarı olmadan belə qanunsuz hesab etmək səlahiyyəti var. Yalnız qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Burada "qanunla müəyyən edilmiş qayda" Konvensiya ilə nəzərdə tutulan anlamda "qanunilik" ilə sinonimdir. Bu səbəbdən yerli icra hakimiyyəti tərəfindən "qanunla müəyyən edilmiş qayda"da qəbul olunmayan inzibati akt dövlət qeydiyyatı üçün əsas ola bilməz. BŞİH-in 330 saylı Sərəncamı "qanunla müəyyən edilmiş qayda"da qəbul olunmayan inzibati akt olduğu üçün iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi həmin akt əsasında X10 adına qeydiyyata alına bilməzdi və həmin aktın qanunsuz olub-olmamasına yalnız 67.2-ci maddədə göstərilən instansiyalar deyil, qeydiyyat orqanı özü də qərar verə bilər. Mübahisləndirilən qərarda hazırda da qüvvədə olan Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1990-ci il tarixli 10 saylı protokoluna bər hansı bir münasibət bildirilməyib, həmin qərar və protokollardan uzun illər sonra qanunsuz yolla qəbul edilmiş X13 torpaq sahəsinin ayrılmasına dair sərəncama istinad edilərək, tamamilə əsassız qənaətə gəlinib. Məhz bu səbəblərdən, iddiaçının həmin sərəncamı mübahisələndirmək öhdəliyi yoxdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu, 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın 6 əsası sadalanır. Halbuki, həmin əsasların heç biri iddiaçıya münasibətdə tətbiq edilə bilməzdi. İddiaçının 1A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün hər hansı əsas yoxdur. Bu baxımdan da mübahisələndirilən qərarda istinad edilən maddi hüquq norması pozulub. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi 1A saylı bağçının üzvlük kitabçasına, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin torpaq sahəsinin ayrılması haqqında 11/546 saylı xx.xx.1991-ci il tarixli qərarından arxiv çıxarışına və digər sənədlərə hər hansı bir mübasibət bildirməyib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-3138/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı şəhər X3 İcraiyyə Komitəsi torpaq sahəsi ayrılması haqqında xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli qərarından görünür ki, 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, İddiaçı 1998-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı-Hacı Həsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən 600 kv. metr olan 1a (protokoldan çıxarışda bağın nömrəsi “1b” qeyd edilmişdir) nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X10 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 №-li (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) Torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamı ilə X13 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv. m. torpaq sahəsi Universitet Kampusunun tikintisi üçün daimi istifadəyə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 140.1-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün 2007-ci il mayın 22-dək ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı qeyd olunan sənədlərdən üzvlük kitabçasını təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, yuxarıda istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Şabandağ” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. “Şabandağ” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Qaradağ neftqaz çıxarma idarəsinin işçilərinin 50 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda qeyd olunmamışdır. İddiaçı məhkəməyə 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin Qaradağ rayonu Şabandağ sahəsindəki bağçılıq yoldaşlıq cəmiyyətinin üzvü olan işçilərinin siyahısının 1-ci səhifəsini təqdim etmiş, adının həmin siyahıda 2-ci sırada qeyd edildiyini bildirmişdir. Lakin həmin 26 Bakı Komissarı adına NQÇİ-nin bağçılıq yoldaşılığı üzvlərinin siyahsı arxivdə aşkar edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi mövqe ilə razılaşaraq qeyd edir ki, iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Bundan başqa işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X14 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X13 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir, habelə işdə olan ortofoto görüntüləri ilə öz təsdiqini tapır. Mübahisəli torpaq sahəsinin X10 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-3138/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-572/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-572/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver