Məhkəmə qərarları › İş №2-1(103)-572/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-572/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-572/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4800/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Mərdəkan-Buzovna şossesində 0,1647.6 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır. “...Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Mərdəkan-Buzovna şossesində 0,0117 ha torpaq sahəsində yerləşən 275F saylı fərdi yaşayış evini 2021-ci il tarixdə alqı-satqı yolu ilə X2 almışdır. Torpaq sahəsini və evi aldıqdan sonra dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonradan təkrar müraciət edərək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin köhnə mülkiyyətçisi olan X4 adına Azərbaycan Dəmir yol Xidməti tərəfindən xx.xx.1989-cu il tarixdə ayrılmışdır. Qeyd edilən sənədi və arxiv arayışını təkrarən cavabdeh inzibati orqana təqdim etməklə torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etsə də, cavabdeh inzibati orqan ərizəni təmin etməyərək, qanunla nəzərdə tutulan sənədləri təqdim etmədiyini əsas gətirərək iddiaçının müraciətinə imtina etmişdir. Halbuki, torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sənəd və arxiv arayışı təqdim edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1647.6 kv.m təşkil edir. Ərazinin hər iki sərhədi şərtidir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsi sökülmüş dəmiryolu xəttinin mühafizə zonasında yerləşir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4800/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Mərdəkan-Buzovna şossesində 0,16476 ha torpaq sahəsinə dair mülkiyyət hüququ İddiaçı adına dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandılmış, eyni zamanda ,qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Apellyasiya şikayətinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən olunaraq, apellyasiya icraatı mümkün sayılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, “hüquqmüəyyənedici sənəd kimi dəmiryolu idarəsinin qərarı ilə iddiaçıya torpaq sahəsi verilib. İcra Hakimiyyətinin sərəncamında fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqi qeydiyyata alınması barədə qeyd var. Dəmiryolu idarəsinin məktubu var ki, dəmiryolu xətti sökülmüşdür.” Nümayəndə və iddiaçı qeyd edilənlərə əsasən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən xronoloji ardıcıllıqla müəyyən olunan hallar aşağıdakılardan ibarətdir: “...Azərbaycan Dəmir Yolu Yol Xidməti rəsinin Bakı-Sabunçu yol distansiyasına ünvanlanmış xx.xx.1989-cu il tarixli P-440 nömrəli məktubunda qeyd olunur ki, xidməti torpaq ayırmaları haqqında əsasnaməyə və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına əsasən bağ-bostan bitkilərinin əkilməsi üçün ilə Buzovna-Mərdəkan mənzili 20 km pk2-də dəmiryolçu X5 12,5 sot torpaq sahəsi təhkim edilir. Həmçinin Azərbaycan Dəmir Yolları” QSC-nin xx.xx.2023-cü il tarixli və 13-1-24/2-Ə- 1690/1- 39/2023 nömrəli məktublarında məhkəməyə bildirilir ki: “...Keçmiş dəmiryolçu X5 Azərbaycan Dəmir Yolu Yol Xidmətinin xx.xx.1989-cu il tarixli P-440 nömrəli məktubu ilə Buzovna-Mərdəkan mənzili 20 km pk2- də bağ-bostan bitkilərinin əkilməsi üçün 12,5 sot torpaq sahəsi ayrılmışdır. Dəmir yolunun təhkim zolağının tənzimlənməsi ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı qüvvəyə minənədək torpaq sahələri dəmiryolçuların müddətsiz istifadəsinə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına əsasən Azərbaycan Dəmir yolu rəisinin xx.xx.1979-cu il tarixli 29/N nömrəli əmrinə uyğun olaraq verilmişdir.” Eyni zamanda, "xxxx" QSC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-1-24/2- A-2456/1-39/2024 nömrəli məktubunda bildirilir ki, Xəzər rayonunun ərazisində "xxxx" QSC-yə məxsus Mərdəkan dəmir yolu xətti də daxil olmaqla, dəmir yolunun Bağlar-Qala sahəsi 2009-cu ildə ləğv olunaraq sökülüb götürülmüşdür. Eyni zamanda, “Buzovna qəsəbəsi, Buzovna-Mərdəkan yolunun sağ tərəfində vətəndaş X3 tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 109 nömrəli, 05 may 2017-ci il tarixli sərəncamdan görünür ki, həmin sərəncamla: - “Buzovna qəsəbəsi, Buzovna – Mərdəkan yolunun sağ tərəfində vətəndaş X3 tikdiyi 1 mərtəbəli, 2 yaşayış otağı – 38 kv.m, köməkçi sahə - 77.4 kv.m torpaq sahəsində başqa tikili olmayan cəmi torpaq sahəsi – 1735,0 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınması, Bakı şəhər XDS İK-nın 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş Babazadə Tofiq oğlunun adına reyestrdən çıxarış və texniki pasport verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır.” İşə əlavə olunmuş, X3 adına verilmiş 622661 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarşdan görünür ki, həmin sərəncama əsasən yalnız, ümumi sahəsi 88,9 fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ 09.022021-ci il tarixdə qeydə alınaraq ona reyestrdən çıxarış verilmiş, torpaq sahəsi isə çıxarşda dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. İşdə olan, X6 ilə hazırkı iş üzrə İddiaçı oğlu arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsindən və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan isə görünür ki, T.Babazadə tərəfindən iddiaçıya yalnız ümumi sahəsi 88,9 kv.m fərdi yaşayış evi satılmış və iddiaçının həmin evə mülkiyyət hüququ xx.xx.2021ci il tarixdə reystrdə qeydə alınaraq ona çıxarı verilmiş və çıxarışda evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti kimi qeydə alınmışdır. Konkret halda, İddiaçı, Azərbaycan Dəmir Yolu Yol Xidməti rəsinin Bakı-Sabunçu yol distansiyasına ünvanlanmış xx.xx.1989-cu il tarixli, habelə, Azərbaycan Dəmir Yolları” QSC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarına, eləcə də, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 05 may 2017-ci il tarixli sərəncamına istinadən, həmin evin yerləşdyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Mərdəkan-Buzovna şossesində 0,16476 ha torpaq sahəsinə dair də mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi həmin sənədlərə əsasən iddia edilən ölçüdə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ aşağıdakılara görə qeydə alına bilməz. Birincisi, Azərbaycan Dəmir Yolu Yol Xidməti rəsinin Bakı-Sabunçu yol distansiyasına ünvanlanmış xx.xx.1989-cu il tarixli, habelə, Azərbaycan Dəmir Yolları” QSC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarından göründüyü kimi, keçmiş dəmiryolçu X5, Azərbaycan Dəmir Yolu Yol Xidmətinin xx.xx.1989-cu il tarixli P-440 nömrəli məktubu ilə Buzovna-Mərdəkan yolunda 0,16476 kv.m deyil, 1250 kv.m (12,5 sot) torpaq sahəsi, həm də Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına əsasən Azərbaycan Dəmir yolu rəisinin xx.xx.1979-cu il tarixli 29/N nömrəli əmrinə uyğun olaraq bağ-bostan bitkilərinin əkilməsi üçün təhkim olunmuşdur . İstər Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına, istərsə də müstəqillik dövründə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması “Qaydaları”na əsasən - dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər və təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, yol verilmir. (b.b.16;21). İkincisi, həmin torpaq sahəsi, bağ-bostan bitkilərinin əkilməsi üçün keçmiş dəmiryolçu X5 təhkim edildiyi, həm də Azərbaycan Dəmir Yolu Yol Xidmətinə (sonradan isə "xxxx" QSCnin balansına) aid olduğu halda, digər tərəfdən qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ndə yerli icra hakimiyyətinin - fərdi yaşyış evinin tikintisi üçün torpaqayırma səlahiyyətinə malik olmadığı halda, Xəzər rayon İcra hakimiyyəti başçısı tərəfindən “Buzovna-Mərdəkan yolunda yerləşən 1735 kv.m torpaq sahəsinin “X3” (əvvəlki mülkiyyətçi) adına qeydiyyata alınması barədə imperatv formalı sərəncam qəbul edilə bilməzdi. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 109 nömrəli, 05 may 2017-ci il tarixli sərəncamı - 1735 kv.m torpaq sahəsinin evin tikintialtı hissəsinə düşən payı istisna olmaqla, qalan hissədə torpaq sahəsi üzərində, müvafiq sərəncamvermə səlahiyyəti olmadığından, X3 adına qeydə alınması hissəsində sərəncam etibarsızdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinin tələbinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Evin tikintialtı torpaq sahəsinə gəldikdə, artıq fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüqüqu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb ona reyestrdən çıxarış verildiyi halda, həmin hissədə iddia tələbi əsaslıdır. Birincisi ona görə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsi baxımından, fərdi yaşayış evinin altı, onu almış və həmin evdə yaşayan iddiaçıya məxsusdur. İkincisi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 11-ci abzası nəzərdə tutur ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Məcəllənin qeyd olunan tələbi baxımından, əvvəlki mülkiyyətçinin evin yerləşdiyi tikintialtı torpaq sahəsi üzərində istifadə hüququna artıq xitam verilmişdir. Həm əvvəlki mülkiyyətçinin, həm də sonrakı, yəni, hazırkı iddiaçının adına verilmiş, işdə olan reyestr çıxarışları və texniki paporta əsasən müəyyən olunur ki, evin tikintialtı sahəsi 117 kv.m təşkil edir. Sözügedən Məcəllənin 88-ci maddəsinin 1-ci bəndi isə nəzərdə tutur ki, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Konkret halda da məhz, alqı-satqı müqaviləsinin tərəfləri 117 kv.m torpaq sahəsində yerləşən fərdi yaşyış evinin satılıb-alınması barədə razılığı və həmin müqavilənin bağlanmasından artıq 4 ildən də çox müddətin keçməsi və bu zaman çərçivəsində hər hansı mübahisənin mövcud olmaması onlar arasında müvafiq razılaşmanın əldə edildiyini deməyə əsas verir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Beləliklə də qeyd olunalar onu deməyə əsas verir ki, iddiaçının tələbində qismən, evin tikintialtı payına düşən 117 kv.m hissəsinə münasibətdə hissəsində haqlı olduğu və həmin hissədə torpağın onun adına reyestrdə mülkiyyət hüququ ilə qeydə alınıb vahid çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsi də məhz, nəzərdə tutur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara qanununvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və iddianın tam təmin olunması barədə işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, əsassız qərar qəbul edildiyini mübahisələndirilən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4800/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli və İddiaçı - ünvan 2 ünvanında mülkiyyətində olan, fərdi fərdi yaşayış evinin 117 kv.m tikinti altı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, evlə birgə vahid əmlak kimi ona reyestrdən yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 69, 73, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4800/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı - ünvan 2 ünvanında mülkiyyətində olan, fərdi fərdi yaşayış evinin 117 kv.m ölçüyə malik tikintialtı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, evlə birgə vahid əmlak kimi ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qalan hissədə iddia rədd edilsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar