Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-573/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-9181/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi və s barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin yaşayış sahəsi müvafiq layihə əsasında cavabdehin əməkdaşlarının iştirakı və polis nəzarəti altında 2018-ci il tarixdə sökülmüşdür. Halbuki söküntü ilə bağlı onun razılığı alınmamışdır. Bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı, 2020-ci il 03 mart tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən, iddiaçının hazırki tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1176/2020 saylı, 12.06.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı iş üzrə qəbul etdiyi 03.03.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.03.2021-ci il il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli 2-1(103)- 1176/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı 03 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tələbin ona cavab verməli olan cavabdehə qarşı yönəldilmədiyini bildirsə də, cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı iddiaçıya hüquqi yardım göstərməklə bağlı xidməti vəzifəsini sonadək yerinə yetirə bilməmiş və nəticədə qərardadında mövqeyini kifayət qədər əsaslandırmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9181/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh heç bir hüquqi əsas olmadan qanunsuz sərəncam əsasında və heç bir müsabiqə keçirmədən onun evinin olduğu ərazinin sökülməsini və tikilməsini "xxxx" MMC-yə həvalə edib. Bu sərəncamın qəbul edilməsi iddiaçı ilə razılaşdırılmayıb, sərəncamın qəbulunda iştirakı təmin edilməyib. İddiaçı "xxxx" MMC ilə hər hansı müqavilə münasibətinə girməyib. Belə olan halda "xxxx" MMC Cavabdeh birbaşa agentidir, onun verdiyi tapşırıq əsasında fəaliyyət göstərir. Ona görə də onun evi "xxxx" MMC tərəfindən sökülmüş olsa da, buna görə Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırda cavabdehə qarşı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0.0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 15 otaqlı, 182.9 kv.m yaşayış sahəsi, 118.1 kv.m köməkçi sahədən ibarət olan 80 nömrəli fərdi yaşayış evinin Cavabdeh 219 nömrəli, 30.06.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən cavabdeh tərəfindən onun heç bir razılığı olmadan sökülməsinə görə Cavabdehndən pulun tutularaq ona kompensasiya olaraq ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. Qeyd edilən həmin sərəncamın qəbul edilməsinə əsas olmuş “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami. Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək, sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmışdır. Qərarda qeyd olunmuşdur ki, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi vəsaitin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Cavabdeh Başçısı tərəfindən 219 nömrəli, 30.06.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın 1-ci hissəsinə əsasən Yasaml rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə ayrılmışdır. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən sifarişçiyə tapşırılmışdır ki: -3.1.Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləri əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin etsin. Göründüyü kimi, Cavabdeh sözügedən sərəncamı ilə yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə qəza vəziyyətində olan binaların sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəzalı binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsini "xxxx" MMC-yə həvalə etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, yeni yaşayış binası tikilənədək əhalinin mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, mübahisənin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir, Bununla da aşkar olunur ki, iddiaçıya lazımi maliyyə vəsaitinin ödənilməsinə və ona yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılmasının həyata keçirilməsinə "xxxx" MMC cavabdehlik daşıyır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 13 və 48-ci maddələrinin tələbinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, o cümlədən 30.06.2017-ci il tarixli sərəncamla qəzalı binaların sökülməsinin təmin edilməsinin, binanın tikilməsinin, kirayə haqqı və başqa maliyyə tələblərinin yerinə yetirilməsinin MMC-yə həvalə edilməsi iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, kompensasiyanın ödənilməsi ilə bağlı iddia adıçəkilən hüquqi şəxsə qarşı yönəlməlidir. Lakin həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilən hesab edilmir. İddiaçı və inzibati orqanın əvəz edilərək cavabdeh olmalı olan hüquqi şəxs inzibati orqan olmadığından, mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti isə publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin, sadalanan qanunvericilik aktlarında hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan qismində çıxış edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Hazırkı üzrə iddiaya cavab verməli olan hüquqi şəxs isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquq şəxs hesab edilmədiyindən ona yönələcək iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Mübahisənin ümumi hüquq sahəsinə aid olmaması, ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün hakimiyyət səlahiyyətinə malik olan cavabdehə qarşı olmaması ilə tərəflər arasında yaranacaq münasibətlərin müqavilə əsasında yarana bilmə səbəbi ilə bağlıdır. Eyni zamanda söküntü işləri ilə bağlı hər hansı zərərin vurulması da inzibati xarakterdən uzaq olub, inzibati orqan olmayan hüquqi şəxsin mülki məhkəmə icraatı qaydasında vurması ehtimal olunan zərərin ödənilməsi əsası qismində çıxış edə bilər. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli Qərarından da göründüyü kimi oxşar məzmunlu həmin iş üzrə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın söküntüsü ilə əlaqədar səlahiyyət verilmiş MTK-ya qarşı yaşayış sahəsinin mülkiyyətçisinin iddiası üzrə mülki məhkəmə icraatı qaydasında işlərə mahiyyəti üzrə baxılmış və kompensasiyanın ödənilibödənilməməsi məsələsinin mahiyyətinə aid qiymətləndirmə aparılmışdır ki, formalaşmış mülki işlər üzrə məhkəmə təcrübəsi də həmin növ işlərin mülki məhkəmə icraatı qaydasında baxıldığını, nəticə etibarı ilə də inzibati icraata aidiyyətinin olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi iddiaçıya hazırkı işə inzibati məhkəmə icraatı qaydasında hüquqi yardım edə bilməsə də, onun mülkiyyət hüququnun müdafiəsi üçün hüquqi şəxsə qarşı mülki məhkəmə icratı qaydasında müraciət etmək hüququna malik olduğunu izah etmək səlahiyyətindən istifadə edərək iddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququnu izah etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9181/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-573/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-573/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver