Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-573/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(112)-4137/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixli N №-li hərbi hissə komandirinin N №-li əmri ilə şəxsi heyətinin siyahısına daxil edilməklə bütün müavinatlarla təmin edilərək əsgəri vəzifəsinin icrasına başlamışdır. xx.xx.1994-cü il tarixində saat 22:N radələrində N saylı hərbi hissənin göndərişi ilə Mingəçevir şəhər X1 şöbəsinə “sol kürək nahiyyəsindən güllə yarası” diaqnozu ilə daxil olmuşdur və xx.xx.1994-cü il tarixində xəstəxanadan çıxarılmışdır. Hərbi xidmət etdiyi dövr AR-sı SQ-nin vahid mərkəzləşmiş ordusu tam formalaşmamışdır. Bu səbəbdən müəyyən formada bir sıra hərbi qulluqçuların xidməti sənədlərinin qeydiyyatı əksər hallarda düzgün aparılmırdı. Belə ki, arxiv arayışlarında adı “Hamil” ata adı “Alibala” kimi qeyd edilməsi bu faktı təsdiq etməyin bariz göstəricisidir. 2023-cü ildə AR-sı Müdafiə Nazirliyinə “müharibə veteranı” və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etsə də xx.xx.2023-cü il tarixli 2/2-10320 №-li məktubla müraciətinə imtina edilmişdir. Rəsmi müraciətinə imtina səbəbi kimi – Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli 2/2- 10320 №-li arayışına əsasən, xx.xx.1994-cü il tarixində xəstəxanadan çıxarılmağına baxmayaraq xidmət yerinə qayıtmadığına və 3 aydan artıq stasionar müalicədə olduğu üçün bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyi üçün qanuni əsaslarla ehtiyata buraxılmadığına görə kimi qeyd edilmişdir Bakı İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(112)-4137/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia ərizəsi rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda yuxarıda istinad edilən normaların müddəalarına görə, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Buna görə, şəxsin hərbi xidmətə çağrıldığı tarixdən tərxis olunanadək qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmiş olması müəyyən olunmalı, bu fakt tam sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 32 №-li əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin edildiyi müəyyən olunur. Məhkəmə araşdırması zamanı X2 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 99 nömrəli əmrinə əsasən 3 (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğuna görə, ştatdan kənar edilərək bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısına daxil edildiyi müəyyən müəyyən olunmuşdur. Cavabdeh iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına istinadla iddianın rədd edilməli olduğunu bildirir. ... Müharibə veteranı adının verilməsi üçün iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi yetərli deyil, iddiaçının bu zaman həm də qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərti də yerinə yetirilmiş olmalıdır. Həmin şərt iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz. Qərar iddiaçı tərəfindən mübahisələndirilmiş, lakin inzibati iş apellyasiya instansiyası məhkəməsində olan müddətdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə nümunə kimi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının iddianın geri götürülməsinə dair ərizələrin təmin ediıməsi və iddia üzrə icraata xitam verilməsi barədə qərardadlarını əlavə etmiş və bununla da iradəsini ifadə etmişdir. Məhkəmə iclası ilk olaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş, ərizənin məzmunu nəzərə alınaraq iddiaçının mövqeyinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Lakin tərəflər nə birinci, nə də ki, ikinci məhkəmə iclasına gəlmiş və ərizəyə əlavə olaraq hər hansı münasibət bildirməmişlər. Məhkəmə kollegiyası təqdim edilmiş qərardadlardan müəyyən edilən formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının ərizəsi iddia ərizəsinin geri götürülməsi barədə ərizə kimi qəbul edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İnzibati Prosessual Məcəllənin 55.5-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəlləsində aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İnzibati Prosessual Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İnzibati Prosessual Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Bununla yanaşı iddiaçıya izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-573/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-573/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver