Məhkəmə qərarları › İş №2-1(103)-574/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-574/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-574/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: məxsusluq arayışının verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10277/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin mərhum atası X7 məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən 01 oktyabr 1967-ci il tarixdə verilmiş texniki pasporta əsasən mərhum X2nun adına tərtib edilmişdir. X2 05 oktyabr 1969-cu ildə, anası X12 isə 22 oktyabr 2016cı ildə vəfat etmişlər. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10277/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsi iddiaçının mərhum atasının mülkiyyətində olması inzibati orqanın müvafiq inzibati aktı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən 01 oktyabr 1967-ci il tarixdə verilmiş texniki pasporta əsasən mərhum X2nun adına tərtib edilmişdir. X2 05 oktyabr 1969-cu ildə, anası X12 isə 22 oktyabr 2016-cı ildə vəfat etmişlər. Bu da o deməkdir ki, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə bağlı inzibati orqanın gəldiyi nəticə əsassızdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. X3 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Texniki Pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (107,5 kv.m) X5 adına qeydə alınmışdır.

12. X10 5 oktyabr 1969-cu il tarixdə vəfat etmişdir.

13. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

14. Cavabdeh məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”da nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dəl tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Həmin Fərmanın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport təqdim edilməlidir. Eyni zamanda, texniki pasportda adı qeyd edilən hüquq sahibi ilə aranızda əlaqəli sənəd, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizgisi təqdim edilməmişdir”.

15. xx.xx.1947-ci il tarixli Əzizbəyov rayonu X13 İcraiyyə Komitəsinin 196 №-li iclas protokoluna əsasən Mərdəkan qəsəbəsi X13 İcraiyyə Komitəsinin 12.V.-47-ci il tarixli, Abasov X14 1107,5 ölçüdə torpaq sahəsinin ayrılması haqqında qərarı təsdiq olunması qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

21. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 48,50, 55, 84-cü maddələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsi; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10-cu maddələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 10.2, 12.1, 15, 22-ci maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavə) 7-ci maddəsi tətbiq edilməlidir. 23.Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 24.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. 25.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır.

26. Belə ki, hazırkı iş üzrə iddiaçının hüququ marağı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin mərhum atası X7 məxsusluğunu təsdiq edən arayışın verilməsinə nail olmağa yönəlmişdir.

27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.50-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək vəzifəsi var. 28.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

29. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X6 mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. 30.Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə görə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

32. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. 33.Həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinə uyğun olaraq Əzizbəyov Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “X1 torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1947-ci il tarixli, Qərarı ilə Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində 1107,5 kv.m torpaq sahəsi ayrılmışdır. 34.Qeyd olunan qərar heç bir dövlət orqanı, fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. 35.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 36.İmtinanın digər əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin fəaliyyətini tənzimləyən Əsasnamənin tələblərinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir. 37.Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququn iddiaçının mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. 38.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 39.Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum X2nun adına tərtib edilmişdir. X2 05 oktyabr 1969-cu ildə vəfat etmişdir. İddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur və hazırda həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. 41.Hazırkı mübahisəyə münasibətdə iddiaçının X2 torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almadan vəfat etmişdir. 42.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə həmin hüquq onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə dair hüququn mərhum X8 məxsus olması barədə müvafiq arayışın verilməsindən cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin tələblərinə ziddir və qanunsuz hesab olunmalıdır. 44.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 45.Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10277/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 46.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10277/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərində 107,5 kv.m yaşayış sahəsi (evi) olan Bakı şəhəri Əzizbəyov Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1947-ci il tarixli Qərar ilə mərhum X7 ünvan 1 ünvanında verilmiş 1107,5 kv.m torpaq sahəsinin ona (mərhum X11) məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar