Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-575/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, e-2-1(112)-5698/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, e-2-1(112)-5698/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birdəfəlik ödəmənin verilməsindən imtina edilməsinə dair qərarın ləğv edilməsi və ona 190 manat birdəfəlik ödəmənin verilməsi, onun şikayət və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020ci il tarixli, 127 saylı qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ona 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 10 aprel 2020-ci ildə 142 çağrı mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək işsiz kimi qeydiyyata alınmasını xahiş etmişdir. Nazirlik onu 21 Aprel 2020-ci il tarixdə işsiz kimi qeydiyyata almışdır. Lakin 190 manat birdəfəlik ödəmə verilməsindən imtina etmiş və bu barədə ona 29.04.2020-ci il tarixdə SMS vasitəsi ilə məlumat vermişdir. Nəsimi Rayon Məşğulluq Mərkəzinə etdiyi çoxsaylı şikayətlərinə məhəl qoyulmamişdir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu”nun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Onun iş üzrə isə Nazirliyin imtina aktında həmin imtina aktının qəbul edilməsinə əsas olan qanun və ya digər normativ hüquqi akt göstərilməmişdir. Yəni, ona bəlli deyil ki, Nazirlik hansı qanun və ya digər normativ hüquqi akt əsasında ona birdəfəlik ödəmə verilməsindən imtina etmişdir. O, 4 may 2020-ci il, 12 may 2020-ci il, 01 iyun 2020-ci il, 19 iyun 2020-ci il, 20 iyun 2020-ci il tarixində 142 çağırı mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişdir, lakin iki ay keçməsinə baxmayaraq, hələ də heç bir cavab almamişdır. Azərbaycan Respubliksinin Nazirlər Kabinetinin COVİD-19 dövründə işsiz kimi geydiyyatda olan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasi barədə 07 Aprel 2020 qərarında deyilir ki, “2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir”. O, bu qərarin 2.3-cü bəndində göstərilən kateqoriyaya aid deyil. Buna görə də hesab edir ki, o, 190 manat birdəfəlik ödəmə verilməli olan şəxslər kategoriyasina aiddir. Nazirlik öz qərarında əsas kimi ümumi olaraq qeyd etmişdir ki, guya keçmiş həyat yoldaşı barədə təhrif olunmuş məlumat verdiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Nazirlik bu iddia ilə əlaqədar heç bir sübut təqdim və ya sübuta istinad etməmişdir. Bu iddia əsassızdır, çünkü o, keçmiş həyat yoldaşı barədə heç bir təhrif edilmiş məlumat verməmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qərarda qeyd edilmişdir ki, iddiaçı birdəfəlik ödəməni almaq üçün 21.04.2020-ci il tarixdə e-Sosial portalı vasitəsi ilə online müraciət etmiş, həyat yoldaşı qismində X2 qeyd etmişdir, lakin X1 ailə vəziyyəti həmin tarixdə «subay» qeyd olunmuşdur. e-sosial portalinda müraciət edərkən şəxsin həyat yoldaşinin kim olduğu barədə məlumatı müraciət edən şəxs tərəfindən əl ilə olaraq qeyd edilməsinə (yazilmasina) e-sosial portal tərəfindən imkan verilmir. Müraciət edən şəxs esosial portal vasitəsi ilə müraciət edərkən Şəxsiyyət Vəsiqəsinin FİN kodunu və Seriya nömrəsini yazdiqdan sonra və yoxla düyməsinə kliklədikdən sonra şəxsin kim ilə evli olmasi barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən avtomatik olaraq qeyd edilir. Qeyd edilən fakt cavabdehin imtina səbəbini tamamilə alt-üst edir və cavabdehin təqdim etdiyi məlumatların tamamilə yalandan ibarət olduğu aşkar görünür. Bundan əlavə cavabdeh iş üçün əhəmiyyətli faktları da təhrif olunmuş şəkildə məhkəməyə təqdim etmişdir. Belə ki, onun ikinci həyat yoldaşinin adi X5r (Cəfərova onun subay olarkan soyadidir). Onun ikinci həyat yoldaşi da evlənməmişdən əvvəl subay olarkən 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etmişdir. Cavabdeh Şəfəqin subay olarkən müraciət etdiyi çıxarışının surətini iddiaçıya aid olan müraciətə əlavə edərək guya iddiaçının müraciətinin bir hissəsi kimi məhkəməyə təqdim etmişdir. Qərarda qeyd edilir ki, iş materiallarında olan e-sosial.az ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun həyat yoldaşı barədə təhrif olunmuş məlumatlar aşkarlandığı, şəxs boşanmış yenidən evlənmiş, sistəmdə əvvəlki həyat yoldaşının məlumatları yazıldığı üçün ona imtina edilmişdir. Bununla bağlı iddiaçı bildirdi ki, onun əvvəlki həyat yoldaşi X6r. Bu fakt bir daha təstiq edir ki, müraciət zamani nə iddiaçı nə də 142 çağırı mərkəzinin əməkdaşı onun həyat yoldaşı qismində X2 qeyd etməmişdir. Həmçinin ididaçı qeyd etmişdir ki, o, e-sosial portal vasitəsi ilə müraciət etməmişdir. o, 142 çağırı mərkəzinə zəng vuraraq müraciət etmişdir. E-sosial portal vasitəsi ilə müraciət edən fiziki şəxs olduqda portlada müraciəti qeydiyyat edən “vətəndaş” sözü yazılır. Hüquqi şəxs yəni 142 çağırı mərkəzin əməkdaşı vasitəsi ilə olduqda isə müraciəti qeydiyyat edən “vətəndaş” sözü yazılmır. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan E-SOSİAL.AZ ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun həyat yoldaşı barədə təhrif olunmuş məlumatlar aşkarlandığı, şəxs boşanmış yenidən evlənmiş, sistəmdə əvvəlki həyat yoldaşının məlumatları yazıldığı üçün ona imtina edilmişdir. İş materiallarında olan fərdi məşğulluq vərəqindən görünür ki, İddiaçı işsiz kimi qeydiyyata alınmışdır, Qeydiyyat tarixi 21.04.2020-ci ildir, işaxtaran kimi qeydiyyatda olduğu müddət 133 gündür. Ailə vəziyyəti evli qeyd edilmişdir. İş materiallarında olan məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı birdəfəlik ödəməni almaq üçün 21.04.2020-ci il tarixdə e-Sosial portalı vasitəsi ilə online müraciət etmiş, İddiaçı həyat yoldaşı qismində X2 qeyd etmişdir, lakin X1 ailə vəziyyəti «subay» qeyd olunmuşdur, İddiaçı həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə imtina edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 21.04.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 349824 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı və X8 ilə olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21.04.2020-ci il tarixdə 173 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 22.04.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 303307 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı və X7 22 aprel 2020-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22.04.2020-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 3.1-ci bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir; 3.2-ci bəndinə əsasən işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur; 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir; 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı işsiz kimi qeydiyyata alınmışdır, o, birdəfəlik ödəməni almaq üçün 21.04.2020-ci il tarixdə e-Sosial portalı vasitəsi ilə online müraciət etmiş, həyat yoldaşı qismində X2 qeyd etmişdir, lakin X1 ailə vəziyyəti həmin tarixdə «subay» qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı həyat yoldaşı barədə səhv məlumat daxil etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı birdəfəlik ödəmənin alınması üçün e-Sosial portalı vasitəsi ilə müraciət etdikdən sonra “Məşğulluq” altsistemində tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılmalıdır. Lakin düzgün olmayan məlumatların verilməsi həmin yoxlamanın aparılmasına imkan vermir. Hazırki halda isə iddiaçı arvadı barədə səhv məlumat vermişdir. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmənin alınması üçün müraciət edərkən tələb olunan məlumatları düzgün təqdim etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin araşdırılmış halları ilə iddiaçının 10.04.2020-ci il tarixdə 142 çağrı mərkəzi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsiz kimi qeydiyyata alınması barədə müraciət etdiyi, 21.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alındığı, 29.04.2020-ci il tarixdə “Həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə” məzmunlu SMS göndərilərək birdəfəlik ödəməmənin verilməsindən imtina edildiyi müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçıya mobil telefon vasitəsilə göndərilmiş SMS-də konkret hansı arvadı (keçmiş və ya hazırki) barədə məlumat göstərilməmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq onun elektron kabinetinə əsaslandırılmış bildirişin yerləşdirilməsinə (Qaydaların 3.4 bəndi) dair inzibati orqan tərəfindən sübüt təqdim edilməmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, imtinanın səbəbləri ilə bağlı tərəflər biri-birinə zidd izahatlar və sübütlar təqdim etmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında və iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı özü barədə məlumatları anketdə doldurarkən arvadı X7 barədə düzğün olmayan məlumatın qeyd edilməsi səbəbindən birdəfəlik ödəmədən imtina edilmişdir. İddiaçının izahatında və iş materiallarında olan iddiaçının 13, 21, 25 may 2020-ci il tarixlərdə inzibati orqana imtina qərarından etmiş şikayətlərində nazirliyin öz qərarında iddiaçının keçmiş yoldaşı barədə təhrif məlumatların verilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, yuxarıda adı çəkilən Qaydalarda nəzərdə tutulan tələblərə uyğun yoxlama aparmamış, iddiaçının müraciətinə baxmaqdan imtina etməklə haqlı olmamışdır, ona görə də iddiaçının birdəfəlik ödəmə ilə bağlı müraciəti inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmalı və buna uyğun iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsi məsələsinə baxılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qanunun 15.3-ci maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Qanunun 16.1-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, e-2-1(112)-5698/2020 saylı qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, e-2-1(112)-5698/2020 saylı qərarı ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-575/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-575/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver