Məhkəmə qərarları › İş №2-1(103)-575/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-575/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-575/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)- 5621/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzili Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderi ilə iddiaçının istifadəsinə verilmişdir. Sözügedən orderdə daşınmaz əmlakın istifadəsi üçün verilmiş siyahıda iddiaçının da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə rəsmi olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, cavabdeh tərəfindən 20 dekabr 2022-ci il tarixli **********23 nömrəli cavabına əsasən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bakı şəhəri Yasamal RİH tərəfindən verilmiş 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderin təqdim olunmasına baxmayaraq, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin dövlət qeydiyyatına alınmaması qanunsuzdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş sözügedən orderin notarial təsdiq sənədinə əsasən 16 fevral 1999-cu il tarixdə təqdim edilmiş 030723 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin iddiaçının istifadəsinə verilməsi faktı ilə bağlı olan sənədin surətinin düzgünlüyü təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Elektron X2 çıxarışa əsasən 29 yanvar 1999-ci il tarixdə 67 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin üzvləri siyahısında iddiaçının də adının qeyd edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun istifadəsinə verilməsi faktı həmin mənzilin dövlət qeydiyyatına alınmasını zəruri edir. Nəzərə alınmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, bütün qanuni tələblər iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya məxsus əmlakın dövlət qeydiyyatına almasından imtina edilməsi onun hüquqlarının pozulmasının bariz nümunəsidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən hərəkətsizlikdən məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə, İPM-in 1.2, 8.1.1, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, ünvan 1 ünvanındakı 24 nömrəli mənzil üzərində İddiaçı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 29 noyabr 2022-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə (ünvan 1 ünvanındakı 24 nömrəli mənzil) dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (orderin arxiv arayışı və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №- li forma) əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğun olmasına dair vətəndaşa **********23 saylı 20 dekabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. «Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1 – 5.7.4-cü bəndlərinə əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, müvafiq mənzil üzərində hüquqların ilkin qeydiyyatı yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməli olduğundan iddiaçı “ASAN xidmət” mərkəzlərinə deyil, İdarəyə müraciət etmişdir. Bu səbəbdən də, İdarə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya aidiyyəti üzrə müraciət etməli olması izah edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-5621/2023 saylı qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi yekun qərarı qəbul edərkən bu fakta əsaslanmışdır ki, “iddiaçı və onun ailə üzvləri faktiki olaraq o mənzildə yaşamırlar.” Lakin bu əmlakın dövlət qeydiyyatına alınmaması üçün əsas deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-5621/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: -İddiaçı adına ünvan 1 ünvanındakı 24 nömrəli mənzilə dair xidməti order verilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hazırkı İddiaçı ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı Məmmədli oğluna Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 1999-cu ildə ünvan 2 ünvanına (hal-hazırda mənzildə məcburi köçkün ailəsi yaşayır) order verilmişdir. -Bakı şəhəri Yasamal RİH-in müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 3 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamı, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər və 16 fevral 1999-cu il tarixli 030723 nömrəli order mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən, qeyd olunan sərəncam, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər və order RİHdə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialına müraciət edilməsi tövsiyə olunur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından alınmış 9 iyun 2023-cü il tarixli məktubla Bakı şəhəri Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamının surəti məhkəməyə təqdim olunmuşdir. Məktubda müvafiq orderlərin Dövlət Arxivinin Bakı Filialında saxlanılmadığı bildirlir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 5 ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı Yasamal RİH tərəfindən 1999-cu ildə Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, 129 saylı evin 24 saylı mənzilinə (hal-hazırda məcburi köçkün yaşayır) order verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Həmin Qanunun 8-ci maddəsinin İ – İİİ hissələrinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı işin hallarından müəyyən edilir ki, ünvan 1 ünvanındakı 24 nömrəli mənzil ünvan 6sasında İddiaçı ayrılmışdır. İddiaçı mənzilin qanuni istifadəçisi kimi ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin qurum məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda həmin qurumun imtinasını mübahisələndirir. İşdən müəyyən olunur ki: -mənzildə hazırda məcburi köçkün ailəsinin məskunlaşması belə deməyə əsas verir ki, iddiaçı və ailə üzvləri hazırda həmin mənzildə faktiki olaraq yaşamırlar. Bununla da mənzildə yaşayan 18 yaşı tamam olmuş şəxslərin müvafiq razılıq verməsi real görünmür. -mənzilə dair orderdə istinad olunan Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamında orderlər əsasında mənzillər ayrılmış şəxslərin adları qeyd olunmadığından, sərəncama əlavə kimi müvafiq siyahı əldə olunmadığından, iddiaçıya mənzil ayrılması barədə 030723 nömrəli 16 fevral 1999-cu il tarixli orderin mötəbərliyi tam təsdiqini tapmır. -müvafiq mənzil iddiaçıya orderə əsasən 16 fevral 1999-cu il tarixdə, yəni “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunu qüvvəyə mindikdən sonra ayrılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 1 ünvanındakı 24 nömrəli mənzilinə mülkiyyət hüququ yaranmış hesab edilərək bu hüquq qeydiyyata alına bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsində dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ təsbit edilmişdir. Göründüyü kimi şəxsin həmin mənzildə yaşaması faktı qanunla birbaşa olaraq mənzilin mülkiyyətə keçirilməsinin əsas şərti kimi nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-5621/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar