Məhkəmə qərarları › İş №2-1(103)-575/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-575/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-575/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı Cəmaləddin oğlu, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat X3 nümayəndəsi Qəhrəmanova (Ağayeva) Aytən İlqar qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 qarşı əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(112)-7810/2024 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanılması, yəni fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər ərizindək vəzifə maaşına uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı (əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15% (cəmi 45%) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirməsi ilə xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında əlavə olunmaqla (10 ilə qədər 55%, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında) xx.xx.2014 - xx.xx.2016-cı illər ərzindəki əmək haqqının (sonrakı artımlarda nəzərə alınmaqla) 80% miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həqiqi hərbi xidmətdə olmağı ilə birlikdə ümumi əmək stajı 46 ilə yaxındır. Cavabdeh imtina məktubunda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına istinad etmiş, lakin həmin Qanuna edilmiş sonrakı dəyişikləri nəzərə almamışdır. 2000 ildən hakim vəzifəsinə təyin edilərək 2016-cı ilədək son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərkən hakimlər üçün pensiya təyinatını tənzimləyən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin istinad olunan müddəası qüvvədə olmamışdır. Pensiya hüququ xx.xx.2016-cı il tarixindən yarandığına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin tələbləri (orta aylıq əmək haqqının müəyyən edilməsi üçün hesablanma faizləri, məzuniyyət haqqı və digər ödənişlər) tam nəzərə alınmaqla pensiyanın yenidən hesablanılmasından cavabdeh orqanın imtina etməsi qanusuzdur. Belə ki, 10 illik hakim stajı üçün 55%, + 10 ildən yuxarı 5 il 8 ay 19 gün hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 29.5% (5.9 il x 5%) təşkil edir ki, bu da qanunla müəyyən olunmuş maksimal pensiya təminatının faiz dərəcəsini düzgünü təşkil edir. Əmək pensiyaları haqqında Qanunun tələblərinə əsasən təyin olunmuş pensiya məbləği əmək haqqıdakı sonrakı artımlarla birlikdə, orta aylıq əmək haqqının müəyyən edilməsi üçün hesablanma faizləri, məzuniyyət haqqı və digər ödənişlər tam nəzərə alınmaqla yenidən hesablanılmalı, həmin hesablama üzrə hazırkı pensiya arasındakı fərq məbləğinin ödənilməsi təmin edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və olara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərin məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qeyd olunan tarixədək qüvvədə olmuş həmin Qanunun 109-cu maddəsinin tələblərinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 10.5 və 20.1.4-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən, ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxslərin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli Qərarına əsasən qeyd olunan maddələrin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli, onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbi olan hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi ilə tənzimlənir. Tələb olunan “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə” ifadəsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunla 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. Səlahiyyətlərin yerinə yetirməsi xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı iddiaçıya əmək pensiyası hesablanan zaman xx.xx.2019-cu il tarixədək 15% miqdarında, qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində xx.xx.2019-cu il tarixdən 25% miqdarında hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7810/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia qismən təmin edilmiş, İddiaçı təyin olunmuş əmək pensiyasının 2011-2016-cı illər ərzində ona ödənilən məzuniyyət haqqı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7810/2024 saylı qərarından iddiaçı və cavabdeh apellyasiya şikayəti verərək, iddiaçıya münasibətdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7810/2024 saylı qərarının qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar çıxarılması, cavabdehə münasibətdə isə həmin qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavənin hesablanmasına dair hissəsini rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.1.4-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına istinad etmişdir. Lakin məhkəmə iddia tələbinin yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırki pensiya arasında olan fərqin ödənilməsinin cavabdehə həvalə olunması hissəsinin rədd olunmasının əsaslarını qərarda göstərməmiş, yəni əsaslandırmamışdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. X1 Məhkəməsi daha sonra qeyd etmişdir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi sözügedən Qərarda belə nəticəyə gəlmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları Konstitusiyanın 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Eyni səpkili mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 16 may 2024-cü il tarixli 2-1 (102)-1279/2024 saylı qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsi sadəcə olaraq hakimlərə özlərinin daha üstün sosial müdafiə təminatlarını təmin etmək üçün hakim vəzifəsindəki fəaliyyətlərinin son 24 ayı, və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqını seçməkdə alternativ seçim hüququ vermişdir ki, işlədikləri dövrdə mövcud olmuş daha üstün maddi və sosial müdafiə təminatları əldə edə bilsinlər. ... Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayətində göstərmişdir ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 21 may 2016-cı il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd olunub. İddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 15 il 8 ay 19 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3810,33 manat) 80 faizi - 3048,26 manat məbləğində hesablanıb. 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən, aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixdən əmək pensiyası 3845,99 manat məbləğində hesablanaraq müvafiq kart hesabına köçürülür. "Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun qaydada ümumi əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində xx.xx.2024-cü il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 4276,74 manat təşkil edir. İddiaçı əmək pensiyası müəyyən edilərkən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının hesablanması zamanı xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr əsas götürülüb. Adıçəkilən şəxsə əmək pensiyası 2014-2016-cı illərin əmək haqqısı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3607,16 manat pensiya məbləği ona hazırda ödənilən 4276,74 manat pensiya məbləğindən az təşkil edəcək. Həmçinin iddiaçının tələbi olan hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi ilə tənzimlənir. Tələb olunan “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə” ifadəsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunla 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. İddiaçının hakimlik vəzifəsində iş stajının 15 il 8 ay 19 gün olduğu nəzərə alınsa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tətbiqi iddiaçının vəziyyətini yaxşılaşdıran haldır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-7810/2024 saylı qərarı ilə iddia tələbi əmək pensiyasının 2011-2016-cı illər ərzində ödənilən məzuniyyət haqqının nəzərə alınaraq yenidən hesablanması hissəsində təmin edilmiş, qalan hissəsə rədd edilmişdir. Bu hala münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısının 31-ci abzasına (sonuncu) əsasən, “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əməkhaqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bu səbəbdən də iddiaçıya vaxtilə ödənilmiş əmək haqqıya dair cədvəldə göstərilən “kompensasiya” ödənclərinin əmək pensiyasının hesablanması zamanı orta aylıq əməkhaqqı müəyyən edilərkən nəzərə alınması mümkün deyil. Həmçinin məhkəmə tərəfindən iddiaçıya məzuniyyətə görə ümumilikdə ödənilmiş 7611,06 manatdan məcburi dövlət sosial sığorta haqlarının tutulub-tutulmadığı müəyyənləşdirilməmişdir. ... İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən İddiaçı tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçı ərizəsində tələbini aşağıdakı kimi formalaşdırmışdır: “ ... Mənə təyin olunmuş pensiyanın yenidən hesablanması, yəni fəaliyyətimin son 24 ayı olan 21.052014-cü -xx.xx.2016-cı illər ərzindəki vəzifə maaşıma uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı (əmək haqqındakı sonralı artımlar və əlavələr nəzərə almaqla), hər ay ödənilən 1 aylıq vəzifə maaşıma əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15% (cəmi 45%) həcmində əlavə haqq, səlahiyyətlərimin yerinə yetirməsi ilə xərclərin ödənilməsi üçün vəzifə maaşımın 25% miqdannda aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə almmaqla 10 ildən yuxarı hakimlik stajənən hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında əlavə olunmaqla (10 ilə qədər 55%, 10 ildən yuxarı hakimlik stajımın hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında) xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki əmək haqqımın (sonrakı artımlar və əlavələr nəzərə alınmaqla) 80% miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırki pensiya arasında olan fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 həvalə olunması”. Məhkəmə iclasında iştirak edən İddiaçı Cəmaləddin oğlu apellyasiya şikayətinin, ərizənin və qarşı tərəfin apellyasiya şikayətinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verdi və onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, qarşı tərəfin şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır, cavabdehin apellyasiya şikayəti isə əsassızdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür. - İddiaçı əmək fəaliyyətinə xx.xx.1968-ci il tarixdən başlayaraq, həmin vaxtdan xx.xx.1970-ci il tarixinədək Azərbaycan Baş maddi-texniki təchizat idarəsində fəhlə, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək həmin idarənin kontorunda yük boşaldan işləmiş, 1971-ci iln may ayından 1973-cü ilin iyun Mikun şəhərində hərbi xidmətdə olmuş, 1974-cü il tarixdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazıkı Bakı Dövlət Universitetinin) hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş, eyni zamanda xx.xx.1973cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı İxtisaslaşdırılmış Avtomobillər zavodunda çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhəri Xətai Rayon Məhkəməsində iclas katibi, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Bakı şəhəri Xətai Rayon Məhkəməsində cinayət işləri üzrə katib, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək həmin məhkəmənin dəftərxana müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 522 saylı Sərəncamına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə, xx.xx.2007-ci il tarixli, 2289 saylı Sərəncamına əsasən Göyçay Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. - Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı ilə əlaqədar səlahiyyətlərinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir. - İddiaçıya xx.xx.2016-cı ildən sabiq hakim kimi pensiya təyin edilmiş, pensiya təyin edilərkən xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr əsas götürülmüşdür. - İddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 15 il 8 ay 19 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3810,33 manat) 80 faizi - 3048,26 manat məbləğində hesablanmışdır. - “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun qaydada ümumi əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində xx.xx.2024-cü il tarixindən iddiaçının əmək pensiyasının məbləği 4276,74 manat təşkil edir. Həmin pensiyanın tərkibinə qulluq stajına görə əlavə 45% (894,60 manat), mükafat və müavinət pulu 100% (430,73 manat), hakimiyyəti səlahiyyətlərinə icrasına görə 15% (173,88 manat), sonradan həmin məbləğ 25% nəzərə alınmış (497 manat), ümumilikdə pensiya məbləği orta ayqlı əmək haqının 80% məbləğində hesablanmışdır. İşə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçı tələbinə dəqiləşmə verərək pensiyasının xx.xx.2014-xx.xx.2016-cı illər ərzinədək vəzifə maaşına uyğun hesablanmasını tələb etmişdir. Birinci instansiyası məhkəməsi iddiaçının tələbini qismən əsaslı hesab edərək aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. ... Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. ... Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Həmin Qanunun 109-cu maddənin dördüncü hissəsinə görə, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanuna görə, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Eyni zamanda birinci instansiyası məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir ki, əgər iddiaçı faəliyyətinin son 24 ayı əmək haqqı nəzərə alınaraq hesablanmasını istəyirsə, o zaman iddia tələbi xx.xx.2014-xx.xx.2016-ci illər ərzində aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablama kimi qoyulmalı idi. Bu barədə məhkəmə iclasında iddiaçıya iddia tələbində dəqiqləşmə edilməsi təklif edilsə də, iddiaçı tələbini olduğu kimi müdafiə etdiyini bildirmiş və tələbini apellyasiya instansiyası məhkəməsində dəyişdirmişdir. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddiaçının tələbinin “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması hissəsində əsaslı hesab etməməsi ilə razılaşır. Belə ki, 1 aylıq vəzifə maaşına əlavə barədə Qanununda dəyişiklik 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. Odur ki, iddiaçının vəzifə maaşının bir misli həcmində vəzifə maaşına əlavə əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində iddiaçıya ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək laqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək sensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən (xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya əmək pensiyası 2014-2016-cı illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3607,16 manat pensiya məbləği hazırda ona ödənilən 4276,74 manat pensiya məbləğindən az təşkil edəcəyini göstərmişdir. Qeyd olunan xüsusatın aydınlaşdırılması üçün məhkəmə iclasına mütəxəssis dəvət edilmiş və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə4 məhkəməyə aşağıdakıları bildirmişdir: “ ... iddiaçının 15 il 8 ay hakim vəzifəsində stajı vardır. İddiaçının əmək pensiyasının məbləği müvafiq olaraq 15 ilə 50 faiz, 8 aya isə 2 faizlə hesablanır. Ümumi olaraq 52 faizlə hesablanır. İddiaçının orta illik əmək haqqının məbləği 52 faizə vurulur. Bununla da 3607,16 manat məbləğ hesablanıb. İddiaçının pensiya məbləği son 24 ay nəzərə alınaraq hesablandığı halda pensiya faizi aşağı düşdüyünə görə pensiya məbləği də aşağı düşəcəkdir. Orta aylıq əmək haqqının məbləği isə eyni qalır. Sadəcə pensiya faizi artıq 80 faizə deyil, 15 il 8 aylıq staja uyğun olaraq hesablanmış faizə vurulur. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq 15 ilə 50 faiz, hər ay üzrə 0.25 faizə uyğun olaraq hesablanır. Belə olan halda iddiaçının əmək pensiyasının hesablanma qaydası 80 faizdən 52 faizə düşəcəkdir. ... İddiaçıya 2016-cı ildən pensiya təyin edilmişdir. Ona 2016-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinə kimi dövlət qulluğunda maksimal olaraq 80 faiz nəzərə alınmaqla pensiya təyin edilməsi üçün isə 15 il əmək stajı tələb olunur. Ona görə də ilkin pensiya təyinatının 80 faizi nəzərə alınmaqla hesablama aparmışam. İddiaçının bu qaydada pensiya məbləği müvafiq olaraq onun orta aylıq əmək haqqının 80 faizə vurulması ilə, yəni 1684 manat 70 qəpik olaraq hesablanır. Azərbaycan Respublikası Prezidentinin 142 saylı Fərmanına uyğun olaraq 01 iyul 2017-ci ilədək əmək pensiyası təyin olunmuş şəxslərin pensiyalarda növbəti artımlara görə uyğunlaşma nəzərdə tutulur. Həmin Fərmanın müddəaları nəzərə alınaraq əmək pensiyası 15 il əmək stajına görə 50 faiz, 15 ildən çox əmək stajına görə isə hər il üçün 3 faiz əlavələr edilməklə hesablanmalıdır. ... 2014-2016-cı illərə uyğun olaraq 80 faizlə hesablandığı təqdirdə də pensiya məbləği eyni olur. 2016-cı ildə olan vəzifə maaşına uyğun olaraq hesablama aparılmalıdır, belə olduğu halda isə pensiya məbləğində dəyişiklik baş vermir. ... 2011-2016-cı illər üzrə pensiya məbləği hər il 1159 manat məbləğində olan hakimlərin vəzifə maaşı nəzərə alınmaqla hesablanıb. ... İddiaçı pensiya məbləğinin 80 faizə uyğun olaraq hesablanmalı olduğunu bildirir. Azərbaycan Respublikası Prezidentinin 142 saylı Fərmanının ona tətbiq olunması ilə iddiaçı razı deyil. Lakin bu qanunauyğun deyil. Həmin Fərman şəxsə tətbiq olunmalıdır. Amma yenə də qeyd edilən kimi, yəni 80 faizlə hesablansa belə, pensiya məbləği dəyişmədən eyni olacaq”. Göründüyü kimi, apellyasiya şikayətində 2014-2016-cı illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3607,16 manat pensiya məbləği hazırda iddiaçıya ödənilən 4276,74 manat pensiya məbləğindən az təşkil edəcəyi bildirilsə də, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis məbləğin dəyişməcəyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının hesablamanın hakim vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər üzrə aparılmasına dair tələbini əsaslı hesab edir. Həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri (*1 aylıq vəzifə maaşına əlavədən başqa) işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Yekun olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hakimlərin pensiya təminatı məsələsi təkcə sosial rifah məsələsi deyil — bu, bütövlükdə ədalət mühakiməsinin müstəqilliyi, qərəzsizliyi və ictimai inamın qorunması ilə birbaşa bağlı olan strateji və institusional məsələdir və bu məsələ dar hüquqi kontekstdə yox, geniş ictimai, etik və siyasi kontekstdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir və təmin edilməməlidir. İddiaçının apellyasiya şikayəti isə qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(112)-7810/2024 saylı qərarı dəyişdirilməli, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması - yəni hakim vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki aldığı vəzifə maaşına (sonrakı artımlar nəzərə alınmaqla) uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli; iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı Cəmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(112)-7810/2024 saylı qərarı dəyişdirilsin. İddia ərizəsi qismən təmin edilsin. İddiaçı təyin edilmiş pensiya yenidən hesablansın - yəni hakim vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki aldığı vəzifə maaşına (sonrakı artımlar nəzərə alınmaqla) uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat X4 həvalə edilsin. İddia ərizəsi “hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə” hissəsində təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat X3 apellyasiya şikayəti təmin edilməsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar